Məmməd Araz yaradıcılığında Azərbaycançılıq

mc999mmc999d-araz6Milli poeziyamızın iftixarı olan Xalq şairi Məmməd Araz haqqında yazdığım məqalələrin birində qeyd etmişdim ki, Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çox çətindir. Azərbaycan əlli milyonluq bir xalqın – azərbaycanlıların şəriksiz Vətəni olduğu kimi, Məmməd Araz yaradıcılığı da əlli milyonluq xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur. Buna görə də ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli liderimiz Heydər Əliyev Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək Məmməd Araza xitabən demişdir: “Doğrudur, bəzən bu yaradıcılığınıza görə siz sıxılmısınız da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı – mən bu sözü tam cəsarətlə deyirəm – elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıbdır. Onların qarşısını heç bir şey kəsməyibdir. Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır”.

Bu da bir həqiqətdir ki, ən böyük məhək daşı, silinməz, pozulmaz tarixi yaddaş xalqın qəlbidir, xalqın tribunasıdır. Məmməd Araz hələ lap erkən yaradıcılığı dövründə (50-ci illərdə) yazdığı şeirlərinin birində bu həqiqətə böyük inam bəsləmiş və yazmışdır:­

                     Elin nəfəsidir ən böyük əsər,
                     Duysam da, özümü öyə bilmərəm.
                     Yüz bülbül səsi də mənə versələr,
                     Elsiz bir nəğməmi deyə bilmərəm.

Ədəbiyyata tükənməz el məhəbbəti, el sədaqəti ilə gələn Məmməd Araz xalq mənəviyyatının dərinliyinə vardıqca əbədiyyət yolunun yolçusu oldu.
Zamanın kəsişən və kəsişməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə” gəlməyən Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Çünki hər bir xalqın Vətəninin sərhədləri onun sözünün sərhədindən başlanır və bu sərhədlə də bitir. Sözün sərhədi də xalqın mənəviyyatından, onun fikir və düşüncəsinin gücündən mayasını tutur. Məmməd Araz böyük sözün – Vətənin sərhədində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacidarıdır.
Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”; o Azərbaycan ki, onun “Hər daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”. Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi M.Araz poeziyasının mayasını, ana xəttini təşkil edir. M.Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu Vətənin əzəli və əbədi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:

                     “Azərbaycan” deyiləndə ayağa dur ki,
                     Ana yurdun ürəyinə toxuna bilər.

İfadəyə fikir verin: bu iki misrada şair “Azərbaycan”, “ana yurd” ifadələrini elə sənətkarlıqla işlədib ki, bunu yalnız M.Araz kimi bir fədakar qələm sahibi bu cür qəlibləşdirə bilərdi. Azərbaycan elə ana yurd, ana yurd da elə Azərbaycandır. Amma bu bədii sinonimik vahid bir-birini o qədər tamamlayır ki, ruh canı, can da ruhu tamamlayan kimi.
Nəzəri konsepsiyası ümummilli liderimiz tərəfindən hazırlanan Azərbaycançılıq milli ideologiyası milli olmaqla bərabər, həm də bəşəridir. Öz millətini, vətənini sevmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, bəşəri dəyərlərə, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərinə yiyələnmək kimi insanlıq dəyərlərini özündə birləşdirən Azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat, böyük mənada isə sənətdir. Bu baxımdan M.Araz yaradıcılığı misilsiz örnəkdir. Quru, məntiqsiz, məzmunsuz şəkildə “Azərbaycan” deməklə heç bir şeyə nail olmağın mümkünsüzlüyünü vaxtında duyan M.Araz bütün siqləti ilə Azərbaycançılıq düşüncəsinin fəlsəfəsinə çevrilən və 1970- 1972-ci illərdə qələmə aldığı “Atamın kitabı” poemasında vətənin gələcək sahibləri olan gəncliyə üz tutaraq yazırdı:

                     Sevməyin özü də bir bacarıqdır – 
                     Nə böyük hünərdir, bir qızı sevmək?!.
                     Bu çayın, binənin, çölün, bulağın – 
                     Bir dəli Məcnunu olasan gərək.

Buna görə də M.Araz Azərbaycanın rəmzlərindən biri olan Araza xitabən yazdığı şeirlərinin birində –
Tayı itmiş ceyran tək mələrəm mən Arazsız, – deyir.
Bir çox məqamlarda M.Arazın poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır. Xüsusilə, şairin hələ sovet qadağaları dövründə qələmə aldığı və bu gün də günün döyünən nəbzinə çevrilən “Məndən ötdü, qardaşıma dəydi” şerində M.Araz böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman onun üzərində gedən “cahan çarpışmalarını” diqqətə çatdırır, xanlıqlar dövrü Azərbaycanın bir dövlət kimi keçirdiyi sarsıntılardan söz açır:

                     “Mən-mən” dedi bir ölkədə nə qədər xan,
                     Onlar “mən-mən” deyən yerdə
                     Sən olmadın, Azərbaycan!
                     Səni səndən alıb belə
                     yüz illərlə uyutdular,
                     Səni səndə ələdilər,
                     Səni səndə üyütdülər.

Nəticədə də:

                     Dibək oldun öz duzunla, öz daşınla,
                     Ögey oldun doğma, əkiz qardaşınla.

Ona görə də:

                     Səndən ötən mənə dəydi,
                     Məndən ötən sənə dəydi,
                     Səndən, məndən ötən zərbə,
                     Vətən, Vətən, sənə dəydi…

1967-ci ildə yazılmış və Xalq şairi B.Vahabzadəyə ünvanlanmış bu şeir “buyruqlara sığışmayan” bir şairin zamana və dövrün ideologiyasına kəskin etirazı idi.
Əsl şair və yazıçıların yaradıcılığı yaşadıqları dövrün və zamanın “qara qutularıdır”. Dünənimizin bir sıra görünən və görünməyən cizgiləri məhz bu “qara qutular” vasitəsilə açılır, dəyərləndirilir. M.Araz poeziyası da zamanın “qara qutuları” rolunu oynayan poeziyadır. Keçmiş sovet totalitar rejiminin, 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərinin Azərbaycanında hökm sürən xaos dövrünün bir çox mətləblərinin açılmasında şair qələminin qüdrəti danılmazdır. Xüsusən şairin bu illərin ictimai, siyasi panoramasını əks etdirən “Qalx ayağa, Azərbaycan!” şeri təkcə M.Araz yaradıcılığının yox, ümumilikdə, ədəbiyyatımızın uğurlarından biri kimi diqqəti cəlb etməkdədir:

                     Nə yatmısan, qoca vulkan, səninləyəm!
                     Ayağa dur, Azərbaycan, səninləyəm!
                     Səndən qeyri biz hər şeyi bölə billik!
                     Səndən qeyri biz hamımız ölə billik!
                     … Bayrağını Xəzər boyda bayraq elə –
                     Enməzliyə qalxmış olan bayrağını!
                     Azərbaycan, Azərbaycan, 
                     Azərbaycan, bayrağını!

Şairin özünün də qeyd etdiyi kimi, bu hayqırtı təkcə M.Araz hayqırtısı deyil, həm də Şəhriyarın, Bəxtiyarın, bu millətin daşının, torpağının hayqırtısıdır. Zamanın tələbindən doğan bu hayqırtını isə dilə gətirən və milyonların malına çevirən, qan yaddaşına yazan ilk şair M.Araz oldu.

Tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Yaxın keçmişimizin keçdiyi tarixi yol da bu həqiqəti bir daha təsdiqlədi. Təsdiqlədi ki, böyük ədəbiyyat olmadan böyük ictimai-siyasi təfəkkür də ola bilməz. M.Araz poeziyası bütün çalarları ilə bu böyük missiyanın ağırlıqlarını çiynində daşıyan poeziyadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı istiqlal şairi Məmməd Araz irsinə, poeziyasına ən böyük ehtiramın və hörmətin ifadəsidir. Bu sərəncam bir daha onu göstərdi ki, bu gün də M.Araz mənən Vətən və Azərbaycançılıq məfkurəsi uğrunda gedən döyüşlərin ön sırasındadır.

Xaneli kXanəli KƏRİMLİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Yazıya 1249 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.