Kimdən gizlətsən də, məndən gizlətmə,
İpək saçlarını hör incə-incə
Göy ot üstə muncuq-muncuq şeh kimi,
Töküldü alnından tər incə-incə.
.
Nanə yarpağıtək əsdi ürəyin,
Məni çox incitdi, bəsdi ürəyin.
Gah oldu barışdı, küsdü ürəyin,
Nələr törətmədi gör, incə-incə.
.
Sən Sədinki hər havaya oynatdın,
Yaraladın, ürəyini qanatdın.
Yox yerdən arada nələr yaratdın,
Dillən, ver cavabın, ver incə-incə.
***
SÖZÜM SƏNDƏ QALIB
Min-min gözəl görmüşəm,
Gözüm təkcə səndə qalıb.
Yüz gözələ tərif yazdım,
Sözüm təkcə səndə qalıb.
.
Canım, sözün sərrafısan,
Canım, sözün zərgərisən.
Sözün incə, özün incə,
Sevən qəlbimin dürrüsən.
.
Bil ki, Sədnik deyən gözəl,
Elə-belə gözəl olmaz.
Yəqin, dilim öyən gözəl,
Ürəyimdən gendə qalmaz.
***
MƏNƏ
Havalar yaman soyuqdu,
Canında od gətir mənə.
Balın tamı-dadı qaçıb,
Bir təzə dad gətir mənə.
.
Gəl tərpətmə sarı simi,
Yaralama bu könlümü,
Ürəkdən qov dərdi-qəmi,
Qəlbini şad gətir mənə.
.
Ay Sədnikin gözəl yarı,
Yad gözlərdən özün qoru,
Neynirəm dövləti-varı,
İsmətli ad gətir mənə.
***
QIZ
Ayrılığa dözənməyib,
Varlığını üzdünmü, qız!
Gündüz axtardığın yarı,
Yuxularda gəzdinmi, qız?!
.
Uzaq-uzaq yollar gördün,
Sənə həsrət qollar gördün,
Saçın sayıb, üç tel verdin,
Yuxumuzu yozdunmu, qız?!
.
Yuxuda gəldik göz-gözə,
Sədnik meydan verdi sözə,
Soruşuram: sən də bizə,
Nəsə bir şey yazdınmı, qız?!
***
SEVƏN ÜRƏK
Qız, telinə bir əl çəkim,
Qoy, şəfalanım.
O qızarmış yanaqlardan,
İzn ver, bir busə alım.
Bu taleyin qismətidi,
Özün də biləsən gərək.
Çox da mənim sinəmdədi,
Sənindi bu sevən ürək.
***
GÖRMÜŞƏM
Gözəl, səndə olan gözəlliyi mən,
Vətənimin çiçəyində görmüşəm.
Sənin üzündəki qara xalları,
Lalələrin ləçəyində görmüşəm.
.
Məhəbbət dünyamla qovuşanda sən,
Biixtiyar öz könlümü vermişəm.
Məhəbbət gülünü Ağsuyun üstə,
Çiyələk tək bircə-bircə dərmişəm.
.
Yaşılbaş sonatək su üstə səni,
Xan Kəpəzin ətəyində görmüşəm.
Sonra da hər yanı gəzib-dolanıb,
Bu Sədnikin ürəyində görmüşəm.
***
GƏZİRƏM
Biləsən ki, ayrılanda,
Həsrətindən can üzürəm.
Ancaq gül üzün görəndə,
Qatar-qatar söz düzürəm.
Söz çeşməmin gözüsənmi?
Ürəyimin közüsənmi?
Tale yazan yazısanmı?
Hallı-havalı gəzirəm.
Sədnik birdi həyatında,
Sədnik nurdu həyatında.
Qız, səni toy xalatında,
Əli xınalı gəzirəm.
***
BİR DÜNYADI
Sən kimi sevirsən mənə nə,
Mən kimi sevirəm sənə nə.
Bunu ürək bilər, məhəbbət bilər.
O başqa arxdan su içmir.
***
SƏNİNDİ
Ceyran kimi bəslənibdi
Qudyal çayın havasıynan.
Dəşti-bağın ağ alması,
Tanıram, el-obasıynan.
.
Gözləri tək göz olanmaz,
Bir bulaqdı gözü.
Camalına söz olanmaz,
Bəzəkli çəməndi özü.
.
O sənin loğmanın olar,
A Sədnik, yanına çağır.
O, bir sevda dünyasıdır,
Gözündən məhəbbət yağır.
***
İSTƏYİR
Bu gələn nazlı gözəldən,
Yollar qəmzə, naz istəyir.
Qələm qaşlara yaraşan,
Bir cüt qara göz istəyir.
.
Yanaqların dağ lalası,
Ağ sinən cüyür talası,
Yavaş get, zalım balası,
Göllər qızıl qaz istəyir.
.
O ceyrandı öz düzündə,
Qıvrım telləri üzündə,
Sədnikin ömrün küzündə,
Zalım məndən yaz istəyir.
***
SƏDNİK SƏNİ ARASINMI
Nə gəzirsən Xan Kəpəzdə,
Ay mənim başı bəlalım.
Yanaqlardan qoy gül dərim,
Dodaqlardan bal alım.
.
Hər çiçəyin üzünə bax,
Yanı Gülgəz, al olanmaz.
Hər çiçəyin gül tacında,
Belə pətək, bal olanmaz.
***
Yazıya 452 dəfə baxılıb