(Gəraylı)
Qəmdən açılmadı başım,
Gülməyə vaxtım qalmadı.
Övladıma həsr elədim –
Ölməyə vaxtım qalmadı.
Qəmdən yayına-yayına
Düşdüm canımın hayına.
Vətənimin harayına
Gəlməyə vaxtım qalmadı.
Eynulla əyər başını,
Yeyər ayrılıq aşını…
Məzlumların göz yaşını
Silməyə vaxtım qalmadı.
Dağlar
(Qoşma)
Yenə bahar gəlib, min-bir naxışla
Vurmusan özünə bər-bəzək, dağlar.
Axarlı-baxarlı zirvələrində
Tut qolumdan mənim, bir gəzək, dağlar.
Öz balandır həsrət qalan gülzara,
Bir daha görməmiş getməz məzara.
Talada yetişək bir çəmənzara,
Əyilib ətirli gül üzək, dağlar.
Köçkünəm, Kəbəm də, qibləm də dağdır,
Könlüm ondan doymaz, neçə ki, sağdır.
Mən qılınc götürüm, sənsə daş yağdır,
Düşmənin başını gəl əzək, dağlar.
Dağınıq başımdan fikir üzülməz,
Yenə də dilimdən şükür üzülməz.
Müqəddəs adına zikir üzülməz,
Demə Eynullaya gəvəzək, dağlar.
Yaxam əlində
(Təcnis)
Yerlə yeksan olub bezirəm candan
Qaldıqca nadanın yaxam əlində.
İlahi qıymasın qalam ömürlük
Ya naşı əlində, ya xam əlində.
Sığın qucağıma, məni qalan san,
Sən ki yaddaşımda daim qalansan.
Nadanı əfv etmə – oda qalansan,
Yandır amalın da, yax əməlin də.
Doxan iki, on səkkiz may – şər yaz a!
Gözəl günlər gedib çıxdı şər yaza.
Bir alçaq ki, böhtan deyə, şər yaza,
Dağlayam dilin də, yaxam əlin də.
Yazıya 480 dəfə baxılıb