Akif ABBASOV – Bu ocaq sönübsə tüstüsü qalıb

                        

(“Aldanma sözlərə” romanından)

Gör neçə nəğmənin bəstəsi qalıb
Bu ocaq sönübsə tüstüsü qalıb
Əlində, əlimin istisi qalıb.
Başqa birisini sevə bilməzsən.
(N. Kəsəmənli)

Qara çərçivəli şəkli görən gün Əzizə özünü çölə necə atdığını hiss etmədi. Qəhər onu boğur, ürəyi həyəcanından, çəkdiyi iztirabdan az qalırdı sinəsindən çıxsın. O, ağır zərbə almışdı. Bir yandan əziz bir adamını itirmişdi, digər tərəfdən arzularının, həyatının mənası, tacı sandığı adamın evli və qız atası olmasını eşitməsi onu sarsıtmışdı. Əzizə həm yasa batmışdı – “O” daha həyatda yox idi, olmayacaqdı. Qız həm də aldandığını başa düşmüşdü. Birdən-birə iki zərbə! Gənc, təcrübəsiz qız olasan, belə zərbələrə necə tablaşasan?!
Göz yaşları sinəsinə tökülə-tökülə ah-vay edir, öz-özünə düşünürdü: “Axı insanlar niyə belədirlər? Nə üçün bir-birlərini aldadırlar? Niyə bir-birlərinə əzab, işgəncə verməkdən zövq alırlar?! Belə gözəl ailəsi, yaraşıqlı xanımı, topdağıtmaz evi, şəraiti, gül balası ola-ola lazım idimi Əzizəni də başdan eləsin? Aman Allah, məni eşqinə inandırmaq üçün özündən nələr, nələr uydururdu. Əllərimi əllərinin içərisinə alıb gözlərimə elə baxırdı ki, sözlərinin səmimiliyinə şəkk-şübhə qalmırdı.
Əzizə bəzən görüş yerinə bir qədər gec gələr, uzaqdan ona göz qoyardı. Dəqiqələr ötdükcə, “O” bərk həyəcan keçirər, özünə yer tapmazdı. Bir neçə dəqiqənin ərzində bəlkə otuz-qırx dəfə saatına baxardı. “O” yaman qısqanc idi. Bir dəfə fontanlar meydanındakı skamyada əyləşmişdilər. Gözəl yaz günlərinin biri idi. Təbiət öz donunu əyninə taxmışdı. Meydanda kimisi gəzişir, kimisi dayanıb söhbət edir, kimisi də oturacaqda əyləşib ətrafı gözdən keçirirdi. Bir az aralıda balaca uşaqlar maşın sürür, atılıb-düşür, qaçışırdılar. Bir qadın da özü ilə gətirdiyi bankanın ağzını açıb uşağını yedizdirirdi. Bayaqdan bu mənzərəyə göz qoyan Əzizə:
– Dondurma istəyirəm, – dedi.
“O” səsində qayğı:
– Hələ tez deyil? – deyə xəbər aldı.
Arada Əzizə boğazından şikayətlənirdi. İçəridən boğazında qızartılar yaranır, bu da qızdırma verirdi. Əzizə özünə inamla:
– Yox, narahat olma. Soyuq havalarda ağrıyır, – dedi.
“O”, zarafatla:
– Almağına alaram, amma sonra məndə günah görmə ha! – deyə barmağını silkələyib ayağa qalxdı.
Dondurma satılan köşkün qarşısında növbə yarandığından “O”, bir qədər gözləməli oldu. Az keçmiş hündür boylu, qaraşın bir gənc Əzizənin tək olduğunu güman edib oturacağa yaxınlaşdı, oğrun-oğrun ona baxmağa başladı. Sonra irəli yeriyib şit-şit irişərək:
– Gözəl qız, olar yanında əyləşim ? – deyə soruşdu.
Əzizə cavab verməyib üzünü yana çevirdi. Onun dinmədiyini görən oğlan oturmaq istədi. Əzizə cəld əlini skamyanın oturacağına qoydu:
– Zəhmət çəkmə, buranın yiyəsi var…
Oğlan geri dursa da aralanmadı. Gözlərini qıza zilləyib hərəkətsiz qaldı. Əlində iki dondurma geri qayıdan və bu mənzərəni görən “O“, oğlana çatıb:
– Qaqaş, deyəsən adam-insan görməmisən?! – deyə ona təpindi. -Yolunla düz gedə bilmirsən? Nə gözlərini bərəldib durmusan?
Oğlan da qabağından yeyən deyildi. Odur ki, xoruzlandı:
– Burada dayanmaq üçün səndən icazə almaq lazımdır? Bağışla, bilməmişəm, – deyə onu ələ salıb üzünü çevirdi və yerindən tərpənmədi.
“O”, bərk qəzəbləndi:
– Mən elə bilirdim sən danışmaq bilmirsən. Demə, dilin varmış. Dilin hərəkətə gəlməsin deyə, əvvəlcə ağzını yummaq lazımdır. Çünki… dilin başına bəladır, – deyib əlindəki dondurmaları onun ağzının üstündən vurdu və gözlədi.
Qəfil zərbədən və qəribə hərəkətdən özünü itirmiş gənc özünə gəlib yumruğunu qaldırdı. Əzizə qorxu və həyəcan içərisində ayağa sıçradı. “O”, oğlanın yumruğunu havada zərərsizləşdirib qolunu əlinə keçirdi və burdu. Çığırtı eşidildi. Gənc aman diləyirdi. “O”, gəncin qolunu buraxıb acıqla:
– İndi gedə bilərsən! – dedi.
Oğlan cəld uzaqlaşdı. Əzizə “O”na yaxınlaşıb qolundun tutdu, məzəmmətlə:
– Mən belə demədim ki…
“O” çılğınlıq etdiyinə görə sanki utandı və dinmədi. Lakin bu, bir anlığa baş verdi. Sonra özünə inamla:
– Yerini bilməyənə öz yerini göstərmək lazımdır … Nə isə, lənət şeytana. Gedək . Dondurmanı bulvarda yeyərik, – dedi.
Xatirələr yada düşdükcə, Əzizə daha da kövrəlirdi, qəzəbli qüssə və təəssüf hissi (“O”nun cavan canı torpağa gömülmüşdü) bir-birinə qarışmışdı. Qız kirayə qaldığı evə gedib ac-susuz çarpayısına uzandı. Yastığı qucaqlayıb hönkürdü. Ac olsa da yemək yadına düşmədi. Bir də yediyini yemişdi: iki zərbə, özü də biri digərindən ağır, iztirablı və unudulması mümkün olmayan! Xuraman da iki zərbə almışdı.
Əzizə ertəsi gün yuxudan həmişəkindən xeyli gec oyandı. Pis yatmışdı. Qarmaqarışıq yuxular gördüyündən tez-tez səksəkə içərisində gözlərini açmış, bir müddət yata bilməmişdi. Bu hal bir neçə dəfə təkrar olunmuşdu. Yuxuda gah görürdü ki, onun – Əzizənin cənazəsini qəbiristanlığa aparırlar. “O”, yanında da Xuramanla Arzu adamlara qarışıb ağlaya-ağlaya cənazənin ardınca gedir, Əzizəni son mənzilə yola salır. “O”nun göz yaşlarının tükənmək bilmədiyini görən Əzizə istəyir desin: “Əzizim, sən ağlama, mən ölməmişəm!» Amma nə qədər çalışırsa, səsi çıxmır, “O” Əzizəni eşitmir, göz yaşlarını axıtmaqda davam edir. Xuraman üzünü “O”na tutub: “Bu mərhumə sənin nəyindir? Bizi də vida yerinə gətirmisən. Özün də ağlamaqdan usanmırsan?”
“O” cavab verir: “İnsandır, yaxşı insan indi mərhumə. Bu, bəs deyil?”
Əzizə istəyir “O”ndan soruşsun: yanındakı qadınla uşaq kimdir? Niyə onlar haqqında mənə danışmamısan? Ancaq səsini eşidən olmur. Qanadlı bir mələk ətrafında dolanır, qəh-qəhə çəkir: “Sən danışa bilməzsən, sənin canını çoxdan almışam. Fikirləşən, öz-özünə söylənən sənin ruhundur. Ruhun soruşur: “Mənim cavan canımı niyə aldın? Mən kimə yamanlıq etmişdim, nə idi günahım, niyə anamı ağlar qoydun?”
-Sən bir ailənin xoşbəxtliyinə şərik çıxmaq istəyirdin, balaca qızı atasız, o qadını ərsiz qoymaq istəyirdin?
– Mən “O“nun evli olduğunu bilmirdim, bilmirdim.
– Ancaq bilməliydin. Qadının hissiyyatı güclü olur. Xəbər tutanda iztirab çəkəcəkdin, özünü öldürmək istəyəcəkdin. Allah-taala intiharı xoşlamır. Özü verdiyi, canı özü alır. Bəndənin nə ixtiyarı var ki, Allah verən canı özü alsın. Ona görə də mənə buyurdu ki, səni iztirabdan, sarsıntıdan, yazılmamış qanunu pozmaqdan azad edim. Sən indi haqqın dərgahına pənah aparacaqsan. Bakirə öldüyün üçün xoşbəxtsən.
Qanadlı mələk qəh-qəhə çəkərək qeyb oldu. Əzizə gördü ki, qəbiristanlığa yetişib. “O“ndan, Xuraman və Arzudan başqa hamı gedib.
“O“, əlinə bel alıb, onunçun qəbir qazır, yorulanda Xuraman, o da əldən düşəndə Arzu qəbiri qazmaqda davam edir. Köməkləşib onu məzara qoyub üstünü torpaqlayırlar. Bayaqdan göz yaşlarını sel kimi axıdan “O“ ağlamağını kəsir:
-Daha, qurtardı. İndi sevinin. Xəta-bəladan azad olduq. Ailəmizin xoşbəxtliyini əlimizdən almaq istəyən Əzizə daha yoxdur.
Onlar qəh-qəhə çəkərək, rəqs etməyə başlayanda, Əzizə bütün qüvvəsini toplayıb əlləri, ayaqları ilə güc vurub yerin altından çıxır.
“O“, Xuraman və Arzu rəqslərini saxlayır və sonsuz kədərlə ona baxırlar.
Bu yerdə Əzizə qışqıraraq, yataqdan qalxdı. Səsə ev yiyəsi – Nabat xala həyətə çıxıb onun qapısını döyməyə başladı:
– Əzizə, qızım, nə olub? Aç qapını!
Əzizə durub qapını açdı.
– Ay bala, ay qızım, nədir? Yuxu görürdün?
Qızın özündə-sözündə olmadığını, gözlərinin hədəqəsindən çıxdığını görüb acı təəssüf hissilə:
– Qorxmusan deyəsən? – dedi və tez üzərrik yandırıb üç dəfə onun başının üstündən hərlədi. -Təklik belədir, ay qızım. Atan-anan uzaqda, sən də qız uşağı. Darıxırsan… İstəyənin varsa, get ərə. Qabaq deyərdilər, “Qız qaldıqca, qızıla dönür”. İndi, ay bala, tərsinədir, qız qaldıqca, dərd-səri artır. Oğlanlarımız səpələniblər dünyanın ölkələrinə, çörək pulu qazanırlar, başqa millətin qızlarını alırlar. Özümüzünkülər də burada qalıb qarıyırlar…
Əzizə bir təhər özünü ələ alıb:
– Nabat xala, siz narahat olmayın, -dedi. -Qarışıq yuxu görürdüm. Ondandır. Sizə əziyyət verdim gecənin bu vaxtı. Siz Allah, gedib dincəlin. Keçdi, getdi…
Nabat xala çəkilib getdi. Əzizə ürək sakitləşdirici dərman içib yerinə girdi. Bir müddət gözlərini tavana zillədi. Nəhayət, haçansa göz qapaqları yumuldu. Bu dəfə Arzu gəldi yuxusuna:
-Səndən incimişəm, müəllimə. Mən səni çox sevirdim. Evdə olanda darıxırdım səni görməkçin. Amma sən mənim sevgimi qiymətləndirə bilmədin. Atamı əlimdən almaq istədin. Mən daha sənin qrupuna gəlməyəcəyəm.
-Qızım, məni bağışla, bilməmişəm, bilməmişəm, bağışla məni… Təkcə sən məndən küsmə…
Arzu üzünü döndərib getmişdi.
Əzizə gözlərini açdı. Artıq saat 10-a işləyirdi… O, başa düşdü ki, bundan belə uşaq bağçasında işləyə bilməyəcək, üstəlik Bakıda yaşaya bilməyəcək. “O”nun yadigarının – Arzunun gözlərinin içərisinə necə baxacaqdı? Burası məlumdur ki, düz baxa bilməyəcək, hər dəfə qəlb ağrıdıcı bir fikir ondan əl çəkməyəcəkdi: “Mən onun atasının sevgilisi olmuşam, atasının anasına olan sevgisini yarıya bölmüşəm. Bəlkə də evinə, ailəsinə, uşağına olan məhəbbətini soyutmuşam”.
İnstitutu bitirəndə rayona getmək istəyirdi. Anası da deyirdi ki: qız uşağısan, tək-tənha nə edəcəksən orada?!. Bəsdir bir qarın ac, bir qarın tox yaşadığın, kirayədə olduğun… Gəl, burada iş tapılar səninçin”. Ancaq “O”na olan sevgisi Əzizəni Bakıda qalmağa məcbur etdi. Gec-tez buraya qayıtmalı idi. “O”nun fikri qəti idi. Tezliklə elçi göndərəcəkdi. Əzizə anasına bu sirri açdığından o da qohum-əqrəbaya danışmışdı.
İndi anasına nə deyəcək? Hökmən deyil ki, “qara çərçivəli şəkil” əhvalatını danışsın. Deyər ki, “O” dünyasını dəyişib. Vəziyyətdən çıxış yolu tapdığı üçün sakitləşdi. Bir stəkan çay içib, şəhərlərarası danışıq məntəqəsinə getdi. Anasının səsini eşitdi: “O” artıq həyatda yoxdur, daha Bakıda qalmaq istəmirəm, gəlirəm rayona!”
Anası baş vermiş hadisədən kədərləndi və bildirdi ki, qızının fikrini bəyənir.
Əzizə danışıq məntəqəsindən çıxıb uşaq bağçaçına yollandı. Badam xanımla söhbət etdi.
Badam xanım stolun arxasında əyləşib nəsə yazır və eyni zamanda Əzizəni dinləyirdi. Qızın sözlərini eşidib qələmi yerə qoydu. Qulaqlarına inanmırmış kimi təəccüblə ona baxdı: “Birdən-birə bu qıza nə oldu?” Sonra mehribancasına dedi:
– Nə danışırsan, Əzizə?! Yoxsa bizdən incikliyin var? Səni bilmirəm, amma biz səndən yerdən göyə qədər razıyıq…
Əzizənin dinmədiyini, tutulub durduğunu görüb sözünə davam etdi:
– Bir çətinliyin yoxdur ki? Utanma de. Mən də sənin böyük bacın. Bəlkə dolana bilmirsən?
– Yox, yox …
Badam xanım təkid etdi:
– Bəs səbəb nədir?
Əzizə əsl həqiqəti deyə bilməzdi. Bunu heç kimə açmayacaqdı, hətta anasına da. Özü ilə qəbirə aparacaqdı.
Badam xanım sözünə davam etdi:
– Xəbərim var, kirayədə qalırsan… Mən sənin kimi işçini itirmək istəmirəm. Ağıllı qızsan, məsuliyyətlisən, yaxşı tərbiyəçisən. Oğlumun adına bir otaqlı mənzil almışıq. İnşallah, evlənəndə köçəcək. Amma o vaxta xeyli var. Məktəbdə oxuyur. İstəyirsən, köç, yaşa. Sənə kömək olar.
Badam xanımın qayğıkeşliyi və xeyirxahlığı Əzizəni riqqətə gətirdi. Qızın gözləri yaşardı:
-Çox sağ olun, Badam xanım. Bir Allah bilir ki, mən sizin xətrinizi nə qədər istəyirəm. Sizdən yerdən göyə qədər razıyam. Kollektivimiz də mehribandır. Heç kimdən narazılığım yoxdur. Məsələ burasındadır ki, anam istəyir rayona qayıdım. Təkdir, köməyi yoxdur. Artıq yaşa dolub.
– Ananı da gətirərsən yanına…
Badam xanım çıxış yolu tapdığına sanki sevindi.
Əzizə razılaşmadı:
– Çox ölçüb-biçmişəm. Getməyim məsləhətdir.
Badam xanım irəli yeriyib onu qucaqladı. Onun da gözləri yaşarmışdı. İndi daha yəqinliklə başa düşmüşdü ki, Əzizəyə bu neçə ildə çox bağlanıb, onun yoxluğunu da hiss edəcək. Çar-naçar:
– Yaxşı, bacım. Fikrin qətidirsə, etirazım yoxdur. Əlbəttə, ananla bir yerdə olmağın məsləhətdir. Allah heç kimsəni anadan ayrı salmasın … Xoşbəxt olasan, bacım!
Əzizə Nabat xala ilə görüşüb rayona yola düşdü.
(ardı var)

Yazıya 856 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.