AKİF ABBASOV – BABAM YATACAQDISA…

akif abbasov(hekayə)

Rəşid Ayseli, Aysel də Rəşidi cani dildən sevirdi. Qət etmişdilər ki, evlənsinlər. Amma pandemiya dövrü idi. Çölə-bayıra iki saatlığa SMS-lə çıxmaq olurdu. Karantin elan olunduğundan on nəfərdən artıq adamın bir yerə toplaşmasına icazə verilmirdi, o da maska ilə. Rayondan rayona getmək yasaq idi. Deyirdilər istilər düşən kimi virusun başına daş düşəcək. Fəqət istilik az qala əlli dərəcəyə çatsa da  adına korona deyilən taclının vecinə də olmadı. Balaca boyuna baxmayaraq, adamları böyrü üstə yıxaraq ya canlarını alırdı, ya da neçə gün yatağa salıb bağırdır, nəfəsini təngidirdi.

Rəşid Ayseli, Aysel də Rəşidi cani dildən sevirdi. Amma nə olsun? Ölkədə karantin elan olunmuşdu, nişana, toya icazə yox idi. Heç yas yerinə də yığışmağa qoymur, cərimə edirdilər.

Rəşidlə Aysel Covid-19-un ölüb qurtarmasını gözləməkdəydilər. O isə ölmür, öldürürdü,  hər tərəfi iflic etmişdi. Heç olmasa nişanlana bilsəydilər. Onda bir-birinin evinə ayaq aça bilərdilər. Daldada, küçədə, parkda  nə qədər görüşəcəkdilər?!

Arada yumşalma oldu. SMS götürüldü. Amma Ayselin babası uzaq dağ rayonunda yaşayan oğlunun yanında idi. Yollar bağlanmışdı. Gediş-gəliş kəsilmişdi. Gizli gəlmək istəyənləri də saxlayıb sürücü qarışıq cərimə edir, sonra  geri qaytarırdılar.

Aysel deyirdi:

-Babam gəlib çıxmasa, elçidən söz gedə bilməz. Yoxsa qırğın salar.

Rəşid narazı qalsa da,  özünü birtəhər saxlayırdı.

Covid-19 tüğyan edirdi. Toy, nişan məclisləri bir il idi ki, keçirilmirdi. Camaat çəmini tapmışdı. Oğlan evi ilə qız evi sözləşir, qız zurna-balabansız gəlin köçürdü. Oğlan bəylik geyimində qız evinə gəlir, gəlinlik paltarı geymiş qızın qolundan tutaraq, maşına mindirir, evinə aparırdı.

Vaxtilə qaz vurub qazan dolduran şadlıq evi sahibləri baxa-baxa qalmışdılar. Musiqiçilər, müğənnilər də dilxor idilər, mayadan yeyir, bir zamanlar qazandıqları pulları xərcləyirdilər.  Dəbdə olmayan muğənni və musiqiçilər isə, korluq çəkirdilər.

Rəşid axırda dözə bilməyib Ayselə:

-Gəl səni qaçırım…

Aysel daş atıb başını tutdu:

-Nə danışırsan? Ömründə ola bilməz.

Rəşid yenə cəhd etdi:

-Onda gəlinlik paltarını gey, gəlib ata-anandan səni istəyim, razılığını alıb evimizə gətirim. Başqa yolumuz qalmayıb.

Aysel:

-Elçisiz, filansızmı? – deyə soruşdu.

Rəşid aydınlıq gətirdi:

-Demirlər ki, on nəfərdən çox adam bir yerə toplaşa bilməz?

Aysel təsdiq etdi. Rəşid:

-Uzağı dörd-beş adam elçi gələr. Razılığın alınan kimi, vuraram səni qoltuğuma, gətirərəm evimizə. İndi çoxları bu şəkildə, yəni çalğısız gəlin köçür. Nə etməli, bəxtimizə belə yazılıb? Bu pandemiyanın nə zaman sona yetəcəyini heç kim bilmir. Hətta Donalt Tramp da səhvə yol verdi. Deyirdi ki,  guya keçən ilin dekabrında Covid-19 dəfn olunacaq. Dediyi olmadı, özünü atdılar kənara.

Aysel təlaşda:

-Bəs babam? Babamsız evimizə elçi gələ bilməz.

İşə Rəşidin valideynləri qarışdılar. Ayselin ata-anası da qızlarının sevdasından xəbərdar idilər. Gedib bir yolla babanı dağ kəndindən gətirdilər.

Elçilər gəldilər, söhbətlərini etdilər, qızı Rəşidə istədilər, razılıq aldılar. Oğlanla qızın barmağına nişan üzüyü taxıldı. Elçilər şirin çay içib ayağa qalxdılar. Bu vaxt baba yerindən durub qapıdan çıxmaqda olan qonaqları göstərərək arvadı Südabədən soruşdu:

-Südabə, onlar kim ola? Nə əcəb gəlmişdilər? Bə niyə oturmayıb getdilər?

Südabə qarı  təəccüblə ərinə baxaraq:

-Kül sənin ağlına, indi soruşursan? Elçi idilər, Ayseli verdik, getdi.

Baba eynəyini düzəldərək:

-Bu necə olan işdir? Boy bə niyə mənim  xəbərim olmayıb? Bə mənə niyə deməmisiniz?

Bu dəfə Südabə qarı təəccüblə ərinə baxdı.

-Demək necə olur? Məgər stolun başında oturan sən deyildin?

Məlum oldu ki, baba yüz kilometrlərlə yol gəlib yorulubmuş. Stolun arxasına keçən kimi, onu yuxu aparıb. Qonaqlar gəlib gedənə kimi şirin yuxuda olub.   Qalın şüşəli eynək taxdığından yatdığını bilməyiblər.

Aysel bab ilə nənənin sözləşdiyini görüb yaxınlaşdı. Yavaşca xəbər aldı:

-Nənə, nə olub?

Südabə qarı babanın sözlərini Ayselə çatdırdı. Aysel:

-Ay nənə, -dedi, -işə bax. İki aydan çox idi babamın gəlişini gözləyirdik. O   isə stolun arxasına keçən kimi yatıb. Nişan mərasimində babam yatacaqdısa, bəs niyə sərasər bir ay onu gözləmişik?   Qəribə işlər olur. Nə dəyişdi ki?

                                   Bakı şəhəri,  21 mart 2021-ci il

 

Yazıya 222 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.