Dantenin “İlahi komediya”sı yadıma düşdü. Antik ədəbiyyatın dahi, azman şairi Dante bu əsəri yazanda 60 yaşında idi. 60 yaşlı – müdrik, filosof 25 yaşlı Beatrisə olan sevgisinin böyüklüyünü içinə – dünyalar sığışa biləcəyi içinə sığdıra bilməyib də, bir əsərə – “İlahi komediya”ya yerləşdirməyə nail oldu.
Bu müqayisəm bəlkə də yerinə düşməyəcək, amma, maraqlıdır ki, 60 yaşlı Məmməd Dəmirçioğlunun “Səhra gülləri”ni oxuyanda bir anlıq Dante keçdi xəyalımdan – 60 yaşlı Dante! Müəlliflərin müqayisəsi bir tərəfə, əsərlərini də yan-yana qoydum. “İlahi komediya”da da ilahi bir Eşq ənginliklərdən nur saçır, “Səhra gülləri”ndə də. Nə zaman, nə məkan, nə insan bu ruh qardaşlarını bir-birindən ayıra bilmir. Ona görə ayıra bilmir ki, hər ikisinin Yaradanı – Yaradana gedən yolu eynidir.
Mən demirəm ki, “Səhra gülləri” “İlahi komediya”yla bir nöqtədədir, yox! Deyirəm ki, indi mənə ondanı xatırlatdı və bu xatırlamamdan zövq aldım.
Məmməd Dəmirçioğlunu ilk dəfə Ramiz Hümmətin mənə təqdim etdiyi kitabdan – “Səhra gülləri”ndən “gördüm”, tanıdım, sevdim (onu da deyim ki, Ramiz Hümmət qələm adamı olmasa da, söz adamı, saz adamı, duz adamıdır. Hər şairi, hər yazarı dilinə, hər kitabı əlinə almaz. Layiqlini layiq bilər. Dəmirçioğlunun “O narı gözlər” təcnisini əzbər bilməyən məncə yoxdur. Aşıqların da son zamanlar repertüarında yer alıb (ilk ifaçısı aşıq Şəhriyar Qaraxanlıdır). Mən də çox sevirəm bu təcnisi. Amma Ramiz Hümmət kimi bu təcnisə səsdə, dildə can verən başqa birisi olamaz, elə müəllifin özü də). Kitabı birnəfəsə oxumadım, ona heç nəfəs də çatmaz. Çünki, bu kitabda təkcə Dəmirçioğlunun yox, Tanrının nəfəsi var, elə ona görə də nəfəsimi dərə-dərə, düşünə-düşünə, heyrətlənə-heyrətlənə kitaba elə vardım ki, (etiraf gözəllikdir, etiraf edim ki, ilk olaraq İrfanın dərinliklərinə varırdım) Tanrıya gedən yolun nuruna, bu yolun yolçularına, elə Məmməd Dəmirçioğluya həsəd apardım.
Dəmirçioğlu ruhunu sevdiyim gündən bir müddət sonra onun özünü görmək də qismətim oldu – “Səhra gülləri”nin təqdimat mərasimində. Doğrusu, içimdə gördüyüm, sevdiyim, aliləşdirdiyim şairlə fiziksəl şair arasında fərqi anladıqca… yox, kiçilmədi, daha da böyüdü, ona görə böyüdü ki, mənim içimdəki adamla, fiziksəl adamın arasında bir İNSANı gördüm. Və… onda özüm-özlüyümdə əmin oldum ki, əsil ruh adamı o zaman İNSANlıq zirvəsinə yüksəlir ki, o, fiziksəl olaraq da (mən fiziksəl deyəndə təkcə fiziki quruluşu, cismani görünüşü nəzərdə tutmuram, buraya nitq mədəniyyəti, danışıq tərzi, səsin ahəngi, davranış, yeriş, duruş, baxış, ünsiyyət və s daxildir) iç dünyasına güzgü tuta bilsin. Bax, onda insanlar arasında İNSAN gördüyümə, tanıdığıma, sevdiyimə çox sevindim.
Məmməd Dəmirçioğlu, onun “Təsəvvüfün poeziyası olan İrfan poeziyası”ndan (Vaqif Yusifli) yazanlar çoxdu. Həm də onların arasında elə ünlü, dinli, yanlı-yönlüləri var ki, mən bu yazıma başlayarkən onlardan öz içimdəcə icazə aldım. Və bu icazədən sonra ilk olaraq Məmməd Dəmirçioğlunun məşhur, dillər əzbəri olan, tənqidçilərin daha çox müraciət etdikləri, örnək gətirdikləri şeirlərindən yox, özü demiş, “saralmış vərəqlərdə dustaq qalıb, gözləri yol gözləyən” – hələ sözün rəsmini yeni-yeni çəkməyə başlayan gənc Məmməd Dəmirçioğlunun şeirlərindən çiçəklər toplayaraq, söhbətimə xoş gəldin çələngi toxumağa çalışdım.. O gənc şeirlərdə mən hələ özünü tapmayan bəndlərin, misraların arasında elə yüksək bədii boyalara, poetik fikirlərə rast gəldim ki, doğrusu heyrətlənməyə bilmədim. O misralar aşkarca deyirdi: “Əmin olun, əmin olun ki, mən illər sonra əsil bir şairin yaradıcılıq məhsulunun nübari olacam”.
Onlardan bir neçə misal:
…Odu sönmüş külə də baxma,
Mənim gözlərimə baxdığın kimi.
Və yaxud:
Cığırlar çiçəkli boyunbağı tək,
Qayadan sallanar dərəyə sarı.
Daha bir misal:
Buludlar kom ilə qaçar yerindən,
Dağların başında çətir dəyişər.
Və:
Gəzirdik, aramızda
Sükut – həya qurşağı.
Bütün bu örnəklər yetmişinci illərin yadigarlarıdır. Və:
Yazdığım şeirlər qul xatasıymış,
Allah, kərəm eylə, qulların yazıq.
– kimi bitkin, poetik, İrfani… misraların məhz, yuxarıdaki misralardan rişələnərək səhrada gül açıncaya qədər gəldiyi yol… O səhrada ki (bu fikrə aydınlığı Nizami Tağısoyun sözlərilə gətirəcəm), “Ərəbistan səhrası deyil, Sayan-Altay, Tanrı dağının ətəkləri, Qazaxıstan çölləri, Türküstan səhralarıdır”.
Bilmirəm, niyəsə Məmməd Dəmirçioğlunu oxuyandan sonra Ölüm gözlərimdə zirvələndi (mənim bir şeirimdə belə bir misra var “Ölüm gözümdən düşəcək” yanıldığımı dərk elədim), Ölüm ölümsüzləşdi, əbədiləşdi…
Şamdanda şam işığı,
Titrəyir dilim kimi.
Gülümsəyir tənha gül,
Güldanda ölüm kimi.
Burada bədiyyət, sözün tablosu, sözün səsi, musiqisi, dili pik nöqtədə olsa da, məni ovsunlayan yuxarıda ölümlə bağlı dediyim fikirlərin doğulması oldu. Şamın da, şam işığının da, şam işığının titrəşən dillərinin də (sanki şamdanın ağzında dili yanırdı, gözəl Ölüm bu yanğıya son qoymazmı(?!), şamın çəkdiyi iztirab, ayrılıq, həsrət, ağrı-acı, işığının səsi – ağısı, işığının özünü yandıran, qamətini büküm-büküm edən kölgəsi şamla bərabər oxucunu da, yox, oxucu demirəm, dərddaşını, sirdaşını, məhrəmini… də yandırmırmı?!), torpaqda doğulan, tənhalığa məhkum olan, sevən, sevilən, bircə dərimlik hənirlə (insan əliylə) sevişən, Ölümə yol alan, Ölümdə qocalan(?!) gülün də əslində o zirvəyə – Ölüm zirvəsinə gülümsünə-gülümsünə can atmasını gördüm (əlbəttə, şamdandakı təbiətın yaratdığı o gül, o canlı, saraylarda, qızıl teştə qan qusan zərif cinsin nümayəndəsi də ola bilər… Həm də tənha(!). və əksinə…). Deməli, yaradan olsan da (burada insan), sevsən də, sevilsən də, sevişsən də, həyatda həyatın özü olsan da sənin zirvən Ölümdür! O zirvəni tapmaq, o zirvəyə tapınmaq gərəkir!
Ölüm zirvəsini müqəddəsləşdirən, qutsallaşdıran, ona ilk olaraq sevgi məktubu yazan da elə Dəmirçioğlu deyilmi?! Mən deyərdim ki, şairin bütün yaradıcılığını kənara qoysaq, sadəcə bu misrasını – “Ölümə sevgi məktubu”nu (elə düşündüyüm kimi də yazacam) Danteyə, Nizamiyə, Şekspirə (sıralama sizə yad gəlməsin) “göndərsək”, onlar birağızdan “deyərlər”, “bu, bizdəndir (şairdir)!”
Məmməd Dəmirçioğlu poeziyasının fəlsəfi dərinliklərinə baş vurarkən, şüuraltı qatlarda zorla aydınlanan fikirlərdə belə, Azərbaycan dilinin səlistliyi, şirinliyi də kənarda qalmır:
Neynirəm şəhəri, kəndi?
Neynirəm şəkəri, qəndi?
Mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.
Vaqif Yusifli deyir ki, “qoşma, gəraylı neyləsin ki, sözbilməzlər əlində urvatdan düşür”. Məmməd Dəmirçioğlunun şeirlərində sözün həqiqi mənasında urvatını da görürük.
Dəmirçioğlu yazır:
Bu səs köhnə, bu söz qədim,
Səsimi sözə söykədim…
Mən deyərdim ki, şair, rəssam, İNSAN Dəmirçioğlunun səsinə söz özü söykənir. Elə söykənir ki, inamla, ümidlə, sevinə-sevinə. Axı, sözü söz eyləməyə səs gərəkir – əsil səs, insan səsi, ürəyi dil açan, Yaradandan sonra yaradan səsi. Yaradan bir kəlmə dedi: “OL!” və yaranan oldu. Yaradandan sonra yaradan da (burada şair) qorxmadan, çəkinmədən “Ol!” dedi:
Mən hardayam, sən harda,
Yoxu axtarma varda.
Mən yoxam oralarda,
Ol(!) bu aləmdə, gəl, gəz.
Dəmirçioğlu qeyri-iradi olaraq tanrısından gələn vəhyi sözə belə çevirir: “Hər qanadında beş lələk, sehirli quşdu əllərim” (gözümü açandan evimizdə ulu kökümdən miras qalan bir tapınılanı – ƏLəmi görmüşəm. Onda qeyri-şüuri olaraq bilirdim ki, əl müqəddəsdir. Sonralar fiziksəl həyatımda da, ruhsəl baxışlarımda da (Tanrıya dua edəndə ilk olaraq əlimizi Ulu göylərə açırıq) əlin müqəddəsliyinə bir daha tapındım).
Şeirin son misrası belədir: “Yumruqla bağlı saxladım, açıldı, uçdu əllərim”. Burada tanınmış şairə-yazıçı Aləmzər Əlizadənin uşaqlar üçün yazdığı “Yaşım əlimi açdı” hekayəsi də yadıma düşdü. Bu iki əsər arasında (beşın altıncıya Yolunda əlin açılması) mifik (mənə görə) bir bağlılıq gördüm. Bu barədə növbəti yazımda açıqlamam olacaq.
Yuxarıda qeyri-iradi sözünü ona görə dedim ki, Dəmirçioğlu çoxlarından fərqli, qutsal olduğunu bilərəkdən deməz. Və bu qutsallıq “Əsdim, yıxılmadım, kəndirbaz kimi yaşadım ömrümü qıl körpüsündə” misralarında öz kluminasiyasını tapır. Adəm övladının qıl körpüsünə meydan oxuması artıq o adəmin ruhunun Tanrıya can atması, Tanrı dərgahına qutsallığı ilə hazır olması, İnamıdır.
Dəmirçioğlu deyir:
Qaranlıqda yanırdım,
İşıqda söndüm, Allah!
Bu misrada isə qaranlığın (ana bətninin) nurlu (Tanrı işıqlı, Tanrı nəfəsli), müqəddəs olduğunu, İşığın (doğulandan sonra, fani dünyanın) Onun (fanilərdən uzaq, sufi şairin) nurunu söndürmək qorxusundan, göylərə, əbədiyyətə, qutsallığa – TANRIya can atmasından söz açır.
Elə buradaca (başqa bir şeirdə) özünüinkar da meydana çıxır:
Haqqı gətirib dilə,
Dinənin sabahı yox!
Şairlərdə, yaradıcı adamlarda bəzən (bəlkə də çox vaxt) özünüinkar aşkarca görünür. Haqqa tapınan, haqqı tapan (asan deyil haqqı tapmaq, buna çox az adam müyəssər olur, onlardan biri də, Dəmirçioğlu Məmməddir) adam birdən-birə “Haqqı gətirib dilə, dinənin sabahı yox!” – deyir. Bax, bu bənd hamı yazdığındandı, bunu yazan hamı kimidi (bu bəndi yazan haa, Dəmirçioğlu yox), İrfanın o biri üzüdü bu bənd (?!). Yox, şair sadəcə, oxucunun ruhunu bircə anlıq göylərdən endirmək fikrindəymiş. Bəlkə, o ruhun belə sözün tutumuna, ağırlığına tab gətirəməyəcəyindən çəkinirmiş, axı o yenə də deyir (həmin şeirin finalında):
Bu günün sabahı var,
Dünənin sabahı yox.
Yenə Tanrıya, Haqqa, İşığa, Sabaha Yol!..
İnqilab İsaq (Gəncəm yadıma düşdü) deyir ki, “Məmməd çörəyini daşdan, sözünü ürəkdən çıxaran halal Tanrı bəndəsidir. Adi daşlara dil verir, rənglərlə danışır – rəssamdır. Bu rəngarənglik onun şeirlərinə, ruhani poeziyasına güc-qüvvət verir”. Mənsə bura Dəmirçioğlunun həm də bəstəkar olduğunu, sözü ritm üstə koklədiyini də əlavə edirəm. Aşağıdakı örnəklərə diqqət edək:
Eşq əhli olar, gül qoxuyub, şehli solanlar,
Bir ney səsidir, mey içib, dərd əhli olanlar.
Rişxənd ilə gülməz bizə mərd əhli olanlar,
Xoş ətri ilə dərdimə biganə gülən gül.
Və yaxud:
Haqqın üzü,
Sözün düzü,
Söz var ki, közü
Dağlar, ağlar.
Bir başqa misal:
Yer-göy arası Allaha yoldu,
Yer cadar-cadar, göy puçur-puçur.
Pak ürəklərdə nurlu diləklər,
Nəfəslə uçur, göyləri qucur.
Burada biz şeirin bədii və fəlsəfi tutumundan başqa, onun səsini, musiqisini, ritmini də eşidirik. Axı sözlərin də qohumu-yadı, oğlanı-qızı, qarası-ağı, “Do”su-“Mi”si var. Oğul (şair, yazıçı) odur ki, bu sözləri yan-yana elə qoysun ki, rəngi, səsi, tonu, “mimikası”… və s. işıqlansın. Onu da deyim ki, Dəmirçioğlu son zamanlarda yazdığı şeirlərdə ədəbiyyatçılara, ədəbi tənqidçilərə, söz ustalarına sanki meydan oxuyur. Sonuncu örnəklərə diqqət edin, şair şeirin (türk oğuz şeiri, heca vəzninin) ahəngi olan bölgüyə, hecaya necə zərgər sərraflığıyla yanaşır. O, sanki Azərbaycan poeziya dilində çətin sayılan hecalarda (altı, doqquz, on hecalı) da necə ustalıqla, necə mahiranə bədii çalarlar, mövzu bütövlüyü, süjet xətti verə bildiyini nümayiş etdirir (yaxşı mənada).
Ünlü turk (mən ona türk deyirəm. Çünki, dili, dini, mədəniyyəti, torpağı… hamsı türkündü) şarkıçısı Ahmet Kayanın bir şarkısının sözləri belədir: “Nə İstanbul anladı beni, yar, ne de sen, oysa, ne çok sevmişdim ikinizi de bilsen…”. Çox sevdiyim, şeirlərinə səcdə etdiyim Ramiz Rövşən “Qara paltarlı qadın” şeirində deyir: “Bu dünyada sənə ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq”. Dəmirçioğlu isə:
Sən demə, zəhəriymiş
Ömrün bal dadanları,
Hamıdan çox sevmişəm
Məni aldadanları.
– deyir. Məğz eynidi.
Aşağıdakı bəndə diqqət etsək, Dəmirçioğlunun əksər şeirlərində olduğu kimi burada da yeni metaforanın, yeni təşbehin, bir sözlə, özəllik tablosunun sehrinə düşəcəyik:
Bu gecə yağışı küləklə gəldi,
Sular pəncərəmdə saçaq-saçaqdır.
Həmin şeirin başqa bir bəndinə nəzər salaq:
Şimşək işığında qızıl ilan tək,
Şırımlar aşağı iməklər yağış.
Balalı quşların yuvalarında,
Göz yaşları kimi çiçəklər yağış.
Necə də gözəldir, şımşəkdən sonra iməkləyən, birazdan ayaq tutacaq yağışın tablosu. Bilmirəm, bəlkə də burada da bir mif gizlənir. Sudan yaranan canlının iməkləyə-iməkləyə ayaq açması, nəhayət sivilizasiyaya çatması. Axi bu bənddəcə baladan, doğumdan, doğuluşdan, yaranışdan, əzəldən və əbədidən (yağış) danışılır. Həm də gözəl bir söz rəsmi üstündə. Quş yuvalarının adətən otdan, budaqdan olduğunu bilirik. Burada şair o otun, çiçəyin üstünə düşən damlaları – yağış çiçəklərini necə peşəkarcasına vəsf edib. Eyni zamanda, göz yaşları… sanki ruhla cisim, olanla ölən, gülənlə ağlayan… arasındakı harmoniyanı not edərək üzərində söz oynadır…
…Məmməd Dəmirçioğlunu ikinci dəfə yenə də onun mübarək günündə – 60 illik yubileyində gördüm. Orada bu böyük İNSANı daha çox sevdim. Bilirsiniz niyə, bu sevgini mənə onun xanım-xatun ömür-gün yoldaşı Zenfira xanım aşıladı (gözəldi Zenfira xanım, sanki, bu illər onun üstündən yalnız və yalnız gözəlliyini cilalamaq üçün keçib). Onlar məni görüb duymasalar da, mən onları görür, duyur, illərin solmayan sevgi çiçəklərinə əbədiyyət arzulayır, “sevgi çələngi övladlarına” (Zenfira xanımın şeirindən) ata kölgəsindən, ana istisindən məhrum olmamağı arzu edirdim.
Bu idi mənim təbrikim…
P.S. Uşaqlıqdan üzübəri bu sözü eşitmişdim: İbrahim Xəlil (ə.s) peyğəmbər ayağını alovun üstünə basanda, alov yaşıl çəmənə çevrilərmiş. Nəqşibəndi araşdırmaçısı İsmayıl İlməzli, məhz, bu fikri önə çəkərək deyir: “M.Dəmirçioğlu ayağını hansı sənət səhrasına atsa, o səhranın qumları qızıl, gülləri ləl olar”. Həmişə inanmaq istədiyim bu mistik fikrə İsmayıl İlməzlinin dedikləri ilə cığır salaraq, aydınlıq gətirdim. Deməli, bax, beləcə odda çəmən, səhrada gül açarmış…
İradə Aytel
Yazıya 1352 dəfə baxılıb