Əsgərova Tərlan Qanboy qızı şəhid Anar Əsgərlinin anasıdır. Yüzlərlə şəhid analarımızdan biridir. Amma və lakin, o 6 ildir ki, min bir əziyyətlə dünyaya gətirdiyi, min bir bir əziyyətlə böyüdüb hərbi xidmətə yola saldığı balası Anarın hərbi xidmətdə şəhid olunmasına baxmayaraq şəhidlik statusunu ala bilməmişdir. Biçarə ananın fəryadına sosial şəbəkələrdə rast gəlmək olsa da nədənsə aidiyyatı qurumlar susur və günbəgün şam kimi əriyən şəhid anasının suallarına cavab vermirlər. Məmurlarn, ölkə rəhbərliyinin adına olan səhifələrə ardıcıl olaraq yazır… Mən ŞƏHİD balama şəhidlik statusu istəyirəm deyə fəryad edir, amma yenə də reaksiya verən yoxdu ki yoxdu!
MİN BİR ƏZİYYƏTLƏ DÜNYAYA GƏLƏN ANAR ƏSGƏRLİ DEDİKDƏ…
Əsgərli Anar 1994 cü il İyun ayının 3-də Ağdamın “4 YOL” deyilən ərazisində çadır düşərgəsində, babasının “ZİL” markalı yük maşınının üstündə dünyaya gəlir. Ana bətnində, güllə, mərmi, top, tank qorxusuyla doğulur… Amma ölmür, böyüyür… Min bir əziyyətlə dünyaya gəldiyi kimi min bir əziyyətlədə böyüyür Anar!
BARIT QOXUSU BURNUNDA DOĞULAN ANARIN ARZUSU HƏRBİÇİ OLMAQ İMİŞ…
Çadırlardan-çadırlara, kasıblıq içərisində böyüyən Anar ana bətnində Ağdamdan didərgin düşmüşdü… Ona görə vətən həsrəti, yurd nisgili, acılar, sitəmlər onun qanında idi… O, topunu palçıq parçalarıyla oynamışdı, oyuncaqları anasının ehtiyacdan axan göz yaşları olmuşdu. Anar bütün uşaqlar kimi böyüməmişdi. Onun ürəyi anasını göz yaşlarıyla dolmuşdu. Odur ki, orta məktəbi bitirər bitirməz gedib əsgərliyə getmək üçün qeydiyyata düşür… və Tovuz rayonunda hərbi xidmətinə başlayır… 1 il 3 aylıq xidməti ilə bir dəfə olsun vəziyyətindən şikayətlənmir. Yeni geydiyi hərbi paltarla şəkil çəkdirib anasına göndərir və yazır:
“Ana, bu paltarla gələcəyəm… xidmətimi başa vurub.. Az qaldı..”
ONUN BAYRAĞA BÜKÜLÜ MEYİDİNİ GƏTİRDİLƏR, ƏZAB-ƏZİYYƏTLƏ BÖYÜTDÜYÜM BALAM ŞƏHİD OLMUŞDU…
1 İL 3 ay idi hərbi xidmətdə idi. Gəlməyinə aylar qalmışdı. Səbirsizliklə oğlunun yolunu gözləyirdi anası, atası, doğmaları… lakin onu düz kürəyinin ortasından güllələmişdi yağı düşmən, postda, hərbi xidmətdə və onun nəşini bayrağa büküb evlərinə gətirmişdilər… Artıq 6 ildir, düz 6 il… Şəhid Anara ŞƏHİDLİK statusu verilməyib və bu onun valideyinlərinin ürəyini iki qat dağlamaqdadır… “Anara şəhidlik statusu verilən gün qurban kəsəcəyəm” deyir anası… Çox ağır dərdir eləmi? Əziyyətlərlə oğul gətir dünyaya həm də müharibənin qızğın zamanında, güllələrin, topların altında, çadır düşərgələrində… Böyüt, vətəninə xidmətə yola sal və şehid ver, amma şəhid olan balana şəhidlik statusa ala bilmə… Ağır dərddi eləmi?
MƏNİM YARAMIN DƏRİNLİYİNDƏN ONLARIN XƏBƏRİ OLMAZ…
Bu sözləri ağlamaqdan gözləri tutulan, oğul dərdi çəkməkdən dizləri bükülən, könlü dünyadan küsən, günbə gün şam kimi əriyən şəhid Anarın anasının sözləridir.
Bütün şəhidlər bizim balamız, şəhid valideyinləri valideyinlərimizdir eləmi? Bəs biz niyə susuruq yolumuzda canından qanından keçən, Qarabağ müharibəsindən sonra doğulub amma Qarabağ uğrunda qanına bələnən şəhidlərimizin haqqının verilməməsinə….? Şəhid anası bizdən ev isdəmir, pul isdəmir, yemək isdəmir… O şəhid balasına “Şəhidlik” statusu isdəyir, EY İNSANLAR!!!
Bu onun birdə dünyaya gətirə bilməyəcəyi oğul acısının təsəlli ilacıdır. Bunu ona niyə çox görürsünüz? O, evində yox, yol qəzasında yox… O, Vətən uğrunda, cəbhədə güllələnib!!!
Nəzmiyyə Hicran
Şair-Publisit
SAKARYA, 05. 12. 2019
Yazıya 536 dəfə baxılıb