Elşən Əzim – 40

10013920_628400963909267_6846977137020497234_nBu gün şair-yazıçı, publisist Elşən Əzimin doğum günüdür. Onu bu münasibətlə oxucuları adından təbrik edir, şairə yeni-yeni uğurlar arzulayırıq. Xatırladaq ki, Elşən Əzim (Əzimov Elşən Baxşeyiş oğlu) 1975-ci ildə Kəlbəcərdə anadan olub. Gəncə Dövlət Universitetinin  filologiya, Bakı Slavyan Universitetinin yaradıcılıq fakültələrini bitirib. Azərbaycan Yazıçılar Biriliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, “Söz odası” qəzetinin   təsisçisi və baş redaktorudur. 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkək şəhərində düzənlənən “Türkcənin Uluslararası Şeir Şöləni”nin İştirakçısı olub. 2013-cü ilin iyun ayında Türk Dünyası Yazarlarının Bakı Toplantısında Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Türk Dünyasına Xidmət Ödülü ilə mükafatlandırılıb.

Çap olunan kitabları:   “Könlümə yağan yağış” (Bakı, Şur 2000), “Yuxu danışıram” (Bakı, Borçalı 2006), “İllərin o tayı” (Bakı, Qanun 2014) Elşən Əzimi özünün yazdığı yeni şeirlər ilə bir daha təbrik edirik.

“Kultur.az”

 

ÖZÜNÜ YANDIRAN ADAM

  1. Axşam evə boş qayıdan,
    əlin yanıb.
    yol yoldaşın şər olubmu
    su deyəndə dilin yanıb?
    Taleyinin oyununda,
    Zərin itib, xalın yanıb.
    Özünü yandıran adam.Neçə qaranlıq mətləbə,
    odunun işığı düşdü.
    Yaddaşını itirənin
    yadına uşağın düşdü.

    Qara kösöyə dönmüşdü,
    əlində qızardı bu od.
    Qarabağdan
    özünləmi gətirmişdin
    Ah çəkdin közərdi bu od.

    Bir qudurğanın çörəyi,
    sökülən daşından çıxır.
    Bu qədər içi yanan var
    niyə hamının tüstüsü
    tək sənin başından çıxır?

    Sənə ucadan baxanlar,
    səni çox uca görəndə
    türlü-türlü söz deyəcək.
    Səni bir qoca görəndə
    yanındakı nəvəsinə
    “cızz” deyəcək.

    Çox darıxma, bu dünyanın,
    hələ bundan pis günü var.
    Tək deyilsən, yan-yörəndə
    çox kösöyütüstülü var.
    bir gün o da alışacaq,
    bir gün mən də alışacam.
    Özünü yandıran adam.

    ***

    AXI BU BAHARDA TƏZƏ NƏ VAR Kİ

     

    Axı bu baharda təzə nə var ki,

    Gəlir nəfəs kəsən sazaqlar üstə.

    Elə ötənilki yarpaqlar açır,

    Elə ötənilki budaqlar üstə.

     

    Hardasa bir köhnə ümid var, o da-

    Avazda boy atır, səsdə göyərir.

    Axı bu baharda təzə nə var ki,

    Hər ot öz kökünün üstə göyərir.

     

    Gəlir torpaqların anım günləri,

    Gəir şairlərin efir mövsümü.

    Tumarlı yalanlar havalandırır,

    Neçə növ mizrabla neçə növ simi.

     

    Burda ev gözləyir evsiz adamlar,

    Ordakı boş evlər adam gözləyir.

    Burda sakit-sakit düşür axşamlar,

    Daşlara ilişən sədam gözləyir.

     

    Yenə boğazıma tıxanıb qalır,

    Deyə bilmədiyim sözün ağrısı.

    Yenə görən gözdən oxunub qalır,

    Haçansa tökülən gözün ağrısı.

     

    O köhnə hamamdı, o köhnə tasdı,

    Sözdə bahar gəlir, sözə nə var ki…

    Bu yaz iyirmi il əvvəlki yazdı,

    Axı bu baharda təzə nə var ki…

     

     

    ***

     

    BƏXTƏ YAZILAN ŞEİR

    Vaxt yeyindi, baxt arxayın,

    Ha gözlə, yüz ilə gəlir.

    Arzular qayıdır,

    suyu-

    süzülə-süzülə gəlir.

     

    İlmədi hana üstündə,

    Qovğadı yenə üstündə.

    Yatır dəfinə üstündə,

    İlan da qızıla gəlir.

     

    Taleyin işi deyilmiş,

    Çərxin gərdişi deyilmiş.

    Əcəl də kişi deyilmiş,

    Sallanıb naz ilə gəlir.

     

    ***

     

    BİR GÜNAHKAR GECƏ

    Yuxumu külək aparır,

    Yazılmış səhifə kimi.

    İşıqlar göydələnlərdən

    Asılıb kal meyvə kimi.

     

    Bu suçu vallah edəcəm,

    Göz yum, ay allah, edəcəm.

    Bu gecə günah edəcəm,

    O dünyama töhfə kimi.

     

    Bu həyatı bilməmişəm,

    Nədir adı, bilməmişəm.

    Ömrün dadın bilməmişəm,

    Bu gecəki səhvə kimi.

    ***

     

    SIĞMAZ

    Yolları duman sevgidi,

    əriyib daman sevgidi,

    bu sevgi yaman sevgidi,

    qaydaya- qanuna sığmaz.

     

    Nədir könül, nədir sinə,

    yatmaz vaxtın ütüsünə,

    dağ çayıdır, vadisinə,

    qılıncdır, qınına sığmaz.

     

    Yanğısı canında gələr,

    coşqusu qanında gələr,

    ömrün bir anında gələr,

    ömrün bir anına sığmaz.

     

     

     

     

    ***

     

    BUDAQDAN DÜŞƏN GECƏ

    Qaranlıq asılıb əyir budağı,

    Qopur o budaqdan bu gecə düşür.

    Gecə ha oynayır əsəblərimlə,

    Yenə qismətinə heç-heçə düşür.

     

    Yenə gecə ilə söz yaşıd olur,

    Aya-ay, günə-gün düz yaşıd olur.

    Ayaq izlərinə göz yaşı dolur,

    Yolların bəxtinə gölməçə düşür.

     

    Edir dar ağacı mənim sazımı,

    Asır hər simindən bir avazımı.

    Allah özün yoxla alın yazımı,

    Öz dəsti-xəttinə gör neçə düşür.

     

    ***

     

    TUNCAYA

    Atanın yurdsuz-yuvasız

    Halını hardan biləsən?

    Nə qəmlər kəsib sağını,

    Solunu, hardan biləsən?

     

    “Dilqəmi”ni qəm sındırar,

    Həm ağladar, həm sındırar.

    Qol açırsan, kim sındırar-

    Qolunu, hardan biləsən?

     

    Adı qalıb Kəlbəcərin,

    Söylə görüm şirin-şirin.

    Adını bildiyin yerin

    Yolunu hardan biləsən?

     

     

    ***

    Ay könül sındıran, ay ürək üzən,

    Ürək sənin üçün güldümü, üzdün?

    Bilmirəm yolunu kəsdimi qırdın,

    Bilmirəm xoşuna gəldimi üzdün.

     

    Axı nə bilirsən bu sirr dünyada,

    Dərdi tam, sevinci kəsir dünyada.

    Süd gölü gəzirdin qısır dünyada,

    Göz yaşım sən deyən göldümü? üzdün.

     

    Daha nə yellərsən gennən əlini,

    Görmürəm dumannan, çənnən əlini.

    Gümanın mənəydi, mənnən əlini-

    O vaxt Elşən Əzim öldümü üzdün?

    ***

     

    Təcnis

    Nə sirri-billahsan, nə möcüzəsən?

    Çiçəklər incimir ay arı, sənnən.

    Mən orda bir gülə könül vermişdim,

    Deyirlər görüblər a, yarı sənnən.

     

    Qələm al, daşın da üstə süsən çək,

    Aparmaz yağışlar, yumaz su, sən çək.

    Nazını mən çəkim, balını sən çək,

    Olaq bu çəmənə a, yarı sənnən.

     

    Elşən, yek atdırsa bu çəmən zərə,

    Dönər gözlərimdə puça mənzərə.

    Zərgərsən, bənzəyir bu çəmən zərə,

    Qiyməti mənnəndi, əyarı sənnən.

     

    ***

     

     

    TİRE

    Elşən Əzim (1975 – 20…..)

    Adımızın arasında “və” yazılmadı,

    Biz nə edək? Hər yazının bir yazanı var.

    Adımızn arasında tire qoyuldu,

    O tiredən aşğıda qır qazanı var.

     

    Bu işarə aramızda sirat kimidi,

    Gülür üzün, cənnətdirmi məkanın indi.

    Mənim yerim ömür kimi, həyat kimidi,

    Həyatın da əyləci bir, sükanı mindi.

     

    Adımızın pərsəngə də təmənnası var,

    Tərəzinin bir gözünü əyən yük kimi.

    Adımızın iki tayı, bir mənası var,

    “oğul-uşaq”, “qapı-baca”, “ev-eşik” kimi.

     

    Mənim adım bir sevginin doğum günüdü-

    Sənin adın bir sevginin ölüm tarixi.

    Adımızn arasında tire qoyuldu,

    Göz yaşıyla yumaq olmur, gülüm, tarixi.

     

    ***

     

    TUNCAY ÜÇÜN YOL XƏRİTƏSİ

    Yolların əvvəli, axırı taraz,

    Hamının düz yolu, əyri yolu var.

    Yol çox olan yerdə yoldaş tapılmaz,

    İndi hər adamın ayrı yolu var.

     

    Kal meyvə kimidi yol işıqları,

    Ona da güvənmə, bir daşa bənddi.

    Sözün pünhandırsa sirdaş arama,

    Sirrin bir ucu da sirdaşa bənddi.

     

    Alın qırışıydı cığırlar dağın,

    İndi yol əsridir, yol erasıdır.

    Bir də görərsən ki, dost tanıdığın,

    Yolunda nəzarət kamerasıdır.

     

    Görərsən gözləri yol çəkən “dost”un,

    Çəkir ayağının büdrədiyini,

    Çəkir dizlərinin titrədiyini.

    Şirin söhbət ilə qatır başını,

    Çəkir hər səhvini, hər yanlışını.

     

    Yolunun bir yanı uçurum olar,

    Adamı bax ordan atar adamlar.

    Dilindən söz alıb qaçıran olar-

    Diktafon adamlar, radar adamlar.

     

    Səni başqasıyla səhv salar biri,

    əsəbin qorxuya, hədəyə gəlməz.

    Sözünün başına ip salar biri,

    Sözün şahə qalxar, yedəyə gəlməz.

     

    Yolların əvvəli axırı taraz,

    Hamının düz yolu, əyri yolu var.

    Yol çox olan yerdə yoldaş tapılmaz,

    Ay bala, hər kəsin ayrı yolu var.

     

    ***

     

     

     

    YUXUSUZLUQ

    Dar ağacı kimidi yuxusuzluq

    Göz qapağım asılıb kirpiyimdən.

    Kirpiyim tavana bağlanmış kəndir kimidi.

    Çilçıraqdan zülmət asılıb

    Ölü qaranlığın yellənən ayaqları üzümə dəyir.

     

    Və palçıqlı bir küçədə

    Bir ev plana düşüb

    Alkaş Tələtin evi.

    Bir çətən külfətiylə çöldə qalıb Tələt

    Yoxsulluğun “paxmelindən” ayılmır .

     

    Bir müəllim uşağı

    Bir məmur uşağıyla sinif yoldaşır.

    Gözünün altıyla baxır

    Dostunun bahalı gödəkçəsinə.

    Soyuqdan üşüyür,

    Həsəddən üşüyür,

    Həsrətdən üşüyür.

     

    əlimi yavaşca dizimə vururam

    əlim ürəyimə dəyir.

     

    əlim ürəyimə dəyir yaşadığım idarə binasının

    dar otağında.

    Ötən il satdılar mənə düşəcək qaçqın evini.

     

    Pakistanda terror.

    Sinif otağının küncündə qanla dolu uşaq ayaqqabısı,

    Və bu ayaqsız başmaqlar yeriyir xəyallarımda

    Qırmızı izlər salır

    Dünyanın boz sifətinə.

    Və bu izlər qırmızı butalara dönür.

    Naxışlanır dünyamız.

    qanlı şagird dəftəri gətirir

    Bir sahibsiz əl.

    Güllələrlə yoxlanıb bu dəftər

    Səhvlərin altında qanla çəkilib xətlər.

     

    Dar ağacı kimidi yuxusuzluq

    Göz qapağım asılıb kirpiyimdən.

    Kirpiyim tavana bağlanmış kəndir kimidi.

    Çilçıraqdan zülmət asılıb

    Ölü qaranlığın yellənən ayaqları üzümə dəyir.

     

     

     

     

    ***

    Gəlişin könlümün təsəllisiydi,

    İndi özgəsiylə qoşa gəlmisən.

    Gör hansı baxışda sehirlənmisən,

    Gör hansı ürəkdə xoşa gəlmisən.

     

    Ömrümün çəkilməz yüküsən indi,

    Onda günəş idin bürküsən indi.

    Hansı günahımın görküsən indi,

    De hansı bəlasan başa gəlmisən?

     

    Halımda min cürə haldı gəlməyin,

    Bu nədi qovğadı, qaldı gəlməyin,

    Bir də mən ölənə qaldı gəlməyin,

    Bu günsə bir xeyir işə gəlmisən.

     

     

    ***

     

    DÜNYA QABIQDAN ÇIXIR

    Dünya dağılmır, lələ
    dünya ilan kimidi
    dünya qabıqdan çıxır.

    qabıq kimi soyulur.
    xəritədən Qarabağ.
    ərimir ha, qar özü
    qabıq kimi soyulur-
    yamaclardan, qara bax.

    “köç” dediyin qabıqdı
    soyulur yurd yerindən.
    “söz” dediyin soyulur
    ürəyin dərd yerindən.
    “iz” dediyin soyulur
    cığırın sərt yerindən.

    kiminsə altından taxt,
    başından tac soyulur.
    qəlbindən dözüm, təpər,
    qolundan güc soyulur.

    yerin üzündə qalır
    savaşlar çapıq kimi.
    dağılmış ev-eşiklər
    soyulmuş qabıq kimi
    qalır bizdən geridə.

    dünya dağılmır, lələ
    dünya ilan kimidir
    dünya qabıqdan çıxır.

     

     ***

     

     

     

     

     

     

     

     

    DÖYMƏ PƏNCƏRƏMİ, PAYIZ KÜLƏYİ

    Payız istəklərim gül açmır mənim,
    Payız nəğmələrim dil açmır mənim.
    Nə vaxtdı qapımı yel açmır mənim,
    Döymə pəncərəmi , payız küləyi.

    Səsinlə qorxası uşaq deyiləm,
    Hirsinlə sönəsi çıraq deyiləm.
    Havana oynayan budaq deyiləm,
    Döymə pəncərəmi, payız küləyi.

    Yollardan əsirsən, yol sazağısan,
    Bir tənha naləsən, yalqız ağısan.
    Sən ki bu çöllərin yalquzağısan,
    Döymə pəncərəmi, payız küləyi.

    20.X.2013

     

    ***

    Və bir də üzülmək var

    Sapdan asılmış şar kimi tavandan

    Daş dəymiş meyvə kimi budaqdan

    Bir tüstü halqası kimi ocaqdan

    Üzülmək var, əfəndim, üzülmək

     

    Ümid adamdan üzülmür

    Adam ümiddən üzülür

    Ümid adamdan asılmır

    adam ümiddən asılır

    aslır və bir gün üzülür

    sapdan asılmış şar kimi

    daş dəymiş meyvə kimi

     

    və bir də dərddən əzabdan üzülmək var

    şara bağlanmış sap kimi

    almanın, armudun saplağı kimi

    sınmaq ayrıdı, əfəndim, üzülmək ayrı.

     

     

    ***

    Şərif Ağayarın gəraylı zarafatına

    Pəncərədən baxan dilbər,
    nə bizi peşman eylərsən.
    Məhlədəki cavanları
    bir-birə düşman eylərsən.

    Sən aynada, ayna səndə-
    sığallanar, ay nazəndə.
    Şüşəsən də, aynasan da,
    sınıb nahaq qan eylərsən.

    Yerim var günah yerində,
    Mənəm nişangah yerində.
    Əyləşibsən şah yerində
    Eylə nə fərman eylərsən

     

     

    ***

    Gəl dedin gəlməyə yollar aradım
    dağ olsan, neylərsən duman gələrsə?
    bu “gəl” sədasıyla yol başlayaram
    qəlbimə bir ümid, güman gələrsə.

    qalmaram dumanda, çəndə gələrəm,
    olmaram uzaqda, gendə gələrəm.
    vallah bu yaşımda mən də gələrəm,
    məndən bir məhəbbət uman gələrsə.

    Ləl kimi düşərəm bəxtin tacından
    bal kimi axaram bar ağacından.
    məni o kirpiyin dar ağacından-
    asmağa bir adil fərman gələrsə.

    Gələrəm başıma gələn iş kimi,
    qoparam qayadan qopan daş kimi-
    gözümdən könlümə düşən yaş kimi-
    üəryin üstündən daman gələrsə.

     

    Övladlarıma

    Qayğı dumanlandı, keyf görmədiniz,

    Qəlbim şüşə kimi sınası oldu.

    Dünyaya gələndən ev görmədiniz,

    evimiz idarə binası oldu.

     

    Eh məndə nə gəzir göy dələn nərə,

    Səsim bu otaqdan o yanı tutmaz.

    Havayı baxmayın göydələnlərə,

    Gözünüz dirənər, əliniz çatmaz.

     

    Elə də pis deyil bu dar otaq da,

    Divar kağızında çiçək şəkli var.

    Tavanda, boyası qopan o yerdə,

    Gözəl bənzətdiniz, pələng şəkli var.

     

    Nə deyim, məni də ələ aldılar,

    Oyub həqiqətin gözünü yedim.

    Gözümün odunu elə aldılar.

    Dilimi dişlədim, sözümü yedim.

     

    Bizim öz qapımız, öz həyətimiz,

    Baxmayın, görünməz pəncərəmizdən,

    Rəyi bilinməyən rəiyətik biz,

    Ün yetməz o Sultan Səncərə bizdən.

     

     

     

     

    ***
    Yenə də yuxuma xəlvəti gəldin,
    Adam bir deyərdi, bax deməyibsən.
    Əlimdə bir dəstə çiçək də yoxdu,
    Vədə verməyibsən, vaxt deməyibsən.

    Neçə yol sınadın, yoxladın məni,
    həsrətin küncündə saxladın məni.
    Yenə də yuxuda haqladın məni,
    obaşdan qarşıma çıx deməyibsən.

    Mənim qibləm, pirim bircə dənədi,
    bəs sənin güzarın hansı yanadı?
    O zaman yadından çıxıb, ya nədi,
    yuxuma gəlməyə “yox” deməyibsən.

     

     

Yazıya 790 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.