Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olmuş səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunun xatirəsi yad edilib.
Anım mərasimində şəhidin valideynləri və doğmaları ilə yanaşı, onun iş yoldaşları, müxtəlif dövlət qurumları və media nümayəndələri iştirak ediblər. Çıxışlarda Orxan Əsgərovun xidməti fəaliyyəti, göstərdiyi şücaət və Vətənə sədaqəti xüsusi vurğulanıb, onun xatirəsinin daim ehtiramla anılacağı bildirilib.
Mərasimdə Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir Xudiyev və Cəmiyyət üzvləri də iştirak ediblər. T.Xudiyev Orxan Əsgərovun qəhrəmanlığını yüksək dəyərləndirərək çıxışına bu fikirlərlə son verib: “Biz burada, Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücum zamanı canını Vətən, insanlıq yolunda qurban vermiş, mühafizə xidmətinin rəisi Orxan Əsgərovun xatirəsini yad etmək üçün toplaşmışıq. Orxan göstərdiyi şücaətlə insanların həyatını qoruyan qəhrəmanımızdır. Onun fədakarlığı və cəsarəti bütün Azərbaycan üçün örnəkdir. Bu gün biz onun xatirəsini ehtiramla anır, onun göstərdiyi fədakarlığı və Vətənə bağlılığı bir daha dəyərləndirir, ruhuna sayğı və ehtiramımızı bildiririk. Allah rəhmət eləsin! Belə qəhrəmanlar hər zaman xalqımızın tarixində yaşayacaq və gələcək nəsillərə örnək olacaq. “
Tədbir şəhidin ruhuna duaların oxunması ilə başa çatıb.
Yazıya 48 dəfə baxılıb










