İfşa qatarına bir durna da qoşuldu – Pərviz Axund yazır…

83481645_2990682627696156_7564902576219488256_nİnternetdə saz ifaçısı Namiq Fərhadoğlunun bir qadınla olan əxlaqsızlıq motivli gizli səs yazısını dinlədim. İçərimdə hansı təlatümlər baş verdi, bunu bir Allah bilir, bir də mən. Çox sarsıldım. Ona görə yox ki, Namiqin əxlaqsız hərəkətini ona sığışdıra bilmirəm və ya Namiq sanki fövqəlbəşər bir adamdır mənim üçün. Qəti şəkildə! O heç bir halda mənim sevdiyim adam olmayıb. Yoldan ötən, sənət cameəsinə təsadüfən, özü də bacadan düşən ortabab saz ifaçısı özünü sənətkar kimi aparanda bütün sənətsevərlər kimi, mənim də qanım qaralır. Üstəlik, Namiq dayaz və savadsız adamdır. Nə aşıq sənətinə dair bilgisi var, nə də səhnədə özünü apara bilir. Bütün bunları qoyuram bir kənara.

Mənim məsələm bu adamın zahiri deyil, batinidir. Savadsızlıq da həll olunan məsələdir, davranış qaydaları da. Amma simasızlıq elə bir nəsnədir ki, dünyanın bütün təbibləri yığışsa, əlac edə bilməz. Simasızlıq insanın mənfi xarakterini biruzə verən aynadır və yeganə amildir ki, sən necəsənsə, olduğun kimi göstərə bilir.

Sözügedən səs yazısında Namiq bir qadına təcavüz etməyə çalışır. Qadınsa müdafiə olunmağa cəhd göstərir. Təbii ki, burda o qadın barədə də nəsə demədən keçmək olmur. Məsələn, sən hardan bilirdin ki, Namiq bu hərəkəti edəcək – telefonun diktafonunu qoşub səsini yazmısan? Sən özünü ona necə tanıtmısan ki, o, sənə təcavüz etməyə bu qədər normal şəkildə girişir, hətta heç kimi vecinə almadığını deyir? Onun belə olduğunu bilirdinsə, niyə yenidən onun yanına getmisən? Demək, ortada intriqa var, toqquşan maraqlar var. Yəni qadın da özünə görə deyil. Bunu qoyaq bir kənara, qayıdaq baş qəhrəmanımızdan danışaq.

Hardansa belə bir fikir oxumuşdum: “Xəyanət etməyən kişi yoxdur, sadəcə bacarmayan, fərsiz kişi vardır.” İndi hansı kişi deyə bilər ki, əlimə belə bir fürsət keçib, amma dəyərləndirməmişəm. Qadın yazar dostlarımızdan biri müsahibələrinin birində kişilər haqda əmin şəkildə belə bir cümlə işlətmişdi: “Kişilər, əlbəttə ki, xəyanətkardırlar!” Baxmayaraq ki, özüm çox da elə işlərin adamı deyiləm, amma bir kişi olaraq xanım yazarın fikriylə, hardasa, razıyam. Bu xüsusiyyət Tanrının kişiyə bəxş etdiyi ya bir cəzadır, ya da bir sınaqdır. Nəfsini tərbiyə etdinsə, başqa yerinlə yox, məhz beyninlə düşündünsə, gerisi düzələr. Gəlin görək biz nəfsimizin təlim-tərbiyəsinə nə qədər vaxt ayıra bilirik? Çoxumuzun gözü bu və ya başqa şəkildə ikinci, üçüncü qadında qalır. Yəni bu yazıda xəyanət məsələsini ikinci plana atmağa məcburam. Mətləbimin düyün nöqtəsi xəyanətdən sonrakı zaman kəsiyinə – neçəminci qadınla təmas vaxtına aiddir. Sən nə qədər eqoist, yanıq olmalısan ki, onun etirazlarına, yalvarışlarına rəğmən, cins orqanının əsirinə çevriləsən, bütün simanı yerlə bir edəsən. Ehtirasın ən pik nöqtəsində belə insan (kişi, ya qadın) öz ləyaqətini qorumağı bacarmalıdır. Sən çəkiclə mismar döymürsən, insana toxunursan, insana!

Mirələmovun videosu yayılanda da belə olmuşdu. Bütün cəmiyyət təhqiramiz ifadələrlə çalxanırdı. Bu adamları nahaq yerə qınayırıq. Bunlar işlərini plansız quran adamlardır. Siz heç bilirsiniz cəmiyyətimizdə yüksək ehtiram göstərilən hansı kişilər, ləyaqətiylə ad çıxarmış hansı qadınlarla yüz hoqqan çıxır?! Efirlərdə mavilərin kişilikdən, fahişələrin abır-həyadan necə ağız dolusu danışdıqlarını görmürsünüz?! Guya bilmirsiniz, qara camaatın böyük sənətkar hesab etdiyi səhnə adamları əslində əvvəl necə olub, o pilləyə necə gəlib?!

Bütün bunlar həmişə olub və olacaq. Nə qədər ki, cinsiyyət və cins orqanı var, çoxunun başına oyun gətirəcək, çoxunun şəxsiyyətini yerlə bir edəcək. Heç kim heç nədən sığortalanmayıb. Mirələmovdan, Namiqdən, ifşa olunmuş və olunacaq bu kimi adamlardan papaq altda neçələri var hələ. Özü də müşahidələr onu göstərir ki, ifşa olunan adamlar adətən yaranışdan simasız, həyasız olanlardır. Şəxsiyyətini gözləyən, amma arada özü də boş durmayan adamlar da var. Onlar qarşısındakına kayfsöndürmə obyekti kimi yox, bir tərəf müqabili kimi yanaşanlardır. Bu prosesin özündə bir yanlışlıq var, amma heç olmasa qarşısındakını insan yerinə qoyursa, buna da şükür.

İnanmıram ki, bu kimi hadisələrin olmaması üçün kimsə nəsə fikirləşə. Hamıya sərf eləyir. Məsələn, şadam ki, belə bir mövzu çıxdı və mən nəsə yazmağa həvəslənə bildim. Bir başqasına qiybət predmeti kimi maraqlı görünə bilər. Və ya əxlaq məsələlərinə baxan aidiyyatı orqanlar ciblərinin astarını təzələyə bilər.

Tanrı onsuz da bizi elə yaradıb ki, tanrılıq iddiasına düşəndə, etdiyimiz səhvlərə baxıb iddiamızı geri çəkək. Hər halda çalışmalıyıq ehtiyatı əldən verməyək. Heç olmasa, işimizi sağlam tutaq, görək canlı yayım gedir, yoxsa yox, səsimizi yazırlar yoxsa yox.

 

Yazıya 486 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.