İnsanın necəliyi kökdən gəlir. Tapdıq kişinin kökü də təmiz idi. Ata-babası xeyirxahlığı özlərinə peşə eləmişdilər. Övladlar da görüb-götürür, onlara oxşamağa çalışırdılar.
Neçə illərin sözü-söhbətidir. Kənd qəbiristanlığının nizamı pozulmuşdu. Yan-yörəsi açıq olduğundan mal-qara qəbiristanlıqda gəzib-dolaşır, bəzən buralarda otlayır, bu müqəddəs məkanı zibilləyirdilər. Bəzi qəbir daşları da öz görkəmini itirmişdi, dağılanları da vardı.
O vaxt-vədədə Tapdığın vur-tut 30-35 yaşı olardı. Hay eləyib kənd əhlini kluba yığdı. Bu klub da çoxdan idi adam-insan üzünə həsrət idi. Bu qədər camaatı görüb klub da sevindi. Gələnlər əyləşdilər. Tapdıq sözə başladı:
-Ay sağ olmuşlar, özümçün, öz qohum-əqrəbam üçün demirəm. Kənd qəbiristanlığı yaman gündədir. Yığılıb onu qaydaya salaq, yan-yörəsini hasarlayaq, ya da dəmir barmaqlıqlara salaq ki, mal-heyvan oralarda dolaşmasın. Rəhmətliklərin də ruhları şad olar.
Tanrıverdi soruşdu:
-Deyirsən yəni nə edək?
-Deməyim odur ki, pul yığaq, dediyim işləri görək.
Kimsə yerindən:
-Yaxşı təklifdir, – dedi.
Tanrıverdi Xudaverdiyə sarı dönüb:
-Bu Tapdıq ya xərifləyib, ya da kasıblayıb ki, bizə belə bir təklif edir. Yığılacaq puldan özü üçün qatlamaq istəyir.
Xudaverdi də tez:
-Amma yaman dedin, yoxsa buna nə düşmüşdü ki, bizi bura yığıb, – deyə bildirdi.
Xudaverdi üzünü Osmana döndərdi. Osman ağzı açıla, gözləri yumulu yerində donub qalmışdı. Xudaverdinin səsindən diksindi:
-Ay Osman, bu Tapdıq nə danışır?
Məsələdən bixəbər Osman soruşdu:
-Nə deyir o Tapdıq, ay Xudaverdi? Məni bayaqdan yuxu aparıb, eşidə bilmədim.
-Həə, deyir pul yığaq.
-Niyə yığaq? Haradan yığaq. Pul var?
-Yəni deyir ona pul verək, bu da bizim qəbiristanlığımızı düzəltsin. Özümüzə nə gəlib, ölmüşü məgər ki, bu düşüb ortaya?!. Guya oraları bizim pullarla qaydaya salacaq, yarısını da qoyacaq başının altına, ye ki yeyəsən. Biz hərifik məgər buna pul verək?!
Osman bu dəfə gözlərini də açdı, ağzını da:
-Ay rəhmətliyin oğlu. Bizim özümüzə pul lazımdır. Qış tədarükü görməliyik, odun almalıyıq, mal-heyvana ot tapmalıyıq.
Tanrıverdinin səsi gəldi:
-Biz də onu deyirik də.
Tapdıq oturanlara müraciətlə:
-Camaat indi nə deyirsiniz? İşə başlayaqmı?
Xəlil dilləndi:
-Niyə də başlamayaq?! Orada əzizlərimiz yatır.
Bəkir də tərəfdar çıxdı:
-Heç belə şeyləri soruşarlar?
Ocaqqulu, Tanrıverdi, Xudaverdi, bir neçə nəfər də başqa adam hay-küy salıb dedilər ki, qəbiristanlığı qaydaya salmağa ehtiyac yoxdur. Tapdıq və onun tərəfdarları çəkilib durdular bir tərəfdə.
Tapdıq sakitləşə bilmirdi. Odur ki, götürüb yuxarı təşkilatlara bir məktub yazdı. Qəbiristanlığın vəziyyətini təsvir etdi, maddi kömək istədi.
Az sonra cavab gəldi. Onun xahişi yaxşı qarşılanmışdı. Tapdığın ünvanına pul yola salındı, həmin işi görmək ona həvalə olundu. Tapdıq bu barədə camaata məlumat verdi. Fəhlə tutdu, material aldı, işə başlanıldı. Cavanlar da köməyə gəldi. Tezliklə qəbiristanlıq yaxşı bir hala gətirildi, qəbir daşları səliqəyə salındı, dağılmış qəbirlər bərpa olundu, yan-yörə otdan, daş-kəsəkdən təmizləndi, qəbiristanlığın ətrafına dəmir barmaqlıq çəkildi, barmaqlıqlar rəngləndi, qəbiristanlığa darvaza qoyuldu.
Ayrılan puldan qalmışdı. Tapdıq qəbiristanlığın əvvəlki və təmirdən sonrakı görkəmini fotoaparatla, video ilə çəkdirdi. Yenə camaatı kənd klubuna topladı və məlumat verdi:
-Hörmətli kənd əhli, qəbiristanlıqda görülən işlər başa çatdı. Sağ olsun ölkə rəhbərliyi, köməyimizə çatdı. Bax bu şəkillər qəbiristanlığın əvvəlki və hazırkı durumunu göstərir. Təmir üçün ayrılan puldan bir qədər qalıb. O pulu da, bu şəkilləri də göndərirəm pulu ayıran təşkilata.
Osman, Tanrıverdi, Xudaverdi bir-birinə baxdılar. Tanrıverdi pıçıldadı:
-Ə, bunun başı xarab olub. Pulu da geri qaytararlar?
Amma bunu klubda açıb ağartmadılar. Tapdıqla təklikdə həll etməyi üstün tutdular.
Elə də etdilər. Ərinməyib Tapdığın evinə getdilər. Onların qarşısına çay, sonra yemək qoyuldu. Onlar gəlişlərinin səbəbini dedilər:
-Sən gəl o pulu geriyə göndərmə. Dördümüzün arasında bölək.
Tapdıq razılaşmadı. Osman, Tanrıverdi, Xudaverdi kor-peşman, narazı çıxıb getdilər.
Kəndin su problemi vardı. Qadınlar gedib xeyli uzaqdan içməli su gətirirdilər. Bunun qızmar yayı, şaxtalı qışı vardı. Qız-gəlin çox əziyyət çəkirdi. Kişilər öz işlərində idilər. Veclərinə deyildi. Çayxanada gün keçirirdilər. Cavanlar da yaxın gəlmirdilər.
Yenə Tapdıq işə qarışdı. Kənd camaatından kar aşmadığını görüb yuxarılardan imdad dilədi. Onun ünvanına pul göndərildi ki, kəndin su probleminə bir əncam çəksin.
Dağlardan, bulaqlardan kəndə su çəkildi. Hər 3-4 evdən bir küçədə su krantı qoyuldu. Qız-gəlinlərin sevinci aşıb daşırdı. Əziyyətdən, su daşımaqdan canları qurtarmışdı. Hamı Tapdığa duaçı idi.
Tapdıq oturub yenə hesabat hazırladı, fotolar çəkdirdi, su xətlərinin, krantların şəklini çəkdi, xərclənən pulun miqdarını yazdı, qəbzlərini, xərclənməmiş pullarla, fotoları bir zərfə qoyub kənd poçtuna gəldi.
Osman, Tanrıverdi, Xudaverdi özlərini çatdırdılar:
Bu dəfə Xudaverdi dedi:
-Tapdıq, sən cavansan, ağzın isti yerdədir. Əlinə pul düşüb, niyə qədrini bilmirsən. Onu niyə qaytarırsan?
Osman dilləndi:
-Xudaverdinin sözünə qüvvət. Gəl o pulu aramızda bölək. Sənin dövlətin kasıblamaz.
Tapdıq zərfi poçtun müdirinə verib:
-Bunları yola sal, – dedi. -Mənə də qəbz ver ki, göndərdin.
Tanrıverdi onun əlindən tutdu:
-Sən bizə qulaq as. Tərsliyinə salma.
Tapdıq əlini çəkdi:
-Yox, mən vicdanıma tüpürə bilmərəm.
Tapdığın hərəkəti, onların sözünü qulaq ardına vurmağı Osman, Tanrıverdi və Xudaverdini bərk qəzəbləndirdi. Götürüb Tapdıqdan şikayət ərizəsi yazdılar. Bildirdilər ki, Tapdıq yalan deyir. Hesabatı saxtadır. Əslində o, dövlət əmlakını mənimsəyib. Məlumat verdiyindən az pul xərcləyib, qalanını cibinə qoyub. Sizə pulu göndərməyi də gözə kül üfürməkdən başqa bir şey deyil. Belə edib ki, guya düz adamdır, ona inanasınız.
Yoxlama tökülüb gəldi. Baxdılar ki, heç bir yeyinti olmayıb, Tapdığın hesabatı düzdür. Komissiya üzvləri Osman, Tanrıverdi və Xudaverdini çağırtdırıb onlara dedilər:
– Kənd qəbiristanlığını qaydaya salan, kəndinizə su çəkdirən bu adama təşəkkür etməkdənsə, ona minnətdar olmaqdansa, şər atırsınız. Ayıb olsun sizə!!!
Bakı, 22 fevral 2021-ci il
Yazıya 265 dəfə baxılıb