indi yağan yağışlar romantika yox
can ağrısıdı,
indi köçən durnalar, ölümü yada salır
mənə ancaq yazmaq qalır
tələsə-tələsə…
qocalmadan…
unudulmadan…
aprel sonunda uşaqlığımı daş-qalaq edib lənətləyirəm
indi daha çox kədərli simfoniyalar
bir də düşük mahnılar dinləyirəm
əllərim çiçək açıb, əllərim çiçəkdi, çiçəklənib əllərim
əllərim əsir…
və hardasa çox yaxında bir ölüm mənə yüyürür
ölüm mənə tələsir…
indi baharın gəlişi fərəh yox,
qolların, ayaqların sızıltısıdı
yuxudan oyadan zəngli saatlar yox,
acından ağlayan körpə çığırtısıdı…
indi masanın üstündəki bütün dərmanlar ölümü xatırladır
içkilər acı dadır, siqaret acı dadır, yeməklər acı dadır…
indi durnalar məndən daha xoşbəxtdi qürbətdə
küçə itləri məndən azaddı
indi ölmək çox çətindi – yaşamaq kimi
indi sürünmək rahatdı…
vətən başdan başa qürbətdi
vətən başdan başa dəhşətdi
indi sərhəd dirəkləri köksümüzdədi
ayağımızın altında vətən torpağı
içimiz vətən üçün həsrətdə…
indi mənim üçün hər şey eyniləşib
sevgi də umrumda deyil,
ayrılıq da,
nifrət də…
qoşulub durna köçünə gedəsən uzaqlara
uzaq, özgə, yad olasan
hardasa, sərhəddin o tayında
düşmən kimi doğulasan yenidən
təzə bədən yaradasan özünə, təzə ruh üfürəsən
təzə vətən tapasan
ona şeir yazasan
qaçasan bu vətəndən, qaçasan bu qürbətdən…
sonra ya qəfil bir güllədən öləsən
ya da vətən adlı həsrətdən…
Yazıya 904 dəfə baxılıb