Deyin
Alışıb yanıram hicran oduna,
Məni od-alova salana deyin.
İnanıb vədinə sevirəm hər an,
Könlümü, könlüylə alana deyin.
Arayıb, axtarıb yad etsin məni,
Bir şirin sözüylə şad etsin məni,
Yığıb el-obanı ad etsin məni,
Söz verib yanımda qalana deyin.
Könül həsrətdədi, gözüm yol çəkir,
Hicran fərmanına dözüm qol çəkir,
Bəlkə də qəlbimə özü yol çəkir,
Eşqimdən gül kimi solana deyin.
Qış çıxır, görüşə gəlsin Baharda,
Qoymasın aşiqi, o, intizarda,
Ürəyim çırpınır ah ilə zarda,
Gözləri yaş ilə dolana deyin.
Ömrü Baxşəlinin keçməsin hədər,
Eşqidə görməsin nə qəza, qədər,
Yanıb kül olmuşam, bəsdi bu qədər,
Sevgimdən xəyala dalana deyin.
***
Gedir
İndi vəzifəyə gələn məmurlar,
Çıxanda dövləti talayıb gedir.
Haqqında olanı yazan adamı,
Qudurmuş it kimi dalayıb gedir.
Nə dostu tanıyır, nə də yoldaşı,
Elə pul yığmağa qarışır başı,
Yalı çox olanda, hər addımbaşı,
Yetmi, yesiri dolayıb gedir.
Səsin çıxardanı hər an oxlayır,
Burnun hər deşiyə soxub qoxlayır,
Elə ki, əməlin Padşah yoxlayır,
Yalanı, yalana calayıb gedir.
Nə əhdə sadiqdi, nə də ilqara,
Uyubdu xaricdə slavyan yara,
İşi tərs gedəndə, düşəndə dara,
Tulatək quyruğun bulayıb gedir.
Baxşəli, taleni axtarma zərdə,
Nifrət et sən belə alçaq, namərdə,
Beləsi düşəndə sağalmaz dərdə,
Dünyadan bayquştək ulayıb gedir.
***
Axır
Sənin yollarına yağan yağışlar,
Biləsən sevgilim, gözümdən axır.
Eşidib, duyduğun bülbül nalası,
Qəlbimdə qaynayan sözümdən axır.
Üşütdü sevginin əsən yelləri,
Saraltdı qəlbimdə açan gülləri,
Dağların kükrəyib axan selləri,
Qapqara qaralmış üzümdən axır.
Qalmışam odamda tək, yana-yana,
Sənsizlik bağrımı döndərib qana,
Sevgim sən verdiyin həmin ünvana,
Alışan odumdan, közümdən axır.
Girmişəm Məcnunla səhrada bəhsə,
Mənim də saf eşqim düşübdü nəhsə,
Əgər dözürəmsə sən verən dərsə,
O məndə səbirdən,dözümdən axır.
***
Soruş
Mənim Qubadlıda keçən ömrümü,
Həkəri, Bərgüşad çayından soruş.
Buz bulaq başında çəkdiyim kefi,
Oranın od saçan yayından soruş.
Gəzdim meşələri, gəzdim dağları,
Almalı, heyvalı, narlı bağları,
Gənclik illərimin gözəl çağların,
Ömrün orda keçən payından soruş.
Hər tərəf bağ-bağat, hər tərəf meşə,
Allah bəxş etmişdi belə bir guşə,
Çıxardım hər gecə yarla görüşə,
Göydə şahid olan Ayından soruş.
Qoyardım Bozatın üstə yəhəri,
Gəzərdim çölləri axşam, səhəri,
Bostandan dərdiyim barı, bəhəri,
Qovunun, qarpızın sayından soruş.
***
Dünya
Məni dərdə qəmə saldın,
Gəl bəxtimdə oyan dünya.
Nəyim varsa əldən aldın,
Var-yoxumu soyan dünya.
Göstərmədin etibarı,
Əhdə vəfa, düz ilqarı,
Tez apardın Bəxtiyarı,
Kədərimdən doyan dünya.
Vətən dərdin dərd elədin,
Namərdləri “mərd” elədin,
Qəlbim qana qərq elədin,
Səni qana boyan dünya.
Məni saldın eldən elə,
Dərdlərimə gülə-gülə,
Zülm elədin bilə-bilə,
Adın olub yalan dünya.
Yaş tökülür üzümüzə,
Zülüm qalxıb dizimizə,
Cəllad gətdin ölkəmizə,
Eyləmisən Xaqan, dünya.
Baxşəlinin ürəyindən,
Ayrı saldın Vətənindən,
Arzusundan, istəyindən,
Kənar salıb qoyan dünya,
Gəl bəxtimdə oyan Dünya!
***
Ağlasın
Ölürəm, dinləyin qardaş, bacılar,
Məni, övladlarım əzəl ağlasın.
Bütün ömrüm boyu qayğımı çəkən,
Xoş anlar bəxş edən gözəl ağlasın.
Yayın istisindən qızışıb, bişən,
Payız küləyindən əsib, büzüşən,
Ümidi qırılıb, budaqdan düşən,
Üstümə tökülən, xəzəl ağlasın.
Didərgin ömrümdən çox aldım tənə,
Dözmədi bu dərdə nə qəlb, nə sinə,
Yazıb həsr etdiyim doğma Vətənə,
Neçə-neçə şeir, qəzəl ağlasın.
Baxşəli, üstündə oxunan ağı,
Sağaltmaz sinənə çəkilən dağı,
Denən ki, qoy səni ölüm qabağı,
O incə, o qara göz, əl ağlasın.
***
Baxma rəngim qaradır, lakin üzüm ağdı mənim,
Yanmışam eşq oduna, amma canım sağdı mənim.
Vətən həsrəti ilə, çox alışıb, çox yanıram,
Qaralıq yanğı rəmzi, ürəyimdə dağdı mənim.
Girmirik düşmən ilə xeyli zamandır savaşa,
Neyləyim ki, “rəisim” bax belə qorxaqdı mənim.
Qisasın vaxtı çatıb biz hələ də röyadayıq,
Hər yanım sanki solmuş gül-çiçəyi bağdı mənim.
Bezib Allah da bizdən, uzatmır yardım əlini,
Çünki bu millətimin əksəri yaltaqdı mənim.
Nə qədri car çəkirəm, kimsə səs vermir səsimə,
Qalmışam meydanda tək, sənətim yanmaqdı mənim.
Baxşəli qəm eləyir hər gecədən sübhə qədər,
Vətənsiz çünki ömrüm, ən ağrılı çağdı mənim.
***
Vermə əldən gözəlim, mənlə olan axşamı sən,
Bu sevən qəlbimə bəxş eylə gözəl əyyamı sən.
Nə qədər canda canın vürsa sarıl boynuma, gəl,
Al mənim saf eşqimdən dünya qədər ilhamı sən.
Vəsl həsrətli günü sal yadına, şad günə çat,
İstəsən sübhə qədər busən ilə al kamı sən.
Uzaq et qüssə-qəmi, aşiqin ah-nalə çəkir,
Yada sal xoş günləri, vurma mənə ehyamı sən.
Ya məni eşqin ilə çatdır bu gecə murada,
Ya da gətir ver içim mar ilə dolu camı sən.
Sən mənim ilk eşqimsən, sanma ki, ustad aşiqəm,
Lütf elə al yanına, dərs ver öyrət bu xamı sən.
Qoy yanım atəşinə, dövr eləyim kuyinə, yar,
Baxşəli pərvanədir, ol bu gecənin şamı, sən.
***
Sevmədim ki, səni mən qəsd edib bizarə gətir,
Şəri-böhtana salıb, canımı zinharə gətir.
Könül verdim ki, sənə sevgili yarım olasan,
Rica etdim ki, məni həmşə çəmənzarə gətir.
Həvəsi-eşqim ilə, köləlik etdim sənə mən,
Demədim, afəti-can, satmağa bazarə gətir.
Bağında bağban olub gül-çiçək əkdim ki, gülüm,
Tutuban bir dəstə gül, lütf eyləyib yarə gətir.
Mişki-ənbər demisən, eylədim amadə o dəm,
Nə olar dərman üçün, aşiqi-bimarə gətir.
Bu təmiz vücud ilə müntəzirəm, söylə, nə söz,
“Eşq ilə könlü dolu, gözləri-xummarə gətir”,
Gəl etmə bir də zülüm, Baxşəli çün dözmür daha,
Bəsdi bu cövrü-cəfa, az məni ah-zarə gətir.
***
Ey mələk-sima, mənim qəddimi gəl xəm eləmə,
Gül üzü seyr eləyən gözlərimi nəm eləmə.
Sənin eşqindi mənim ömrümə xoş gün calayan,
Rəhm elə halıma sən şad günümü qəm eləmə.
Sənin eşqində canı qurban edən mən olmuşam,
Hörmət et eşqimə sən, əğyarı həmdəm eləmə.
Mənzilim kuyin olub hər gecədən sübhə qədər,
Qeyri aşiqi yığıb kuyinə sən cəm eləmə.
Ömrü beş günlük olan dünyaya bel bağlama sən,
Tapın öz aşiqinə, xoş anını kəm eləmə.
Gəl olaq birgə, gülüm, fürsəti verməyək əldən,
Sevginin qədrini bil, əvəzi-dirhəm eləmə.
Baxşəli çox düşünür sevgili canan, səni, bil,
Sən də öz eşqin ilə, özgəyə məlhəm eləmə.
***
Könül ver, afəti-can, mən də bir az cana gəlim,
Bu şirin canım ilən, canına qurbana gəlim.
Eylə xürrəm gözəlim, cəfa çəkən qəlbimi sən,
Gecələr şəm oduna, qoy olum pərvana gəlim.
Eşqə can qurban edən aşiqi-biçarə mənəm,
İzn ver kuyinə mən dərdimə dərmana gəlim.
Qərib eldə alışıb yanmışam hicran oduna,
Rəhm elə aşiqinə, son qoy bu hicrana gəlim.
Getdiyin səmtə tərəf gözlərim həsrətlə baxır,
İnsaf et söylə gülüm, de hankı ünvana gəlim?
Hamı, məndən savayı, sevdiyi canana çatıb,
Mən də pünhan eşqimi yanına elana gəlim.
Eylə bircə işara, Baxşəli amadədi, yar,
Yola rəvan olum mən, dövrənə cövlana gəlim.
Yazıya 654 dəfə baxılıb