Məni anlamadı nə dağ, nə dərə,
Nəyi gözləmişəm mən əbəs yerə.
Üzümü tutaraq deyim göylərə,
Göy atam, qoy sənin göy qızın olum!
Hə köç karvanına qoşula bildim,
Nə də yağış olub göydən töküldüm.
Elə əzəl gündən qəmdən tikildim,
Göy atam, qoy sənin göy qızın olum!
Göy atam, göyərə bilmədim, neynim,
Göy atam, açılıb, gülmədi eynim.
Hey çalır ayrılıq nəğməsi, neynim,
Göy atam, qoy sənin göy qızın olum!
Hicran qılıncıyla yaman budandım,
Düşdü çilik-çilik yerə son andım.
Mən belə doğrandım, belə sınandım,
Göy atam, qoy sənin göy qızın olum!
Təklik diş qıcardır başımın üstə,
Ah, necə inləyir “Kəsmə şikəstə”.
Qıratım kişnəyir, Koroğlum xəstə,
Göy atam, qoy sənin göy qızın olum!
Kəsib yolumuzu kinli yoxuşlar,
Hava çox dumanlı, yağır yağışlar.
Qorxuram tökülə başıma daşlar,
Göy atam, qoy sənin göy qızın olum!
Göy atam, şimşəyə dönərəm onda,
Kinli yoxuşları yenərəm onda.
İldırım olaraq dinərəm onda,
Göy atam, qoy sənin göy qızın olum!
***
ALLAH MƏNİ DAŞ ELƏ…
Gecə gözü,
Göyün üzü göy
qara qəlbli adamların qara üzü kimi qara.
Tuğyan edən duyğularım,
Ürəyimi yora-yora,
Çalxalayır yenə məni…
Mən nəçiyəm, kiməm axı?
İnsanammı, canlıyammı,
Çiçəyəmmi, yoxsa çayam?
Bəlkə elə qarışqayam…
Təpiklənmiş düzəm bəlkə,
Ürəyimi sökə-sökə,
Şumlayıblar şumluq üçün.
Mən cücərmək istəmişəm,
İlahinin yaratdığı,
Ağac kimi, buğda kimi.
Mən saxlamaq istəmişəm,
Tərəzidə öz çəkimi.
Özülümə cır deyərək,
Calaq-calaq calayıblar.
Allah məni,
ancaq belə bar sayıblar.
Calanmışam,
calağımda döyünübdü yad ürəyi.
Tamım dadıb calaq dadı,
Adım olub calaq adı.
Hərdən-hərdən pöhrələnib
o calaqdan ayrılaraq,
İstəmişəm özüm kimi,
Pöhrələnim, nehrələnim…
Cır deyərək öz kökümdən qoparıblar,
Mənə olub özgə kökü köküm kimi.
Gen düşmüşəm öz soyumdan,
Baş açmıram, tanrım, hələ bu oyundan…
İstəmirəm, istəmirəm yekə olmaq,
Yekələrə “tikə” olmaq…
Təzdən məni calaq edin öz kökümə,
Duymalıyam öz qoxumu,
Görməliyəm öz yuxumu.
Bu arzuma yetirməsən,
Allah, məni boşluq elə,
Daşlıq elə…
Elə daş ki, Azıx kimi evi olsun.
Elə daş ki,
alnında daş tarixi adlanan
bir yazı olsun.
Elə daş ki,
son məqamda
yumruğuyla qaya deşən mərd oğulu,
At oynadan
qızı olsun.
***
N E Y L Ə Y İ M
Yenə niyə dünyam dağıldı, allah,
Başıma dərd, ələm yığıldı, allah,
Hicranım həsrətə dağ oldu, allah,
Düşmüşəm zülümə, öldüm, neyləyim…
Gəlibdi payızım, nə qalıb qışa,
Bu payız çağında düşdüm qarğışa,
Ürəyimdən saçlarıma qar düşər,
Çarəsizdi dərdim, bildim, neyləyim…
Yaman inanırdım, inammı qırdın,
Bilmirsən bu halım necə ağırdı,
Elə bil göylərdən yağış yağırdı,
Bu daşlar altında qaldım, neyləyim…
Bu yolu bilirdim müqəddəs, ulu,
Yarpağım tökülür, çiçəyim solur,
Qəlbim bu nisgildən kövrəlib, dolur,
Saçımı küləklər yoldu, neyləyim…
Mən elə bildim ki, düzə meyarsan,
Dərdli gecələrdə şirin röyasan,
Başdan ayağadək yalan, riyasan,
Axır nəticəyə gəldim, neyləyim…
Belə yaradıbdı məni yaradan,
Gözümdən pay alır göylərim hər an,
İldırım olaraq göydə hayqırram,
Odumu dağlara saldım, neyləyim…
***
E T İ R A F
Mən qalmışam bu meydanda təkbətək,
Ömrüm elə çalxalanırnehrə tək,
Gözümdəki ayranımı Kürə tök,
Kürə sığmır aşıb-daşır, ay allah!
Daş ağacın tilişkəsi sevincim,
Yorulmuşam tükənibdir lap gücüm,
Xəzan ayı, səndən yaman incidim,
İncikliyim göy dolaşır, ay allah!
O uzağın yetəmmirəm ününə,
Mən vuruldum, gülüm, günlər gününə,
Heyif buğda o yetişən dəninə,
Zir-zibilə tay qarışır, ay allah!
Ölüm tez-tez diriliymə pay verir,
Vüsal desəm Hicran mənə pay verir,
Sınıq qəlbi ürəyimə tay bilir,
Od qəlbimlə od yaraşır, ay allah!
Keçəmmirəm, körpüsü yox o çayın,
Bir yel ola bu dünyadan qaçaydım,
Müşkül işə asan yollar açaydım,
Dağ qəmimdən dağlar çaşar, ay allah!
***
DAĞLAR KÖMƏK ET!
Bezikmişəm intizarın səbrinə,
Dönüb könlüm ölmüş ümid qəbrinə,
Əzabımın qiyməti nə, qədri nə,
Dağlar, məni ağuşuna al dedim.
Nə vaxtadək dən yerinə sovrulum?
Nə vaxtadək hicran olum qovrulum?
Qıc olaraq ilan kimi qıvrılım,
Dağlar, məni ağuşuna al dedim.
Haqq quşuyam, tapılmazdır itiyim,
Keçilməzdir yolum üstə gədiyim,
Bu qismətdir, qismətimə nə deyim,
Dağlar, məni ağuşuna al dedim.
Bir qorxudan lap ürəyim qalanar,
Haqq bildiyim birdən dönər yalana,
Onda sözüm alovlanar, dil yanar,
Dağlar, məni ağuşuna al dedim.
Nə zalımmış yollarımı kəsənim,
Məni yaman küsdürübdü küsənim,
Aman vermir sevinc içim süslənim,
Dağlar, məni ağuşuna al dedim.
Həsrət olub pal-paltarım, bəzəyim,
Göz-göz oldu ürəyimin özəyi,
Yamaq tutmur, necə tikim, gözəyim?
Dağlar, məni ağuşuna al dedim.
***
D A Ş L A R
Elə bil ki, şumluq üçün əkilib,
Dağ döşünə daş toxumu səpilib,
Daş toxumdan daş cücərib, dikəlib,
Daş əkindən necə keçim, ay allah!
Tapdalanmaz, daş üstündə izlər var,
Ürəklərə sığışmayan sözlər var,
Etibardan su içmişdir düz ilqar,
Bu peymanı necə içim, ay allah!
Olumdumu, qalımdımı bu daşlar,
Yoxuşummu, yolumdumu bu daşlar,
Alın yazım, ulumdumu bu daşlar,
Bu tarixi necə açım, ay allah!
Biri deyir, oxu məni taleyəm,
Biri deyir, çalınmamış bir neyəm,
Biri deyir, sənə yaman gərəyəm,
Bu daşlardan necə qaçım, ay allah!
Göz gəzdirdim qatlayaraq dizimi,
Daş içində bəlkə görəm izimi,
Bu nəhənglər arasında özümü –
Xəzangülü necə seçim, ay allah!
***
VER MƏNİM “QƏTL GÜNÜMÜ”
(Yusif Səmədoğluna)
Bu dünyanın kələfində,
düyünləndim düyün kimi.
Hıçqırığım taleyimdə,
deyilməyən deyim kimi.
Boğazladım arzularımı,
göz önümdə qoyun kimi.
Bu dünyaya gəlişimi,
sandım hər an oyun kimi.
İçərimdə tufan əsdi, boran qopdu,
Bu tufanı gizlətməkçün,
cöhrəm üstə bir qondarma gülüş yapdım.
Təbəssümü ağlamağa calaq etdim,
Hərdən-hərdən,
su əvəzinə gözlərimi bulaq etdim.
Gəncliyimi başlayanda,
Ahıllığım ayaq tutub yerində,
Cavanlığım sinəm üstə suvaq çəkdi öz qanını.
Haray saldı, dad apardı,
Ürəyimi qopardı.
Neynim axı,
İsmarladım İnkir-Minkir dünyasına,
fəryadımı ünümü.
Dedim mənə göndərsinlər,
Onlar “Qətl günü”mü.
Verin mənə ölümümü, “Qətl günü”mü,
Göz yaşlarımı,
qaynadacağam “Qaynar qazan”da.
Vidalaşıb
bu dünyanın yetimçəsi Xəzanla
“Qaynar qazan” da çiməcəyəm,
bişəcəyəm, qaynayacağam:-Qan yuyacam,
– Öz ruhumun qanını.
Uçuracam yuvasını, qanını,
Qoy Xəzanla birgə ruhum da ölsün…
Birdəfəlik acığımı qoy ruhum bilsin.
Neynəyirəm belə “ruhu”?
Milyon illər bundan qabaq,
ruhu olub bir nakamın,
O, nakamın, odu, ahı,
Nakam ruhu,
Bakirə qala-qala.
Minlərlə Xəzangül ola-ola,
Sonra kiminsə ruhu olacaq.
Dünya boyda ahı olacaq…
Öyrədərəm harayımı, ünümü,
Verin mənə ölümümü, “Qətl günü”mü…
Əsəbiliklə sümürülən papirosun tüstüsünü
O tüstünün istisini
İlkək edib boğazıma,
O tüstüdən, o istidən asılacam,
Eheyyy… Hardasan? – deyə səs olacam
Eheyyy… eşidirsən?…
Çağırıram qibləgahımı, dinimi,
“Qətl günü”mü.
Sinirəcəm “Qətl günü”mü,
qurtaqurtla içilən dadlı su kimi
Arzu kimi.
Eheyyy eşidirsən?
Ver mənim ölümümü,
“Qətl günü”mü.
***
HAQQ SİRRİYƏM
Bu necə alovdu düşdüm, ay allah,
Nə yana bilirəm, nə də sönürəm,
Mən ki, sınaqlardan keçdim, ay allah,
Öz hicran payımı zorla sinirrəm.
Qəlbimin sirdaşı gecə ay olar,
Gözlərimdə gur çay oldu qayğılar,
Dilləndi nəğməmdən o lal qayalar,
Nəğmə buludumdan suya dönürəm.
Əzir çiyinlərimi yük üstən yüküm,
Nə vaxtadək həsrət adlı tər tökdüm,
Ay həyanım, dünya adıl, ya ərkim,
Hicran üstə ney oluram, dinirəm.
Haqq sirriyəm, sirrim heç vaxt bölünməz,
Dağ ürəyim dağ-dağ olar, bilinməz,
Gözlərimin qəm suvağı silinməz,
Sirrim deyim haray çəkir günlərim.
Heç bilmirəm hara sürüm atamı,
Tapammıram haqq bildiyim haqqımı,
Damağımda gözlədiyim haqq tamı,
Haqq, haqq deyib haqq səsini ünlərəm.
***
SABAHA MƏNİ
Gecələr gözümdə gecəquşudur,
Gecələr könülümü yaman üşüdür,
Gecələr səhərçün “qara keşiş”dir,
Sübh yeli, qovuşdur sabaha məni.
Sübh yeli, sübh yeli, harayıma gəl,
Sübh yeli, ilimə, hər ayıma gəl,
Sübh yeli, qəlbimin sarayına gəl,
Sübh yeli, qovuşdur sabaha məni.
Təntidim bu günün gecə çağından,
Təntidim bu günün hicran dağından,
Qorxuram gecənin bəd sorağından,
Sübh yeli, qovuşdur sabaha məni.
Buludlu könlümdə ildırım çaxdı,
Gözüm kipriyini qəfildən sıxdı,
Sabahın xoş səsi, sorağı çoxdu,
Sübh yeli, qovuşdur sabaha məni.
Dünya bir üzü qış, biri bahardı,
Dünyanın ölümü, itimi vardı,
Dünyanın mən kimi yetimi vardı,
Sübh yeli, qovuşdur sabaha məni.
***
QİBLƏYƏ SARI
Bu boyda tanışlar, dostlar içində,
Özümü tək tənha sanıram niyə?
Sanki ayrılmışam durna köçündən,
Bir qəmli ney kimi qəlbim göynəyər.
Elə pencər olub sıxılır könlüm,
Hər an qəm şilləsi dəyir üzümə.
Bu nə yaşamaqdır nə də ki, ölüm,
Qəribəlik çökmüşdür şerə, sözümə.
Yollara dikilir sorğulu gözüm,
Dilim dönüb daşa, danışa bilmir.
Ayağıma həsrətdir öz yolum, izim,
Odum kül olubdur, alışa bilmir.
Mənim intizarım düşmən özümə,
Daşdan-daşa çırpır, soyumur yenə.
Yazığı gəlməyir ölən dözümə,
Çəkir qılıncını o, dönə-dönə.
Kövrəlmiş uşağa dönür ürəyim,
Dindirsən, gözümdən ələnər ərkim.
Özüm də bilmirəm, tanrım, neyləyim,
Belə ağır yükü mən necə çəkim?
Bir kimsə tapmıram dərdimi deyəm,
Təpə çəkə bilməz dağlar qubarı.
Fəryadı içimdə kamanam, neyəm,
Üzümü tutmuşam qibləyə sarı.
Yazıya 1533 dəfə baxılıb