Oğuz AYDIN – GÜNƏŞƏ TƏLƏSMƏK

12250052_1642741422634486_4326246236419150550_n

BAHAR

Baharın eşqinin dili çiçəklər,
Arılar ətirə, qoxuya gedir.
Oyanır arzular, yatan diləklər,
Qəm-kədər mövsümü yuxuya gedir.

Hey əsir gündüzlər dəli giləvar,
Gecələr qonaqdı xəzri küləklər.
Bitməz belə günlər, ümid hələ var,
Gətirir sevinci, həzzi küləklər.

Görünmür səmada buludlar indi,
Onları sandığa kimsə yığıbdı.
Elə ki, şəfəqlər danışdı, dindi,
Səmanın taxtına günəş çıxıbdı.

Şimşəkdir baharın çalınan zəngi,
Quşların səsiylə oyanır təbiət.
Təbəssüm paylayır çəmənin rəngi,
Bir rəssam əliylə boyanır təbiət.

Bircə qığılcımla tezcə alışan,
Arzu tonqalının közüdür bahar.
İçinə gündüzlə gecə sığışan,
Dünyanın açılan gözüdür bahar.

AYRILIQ YAŞLANIB…

Büsbütün sərxoşam, qəlbimdə yara,
Gözündən həsrəti artıq içmişəm.
Saatlar yolumu aparır hara?
Mən bu saatlara ayıq minmişəm.

Ayrılıq yaşlanıb, güya qocalır,
Nazından güc alır, ölməyi bilmir.
Titrəyən hicrana atəş ucalır,
Qığılcım qalsa da sönməyi bilmir.

Soyuqdu əllərim, qürbətdə qalıb,
Bilirsən, əllərin vətəndi ona.
Xatirəm çəkilib xəlvətdə qalıb,
Əvvəldən hazırdı, ölümə, sona…

EYLƏYİRSƏN

Röyamda qonaqsan sayıq gözlərə,
Cismini yelləyən qayıq gözlərə,
Həsədlə baxırsan oyuq gözlərə,
Elə bil zülmətə lağ eyləyirsən.

Sevginə gör necə sərilib yollar,
Gözümdə yuyulub, silinib yollar,
Tanrıdan hədiyyə verilib yollar,
Həsrəti yoluma dağ eyləyirsən.

Gözümün günəşi qarada qalıb,
Dərmanım dərmansız yarada qalıb,
Baxma, ayrılıq da xaraba qalıb,
Sən onu yamyaşıl bağ eyləyirsən.

Üfürdüm şam kimi, sönən nifrəti,
Yol alıb geriyə dönən nifrəti,
Sevgimin əliylə ölən nifrəti,
Gedərək içimdə sağ eləyirsən.

Xülyada boğulub itən zamanda,
Başlanğıc yerində bitən zamanda,
Ayrılıq məqamı yetən zamanda,
Eşqini ona calaq eyləyirsən.

GECİKMİŞ TEZLİK

Gözlərin gözümdən eşq dilənməsin,
İçimi, çölümü soyub taladın.
Sonra da üşüyüb soyuqluğumdan,
Arzumu yandırıb ocaq qaladın.

Qayıtma dünənə, xatirə gəzmə,
Sən ona sabahla xəyanət etdin.
Sıxılıb indi də həsrətdən bezmə,
Bəs necə bu qədər dəyanət etdin?

Dağıtdın kədərə çəkdiyim bəndi,
Gözünün selində qalmısan, gülüm.
Ürəyim bu sevdadan zəhərləndi,
Onu aparmağa utandı ölüm.

Xərcləyib üzümün sərvətlərini –
Gülüşü, sevinci sənə vermişəm.
Mən öz ovcumdakı tale xəttini,
Sənə bənzətmişəm, sənsən bilmişəm…

Qurumuş dibçəyə su səpmək kimi,
Səpmə sözlərini bu eşq gülünə.
Susuz səhralara gül əkmək kimi,
Əkirsən ümidi sevda çölünə…

GÖZLƏRİN HƏLƏ DƏ QAL DEYİR MƏNƏ

Payız göz yaşımı silib gedirəm,
Susmağı öyrəndim, bilib gedirəm,
Hicran qatarına minib gedirəm,
Gözlərin hələ də qal deyir mənə…

Əllərim əlindən uzağa gedir,
Ümidlər tələyə, duzağa gedir,
Xatirən yanmağa – ocağa gedir,
Gözlərin hələ də qal deyir mənə.

Şirin xəyalları basdırmışıq biz,
Arzunu tək qoyub azdırmışıq biz,
Hisslərə məzarı qazdırmışıq biz,
Gözlərin hələ də qal deyir mənə.

Sevdana susayıb gülüm qurudu,
Dözməyib hicrana ölüm qurudu,
Ağladım göl oldu, gölüm qurudu…
Gözlərin hələ də qal deyir mənə.

Qurduğum saraylar üstümə aşdı,
Eşq dolu ürəyim nifrətlə daşdı,
Günlərim durmadan dərdlə savaşdı,
Gözlərin hələ də qal deyir mənə..

Ümidlər sırayla qurban kəsildi,
Üşüyən qəlbimə buzlar sərildi,
Sinəmə tuşlanan oxlar gərildi,
Gözlərin hələ də qal deyir mənə.

Tufana, leysana dözməz bu çətir,
Mənə itirdiyim günləri gətir,
Dönmürsə geriyə bu fəryad nədir?..
Gözlərin hələ də qal deyir mənə.

İtirdin hər şeyi – özündə məni,
Yandırdın nifrətin közündə məni,
Bircə saxlamısan gözündə məni,
Gözlərin hələ də qal deyir mənə…

GÜNƏŞƏ TƏLƏSMƏK

Ehh, bu son gecələr..
Şəhərin asfaltı
Körpə damcılarla islanıb.
Səhərə necə də tələsir gecələr..
Səhərlər, bakirəlikdən qurtulmaq istəyən qızları təqlid edir,
Səma dolur buludlarla,
Günəşin şəfəqləri yırtdıqca səmanın pərdəsini,
Həzin yağış damlaları özünü asvalta çırpır..
Övlad damlalar..
Günəşin övladları..
Səma dözə bilmir..
Daha çox həzz…
Buludlarını dağıtmaq istəyir yenə.
Küləklərlə də oynayır,
Küləklərdən də övladı olur.
Ehh, bu gecələr..
Küləkli keçir yaman..
Amma yenə də gecələr,
Səhərə tələsir..
Günəşə tələsir…
Axı onu ilk dəfə,
Buludlardan o xilas edib…

KÜLƏK – NƏFƏS

Əsrlərdir içimdə qonaq bürkülər,
İçimin otaqlarında havasızlıq var.
Sən yoxsan deyə,
Bağlıdı bütün pəncərələr, qapılar…
Arzularım da küsüb məndən,
Hərəsi çəkilib öz otağına,
Onlar hava istəyir,
Onlar külək istəyir.
Onlar nəfəsini istəyir.
İndi bircə sənə,
Sənin nəfəsinin bircə mehinə,
Həsrət fəsillər var içimdə…
Gəl…
Qayıt…
Gətir nəfəsini sənsizliyə,
Bir az titrəyim,
Bir az üşüyüm,
Duyğularım sərinləsin bir az…
Bir az da ocaq qalasın nəfəsin…
Sənsizliyin tarixini yazan əllərin,
Qayıtsın geri…
Əllərinin vətəni əllərimdi,
Dodağının vətəni dodaqlarım..
Bilmirsən..Qübətdədilər..
Amma bilirəm, gələcək yenə,
Gələcək nəfəsin…
Külək kimi…

LAL GÖZLƏR

Qaraya boyanıb həyatın rəngi,
Çalındı eşqimdə ayrılıq zəngi,
Yağma ürəyimə, bir azca səngi,
Yağış da rəngini həsrətdən aldı,
Danışmır gözlərin, deyəsən laldı.

Dərdim də şərik olmadı dərdinə,
Batdım xülyada, varmadım fərqinə,
Qalsan da, getsən də, de fərqi nə?
Ölümlə qalımın fərqimi qaldı?!
Danışmır gözlərin, deyəsən laldı.

Qızarıb utancdan eşqin yanağı,
Parlayır gözündə ümid çırağı,
Baxmasam birgünə sönər uzağı,
Nifrətin işığı gözündən saldı,
Danışmır gözlərin, deyəsən laldı.

Sən uzaq gəzirsən həndəvərimdən,
Mən dönən deyiləm bu səfərimdən,
Gözüm də su içmir hər səhərimdən,
Açılır-açılmır, elə bil faldı,
Danışmır gözlərin, deyəsən laldı.

QIŞ

Bu soyuq gecədə, bu qış çağında,
Küçənin səsini qaranlıq udur.
Başına qar yağan inam dağında,
Arzular, ümidlər sıraya durur.

Sazaqlı-çovğunlu dərələr düzlər,
Torpağın örpəyi qardan çəkilir.
Dənələr böyüyür, yox olur izlər,
Ürəyə yağan qar hardan çəkilir?

Şaxtanı ayazı içinə çəkib,
Məhəbbət isidər, əridə bilər.
Donan küçələrə ümidlər səpib,
Şaxtanı tufanı kiridə bilər..
Səssizlik – qış deyən əbədi nəğmə,
Xəyala ap-ağır fikir daşıyır.
Əyilən qüruru daha da əymə,
Çovğunlar içimdə yara qaşıyır.

Yazıya 1121 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.