Musa müəllim tələsik evə qayıdır, lakin anası Sitarə xalanı evdə görmür. Tez-tələsik anasına belə bir məktub yazır: “Canım anam, mən sevimli gəlinini və nəvələrini gətirmək üçün şəhərə gedirəm.Bilirəm, sabah qonaqların çox olacaq.Sən çox sevirsən qonaqlar üçün gözəl və dadlı təamlar hazırlamağı..
Mənim sevdiyim balqabaqlı aşı və duzlu balığı bişirməyi unutma, mənim cəfakeş anam.Sabah axşamüstü saat beşdə, əzizlərinlə birgə qarşındayam əziz anam.Çox sağ ol, ana,əllərindən və gözlərindən öpürəm.”
O, yazdığı məktubu sona çatdırdı və soyuducunun qapısına yapışdırdı..Son dəfə həsrət dolu gözləri ilə evlərinə baxdı.
***
Bu gün bu kiçik məktub mənim əlimdədir,məktubu oxuduqca az qalırdı qəlbim dayansın.Oğuldan anaya yadigar qalan son arzu və son istək.Bu məktub məni uşaqlıq illərimə apardı.
Bir dəfə anamla bərabər rayon kitabxanasına getmişdik,bu bina olduqca köhnə bina idi.Anamın söylədiklərindən bilirdim ki,keçmiş zamanlarda bu bina rayon məscidinin binası imiş.Sovet dövründə bu bina Mədəniyyət evi üçün ayrılmışdı. Bina o qədər köhnə, o qədər kiçik idi ki,oraya ayaq basmaq istəmirdim.Bizim o binaya daxil olduğumuzu görən Sitarə xala əyləşdiyi stoldan ayağa qalxdı.O, olduqca səmimi, mehriban qadın idi.Onların evi nənəmgilin qonşuluğunda yerləşirdi.Anamı görən Sitarə xalanın çöhrəsinə gülüş qondu:
-Salam,Bənövşə, xoş gəlmisən.Səndən nə əcəb məni yad etdin?
– Sən bilirsən ki,mənim sənə xüsusi hörmətim vardır.
Mən sonradan biləcəkdim ki,Sitarə xala atamın dayısının həyat yoldaşıdır.Həyat yoldaşı dünyasını dəyişdiyi üçün o, kitabxanada baş kitabxanaçı işləyir,axşamlar isə evdə tikiş tikir, dərzilik edir və övladlarını böyüdürdü.Beləcə hamının sevimlisi idi, saf qəlbli Sitarə xala.
Anam:
-Salam, Sitarə bacı, xoş gördük.
-Xoş gününüzə gəlim-Sitarə xala söylədi və onlar yaxınlaşıb biri-biri ilə görüşdülər.Sitarə xala üzünü mənə çevirdi:
-Sən nə gözəl qızsan, yaxın gəl ,sənin üzündən öpüm-dedi və mən ona yaxınlaşdım.O, əyilib mənim yanağımdan öpdü və mən onun gözlərinə baxa-baxa onun dodaq izlərini yanağımdan sildim. Mənim bu yaramazlığımı görən Sitarə xala qəhqəhə ilə güldü:
-Qızım,mən də sənin kimi bu yaşımda belə yanağımdan kim öpürsə tez silirəm,unut qızım, bu xasiyyətini, çox pis vərdişdir.Mən gülümsəyərək onun üzünə baxdım,cavab verməyə utandım.
Sitarə xala ilə anam masa arxasına keçdilər, üzbəüz əyləşdilər, mən isə maraqla təmiz və səliqəli kitabxananı gəzməyə başladım.Buradakı səliqə-sahman məni heyran eləmişdi.Binanın çölü insanı qorxudurdu, amma otaq məni-az yaşlı qızı səliqə-sahmanı ilə ovsunlamışdı.
Onlar şirin-şirin söhbət edirdilər.Mən isə kiçik,lakin maraqlı şəkilləri olan bir kitaba baxırdım.Məktəbə getdiyim zaman biləcəkdim ki,bu şəkilli kitab “Şəngülüm,Şüngülüm və Məngülümün” nağılı olan kitab imiş.
Nəhayət, anamla Sitarə xala söhbətlərinə yekun vurdular və biz Sitarə xala ilə sağollaşıb evimizə gəldik.
Artıq böyümüşdüm,səkkiz yaşlı bir qız idim,bilirdim ki, Sitarə xalanın iki oğul övladı var.Sitarə xala min bir əzaba qatlaşaraq oğullarını böyüdürdü.O, sevgisini yalnız oğulları ilə paylaşmağı seçmişdi.Oğulları da analarını böyük və dərin məhəbbətlə sevir,analarının bir sözünü iki etməzdilər.İnsanlar bu ana və oğullarının bitib-tükənməyən sevgilərinə böyük həsəd aparardilar.
Artıq Sitarə xala özünü az da olsa xoşbəxt sana bilərdi. Böyük oğlu-Musa rəssamdır,Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyur,kiçik oğlu-Əflatun isə idman müəllimidir.
Musa rəssamlıq məktəbində oxuduğu zaman onları Azərbaycan Dövlət Dram teatrında İlyas Əfəndiyevin “Atayevlər ailəsi” tamaşasına baxmağa aparırlar.Və həmin tamaşada Musa Reyhan rolunda oynayan aktrisanın səsinə heyran olur.Gecə-gündüz bu səs bir an olsun belə onun qulaqlarından getmir.
Bir gün o,məktəbin dəhlizində söhbət edən iki qızın yanından ötüb-keçmək istəyərkən həmin aktrisanın səsini eşitdi sanki.Geri çevriləndə gözləri gecə kimi qaranlıq saçları olan bir qızın gözlərinə sataşdı.O,bir anlıq yerində dondu, addımını atmağa belə taqəti olmadı.Elə bu zaman Əhməd müəllim:
-Nazilə, səni direktor öz otağında gözləyir- deyə səsləndi.Ayaq üstə zorla dayanan Musa ecazkar səsiylə onu ovsunlayan qızın adının Nazilə olduğunu öyrəndi və o, zorla özünə gələndən sonra dərs otağına keçməyi bacardı.Söylənilənlərdən düşünmək olardı ki,uzun boylu, sarışın Musa atasına çəkmişdi.Musa yeridiyi zaman çox iri addımlarla irəliləyirdi,onun belə sürətli yerişini görən insanlar düşünürdülər ki, o, hər zaman harasa tələsir.
Nazilə də boyca Musaya yaraşan bir qız idi. Ona xüsusi gözəllik bəxş edən gecə kimi zil qara saçları kürəyinə səpələnmişdi.O,bu halıyla Musanı bir anda özünə heyran etmişdi.Artıq Musa əmin idi ki, bu qarabuğdayı tələbə qıza vurulmuşdu.Sirrini düz bir il hamıdan gizli saxladı, bu qıza aşiq olduğunu kimsəyə anlatmadı.Düz bir il Naziləni addım-addım izlədi, ev ünvanlarınadək,ailədə neçə insan olduqlarına qədər hamısını öyrənmişdi.Nazilə ailənin yeganə qız övladi idi,özündən başqa iki kiçik qardaşı var idi.Musanı yalnız bir maneə çox qorxudurdu, görən bu ərköyün qızı ona verərdilərmi?!Şəhərdə doğulub,şəhərdə böyüyən bu ərköyün qız,rayona gəlin köçməyə razı olardımı?!
Nazilə artıq hiss edirdi ki,bu uzunboylu,sarışın, rəssam oğlan onu izləyir, atdığı hər addımına göz qoyur.O, özünü bəzən çox xoşbəxt sanırdı,çünki ikisi də eyni sənətin insanları idi, onların rəssam fırçaları nələr yaratmağa qadir deyildi ki?! Yaradıcı insanların sevgisi belə, hər zaman qeyri-adi olur.
Artıq Musa son kursdaydı,könlünü açmalıydı ,Nazilə adli varlığa.O, yaşadığı rayona əminliklə ayaq basmalıydı və nəhayət, bir gün bütün tələbələri yenə teatra aparmışdılar.Yenə möhtəşəm tamaşa. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası- Həsənzadə və Nargilə məşhur cütlük.Baş rollarda korifey sənətkar-Əli Zeynalov və Amaliya Pənəhova. İnsanları ovsunlayan, amiranə, ecazkar səslər.
Təsadüfənmi və ya həqiqətənmi onların biletləri ardıcıl nömrələr olmuşdu?Onlar yanaşı əyləşmişdilər, bəzən düşüncələrini bölüşürdülər, nəhayət,bir-iki dəqiqəlik antrakt.Bu fasilədən Musa səmərəli istifadə etməliydi.Onlar teatrın foyesində birgə addımlayırdılar. Musa səsi titrəyə-titrəyə:
-Mən sənə aşiqəm, arzum səninlə evlənmək,ailə həyati qurmaqdır. Mənimlə evlənərsənmi?Yəni mənə həyat yoldaşı,anama gəlin olmağı qəbul edərsənmi?
Musadan eşitdikləri Naziləni çaşqına döndərdi, ilk dəfə ona eşq elanı edilirdi və bir anda edilən “Mənimlə evlənərsənmi?” təklifi oğlan xasiyyətli Naziləni çaşqına döndərdi. O, çox utancaq halda başını köksünə əydi və yalniz bunları söyləyə bildi:
– Mən sizə hə cavabı verə bilmərəm,çünki hələ mənim öndə bir ilim var.Əvvəl anamla məsləhətləşməliyəm,sizin sevginizə yox cavabı da vermirəm.
Nazilənin bu cavabı Musaya ümid verdi,o gülümsəyərək Nazilənin şölə saçan qara gözlərinə baxaraq:
-Mən tələsmirəm,siz neçə il gözlə desəniz,sizi gözləməyə hazıram.Ən böyük sevincim sizdən hə cavabı aldığım gün olacaqdır.Mən bu yolda ömrümün sonunadək sizinlə birgə yürümək istəyirəm.Sizin böyük sevginizə sahib olduğum gün ölsəm belə ürəyim uf deməz.
Musanın söylədiyi bu cümlə onun- yəni Musanın özü üçün də çox gözlənilməz oldu.
Nazilə biganə deyildi,bu uzun boylu,sarışın oğlanın sevgisinə,lakin qız bicliyi ilə Musaya bir az əzab vermək istəyirdi.Amma cidani çuvalda gizləmək olmurdu.Nazilə sevgidən alışıb-yanan gözlərini Musadan gizləyə bilmədi və gizləyə də bilməzdi.
Nəhayət, bütün tələbələr bu sevgidən xəbərdar oldular, hamı həsədlə baxırdı Nazilə-Musa sevgisinə.Az qalırdı onların bitib-tükənməyən sevgisini daşlara,qayalara yazsınlar tələbə yoldaşları.
Günlərin bir günü rayondan Bakıya üz tutan maşın karvanında gələn insanlar Nazilə üçün nişan gətirmişdilər.Nazilə rəssamlıq məktəbini bitirdiyi il toylarını etdilər,onun təyinatını gəlin köçdüyü rayona verdiler.O,həmin rayonun məktəblərinin birində rəsm müəllimi kimi fəaliyyətə başladi.
Musa rayonun yeni tikilmiş Mədəniyyət evində rəssam,həm də məktəbdə rəsm müəllimi işləyirdi.
Sitarə xalanın uçmağa qanadı yox idi, artıq o,həm xoşbəxt ana,həm xoşbəxt qayınana idi.Gəlin-qayınana can deyib,can eşidirdilər.Hamı onların xoşbəxtliyinə qibtə edirdi.Sitarə xalanı sevən insanlar onun bu firavan həyatı üçün Allaha şükür edirdilər.
Bir ildən sonra Musa müəllim ata,Nazilə müəllimə ana, Sitarə xala nənə,Əflatun müəllim əmi olmuşdu.Rəşad adlı bir nəvə,bu evə yeni səadət, xoşbəxtlik,firavan həyat bəxş etmişdi.
Ailə üzvləri sanki bu bəxtəvərlikdən qanad taxıb uçurdu,özlərini heç bir zaman belə xoşbəxt,firavan hiss etməmişdilər.
Nazilə müəllimə ikinci övladına hamilə idi.Sitarə xala deyib-gülür,fərəhindən uçmaq istəyirdi.İki oğlu,iki döyünən ürəyi sanki onu xoşbəxtlik gəmisinin kapitanı etmişdilər.
Artıq qardaşlar özləri üçün yeni ev tikməyi qərarlaşdırırdılar.Bir gün Musa müəllim rayonun baş arxitekturunu evlərinə dəvət etdi, tikmək istədikləri yeni evin layihəsini layihələşdirməyi ondan xahiş etdi.Baş arxitektur rayonun hörmətli ailəsinin üzvlərinin irəli sürdüyü təklifi böyük həvəslə hazırladı və onlara tikəcəkləri ev üçün uğurlar diləyib,xeyir-dua verdi.
İsti avqust ayının son günləri idi.Nazilə müəllimə ikinci övladını dünyaya gətirmək üçün, şəhərə-anasının yanına gəldi.Artıq ikinci övlad-Leyla dünyaya gəlmişdi.
Sevinən bütün insanlar Sitarə xalaya göz aydınlığı verirdi.Sitarə xala sevinc dolu günlərini yaşayırdı.Həm iki nəvə sahibi idi,həm də yeni ev tikməyə başlamışdılar.
Oktyabr ayının əvvəlləri idi.Musa müəllim, Nazilə müəllimə ilə övladlarını rayona gətirmək üçün Bakıya gəlmişdi.Bütün qohum-əqrəba bilirdi ki, bu gün axşamçağı Musa müəllim öz ailəsi ilə birgə evdə olacaqlar.Hamı onların gəlişini həsrətlə gözləyirdi.Sitarə xala yemək bişirmiş ,gələn qohumlarının yardımıyla gözəl masa bəzəmişdi.Musa müəllimin çox sevdiyi balqabaqlı aşı dəmləməyi unutmadı biçarə ana.
1977-ci il oktyabr ayının 7-si, axşamçağı saat 8 olduğundan hamı təlaşa düşmüşdü.Bakıdan rayona gələn maşının cəmi üç saatlıq yolu vardı,amma bu maşın gəlib Sitarə xalanın qapısı önünə çatmirdı.İnsanlar artıq təlaş içindəydilər, yalnız bunu bilirdilər onlar evdən saat dörddə çixiblar.
Baki-Astara magistral yolunda, evlərinə çatmağa cəmi on beş dəqiqəlik məsafədə, sürücünün yuxuya getməsi nəticəsində dəhşətli avtomobil qəzası baş verir.Həmin saniyə sanki o rayonda həyat bir anlıq dayandı.İnsanlar utandıqlarından nəfəslərini belə almaq istəmirdilər.
Nəhayət, gözlənilən maşin Sitarə xalanın qapısı önünə gəldi.Bu maşın Musa müəllimi və ailəsini canlı gətirən maşın deyil,qara maşın adlanan “Təcili Yardım” maşını idi.Həkimlər belə bu maşından enib Sitarə xalanın qapısını döyməyə xəcalət çəkirdilər, Nə müsibətli gün idi bu gün. Bəli,qara maşının adı kimi səsi də çox qorxulu olur,qonşular tək-tək bu uğultuya bayıra çıxdılar.Təcili yardım maşınının sürücüsü üzünü qonşulardan birinə tutaraq titrək səslə:
-Qardaş,biz bu dəqiqə həyəcandan çox pis vəziyyətdəyik, Sitarə adlı qadının evini tapa bilmirik. Məhlədən gələn maşın uğultusuna Sitarə xala və onlarda olan qohumlar hamısı məhləyə çıxmışdılar.Elə bu zaman Sitarə xala bir qiyyə çəkdi ki,insanların nitqi tutuldu:
-Mənəm Sitarə!!!-Dünyagörüşlü ana bilirdi bu maşın nə üçün gələr insanın qapısına,
– Söyləyin, neyləyirsiniz məni!!Onsuz da neçə saatdır ölüb-dirilirəm.Hər zaman bu qara maşından qorxmuşam, söylə nə gətirmisən bu maşında mən qarabəxtin qapısına?Bu maşının uğultusu belə insanı məhv edir.
Maşından enən həkim:
– Bizi bağışlayın,Sitarə xala, bizim heç bir günahımız yoxdur-söylədi və Təcili yardım maşınının arxa qapısını açdı. Biçarə ana gözləriylə nələr görmədi, yalnız bunu söyləyə bildi:
-OĞULLL, MUSAMMM!!!!!!!!!Bu nə gəlişdir, ay oğul?! Qalxın ayağa! Mən zülm çəkərək səni bu gün üçün böyütmüşdüm??!!!!Sizdə heç insaf yoxdurmu, nə yaman dərin yuxuya gedibsiniz, ay balaaa?!Biz həsrətlə sizin yolunuzu gözləyirdik, bayaqdan üç saatın həsrətinə dözə bilməyən mən, biçarə illərin ayrılığına necə dözəcəm????
Bir gündə üç cəsəd gəldi biçarə Sitarə xalanın qapısına.Ölənlər arasinda balaca Rəşadı tapmayan ana yenidən fəryad etdi:
-Bəs Rəşadım hanııı???Ölüdürsə, ölüsünü istəyirəm!!!Diridirsə,dirisini verin!! Hanı mənim balalarım, ey zalım fələk?Nə pislik etmişdim sənə, Allahım. Yorulmadın məni imtahan etməkdən.Öldür mən biçarəni, ey böyük yaradan,mən bu acılara dözə bilmərəm.İnsafdırmı?! Mən balalarımın yolunu -canlı insan yolu gözləyirdim,bir anda mənə cansız cəsədlər göndərdin, yan, ay ana, yannn!!!!!!!
Ananın bu halı həkimləri təşvişə saldı, insanlar biçarə ananı cəsədlərdən qopara bilmirdilər.Yer, göy,insanlar belə qan ağlayırdılar.Sevinən yalnız zalım fələk idi.
Tibb işçiləri qaranlıq gecədə körpə Rəşadı yol kənarından tapmışdılar.Hamı sevinirdi ki,bəlkə Allah rəhm eyləyə,məhv olmuş ailədən bir övlad yadigar qala…Burada söyləyiblər, sən saydığını say, gör zalım fələk nə sayacaq.
Səhərdir, insanların əlində əlac olsaydı o səhərin açılmasına belə izn veməzdilər,çünki bu gün üçün hamı xəcalət çəkirdi.
Artıq hamı oyanmışdı,meyidləri yumağa apardıqları zaman tibb bacısı həyətə daxil oldu.Yaşlı tibb bacısı günahkar insan kimi başını köksünə əymişdi.Çünki onun qucağında ağ parçaya bükülmüş daha bir cəsəd gəlirdi,əsl faciə bundan sonra başlandı.Bir gündə bu həyətdən dörd cəsəd çıxdı. Yazıq ana ,biçarə qardaş …Onları dörd tabutdan zorla ayıra bildi insanlar.
Bu cəsəd sahiblərinin ən böyüyü cəmi iyirmi dörd il, kiçiyi isə cəmi iki ay ömür sürmüşdü…
Bəli, bu məzarlıq bir gündə bir ailənin dörd üzvünü aldı öz ağuşuna.Dörd məsum insanın ömrünə bir nadan sürücünün əliylə son verdi zalım fələk.
Bu məzarda sakit-sakit uyuyan ata-Musa müəllim,ana-Nazilə müəllim, övladları iki yaşlı-Rəşad və iki aylıq-Leyla sizi bir gün olsun belə unuda bilmirik.
Epiloq:
Bu gün mənim yolum onların evinə düşmüşdü .Könlümdən Sitarə xalanı görmək keçdi,bu gün 7 oktyabr olduğunu unutmuşdum.Düz 43 ildir ki, hər il oktyabr ayının 7-sində Sitarə xalanın evində ,övladı Musa müəllimin sevdiyi balqabaqlı aş dəmlənməlidir,çünki Musa müəllim Bakıya gedərkən anasına yazdığı son məktubunda onun sevdiyi yeməyi hazırlamağı istəmişdi.Üzünü mənə tutan Sitarə xala:
-Qızım, bu aşı oğlumun ruhunun şad olması üçün bişirirəm.Bununla özümü təsəlli edirəm, bu aşdan dadan hər bir insanı oğlum,gəlinim,nəvələrim sanıram.Buyur,bu gün bu aşdan dadmaq sənin də qismətində varmış.
Mən o aşdan zorla bir-iki qaşıq yeyə bildim.Yediyim yemək ilişərək boğazımda qalmışdı,udqunmağı belə bacarmırdım. Düz qırx üç ildir ana qapısına çatacaq maşını gözləyir, amma o maşın gəlib bu qapıya çata bilmir.
Təkliyə dözə bilməyən biçarə ana övladlarının ilindən sonra oğlu Əflatun müəllimi əmisi qızıyla evləndirir.Onlar ilk övladlarına Nazilə adını verirlər.Kiçik Nazilə böyüyüb müəllimə olur.Onlar Musa müəllim və Nazilə müəllimənin bütün arzu və istəklərini layiqincə həyata keçirirlər.Rayonun baş arxitekturunun hazırladığı layihə əsasında təməli qoyulmuş evin tikintisini başa çatdırırlar və Musa müəllimin arzuladığı arzuyla bu tikilini təmir etdirirlər.
Əflatun müəllim və Dilguşə xanım,Sitarə xalayla birgə o evdə üç övlad,üç nəvə toyu
ediblər.
Sitarə xalanın bu evdə ən böyük dünyası böyüyürdü. O dünya Allahın onlara bəxş etdiyi kiçik “Nazilə dünya”sı idi.Bu balaca qızla, yəni Nazilə ilə nəfəs alıb-yaşayırdı, Sitarə xala. Kiçik Nazilə böyük Nazilənin yolunu davam etdirərək müəllimə işləyirdi.
Bəzən Sitarə xalanın gözlərinə onları göydən seyr edən dörd mələk görsənir.Ona elə gəlir ki, o mələklər onun övladları Musa müəllim,Nazilə müəllimə,Rəşad və balaca Leyladır.
Mənsə belə söylərdim: onlar bir-birini saf sevgiylə sevən, iki övladları ilə birgə Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərdir……
Yazıya 316 dəfə baxılıb