R.Nuriyev: “Onların istefası toydan sonra nağaradır”.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra Partiya daxilində baş verən çəkişmələr beş nəfər Ali Məclis üzvünün istefasına səbəb oldu.
- Partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri və Siyası Şurasının üzvü – Babayev Meydan Əli oğlu;
- Partiyanın Humanitar məsələlər üzrə sədr müavini və Siyasi Şuranın üzvü – Dadaşova Vüsalə Valeh qızı;
- Ali Məclis sədrinin müavini, Siyasi Şüranın üzvü və aparat rəhbəri – Əliyev Mehman Nizami oğlu;
- Ali Məclisinin sədrinin birinci müavini, Siyasi Şuranın üzvü – Qurbanov Elçin İbad oğlu;
- Ali Məclisin və Siyasi Şuranın üzvü – İlham Hüseyn Partiyanın seçkili orqanlarından və Partiya üzvlüyündən çıxdıqlarını bəyan etdilər.
Bu hadisə mətbuat səhifələrində “Kütləvi istefa”, “Ədalət Partiyası dağılır?” və s. kimi başlıqlarla dərc edildi. Məsələyə Ədalət Partiyası Təşkilat Komitəsinin üzvü Rahim Nuriyev aydınlıq gətirdi: “Ədalət partiyası parçalanmır, sadəcə, rəhbərlikdə təmsil olunan adamlar Məclisdən, Qurultaydan xəbərsiz istəyirdilər ki, iş görsünlər. Məclis üzvləri bunu biləndən sonra qarşısını aldı. Məclis çağrıldı və onlar kənarlaşdırıldı. Onların istefası toydan sonra nağaradır. Faktiki olaraq onların bütün səlahiyyətləri əllərindən alınmışdır. Məclis tərəfindən Təşkilat Komitəsi yaradıldı və Qurultaya qədər bütün səlahiyyətlər bu komitəyə verildi.”
R.Nuriyev Qurultay tarixinin dəyişmədiyini qeyd edərək dedi: “19 apreldə keçirilən Məclisdə üç hissədən ibarət qərar qəbul edildi. Birincisi, səlahiyyət sahiblərinin Partiya daxilində apardıqları qanunsuz işlərə görə onların fəaliyyətinə xitam verildi, ikincisi, Təşkilat Komitəsi yaradıldı və bütün səlahiyyətlər Təşkilat komitəsinə həvalə olundu, üçüncüsü isə qurultayın vaxtı dəqiqləşdi – 17 May. Təşkilat Komitəsi həmin gündən başlayaraq fəaliyyətdədir. May ayının 1-dən konfranslarımıza start verilib və protokollar yığılır”.
R.Nuriyev onu da qeyd etdi ki, Qurultayın keçiriləcəyi yerlə bağlı aidiyyatı icra hakimiyyəti orqanına müraciət olunub.
Yazıya 59 dəfə baxılıb