(Tural Sahabın “Onun adı Elyanora deyil” kitabını oxuyandan sonra…)
“Mən səni sevirəm! Məni sevmədiyin qədər…” Məhz bu misradan sonra tanıdım onu…
Hər bir təbəqənin (kütlənin) hamıdan – evindən-eşiyindən, işindən, dostlarından, yağışdan, qardan, istidən… qaçıb bir araya gəldiyi sosial şəbəkədə –feyzbukda millətçi, üsyankar, sağlam əqidəli, lakin zərif, romantik, sadə, bəzən sadəlöhv ruhlu bir gəncin paylaşımları diqqətimdən kənarda qalmırdı. O paylaşımların içərisində yaşına uyğun səhvetmələr olsa da, müdrik, ayaqda durmağı bacaran, bütöv fikirlərə də rast gəlirdim. Sevgi dolu şeirlərini oxuduqca isə onu tanımağa başladım. Söhbət ucqar bir rayonda – Gədəbəydə – ucqar bir kənddə yaşayan, müəllimdən – Nuriyev Tural Elmar oğlundan – Tural Sahabdan gedir.
Tural Sahab “Mən səni sevirəm! Məni sevmədiyin qədər…” deyəndə, biz həyatdan tanışıydıqmı bilmirəm, unutmuşam. Onu ilk görəndə də bir bənd şeir kimi gəlmişdi və durna qanadlarında – danışmadan, dinmədən o bənd kimi getmişdi… Elə yaddaşımda da bir bənd şeir kimi qaldı…
Kitab “Onun adı Elyanora deyil” hekayəsi ilə başlayır. Burada söhbət həyatdan küskün, ümidini itirmiş, sevgisini, arzularını kitablarda axtaran bir gəncdən gedir. Hər bir yazar əvvəl özünü, öz arzularını, bu həyatda tapmadıqlarını yazır. Və bu hekayədə biz kitabları sevən, ürəyi arzuyla, sevgiylə dolu müəllifi – Tural Sahabı da görürük. Müəllifin qəhrəmanı gözləmədiyi halda SEVGİ ilə rastlaşır: “Sonra birdən nəsə oldu. Saqqalımı isladan yağmur damlalarını silərkən onu gördüm. Bir xeyli aralıdan mənə doğru gəlirdi. Hiss olunurdu ki, o da tələsmədən addımlayır. Uzun qara saçları küləklə oynayır, ona qonaq gələn yağış damcılarını böyük mehribanlıqla qarşılayırdı. …Ürəyimə tabe olmuşdum. Bu uzun, sərt adam ilk dəfə ürəyinə məğlub olmuşdu.”
SEVGİ gəncin həyat tərzini yaxşıya doğru dəyişsə də, onun gözləri yolda qalır… Hekayənin sonunda gəncin (oxucunun) iztirabına bir məktub son qoyur, yaxud, iztiraba özül olur…
Təhkiyəçinin dil axıcılığı, bədii priyomları ilə yanaşı, xarakteri, obrazı da oxucuya çatdırmaq bacarığı çox təqdirəlayiqdir. Bir gənc nasirin ərsəyə gətirdiyi bu hekayə nişan verir ki, o, nəsri bacarır, o nasir yaşına – müdrik yaşına yetişərək, püxtələşərək addım basacaq.
Tural Sahab hər bir hekayəyə sevgi ilə – “onun adı ilə…” başlayır. O kimdir? “O” hər birimizin adını ürəyində gizlətdiyi SEVGİdir. Dostlar bilir ki, Tural Sahabın təxəllüsü də təsadüfən seçilməyib, o təxəllüs də “O”dan doğulub, SEVGİdən doğulub.
Onun bədii peyzajları o qədər canlı, səsli, nəfəslidir ki, oxucu təbiəti addım-addım gəzir. “Yağan ilk qar hələ yerə tam hopmadığından hərdən ayaqlarının altında xışıldayıb, ona ölüm anında olan bir bəstəkarın son bəstəsini xatırladırdı. Və ağaclar – gecənin ayazında qurdlar kimi ağzını göy üzünə tutub, ancaq canavarlardan fərqli olaraq səssizcə ulayan ağaclar. Bəzən bir xəyal kimi düşüncələr yaddaşını ziyarət edib, sürətlə uzaqlaşırdı. İnsan bir yerdə durmağa məhkum deyil, ancaq ağaclar ömür boyu, bəlkə yüz illərcə bir yerdə dayanır. Görəsən darıxırmı, onlar da uzaqlara – daha gözəl yerlərə getmək istəyirmi?! Qış olsa da, göyün üzü açıqdı. Ulduzlar və ay yoluna işıq saçır. Qara və soyuğa bələnmiş yarpaqlar ayaqlarına dolaşdıqca, hərdən rastına çıxan qar üzərinə enən ulduzlar gözlərini qamaşdırdıqca daha bərk gedir, daha tez uzaqlaşmaq istəyirdi” (“Yalquzaq” ).
Müəllifin bütün obrazlarında özünəməxsus xarakter var, o, insan təbiətinin dəyişkənliyini, cilddən-cildə düşməsini, ən sakit bir insanın içində əslində vəhşi bir şirin yatdığını belə vurğulayır: “İçində bir nifrət oyandı, bu an yırtıcı ilə qarşılaşsa, düşünmədən onun boğazını dişləri ilə parçalayardı” (“Yalquzaq”).
Turalın hekayələrini oxuduqca məni bir qəribçilik də bürüyür. Bəlkə də bu dağ əzmli, çəmən təravətli, qar bəkarətli hekayələr mənə uzaq körpəliyimi xatırladır. O, sadə kənd camaatını, kəndin havasını, qonaqpərvərliyini, süfrəsini oxucuya sevgiylə tanıdır: “Qonaq olmaq üçün kəndin ən kasıb, sadə evlərindən birinin qapısını döydü. Bir az sonra gülərüz, nurani bir qoca qapını açıb onu içəri dəvət etdi. “Yalquzaq”
Yenə həmin hekayədən bir cümləyə diqqət edək: “Payızdan gətirilmiş – çardağın altında quruyan odundan bir az kəsib, manqalı alışdırdı”. Nə gözəl ifadədir. Payızda həyətə gətirilən odunları payızın sovqatı kimi necə gözəl sığallayır. Hekayə əsasən ədalətin qələbəsindən bəhs etsə də, burada da sevginin gücü qabardılır. Dəmir xasiyyətli qəhrəman üzünü görmədiyi bir müəllimi düşünür. Oxucu da qəhrəmanla birgə haldan-hala düşür, sevir, sevinir… Hekayənin sonunu tamamlamağı isə müəllif oxucuların öhdəsinə buraxır. Oxucu özü axtarmalı, tapmalıdır qəhrəmanın sevdiyi qızın – Tinanın sonrakı taleyini…
“Tülkü tələsi” hekayəsi də ədalətin qələbəsindən bəhs edir.
“Qatil və yazıçı”nı oxuyuruq. Adətən yazarı humanist, bəşəri, sentimental xarakterdə görməyə alışdığımız halda, burada böyük bir paradoksla rastlaşırıq. “İndi ölkəsində və dünyada tanınan bir yazar və işini ustalıqla görən qatildir. Kimsələr bilməzdi, bu iki insanın eyni olduğunu. Qatil üzünü yazarlıqda gizlədirdi, yoxsa əksinə idi, bax bunu özü də bilmirdi.” Qəhrəman – qatil qurbanlarını nə qılıncla, nə tüfənglə qətlə yetirmir. Onun qılıncı qələmidir (“Qılınc və qələm” M.S.O.). Gəlin məsələyə başqa bir tərəfdən baxaq: Ta qədimdən qələmin qılıncdan kəsərli olduğunu demirmi müdriklər. Deməli hekayənin altyapısında daha fərqli mətləblər yatır – Aysberq sayağı…
“Çaqqalların krallığı”, “Atəş və su”, “Dənizə aşiq olan, balaca daşın hekayəsi”, “Göy qurşağı”, “Qadınlar və qurbağalar” qədim folklorumuzdan bəhrələnmiş hekayələrdir. Tarixini bilməyənin sabaha gedən yolu qaranlıq olar, kökünə bağlanmayan ağacın budağı tez qırılar, müəllifin də folklorumuza bağlılığı, onu sevməsi, yaşatması çox bəyəniləndir. Nağıllarımız, əfsanələrimiz, dastanlarımız Tanrının Adəmi yaratdığı kimi sevgidən yoğrulur, sevgidən qurşaq bağlayır, yola çıxır: “Bir sevgi dastanı bəxş elədi tanrı bu insanlara və bu sevgi onları unudulmağa, yox olmağa qoymadı”(“Atəş və su”).
“Canavar ovu” hekayəsində maairfləndirmək üslubu da gözəldir. “Oğlum, dişi bir canavarı sağ ələ keçirmək olmaz”. Buradan biz bilirik ki, canavarlar dişisini və dişi canavar özünü yad əllərdən qoruyur. Əgər dişi canavar sağ ikən ələ keçərsə, onu azadlıqdakı canavarlar məhv edir. Canavarlar insana hücum etmir, onlar ana təbiətin rəva gördüyü qidalarla qıdalanırlar. Ta ki… “Onu da deyim ki, nə qədər ac olsalar da, biz atəş açsaq da, onlar heç vaxt bizə hücum eləmədi, sadəcə yaşamaq istəyirdilər” – yaşamaq, yemək hüquqları pozulana qədər…
“Bülbülün ölümü”– burada da insanlarla təbiətin obrazlı müqayisəsi ilə insan əlinin təbiətə vurduğu zərbədən söz açılır.
“İntihar”da müəllif bizi nə dünənə aparmır, nə də sabaha. Bu günümüzü çılpaqlığı ilə göztərir. Hekayədən bir cümləyə diqqət edək: “Bu suala cavab tapmaq üçün televiziyalar müğənniləri ekspert kimi öz verlişlərinə dəvət elədilər.” Bax, zamanımızın əyrilikləri elə budur. “Yarımçıq papaqçılar” papaq tikir, kamil palançılar isə ya ölkədə deyil, ya da kölgədə qalıb. “Şairə” hekayəsi də zamanımızın üzünə çırpılan şillədir sankı. Burada çoxlarının bildiyi, lakin dilə, qələmə almaqdan çəkindiyi müasirlərimizdən söz açılır. Gülay adlı bir kənd qızı bəkarətini itirəndən sonra şəhərə gəlir və tanınmış yazara çevrilir. Bu yolda ona kənddəki qonşu oğlan və daha sonra universitet və media vəzifəliləri “yardım edir”. Hekayəni oxuduqca məşhur yazarlar, onların arasındakı nigahlı “ailələr” göz önümüzdən keçir. Biz onları tanıyırıq, onları hər gün media tərif ilə bizə sırıyır, lakin biz susuruq… Tural isə susmur!
“Leylanın bir günü” hekayəsində klassik şərq ədəbiyyatının azmanlarını xatırlamaqla, Məcnunun Leylaya, bəndənin Tanrıya, faninin Əbədiyə olan məhəbbətini və sonsuzluğu görürük…
“Polyaço”, “Ölümün yeddi rəngi”, “Qoca əkinçinin ölümü”, “Kəpənəyin gündəliyi” hekayələrini yazıçının həyat fəlsəfəsi də adlandırmaq olar. Bu hekayələr Tural Sahabın gələcək fəlsəfi yazılarına ümid işığıdır.
Tural Sahab bəzən yaşından çox-çox əvvəldən elə söz açır ki, sankı o zamanı görüb-yaşayıb. Əlbəttə bütün bunlar yazıçı təxəyyülünün bəhrəsidir. Məsələn, “Namus” “Nadejda” hekayələri Böyük Vətən Müharibəsi illərindən bəhs edir. Bəzən yazıçı o illəri zamanımızla müqayisəyə gətirir, tapdaq altında olan torpaqlarımızı xatırladır. “Qar üzərində qan”hekayəsində isə müəllif oxucunu inandırır ki, bütün bunları mənə dünyanı görmüş babam nəql edib: “Babam heç məktəb oxumamışdı, ancaq onun danışdığı hekayələri, nağılları unutmaq olmaz, o qədər içdən danışırdı ki, insan özünü o hekayənin içində hiss edirdi. Sonra babam öldü və mən yazmağa başladım. Onun danışdıqlarını yazmamaq uşaqlığıma, o gözəl günlərə xəyanət olardı.”
“Papazın qızı…” və “Rahibə” hekayələri monastırlara üz tutan din adamlarından söz açsa da, “Rahibə”də hadisələr gözlənilməzdir. Bu hekayə qətl törədəndən sonra monastıra qadın surətində sığınan bir gəncdən bəhs edir. Burada da SEVGİ hər çətinliyə qalib gəlir, qəhrəman səadətə qovuşur: “Cəhənnəm, insan qəlbində sevginin yox olmasıdırsa, cənnət də, qəlblərimizin sevgi ilə döyünməsidir…” (“Rahibə”).
“Elfida” da bu qəbildən olan hekayədir, insanları birliyə səsləyir. Gözəl xristian qızı Elfida ilə müsəlman Sami bir-birini sevir… Lakin müəllif əsərin sonunda bu sevginin yalnız yuxularda ola biləcəyini acı bir həqiqətlə söyləyir…
“Samuelin sonuncu təbəssümü” hekayəsində diqqətimi ən çox cəlb edən obrazların təhkiyəçiyə qoşulub oxucularla “danışması” oldu. Bu özəllik xarici ədəbiyyatın təsirindən yaransa da, Tural o təsirdə qalmayıb, bu üslubu yeniləyərək özününküləşdirə bilib.
“Zifaf gecəsi qaçan gözəl” hekayəsində müəllif qədimdən qalan toy gecəsi adətlərini pisləyir. Gəlinin bəkarətini bütün dəyərlərdən üstün tutan yengəni, atanı, ümumiyyətlə cəmiyyəti qınayır. Lakin bu qınaqlardan yüksəkdə, zirvədə ulu olan, ali olan sevgi var. Toy gecəsi gəlini qaçmağa bəkarəti yox, sevgisi sövq edir…
Müəllifin əsas sürətlərinin əksəriyyəti əcnəbilərdir: Elyanora, Nadejda, Elena, Albert, Samuel və s. Müəllif bu adları da təsadüfən seçməyib. O, ucqar bir kənddə yaşasa da, arzuları, düşüncələri dünyanı dolaşan bir gəncdir – yazıçıdır. Onun “Qızılgül kolu”, “Dənizlərin göz yaşı” və s. hekayələrinin qəhrəmanı sanki müəllif özüdür. Bu hekayələrdə qəhrəman əzmi, iradəsi gücünə arzularına boy verir, arzularına çatır. Məhz elə bu baxımdan bəşəri duyğulu yazıçı dinləri, dilləri, millətləri ayrı-ayrılıqda dəyərləndirərək kitabında – bir ocaqda yurd verib və o əmindir ki, bu kitab dünyanı dolaşacaq, elə dünya dilində…
Tural Sahab hələ gəncdir, gələcəyə atdığı addımlar güclüdür, iradəlidir. Onun yoluna isə mütaliəsi – oxuyacağı kitablar işıq salacaq, o kitablar nə qədər çox olsa, yolu da o qədər işıqlı olacaqdır.
Tural, sənə inanıram, yolun açıq olsun!
İradə Aytel
Yazıya 1214 dəfə baxılıb