“İstiqamət Qarabağ!” – hərbçi-şair Zaur Sahil

 

 

 

1592852026_89773729_197126294845185_8846039244137824256_nKULTUR.AZ hərbçi-şair Zaur Sahilin şeirlərini təqdim edir:


***
Ürək TANRI tərəfindən,
İnsanın içərisinə yerləşdirilmiş,
Bir bombadır.
Onun partlaması üçün,
Qurulan vaxt ərzində
yaşayır insan.

***
Atam sağ gözümdü,
Anam sol gözümdü.
Anam öləndən sonra,
Bu dünyaya iki gözümlə
baxa bilmirəm.
Sağ gözümlə bu dünyanı,
Sol gözümlə o dünyanı
görürəm.

***
Gözlərim Atam kimi,
Ürəyim Anam kimidi.
Dilim uşaqlığım kimi
Gözlərimlə ürəyimin
Arasında qalıb.
Dilimi yumşaltdıqca
Gözlərimdən yaş düşür,
Ürəyimə daş düşür.
Bu dünyanın göz yaşı,
O dünyanın daşıymış.

Yerində

Gecələr yuxu görürəm,
Gündüzlər qorxu görürəm.
Var olan yoxu görürəm,
Qəlbimin dərin yerində.

Dərdimin pənah yeri var,
Yaralı bir ah yeri var.
Hamının günah yeri var,
Şeytanın, şərin yerində.

Sevirəm gülüm ağlayır,
Dözürəm zülüm ağlayır.
Bir qərib ölüm ağlayır,
İgidin, ərin yerində.

Saxla görüm

Ay bizi havalı edən,
Dumanı saxla görüm.
Ucuzu bahalı edən,
Zamanı saxla görüm.

Əl qıranın əlindən,
Səhv deyənin dilindən,
İnsanın əməlindən,
Yamanı saxla görüm.

Qoyma güllər soluxsun,
Qoyma gözlər doluxsun,
Qoyma kimsə darıxsın,
Gümanı saxla görüm.

Əsgər

Hər əsgər bir hərifdir,
Düzülüşü şeirdir.
Hər addımı tərifdir,
Hər baxışı sehirdir

Misra-misra görünür,
Heca vəzni içində.
Bir ürək tək döyünür,
Dözmü, əzmi içində.

Əynindəki paltarı,
Göy qurşağın andırır.
Çiynindəki qatarı,
Silahını yandırır.

Hər zaman dava edir.
Soyuqlarda üşümür.
Bürkülərdə təntimir.
İrəli! – deyib gedir,
Geri dönmək düşünmür.

***
Vətən bir güzgüdü.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.

***
Ağlayan vaxtlarımda
Göz yaşlarımdan islanan torpaq
Bir gün də sən ağlayacaqsan
Mən islanacam göz yaşlarında
Bax onda istəmirəm
Qəbrimin gözləri
Yaşlı olduğunu
Kimsə görsün.

Məni bəlalardan qoruyan balalarıma…

Göylərdən tökülən qar dənələri,
Atılan topların qəlpələridir.
Atalar, Analar heç qorxmasınlar,
Onları qoruyan körpələridir.

Layla bir duadır,körpə eşidir,
Dönüb Tanrısına təşəkkür edir.
Hamı gələ-gələ dünyadan gedir,
Onları qoruyan körpələridir.

Bütün musiqilər qavala gəlir,
Ömür bir cavabdır, suala gəlir,
İnsanlar gündə bir zavala gəlir,
Onları qoruyan körpələridir.

***
Yalnız, ürək
ürəyə dəyəndə,
gözdən çınqı çıxar.
Bağışla,
ürəyim ürəyinə dəyə bilmədi,
gözüm gözünə
həsrət qaldı.

***
Bilirəm,
İndi boş qalan yastığım
Göz yaşınla doludur.
Sanki, mənəm deyə,
Hər gün göz yaşını
qucaqlayıb yatırsan.
Mənsizlik lay-lay deyir
Sənsizliyə.

***
Adam boyda adamsan,
Küçə boyda küçəsən.
İçindəki adamdan,
İçindəki küçəyə,
Ümid boyda cığır var.
Hər gün sənçün darıxan,
Adam kimi yetim var,
Küçə kimi fağır var.

***
Bir ovuc daş kimi,
Günlər girib ömrümə.
Barmaqlarımın arasından,
Bir-bir düşür könlümə…

***
Uçdu gözlərimin yaş dənələri,
Getdi buludlara qondu,dayandı.
Düşdü buludlardan daş dənələri,
Gəldi ürəyimdə dondu, dayandı.

İmanım göylərə, ümidim yerə,
Gəlmişdim dünyadan gül dərmək üçün.
Tikanlar ömrümü nöqtələdilər,
Gedirəm, dünyanı güldürmək üçün.

***
Dənizlər, okeanlar,
Dünyanın saçlarıdır.
Torpaqlar canı, qanı,
Ağaclar qıçlarıdır.

İnsanlar sinəsində,
Döyünür ürək kimi.
İnsanlar ürəyində,
Görünür dilək kimi.

İçində külək əsir,
Nəfsində bulud yatır.
Yaxşısı hey tələsir,
Pisində umud yatır.

Gündüzü günəş adlı,
Həyatdı baxışları.
Gecəsi ay qanadlı,
Ölümdü göz yaşları.

Anamın əziz xatirəsinə

Mən gözümü açandan,
Gözüm sənə vurulub.
Görsənmisən bulaq tək,
Gözlərimdə durulub.

Ölən gündən,gözümdə,
O bulağa həsrətəm.
Sən ölməyə getmisən,
Mən ölməyə həsrətəm.

Yollar…Yollar

Körpə-körpə arzularım
Ürəyimdə qaldı, ana.
Sən məzara gedən gündən
Dərdin, qəmin ayrılığın
İçimdə yurd saldı, ana.

Sənsizliyin ağırlığı
Çəkilməyən yük kimidi.
Sənlə mənim aramdakı
Yollar daha tük kimidi…

Ünvanımız Şuşadı !…

Bu -biz,
Bu da səngər…
Burda hər əsgər
Qürurda elə bil bir uca dağdır.
Hər gün atdığı güllələrin
məsafəsi qədər yol gedir,
Şuşaya çatanda dayanacaqdır…

***
Gecə dilim-dilim
Doğrayıb ayı.
Yeyib-yeyib
Bir dilimin saxlayıb.
Damla-damla qanlarıdı
ulduzlar.

***
Mən özümdən uça-uça,
Gəlib sənə qonammadım.
Ürəyimi yontaladım,
Kədərimi yonammadım.

Sarı sevgi,sarı güldü,
Yarı sevgi,yarı güldü.
Kirpiklərin pərdə,tüldü
Gözlərimə,yanammadım.

Arzum qəmə şərik kimi,
Ruzum mənə ərik kimi.
Atı mindim,tərik kimin?
Qandım-qandım,qanammadım.

Bir arzu tutdum

Çəkdim gözlərimə səni bu gecə,
Payızın saralan havalarıyla.
Sənin sevincinlə, mənim qəmimin,
Uyuşa bilməyən davalarıyla.

Səni itirməyin qorxusu yoxdu,
Səni tapmağımın qorxusu qədər.
Mənim gözlərimin yuxusu yoxdu,
Sənin gözlərinin yuxusu qədər.

Gecənin içində gündüzü tapdım,
Hardasa gözümün yaşından keçir.
Yenə ürəyimdə bir arzu tutdum,
Sənin ürəyinin başından keçir.

Ana

İlk mətbu şeirim – 2006 iyul “Sözün işığı” jurnalı

Günəş olub başın üstə saçaram,
Çiçək təki yollarında açaram,
Uşaq kimi ağuşuna qaçaram,
Təki, məni yad etməyə gəl, Ana.

Bu ayrılıq bizə düşmən qurğusu,
Ağlımada gəlməzdi heç, doğrusu.
Nə yamanmış yetimliyin ağrısı,
Təki, məni yad etməyə gəl, Ana.

İstəyirəm, bu günümdə gələsən,
Əhvalımı gözlərinlə görəsən.
Zaur, sənsiz, gör nə çəkir, biləsən,
Təki, məni yad etməyə gəl, Ana.

***
Tarixim daşlardan pozulur, yaman,
Həqiqət min yerə yozulur, yaman.
Bəs niyə sorğuma hay vermir zaman,
Dilimi yandıran sözüm ağlayır.

Qalıb əsirlikdə Şuşam, Füzulim,
Xocalı dərdindən bükülüb belim,
Çatmır Kəlbəcərə, Ağdama əlim,
Dözürəm içimdə dözüm ağlayır.

Salam, kəndim

Gör nə vaxtdır səndən uzaq bir yerdəyəm,
Heç demirsən harda idin balam, kəndim.
Qəlbim yaman həsrət çəkib səndən ayrı,
Darıxmışam səndən ötrü qalam kəndim.

Yadındamı necə dəcəl uşaq idim,
O zamanlar hər bir şeydən uzaq idim.
Bax görürsən təzələndi köhnə dərdim,
Gəldim yenə səninlə bir olam kəndim.

Min xəyalla gəzdim səni qarış-qarış,
Qonaq oldum neçə yerdə çağrılmamış.
Kim gördüsə ehtiramla dedi alqış,
Söylədilər xoş gəlmisən, salam, kəndim.

Dedim hanı eşq bağçamda bülbül olan,
Həsrətimdən qəmli, solğun bir gül olan.
Yoxsa o da dönük çıxdı, oldu yalan,
Gəldim, onu toy eyləyib alam, kəndim.

***
Bu bahar sevgimiz çiçək açmadı,
Doyunca sevinib gülmədik yenə.
Əsdi aramızda soyuq küləklər,
Səninlə qovuşa bilmədik yenə.

Bu sevgi bağında bülbül olaydım,
Çiçəklər dövrəyə alaydı məni.
Sənin həsrətinlə hey oxuyaydım,
Nəğmələr yadıma salaydı səni.

Gözəl

Əlvida deməyə dilim də gəlmir,
Bilirəm nə vaxtsa görüşəcəyik.
Məhəbbət bağımda solan gülləri,
Yenidən göyərdib biz dərəcəyik.

Sən mənim ömrümə yaz tək gəlmisən,
Sevgi çiçəyini dərmişəm səndən.
Çəkdiyim həsrətlər yadımdan çıxıb,
Tək dərdim olmusan səni sevəndən.

Gecələr yuxumda görürəm səni,
Gündüzlər gəzsəm də görə bilmirəm.
Əlimi uzadıb nə vaxtdan bəri,
O qara telini hörə bilmirəm.

Sanma ki, Zaurun qəlbi incikdir,
Hər zaman tək səni anıbdır, gözəl.
Bir quşun budağa qonduğu kimi,
Eşqi də qəlbinə qonubdur, gözəl.

İLAHİ, görəsən, o qız hardadır?

Həmişə yanımda əzizdi xətri,
Ruhuma hopubdu bənövşə ətri,
Yaman darıxıram o, qızdan ötrü,
İLAHİ, görəsən, o qız hardadır?

Hər məni görəndə uşaqlaşardı,
Qaçaraq üstümə qucaqlaşardı,
Sevgisi bulaq tək aşıb-daşardı,
İLAHİ, görəsən, o qız hardadır?

Bir istək içimdə haray qoparar,
Məni məndən alıb ona aparar,
Bağlanar üzümə həsrət qapılar,
İLAHİ, görəsən, o qız hardadır?

Heç

Söz vaxtına çəkər deyən,
Söz vaxtına çəkmədi heç.
Öz bəxtindən inciyənlər,
Öz bəxtinə çəkmədi heç.

Doğmanında yadı varmış,
Zəhərində dadı varmış,
Soyuğunda odu varmış,
Köz bəxtinə çəkmədi heç.

Damarımda qan dayanmır,
Ürəyimdə can dayanmır.
Mən yanıram odda, yanmır,
Öz bəxtimə çəkmədim heç.

Əsgər çəkmələri

Hər addım atdıqca,
əsgər çəkmələrimdən səda gəlir:
-İstiqamət Qarabağ!
Qarabağa gedirik.
Mən bəzən yorulub
asta yeriyəndə.
Çəkmələrim ayaqlarımdan çıxıb,
Qaçmaq istəyir.
O yerimək yox,
Uçmaq istəyir.



Yazıya 386 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.