Tahir Tahiroviç – Dostuma məktub…

 


 

O, bir müəllim qədər təhsilli, futbolçu qədər savadlı, əmi kimi istiqanlı, dayı kimi qayğıkeş, dost kimi yanarürək idi. Sadaladığım mövqelərdə kişi kimi mərd idi. Ədalətsizliyə dözməzdi. Heç nədən çəkinməyib mövqeyini ortalığa qoyardı. Əliaçıq adam idi. Maddi və mənəvi köməyi heç kimdən əsirgəməzdi. İşlədiyi yerdə arada ona qarşı çox haqsızlıqlar olurdu. Amma və lakin heç vaxt özünü sındırmazdı. İctimai-siyasi, ədəbiyyat, idman və istənilən sahədə çox şirin söhbətləri olardı. Koloritli adam olaraq həmişə işıq saçardı. Məzəli zarafatları var idi. Kimi onunla tanış edirdim, çox qəribə bir baxışla onu süzüb sakitcə qulağıma deyərdi, :
– Tahir bu adam Oleq Bloxini və ya Vitali Daraseliyanı tanıyır ?
Yevlaxa hər dəfə gedəndə onu görmədən keçmək olmurdu. İndi mənə Yevlax çox soyuq və biganə görünəcək. Bu yazını yazanda həmişə masamın üstündə olan fotosuna baxıb kövrəlməyə bilməzdim. Mən çox sevinirdim ki, oktyabr ayından Yevlaxda “Eltv” də çalışacam və onu tez-tez görəcəm. Amma qocaların bir sözü var “Allah baiskara lənət eləsin”.
Siz mənim üçün əbədi Həsən müəllim olaraq qalacaqsız. Yevlaxın küçələrində sizi axtaracam. Təbii ki, həyat fanidir. Məni bu günə kimi Yevlax qəbiristanlığına aparacaq bir qəbir olmayacaqdı. Amma indi sizi görmək üçün məzarlığa getməliyəm. Fiziki olaraq anmaq üçün. Mənəvi tərəfdən həmişə ürəyimdəsiniz.
Çox qəribədir. Ölüm xəbərini eşidəndə bir fikir yadıma düşdü. O adam xoşbəxtdir ki, onu əzizlərindən də çox sevən adamlar olur. Mən sizi çox sevirdim.
İmkanım olsaydı, Allahla danışığa gedib sizə daha on il əlavə ömür alardım. Çox təəssüflər olsun ki, Allah bizi eşitməz.
İndi məni bir şey azda olsa rahatlada bilər. Sizinlə Yevlax şəhərində əyləşib nahar və şam etdiyimiz məkanlarda sizi xatırlayım. Şirin ləhcənizlə “Qardaş necəsən” dediyiniz səsinizi yada salım.
Sonda sizi qınayıram ki, məni niyə tərk etdiz. Bunu sizdən gözləməzdim.
Mənbə: Moderator.az

Yazıya 597 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.