O, öz parlaq yaradıcılığı ilə adını Azərbaycan aşıq-ozan sənətinin Əmrah Gülməmmədov, Mikayıl Azaflı, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Xanlar Məhərrəmov kimi azmanlarıyla bir sıraya yazdırıb. Aşıq Əli ünlü sənətkar olmaqla yanaşı həm də klassik və urfan ədəbiyyatının dərin bilicisi və yüksək poetik nümunələr yaradan tanınmış el şairidir.
Ustadlar ustadı aşıq Ədalətin adı gələndə “Yanıq Kərəmi”, Cilli Müseyib xatırlananda “Orta Sarıtel” və Aşıq Xanlar deyiəndə ” Baş Sarıtel” yada düşdüyü kimi, Urfan Əlinin ismi çəkilən kimi “Dilqəmi” havasl ağıla gəlir.
Ömrünün müdrik çağını yaşayan əziz ustad son illərdə səhhətində yaranan problemlərlə bağlı bir az ağrı-acı yaşamalı oldu. Çox şükür ki, artıq hər şey arxada qalıb və Əli əmi artıq özünü çox gümrah hiss edir.
Tutiyə kimi baxdığımız əziz Urfan Əlinin – ustad Əli Quliyevin yeni yaşı qutlu olsun! Ən böyük təbriklər də, arzu və istəklər də bu gün onun adına, onun ünvanınadır.
Canı sağlam, işləri avand, könlü xoş, ürəyi isə hər zamankı kimi dopdolu olsun.
Ustad Əli Quliyevin bu gözəl yubiley yaşını çoxdannan yazılan bir şeirlə qutlayıram.
.
Sazın üstə, sözün üstə
Balasıtək əsən baba.
Özü burda, ötkəm ruhu
Tarixlərdə gəzən baba.
.
Ocaq çatar löyün-löyün,
Atəşinin odu yeyin.
Öz əliylə öz taleyin
Öz qədərin yazan baba.
.
Sevdasından durmaz geri,
Yaxar göyü, tutar yeri.
Yol adlayıb əyri-əyri,
Düzcə yolda azan baba.
.
Qara sazı bir sirr olan,
Qara sazıyla bir olan.
“Dilqəmi”yə yesir olan
Aşıq Əli – Ozan baba!
.
P.S. Urfan Əlinin 75 illiyinə həsr olunan yubiley tədbiri martın 18-də keçiriləcək. “Dədə Ələsgər Ocağı”nın çox dəyərli və əziz rəhbərləri Xətai Ələsgərli və Rəşid Süleymanovun təşəbbüsü və rəhbərliyi baş tutacaq yubiley gecəsi Rəşid Behbudov adına Mahnı Teatrında saat 18.00-da başlayacaq.
Yazıya 29 dəfə baxılıb