Milli Məclisin deputatı Elmira Axundovanın “Bizim Yol” qəzetinə verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik:
– Təmsil etdiyiniz bölgədə əhalinin sosial vəziyyəti necədir, hansı problemlər var?
– Mən 71 saylı Masallı kənd seçki dairəsindən seçilmişəm. Bu yaxınlarda həm kəndlərdə, həm də Bədəlanda olan mərkəzi ofisimdə böyük qəbullar keçirmişəm. Bölgədəki vəziyyətin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, regionlarda fermer təsərrüfatlarının yaradılması, ərzaq təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunması barədə prezident İlham Əliyevin tapşırıq verdiyi istiqamətlərlə bağlı Masallıda artıq müəyyən proseslər getməkdədir.
Bununla belə insanlarda bir süstlük, etinasızlıq, hətta öz ailələrinə qarşı da məsuliyyətsizlik müşahidə etmişəm. Cavan, sağlam insanlar gəlib ağır maddi durumdan şikayətlənib pul istəyir.
Ümumi işsizlik problemi olsa da, çox zaman bu, insanlar tərəfindən süni yaradılır. Kəndli ömür boyu torpaqda işləyib və işləməlidir. Dövlətimiz də bu yöndə mühüm tədbirlər görməlidir. Məsələn, ötən il əhali xiyar-pomidor əkib, lakin mükəmməl alqı-satqı sistemi yoxdur. Məncə, dövlət yüksək alış qiymətlərini müəyyən etməli, məhsul emal müəssisələri tərəfindən alınmalıdır. Əvvəlcədən kəndlilərlə müqavilə bağlanmalı və kəndli əmin olmalıdır ki, məhsulunu dövlətə sata biləcək. Ötən il isə məhsulu ya 5 qəpiyə satırdılar, ya da məhv edirdilər. Masallıda 1000 nəfərin işlədiyi “Nur” MMC adlı meyvə-tərəvəz emal edən müəssisə müəyyən səbəblərə görə bağlandı. Masallıda müşavirə keçirildi və məqsədlərdən biri o oldu ki, bu müəssisə açılsın, əhali də məhsullarını təhvil verə bilsin. Kənd təsərrüfatının dirçəlməsi ikitərəfli prosesdir. Həm dövlətin sistemli dəstəyi, həm də insanların işə həvəsi lazımdır. Hələ ki, bunu görmürəm. Görüntülər, ayrı-ayrı təzahürlər var, amma bu azdır. Masallıda 9 min hektar münbit torpaq istifadəsizdir.
– Regionların inkişafı üçün bölgələrə milyard manatlarla pul xərclənib. Bu dövlət proqramları çərçivəsində Masallıda hansı işlər görülüb?
– Bizdə əsasən yol infrastrukturuna, içməli su probleminin həll edilməsinə pul ayrılmışdı. Hər iki layihənin reallaşmasında ciddi problemlər yaranıb. Məsələn, kanalizasiya və içməli su probleminin həlli üçün iki dəfə pul ayrılıb, amma layihə 3 ildir uzanır və hələ də reallaşmayıb.
Türkiyənin hansısa şirkəti gəlmişdi və mən bildiyimə görə, pulun bir hissəsini mənimsəyib, aradan çıxıb. İndi icra hakimiyyəti çalışır ki, bu layihə başa çatdırılsın. Buna görə Masallı şəhəri və ətrafı pis gündədir, hər yer qazılıb, palçıq içərisindədir. Əhali də buna haqlı narazılığını bildirir. Yaxud da yol infrastrukturu layihəsi çərçivəsində 30 kilometrlik Boradigah-Qumbaşı yolunun çəkilişi üçün cənab prezident 10 milyondan çox pul ayırmışdı. Yolun çəkilməsindən bir qədər keçdikdən sonra camaat şikayət edir ki, yol keyfiyyətsiz çəkilib, yenə də çala-çuxurlar yaranır. Deməli, burada söhbət işlərin daha keyfiyyətli və qənaətlə aparılmasından getməlidir.
– Bəs regionların inkişafı proqramları çərçivəsində yeni iş yerləri açılıbmı?
– Baxmayaraq ki, Masallının əhalisi 220 mindir və əhalinin sıxlığına görə birinci yerdədir, amma iş yerlərinin açılmasında hələ ki, böyük layihələr həyata keçirilməyib. Deputat olaraq biz də, icra hakimiyyəti də buna görə çox narahatıq, həmişə bu məsələni qaldırırıq. Masallını gələcəkdə böyük layihələr gözləyir. Amma hələlik turizm və emal sahəsinə əsaslı investisiya qoyuluşu yoxdur. Masallı əsilli xaricdə yaşayan imkanlı biznesmenlər də var ki, sərmayə qoya bilərlər, amma şərait yaradılmasına baxmayaraq, onlar da maraq göstərmirlər. Deməli, yenə də əsas iş dövlətin üzərinə düşür.
– İmkansız əhali üçün ayrılan ünvanlı sosial yardımla bağlı müxtəlif təkliflər var. Siz hətta bu yardımın dayandırılmasını da təklif etmişdiniz. Bəs alternativ olaraq nə təklif edirsiniz?
– Ünvanlı sosial yardım öz müsbət təsirini göstərdi, lakin bir institut kimi fəsadlar da yaratdı. Məsələn, camaatı ələbaxımlığa öyrətdi. Bir hissə insan narazıdır ki, onlara yardım verilmir, bir hissə narazıdır ki, onlara yardım az verilir, məmurlar narazıdır ki, əhali gərginlik yaradır. Yəni hamı hamıdan narazıdır. Ona görə də əvvəlcə yardım verilməsinin meyarları daha konkret və ədalətli olmalıdır. Məsələn, elə aztəminatlı ailə tanıyıram ki, ata xəstədi, 3-4 uşaq sahibidir, amma ona yardım vermirlər ki, bir dənə qədimdən qalma maşını var. Qeyri-rəsmi işləyən, gəlirləri olan və daha yaxşı yaşayan birinə isə yardım verirlər. Həmçinin yardım elə formada verilməlidir ki, özlərinə iş qura bilsinlər. Həmkarım Hadı Rəcəbli deyəndə ki, əhaliyə ünvanlı sosial yardım əvəzinə qoyun verilməlidir, güldülər. Amma həqiqətən də hamıya fərdi qaydada yanaşılmalıdır. Məsələn, birinə mal-qara, digərinə xalça toxumaq üçün alətlər və s. İndi bu istiqamətdə pilot layihələr həyata keçirilir, lakin bunların istiqamətləri və həcmi genişlənməlidir. Bunun nəticəsində 2-3 ilə ünvanlı sosial yardımın mövcud formatı ilə vidalaşmalıyıq.
– Bir çox rayonlarda əhali işsizlikdən, sosial vəziyyətin ağır olmasından dolayı paytaxta, yaxud Rusiyaya, başqa ölkələrə üz tuturlar. Bu isə əsasən kəndlərin boşalması ilə nəticələnir. Masallıda demoqrafik vəziyyət necədir?
– Masallıdan Bakıya üz tutanlar da, Rusiyaya və digər MDB ölkələrinə gedənlər də var. Kişilərimizin ən az 50 faizi Rusiyada ticarətlə məşğul olurlar. Bir qismi qayıdaraq özlərinə Masallıda iş, şərait qurublar. Elələri də var ki, öz torpaqlarında işləmək əvəzinə köçüblər Bakıya, 10 ildən artıqdır ki, orada fəhləlik etməklə kirayələrdə yaşayırlar. Sonra da gəlib biz deputatlardan ev şəraitini yaxşılaşdırmağı tələb edirlər.
– Çox sayda ailələrin mənzil problemi var, bunu köklü şəkildə həll etmək mümkündürmü?
– Bu məsələyə dövlət dəstəyi gücləndirməlidir. Belə insanlar üçün sosial mənzil fondu yaradılmalı, güzəştli faizlərlə evlər verilməli, ipoteka şərtləri asanlaşdırılmalıdır. 10 ildir bu barədə danışırıq, amma sözdən başqa heç nə yoxdur ortada. Problemi hökumətin hesabatı zamanı çıxışımda da səsləndirəcəyəm.
– Hərdən çıxışlarınızda tənqidə də yer verirsiniz. Tənqidə görə təzyiqlə üzləşmisiniz?
– Təzyiq yox, amma narazılıqlar olur. “Bunu niyə dedin, bu, filankəsin qohumudur”, “Bu obyekt dostumuzundur” və s. Bir neçə il əvvəl parlamentdə demişdim ki, bütün rayonlara yeni icra başçısı təzə gələndə mütləq həmin rayondakı Heydər Əliyev parkını təmir edir, Heydər Əliyev Mərkəzini söküb yenidən tikir və s. Olmazmı ki, həmin pulu iki məktəbin tikintisinə xərcləsinlər? Həmçinin demişdim ki, Bakıdakı kimi bütün rayonlarda hasarlar tikilir, özü də Bakının əksinə olaraq bir çox hallarda ucuz və yöndəmsiz. Bu çıxışım bir sıra bölgələrdə narazılıqla qarşılandı. Üstündən iki il keçəndən sonra hakim YAP-ın təmsilçisi olan deputat Siyavuş Novruzov mənim sözlərimə dəstək verərək dedi ki, eyni obyektləri nə qədər söküb-tikmək olar. İndiki maliyyə çətinliyi dövründə bunun yeridir? Amma hərdən inciyirlər ki, biz deputatlar nəyə görə bunu deyirik. Amma mənim qənaətim belədir: rayondakı yol boyunca hasar tikməkdənsə, ağac əkin… Heydər Əliyev məktəbi deyirlər, o məktəbi bu respublikada məndən yaxşı bilən yoxdur. 11 ildir onun irsini öyrənirəm. O deyirdi ki, bir ağac kəsən elə bil mənim qollarımı kəsir. Heydər Əliyev 1970-ci illərdə iməciliklərdə 10 milyonlarla ağaclar əkib. Avropaya gedirik də, heç hasar görmüsünüz? Amma Siyavuş Novruzov demişkən, təyyarədən baxanda hasardan başqa heç nə görünmür. Yəni demək istəyirəm ki, tənqid də lazımdır. Heydər Əliyev də deyirdi ki, inkişaf tənqiddən keçir. Ona görə nazirlərimiz, dövlət xadimlərimiz tənqidi özlərinə qarşı qərəzlilik kimi qəbul etməməlidirlər. Hamısı dostlarımdır, qardaş kimi görürəm onları, amma hansısa nöqsan varsa, nəyə görə deməməliyəm? Elə biz deputatları da tənqid edirlər. Normal yanaşmalı, tənqidə dözümlülük olmalıdır. Axır vaxtlar bizdə alternativ fikrə qarşı dözümsüzlük var. Bu, hətta mətbuat işçilərində də hiss olunur. Jurnalistlər 6 aydır mənə qarşı tənqidi materiallar dərc edirlər, amma bir dəfə də olsun hansısa media orqanını məhkəməyə verməmişəm. Məni hətta buna təhrik də edirdilər. Dedim ki, qəzet yazmır axı, qəzetə gətirirlər də materialı, o da çap edir. Jurnalistin peşəsi budur. Bu yazının arxasında kim dayanır, onu fikirləşmək lazımdır.
Yazıya 524 dəfə baxılıb