Basdırın o Cıdır düzünə məni
İllərdi həsrətin çəkdiyim kimi,
Torpaq elə çəkir özünə məni.
Bu dərdi, qəlbimdə büdküyüm kimi,
Basdırın o cıdır düzünə məni.
Ağrıdım anamın ağrılarında,
Başı kəsik imiş doğruların da.
Sürtün ot bürümüş cığırlarında,
Nənəmin, babamın izinə məni.
Kim qaldı, əlimi tuta yurdumda,
Hay salsam, hayıma çata yurdumda.
Bir ocaq qalayın ata yurdumda,
Kül olum, basdırın közünə məni.
Dağların qarını yayın üstümə,
Bir dəstə çiçəyin qoyun üstümə.
Döndərin bulağın suyun üstümə,
Söykəyin buz kimi üzünə məni.
Basdırın o cıdır düzünə məni.
SUSMUR İÇİMDƏKİ “SƏN”
Ürəyində cəza kəs,
Kipriyindən as məni.
Susmur içimdəki “Sən”,
Öldürür bu səs məni.
Az bu eşqi kəkələ,
Qəlbində bür –bükələ.
Arzu –arzu tikələ,
Ümid – ümid kəs məni.
Sərvətimdi viranım,
Bu bəxtəmi yaranım.
Vəfadan dəm vuranım,
Kim atıbdı bəs məni?
Xəta ömür, şər ömür,
Qartalıbdı tər ömür.
Day demə ki, bir ömür,
Sevəcəydin bəs məni.
İMANSIZ OLDUM, BAĞIŞLA!
İmansa, dinsə bu sevgi,
Imansız oldum, bağışla!
Qırdım, tökdüm ümidləri,
Amansız oldum, bağışla!
Günahkarsan günahıma,
Yan ürəyim, yan ahıma!
Bu günümdən, sabahıma,
Gümansız oldum, bağışla!
Oldu xoş günün ömründə,
Çoxaldın kimin ömründə?
Bəlkə də sənin ömründə,
Zamansız oldum, bağışla!
DÜNYA
Niyə silkələnirsən,
Haran ağrıyır, dünya?
Bölmüşük ölkələrə,
Yaran ağrıyır, dünya?
Kim səndən çıxdı, qaçdı,
Ölümünə əl açdı.
Harda bir körpə acdı
Oran ağrıyır, dünya.
Qazdılar dərin – dərin,
Qan doludu səngərin.
Qalmadı bütöv yerin,
Paran ağrıyır, dünya.
SÖZÜNDƏ ÖLÜM GEDİM.
Hisslərində yaşayım,
Özündə ölüm gedim.
Göz yaşında boğulum,
Gözündə ölüm gedim.
Varam olanlarınla,
Yadda qalanlarınla,
Çıxım yalanlarınla,
Düzündə ölüm gedim.
Düş bu eşqin izinə,
Dur bu bəxtin üzünə.
Al başımı dizinə,
Dizində ölüm gedim.
Gedim əlindən çıxım,
Yansan külündən çıxım.
Son kəs dilindən çıxım,
Sözündə ölüm gedim.
ÖLƏN ADAM
Qüsulun yox, kəfənin yox.
Ürəyimdə ölən adam.
Ovul qarış göz yaşıma,
Gözlərimdən ələn, adam.
Qan damır vaxtın əlindən,
Yaralı çıxdın əlindən.
Əl açıb bəxtin əlindən,
Az səadət dilən adam.
Kim inandı doğrusuna?
Döndü ümid oğrusuna.
İçin – için ağrısına,
Dözmək üçün gələn adam.
Ürəyimdə ölən adam.
SƏSİN QULAQDAN DÜŞÜB
Acılarım cücərib,
Budaqlanıb, ucalıb.
Ümidlərim qocalıb,
Əldən –ayaqdan düşüb.
Yapışma dişlərimdən,
İz itib izlərimdən.
Xəyalın gözlərimdən,
Səsin qulaqdan düşüb.
Bir udum nəfəs günüm,
Sənsiz günüm nəhs günüm.
Yaxşı günüm, pis günüm,
İndi qınaqdan düşüb.
Gəl de bəxtin ayılıb,
Ömrün ömür sayılıb.
Gülüşlərim soyulub,
Qopub dodaqdan düşüb.
BİR SƏS ELƏ.
Bir səs elə, geri dönüm.
Izin yox izin içində.
Hər gün üzünü gəzirəm,
Yüzlərlə üzün içində.
Sənə yüyürdüyüm yollar,
Baxıb kiridiyim yollar.
Yandı yeridiyim yollar,
Yeridim közün içində.
Nə zaman yarıdı qəlbim?
Həsrətdən qarıdı qəlbim.
Adını zarıdı qəlbim,
Bu qədər sözün içində.
Ilahi, sevmədinmi heç,
Məni də xoşbəxt bəndən seç.
Günahsa bu günahdan keç.
Bağışla özün içində.
SAXLA, DÜŞÜM.
Sürüyürsən hara kimi,
Göynüyürəm yara kimi.
Bəsdir gəldim bura kimi,
Saxla Tanrım, saxla düşüm.
Qurdun alaçıq ömrümü,
Dərdlərə açıq ömrümü,
Bu yarı uçuq ömrümü,
Uçur bür –bük, bağla düşüm.
Orda ruhum, burda cismim,
Qalra intizarda cismim.
Qalmasın məzarda cismim,
Yer kürəsi laxla, düşüm.
YALAN DE ÜRƏYINƏ.
Diləyim nəyə çıxdı,
Sevincim göyə çıxdı.
Kim gəldi yiyə çıxdı
Tək qalan ürəyinə?
Hər çiçək də güldümü?
Hər yanan da küldümü?
Yenə bahar gəldimi
O viran ürəyinə?
Dinsə dilə tutmuşam,
Qəlbimi ovutmuşam.
De, mən də unutmuşam,
Yalan de, ürəyinə.
Yazıya 496 dəfə baxılıb