“Yolka” bəzədilmişdi marketdə. Sağ tərəfinə ağ saqqallı, qırmızı paltarlı yekə bir oyuncaq Şaxta baba qoyulmuşdu. Şaxta baba sərxoş adamlar kimi yellənir, yerində sağa-sola fırlanırdı. Sol tərəfinə içi şirniyyatla, oyuncaqla dolu hədiyyə qutuları düzülmüşdü.
Market nə qədər bəzədilsə də alıcılar bayram əhval-ruhiyyəsində deyildi. Uşaqlar maraqla bər-bəzəkli “yolka”ya tamaşa eləmək istəyirdi. Cibində pulu olmayan valideynlərsə hədiyyə qutularının üstündəki qiymətə baxıb köks ötürür, bacardıqca uşaqları göz qamaşdıran, insanı maqnit kimi çəkən “yolka”dan uzaq tutmağa çalışırdılar. Təxminən beş yaşlı boz paltolu, ağ papaqlı bir qızcığaz dayanmışdı Şaxta babanın qarşısında. Əvvəlcə diqqətlə bu bər-bəzəyə baxdı. Sonra qutudakı hədiyyələrə uzatdı balaca, totuq əllərini. Onlardan istədiyini dedi. Anası əyilib qızının üzündən öpdü: “Yaxşı qızım, gəl gedək başqa şeylər alaq, sonra gəlib bunlardan alarıq.”
Bir az keçmiş balaca bir qızın hönkürtüsü marketi bürüdü. Get-gedə hönkürtü daha da ucaldı. Həmin balaca qız idi. Hədiyyə istəyirdi Şaxta babadan. Şaxta baba isə yerində sağa-sola fırlanır, sanki qızın istəyini, ağlamasını vecinə almırdı. Anası qızcığazın əlindən tutub onu ordan uzaqlaşdırmağa, sonra gəlib hədiyyə alacağına inandırmağa çalışsa da uşaq inanmır, israrla hədiyyə istəyirdi. Ana xəcalətindən pörtmüşdü. Əlindəki sellofan torbada bir kilo qənd, bir qutu çay, makaron və bir çörək vardı. Ana torbanın qulpunu əlinə dolayıb uşağı qucağına aldı. Uşaq hıçqıra-hıçqıra Şaxta babaya baxdı, baxdı və qəfil tüpürdü onun üzünə.
Həmin gün manat yenidən ucuzlaşmışdı. Və mən təzə bir söz eşitmişdim: “üzən məzənnə”.
Elə bildim, həmin Şaxta babanın üzündəki tüpürcək gölə dönüb…
Yazıya 886 dəfə baxılıb