MUQABEYƏ MƏKTUB

bextiyarÇox hörmətli Robert Muqabe!

Bu yaxınlarda hardansa oxudum ki, sizi dünyanın ən qəddar diktatorlarından biri və birincisi kimi qələmə veriblər, qardaş Zimbabve ölkəsini isə dünyanın ən pis ölkəsi kimi tanıyıblar. Doğrusu çox pis oldum. Axı bu belə deyil. Axı kor kor, gör gör. Axı Azərbaycan da var bu dünyada. Olmaya bizim bu dünyada varlığımız da unudulub? Amma belədirsə çox nahaq. Bizdə elə hadisələr baş verir ki, dünya gərək bunu bilə və dərs götürə. O hadisələrdən bircəciyini sizə nəql etmək istəyirəm. Bəlkə də bu xalqa yazığın gələcək. Bəlkə də ürəiniz ağrıyacaq.

  Əvvəla deyim ki, bir qədər qoca olmasanız sizi milliləşdirərdik. Bax onda bizimçün çətin olmayacaqdı. Axı biz harda yaxşı oyunçu var, qolundan tutub milliləşdirməyin ustasıyıq. Noolsun ki, milli dava aparanlarımızı tutub dama basırıq. Əvəzində özgələrini milliləşdirib ləzzət aparırıq. Özü də milliləşdirdiklərimizdən olanların soyadının sonuna rus soy sonluğu qoyuruq- Kim Ki Əliyeva, Min Mu Vəliyeva, Oksana Əhmədəliyeva, Roksana Seyidməmmdova Dim Dik Orucova və sair. Ad olur çinli, koreyalı, soyad olur yarı ərəb, yarı rus. Bax belə əndirabadi bir şey. Elə bizim ölkəmiz də çox əndirabadi bir şeydir ki, məktubumu oxusanız “ilahi dünyada nə gündə ölkələr var” deyəcəksiniz. Bəlkə də ilahi deiyiniz o varlıq Azərbaycanı ona görə yaradıb ki, pis gündə olan ölkələr baxıb təskinlik tapsınlar, özlərinə təsəlli versinlər. Necə ki, it günündə yaşayan bir adam acından ölənə baxıb təskinlik tapır, ilahiyə şükürlər oxuyur.

 Sizin adınızın Robert olması problem deyil. Noolsun ki, keçmiş erməni prezidentinin adıdı. Burda heç bir qəbahət yoxdu.. Bu ad bizimçün qərib ad deyil. Necə ki, Artur adı da qərib ad deyil. Bu günlərdə bizim Arturun 81 yaşı tamam oldu- o bizim baş nazirimizdi. Dünya siyasətində sizdən sonra ikinci qoca siyasət adamıdı.  Deyəsən elə sizi marıtlayıb. Sizin ölümünüzü gözləyir ki, birinciliyi ələ keçirsin. Siz gərək möhkəm dayanasınız. Birdən dünyadan getdiniz və Artur müəllim də gəldi 93 yaşa qədər baş nazirimiz oldu, qırdı rekordu. Onda bizim halımız noolar? Bir ay da buna görə şou yaradarlar. Amandı möhkəm dayanın. Amma bir yana baxanda o biri nazirlərimiz milləti qırır, qoy bu da rekord qırsın, nəyi pisdi?

  Mənim sizin ölkəniz haqqında bilgilərim çox zəifdi. Deyilənə görə dünyanın ən geridəqalmış ölkəsidir sizin ölkə. Amma mən inanıram ki, bu belə deyil. Bu sahədə bizim ölkə altı qitənin beşində liderdi. Bunu sizə sübut edə bilərəm. Bizim insanların sizin insanlardan da pis yaşamasını elə sizin ölkənizdə çəkilən heyvanlar aləmi haqda verilişlərə baxıb da dəqiqləşdirmək olar. Sizdə vəhşi heyvanlar azad şəkildə yaşayırlar. Tv-lərdən izləyirəm, sürü- sürü ceyranalr, marallar sizin səhralarda azad şəkildə öz həyatlarını sürürlər. Bizim bir kəndin qırağından əllicə ceyran keçə, siz bilirsiniz nələr olar? O ceyranın, maralın biri də salamat qalmaz. Kredit altında can verən insanlar, evinə bir kilo ət ala bilməyən insanalr yalın əllə məhv edərlər onları. Elə vəhşi heyvanlar bizim vəhşi oliqarxlarımızın villalarında ola bilər. Mən hələ yırtıcıları demirəm- pələng, şir, pantera, hətta timsah. Bəlkə də bizim ölkəmizə sizin ölkədən də yırtıcı heyvanlar gətiriblər. Niyə də olmasın,sizin heyvanlarınıza dərd ha dəyməyib? Məmurlar bizim ölkəyə Avropa dəyərləri əvəzinə səhralardan vəhşi heyvanlar gətiriblər. Avropadan gətirdikləri isə deyəsən bank sistemidir ki, indi onların bankları bizim qara camaatı da kreditlə ağ yuyub qara sərir.

 Hə, kredit demiş, elə mənim sizə müraciətimin də özəyində kredit məsələsi dayanır. Amma bu barədə bir qədər sonra.

Onu deyim ki, sizdən əvvəl istədim Ermənistan prezidentinə yazım. Çünki mənim düşdüyüm bəlanın əsas günahkarı ermənilərdi. Onlar mənim kəndimi işğal etməsəydi, mənə gələn məktublar gecikməzdi və mən də vaxtında başıma bir çarə qılardım. Hər halda bizim məmurlar məni belə başa salıblar. Mən də qalmışam aciz vəziyyətdə.

Indi görək bu nə hal- qərziyyədir.

Mən erməni prezidentə təxminən bunları yazacaqdım:

  “Hörmətli Serjik. Əvvəla sizə çox böyük hörmətimin olduğunu ərz etməliyəm. Ona görə ki, siz vahid erməni xalqını böldünüz regionlara. Indi sizdə də yerlibazlıq pik nöqtədə bayraq dalğalandırır. Indi siz də düşmüsünüz bizim günümüzə. Bunun memarlarından biri də sizsinz və buna görə sizə sağ ol deyirəm. Amma qabaqlar sizdə eləcə “hayes, hayes” dedilərmi adamlar qardaş bilirdilər bir- birilərini. Qarabağlı, İrəvanlı söhbəti olmazdı.

 Indi isə keçirəm əsas məsələyə. Serjik, gəl sən məni eşit. O dünyaya üzüqara gedəcəksən onsuz da. Bəlkə günahların bir qədər bağışlana.

  Mən bir Azərbaycan yazarıyam. Yaxşı, şeirlərim, hekayələrim var. Amma onu deyim ki, ən gözəl şeirlərimi siz əlimdən almısınız. Mənim ən gözəl şeirlərim bıçaqla ağaca yazdığım adlar idi. Özümün və ilk sevgilimin adı. Bir də bərabərlik işarəsi, bir də sevgi sözü. Amma bərabərlik elə o ağaclarda qaldı. Mən bərabərlik deyilən şeyi ayrı heç bir yerdə görmədim, Serjik. Heç öz ölkəmdə sevgi deyiləni də görmədim. O da qaldı ağac üzərində. Və o ağac üzərində qalan “ilk şeirlərim” bizim ölkədə kağız üzərində qalan bütün qərarlardan əzizdi, doğmadı mənimçün. Imkanın çatsa o ağacları qoru, Serjik. O ağaclarda bərabərlik var, sevgi var. Ən çox da fıstıq ağaclarına yazırdım qəlbimdən gələnləri. Həm də əsl ağac üzərində oyma sənəti imiş bu. Amma indi ilk yazılarım qalıb Vətən ağaclarının köksündə. Özümün köksümə isə bu qaçqınçılıqda bıçaqla min acı, ağrı yazıblar.

O ağrılardan, acılardan sadəcə birini yazmaq istəyirəm. Bəlkə də sizə yazmazdım, amma məni buna məcbur etdilər. Öz ölkəmdə bütün instansiyalara yazmışam. Amma nə baxan var, nə də eşidən.

Məsələ nədir, indi aydın edərəm. Və sizə də məlum olar ki, günahınız nə qədər böyük və bağışlanılmazdır.

 Mən Qazax rayon Yuxarı Əskipara kənd sakini, Oğuztayfa rayon Qırılı kənd tam orta məktəbinin tarix müəllimi Həsənov Bəxtiyar Hidayət oğlu 14. 02. 2013 tarixində müəllim yoldaşım İmamquluyeva İradə Saqif qızına zamin durmuşam və o  KredAqro bankının Oğuztayfa filialından 2 illiyinə kredit götürüb. Mən hələm- hələm belə kredit- kredit oyunlarına girən adam deyiləm. Bizdə bir ağsaqqal müəllim var- Məmmədkərim müəllim. O xahiş eti ki, zamin dur, mən də bir problem olsa hazır. Indi də deyir mən sözməsəli demişəm. Özü də bir başqasına zamin durub cəriməyə düşüb. Havaxt baxırsan dizinə döyür, mən indi ona nə deyim. Həm də bizim ölkədə kim verdiyi sözü tutub ki, Məmmədkərim müəllim də tutsun. Bizim ulu şahımız söz vermişdi ki, pencəyimi çiynimə atıb gedib Qarabağı alacam. Hanı bəs? Banş bankir deyir devalvasiya olmayacaq, səhər manatımız ölür. Prezident deyir müəllimlərin maaşı iki dəfə artsın, amma məlum olur ki cəmi beş on- manat artım olub. Müxalifət lideri deyir- bu dəfə hər şey yaxşı olacaq, amma 20 ildir hər şey pisə doğru gedir… Bizdə deyilən söz boş sözdü, elə özümüz də boşuna yaşayırıq.

  Ödəmələri vaxtında edən İradə İmamquluyeva götürdüyü 3800 dolların əvəzinə banka 5233 dollar pul ödəyib. Sən demə 16. 12. 2014-cü il tarixində adamın gecikdirməyə görə banka  bir dollar doxsan altı sent borcu qalıbmış. Bu da o dövrün pulu ilə cəmi bir manat əlli qəpik edirmiş. Bir həftə sonra borcun üstünə əlavə 52 sent də artırılıb. Sonra necə olubsa bu borc 2015-in yanvar ayında 10 dollar olub. Bu barədə nə İradə İmanquluyevaya, nə də mənə məlumat verilməyib. Borc xərçəng xəstəliyi kimi şişə- şişə sonda olub 30 dollar. 2015-ci ilin fevral ayında İradə İmanquluyeva kreditini ödəyib qurtarıb. Amma sən demə 30 dollar cərimə borcu qalıbmış. İradə xanım borcu 22 fevral 2015-ci ildə, saat 12.00-da ödəyib. Amma bir saat sonra manat qiymətdən düşüb- manata birinci fatihə verilib. Manat 33 faiz ölüb. Bu da dərhal borcun üstünə gəlib. Bu barədə isə 8 aydan sonra mənə məktub gəlib. Məktub gələndə artıq borcu bayarq dirəyimiz kimi xeyli qaldırmışdılar- 101 dollar. Prokurorluğa şikayət elədim- dedilər biz bank işinə baxmırıq. DİN qaynar xəttinə dedim- dedilər biz bank işinə baxmırıq. Prezidentə yazdım- xeyri olmadı. Ölkənin birinci xanımına yazdım- xeyri olmadı. Korrupsiyaya qarşı mübarizə idarəsinə zəng elədim- dedilər biz elə şeylərə baxmırıq. Bu arada isə mən yazmağımda oldum, ikinci devalbasiya dalğası gəldi ölkəyə. Manat komaya düşdü. Borc xərçəng kimi şişib oldu 172 dollar. Onun da üstünə məhkəmə xərci, dəbbə pulu gəldi. Borc oldu üst- üstə 310 manat. Indi mən 1 manat 50 qəpik əvəzinə 310 manat ödəməliyəm. Bir sözlə, bir saatın zibilinə düşüb ömrü boyu cərimə ödəməliyəm.

  Bütün bunların günahkarı isə erməni xalqı imiş. Çünki məhkəmə kağızları mənə gəlib çatanda artıq hökmün üstündən 2 aydan da çox vaxt keçmişdi.

  Getdim Oğuztayfa məhkəməsinə. Amma orda kimi tapmaq olar ki- sədr İlyar müəllim məhşur Sorosbangın kürəkənidi. Sorosbang (doğma adı Sirus olub) deyilən adam Oğuztayfada prokuror olub. Camaatı elə soyub ki, adı olub Sorosbank. İndi də onun yağlı tikə kimi baxdığı Oğuztayfaya kürəkəni hakim mantiyasına bürünüb gəlib, banglarla əlbir olub xalqı talayır. Mantiya deyilən həm yerin üz qabığıdı, həm də hakimlərin, yəni üçüncü hakimiyyətin əynində cəmiyyətin üz qabığıdı. Hansı cəmiyyətin hakiminin mantiyası üz qarasıdı, demək o cəmiyyət bu yer planetinin  üz qarasıdı. Bax bizim hakimlər də bu cürdü. Xüsusən də Oğuztayfa hakimləri. Yaxşı ölkələrin öz Sorosbankı olur, pis ölkələrin isə öz Sorosbankı. O Sorosbank kasıb- küsuba yardım edirsə, bu Sorosbank kasıb- küsubun belini qırır. Bunlar öz yerində.

 Çox başınızı ağrıtmaq istəmirəm. Oğuztayfa məhkəməsinin binası ikimərtəbəlidi. Birinci mərtəbədə cəmi bir polis olur ki, o da həm ərizə qəbul edir, həm hüquq məsləhətləri verir, həm vəkillik edir, həm də binanı qoruyur. Adam supermendi, vəssalam. Məhkəmə heyətindən kimsəni görmək feilin qeyri- mümkün halıdır. Həmin gün o supermen polis məni göndərdi poçta ki, get davanı orda çək. Sənin  məktubunun gecikməsinə səbəb poçtdur.

Getdim poçta. Dedilər bizim günahımız yoxdu, günah mənfur ermənidədi. Dedim niyə? Dedilər erməni xalqı sənin kəndini işğal edib. Məktubu biz bilmirik hara göndərək. Yuxarı Əskiparaya məktub getmir. Poçtun müdürü keçmiş İcra başçısıdır. Onun hakimiyyəti dönəmində “selsovet” işləmiş şəxslərin hamısı o dünyadadı. Ya döyülməkdən ölüblər, ya da söyülməkdən. Mən o adamdan çıx qorxuram. Çox eləsəm döyüb şikəst eləyər. Az qala yarım ton çəkisi var. Qarnına iki məni boyda adam sığar. Şair- mair hərləyən deyil.

Beləcə də qaldım cərimədə.

Hə, Serjik, indi əlim sənin yaxandadı”.

  Amma mən o məktubu yazmadım, Muqabe müəllim. Qorxdum ki, bütpərəstlər məni ermənipərəstlikdə ittiham edələr. Sonra Gürcüstandakı erməni kilsəsinin başçısına müraciət etmək istədim. Amma yenə qorxdum. Erməni keşişə də yazacaqdım ki, pulsuz yandırdığınız qazın pulundan 172 dollar göndərin. Amma qorxdum  adıma “Vətəni 172 dollara satan yazıçı” desinlər. İndi bizdə əlimyandıda vətən xaini gəzirlər.

  Məcbur qalıb sizə yazıram. Onsuz da xeyriniz dəyməyəcək. Amma guya mürciət etdiyim yerlərdən nə xeyir gəldi ki. Siz və yaxud bizim baş prokurorluq heç  fərqi yoxdu. Bizdə əsas prioritet məsələ yumurtanın qiymətidi. Yumurta demiş – bizim banklar yumurta üsulu ilə cərimələyir vətəndaşları. O nə deməkdi deyim.

Demək o zaman bir adam qonşusundan borca bir yumurta alır. Bu bir yumurta necə olursa borc alanın yadından çıxır. Sən demə borc verən yumurtanı unutmayıb. Aradan üç il keçəndən sonra qonşu gedib qazıya şikayət edir. Bəs Filankəs Bəhmənkəs oğlu mənə 3 inək borcludu. Borcalan məhkəməyə çağrılır. Qazı  insaflı adam imiş, 3 inəyi edib bir inək, bir dana.

Borcalan yumurtanı yadına salır. Deyir gedib evdən lap 10 yumurta gətirərəm, bir inək bir dana niyə?

Qazı borcalanı başa salır:

-       O yumurtadan bir cücə çıxacaqdı. O da 6 ay sonra yumurtalayacaqdı. Sonra da kürt yatacaqdı, 15 bala çıxardacaqdı.

Guya ki o əhvalat baş verən kənddə nə toyuq xəstəliyi varmış, nə oğru pişik, nə də qarğa, sağsağan. Guya ki o kənd analoqsuz inkişaf etmişlərdənmiş.

 Qazı başlayır rəqəmləri 15-15 bir- birinə vurmağa. Çox böyük rəqəm alınır. Hətta o məbləği 10 inəklə də ödəmək olmazmış. Sadəcə borc verən insaflı adam imiş. Cəmi 3 inək tələb edib. Qazı isə mələk imiş, cəriməni azaldıb bir inək, bir dana edib. Indi noolsun ki dananı özünə götürüb?

 Bax bizdə də banklar belədi, Muqabe baba. Bilmirəm sizdə də belə şeylər olurmu? Bizdə nə qədər adam belə şeylərə görə özünü asıb. Bizdə nazirlər qocaldıqca intiharlar gəncləşib, Müqabe müəllim. Bu bank soyğunu sələmin daha ağır növüdü. Sələm, vəssalam.

 Bilmirəm sizdə də belə düşmən tipi varmı- Mozambikpərəst, Zambiapərəst, Botsvanapərəst? Olmamış olmaz hər halda. Mən haqqımı tələb edəndə qorxuram belə adlandırsınlar- məni ermənipərəst. Sonra da səsim türmələrdə karsdan gəlsin. Bizim Sorosbankın kürəkəninin əlində su içmək kimi bir şeydi adam tutdurmaq.

 Hakim İlyar müəllimin əlindəki çəkic qanunun- qaydanın təpəsini əzmək üçündü. O, həmin çəkiclə adamın öz başını da əzə bilər. Sizdə belə hakimlər varmı?

Bir manat 50 qəpiyə görə 310 manat cərimə ödədən dövlət unitar dövlət yox, unitaz dövlətdi, Muqabe əmi. Bizim dövlətin yarandığını elan edəndə dedilər bu müstəqilliyin bərpasıdı. Amma illər sübut etdi ki, müstəqilliyin bərpası deyilmiş, hardasa bakirəliyin bərpası kimi bir şey imiş bu. Belə müstəqillik olmur. Belə biabırçılıq olmur. 20 ilin fahişəsi nə qədər bakirədirsə, biz də o qədər müstəqilik.

Hə, Muqabe baba. Guya o KredAqro bankı əhaliyə kredit verib aqrar təsərrüfatı inkişaf etdirmək istəyir. Amma tam əksinə, bankın sələmini ödəmək üçün əhali olan- qalan mal-qoynunu satıb müflis olur. Hətta öz pay torpağını satan adamalr var ki, KredAqro banka hələ də borclu qalıblar. Bu günlərdə bir nəfər o banka borcunu ödəyə bilmədiyinə görə özünü asdı. Oğlu bayramlarda bayraq sancdığı ərik ağacından asdı özünü özü də. Bayraq kimi yellənirmiş kişi. Sizdə də belə banklar varmı? Sizdə də belə intiharlar varmı?

 Bu qədər soyğunçuluğa rəğmən xalq hələ də susur. Xalq sürü kimi idarə olunur. Hakimiyyətin daxili siyasəti sürü diplomatiyası, xarici siyasəti isə kürü diplomatiyası olub. Öyrən də, öyrən a baxtıqaranın oğlu. Belə zadları öyrən ki, adın qara siyahılara tez- tez düşməsin. Sizdə kürü yoxdu, amma fil sümüyü var. Nə çoxdu çöllərinizdə fil. Əti öz xalqının, sümüyü də demokratların. Əvəzində onlar da sənin ətini yesələr də sümüyünü atmazlar, dost olarsınız. Gör səni də Səudiyyənin kralı kimi müqəddəs zat sayırlar, ya yox.

 Əziz Muqabe. Bilirəm ki, siz azadlıq uğrunda mübarizə aparmış adamsınız. Indi də qardaş Zimbabve xalqına azadlığın nə demək olduğunu başa salırsınız. Elə bizim günümüz də qardaş Zimbabve xalqının günü kimidi. Biz də sovetlərdən beləcə azad olduq. Hansı ki, Sovein vaxtında kredit filan yox idi. Əvəzində ssuda deyilən bir zad vardı. Sovet hökumətinin pulunu ssuda  kimi alıb camaat sonra 20 min əvəzinə 20 qəpik qaytardı. Heyif deyildi o zamanlar? Qonşu erməni kəndində mağazaçı adama 1 qəpiyi də qaytarardı. Amma indi qanımızı sorurlar azad məmləkətdə. Hə, kopolunun ermənisi gör bu yarasoranlardan nə qədər yaxşıdı.

Birdən soruşa bilərsiniz ki, niyə müəllim yoldaşın özü ödəmir o cəriməni? Ay-hay.

Adamın maaşı o biri banklar tərəfindən tutulur. Tamamilə tutulur- 175 manat alir- yari- yari iki bank tutur.

Mənim müəllim yoldalarımın 80 faizi belədi- əlinə bir qəpik gəlmir. Elə ölkəmizin çoxminli müəllimlər ordusunun əksər üzvü bu gündədi. Işləyirlər, amma pul almırlar. Halbuki, o müəllimlər ordusudur seçkilərdə saxtakarlıq edib hakimiyyətin ömrünü uzadan. Belə bir vəziyyət sizdə də varmı?

O gün getmişəm Oğuztayfa məhkəməsinin icra bölməsinə. Deyirəm özümün iki yerə kreditim var, pulu elə tutun, o kreditləri ödəyə bilim. Deyirlər bizdə məhkəmə qərarı yoxdu ki, sizin özgə də kreditiniz var. Yəni bu adamalrın məntiqinə görə mən öz kreditlərimi də ödəməməliyəm. Düşməliyəm yenidən məhkəmələrə. Yenidən cərimələnməliyəm. Bunlar onda bilələr ki, mənim nə qədər kreditim var. Halbuki, sadəcə Milli Banka bir sorğu göndərə bilərlər. Amma maraqlı deyillər. Baxırlar ki cəmi 310 manat cərimədi. Özləri də deyir hələ bu qədər az məbləğdə cərimə olmayıb bu məhkəmədə. Az qalır məni təbrik edələr.

Amma mən onlara rüşvət versəm, iş belə olmazdı. Bankın xeyrinə ayda cəmi 5 manatımı tuta bilərdilər. Daha 310 manatı birdəfəyə tutmazdılar.

Son sözləri də dünyanın ən əxlaqsız cümləsi ilə bitir- Get hara şikayət eləyirsən elə.

 

Hara şikayət edə bilərəm ki. Bəlkə Avropa məhkəməsinəcən gedim, həə? Ora ərizə yola salmaq üçün gərək burda azı min manatın gedə, hələ vəkilə verəcəyini demirəm

Bir dəfə bir avropalı qonağımız vardı. Mən onun sağlığına içəndə dedim- Qərbdən Azərbaycana indiyə kimi üç sağ əməlli adam gəlib. Qross, Herkel, və Steynar Gil. Avropanın Herkelinə alqış, Merkelinə bir quş. Qalanları buraxma şeylər olub. Indi sən də 4-cü ola bilsən əla olardı.

Hə, o boyda Avropada cəmi 3 normal siyasətçi var ki, onların da bu işə baxmağa səlahiyyəti yoxdu.  Mən daha  şikayət edib qurtarmışam. Bu xarabada şikayət etməli başqa bir yer qalmadı.

Deyirlər əsl şair, yazıçı uşaqlığını qorumalıdı- uşaq kimi olmalıdı. Elə məni  də o uşaqlıq zəhrimar ürəyiyumşaq eləyib. Yoxsa zamin durduğum adamın göz yaşlarına- filana baxmazdım o vaxt. İndi mən ağzından süd iyi gələn bir kasıb yazar, onlar da ağızlarından qan iyi gələn vəhşilər. Neyləyə bilərəm?

O demokratik dünya deyilənə də güvənim yoxdu. A kişi, Sovetin vaxtında Moskvaya bir teleqram vurulanda aləm dəyirdi bir birinə.

  Odur ki, son olaraq sizə üz tutmuşam. Elə- belə, mırta. Sadəcə yanıram, cızdağım çıxır. əlacsızlıqdan sizə məktub yazıram.

Mən vaxtilə 5 ay həbsxana divarları arasında olmuşam. Nəysə, uzun söhbətdi. Nəhayətdə şərti azadlığa buraxdıalr. Gəldim rayona. Bir gün Qazax məhkəmə icraçıları çağırdıalr ki, 5 il bizim sərəncamımızdasan. Nəysə, məlum oldu ki, 20 şirvan da cərimə ödəməliyəm. Nəyə görə? Bəs ekstradisiya pulu. Nə ekstradisiya? Səni Bakıya aparıb dövlət. Guya kurorta aparıblar. Bir də o 20 şirvan yandırdı məni. 5 aya elə yanmadım, 5 ilə elə yanmadım.

Indi də bu 310 manat məni elə yandırır. Sizin əhali suzusluqdan elə yanmaz.

Həm də qorxuludu buralar. Bugünlərdə sukalara rəsmi maaş verilməsi qərara alındı. Fəhlə aylarla maaşını ala bilmir, suka bir vızıva maaş alacaq. Sizdə də sukalar varmı?

Qarabag qaziləri var ki, tank qabağında sinmadıalr, bank qabağında sındılar.

Bax belə, Muqabe. Heç bir məqsəd güdmürəm sizə məktub yazmaqla. Sadəcə dedim görüm sizdə də belə zadlar olurmu? Hələlik, bəlkə yenə məktub yazası oldum. Hələ bəlkə vətəndaşlıq da istədim, dünyanın işini bilmək olmaz.

 

Bəxtiyar Hidayət

Yazıya 569 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.