Bu, həmin İlyas İsmayılovdur ki….

Bu gün Azərbaycanın dövlət adamı, ictimai-siyasi xadim, Azərbaycan SSR Prokuroru və uzun illər Azərbaycan Respublikasının Ədliyyə naziri işləmiş, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun doğum günüdür. Allah rəhmət eləsin!

Hüquqşünas Aslan İsmayılovun 1997-ci ildə “Demokratik Azərbaycan” qəzetinə yazdığı bu kiçik məqalə ilə İlyas İsmayılovun portretini bir daha çizməyə çalışdıq.

“Tovuz Xeyriyyə Cəmiyyəti”

Bu, həmin İlyas İsmayılovdur ki, Qarabağ hadisələrinin ilk günlərində Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin millətçi rəhbərliyinin şiddətli müqavimətinə baxmayaraq, bu işdə düzgün mövqe tutmayan vilayət prokuroru Babayanın vəzifəsindən çıxarılmasına, vilayətin tarixində ilk dəfə olaraq bu vəzifəyə qeyri-erməni millətindən olan rus Vasilenkonun, azərbaycanlı Bayramovun isə onun müavini təyin olunmasına nail oldu.

Bu, həmin İsmayılovdur ki, Ermənistanda azərbaycanlılara divan tutularkən, bu fitnəkarlığın qarşısının alınmasına kömək göstərmək məqsədilə şəxsi həyatını təhlükə qarşısında qoyaraq Yerevana-Ermənistan Prokurorluğu ilə danışıqlara getdi.

Bu, həmin İsmayılovdur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının SSRİ Ali Soveti tərəfindən ləğv edilməsi üçün qanunçuluq üzərində ali nəzarət orqanı olan SSRİ Baş Prokurorluğuna rəsmi təqdimat verdi. SSRİ Prokurorluğu kollegiyasının geniş iclasında SSRİ Baş prokurorunun bu sahədə fəaliyyətsizliyini kəskin tənqid etdi.

Bu, həmin İsmayılovdur ki, güclü təzyiqlərə baxmayaraq, xalq azadlıq hərəkatı nümayəndələrinin həbsinə icazə vermədi. Bütün bunlar Sovet imperiyası dövründə edilirdi və İsmayılovun respublika prokuroru vəzifəsini itirməsində əsas rol oynadılar.

Yazıya 35 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.