İşə başlayalı aylar olsa da, hələ də ona daha çox xəbər agentliklərindən alınmış məlumatları toplayıb müvafiq səhifələrə yerləşdirmə, ya da elə buna bənzər işlər verildiyindən iş yoldaşları arasında peşəkar jurnalist kimi qəbul olunmadığını hiss edir və bu da onu qəzəbləndirirdi. Bəlkə, başqası olsa, bu statusla razılaşar, “Gününü say, maaşını al”, – deyib iş vaxtının bitməsini gözləyərdi. Amma o belə biri deyildi; xaraktercə mübariz, tutduğunu qoparandı. Hər halda bu xarakteri ona üzünü görmədiyi atasından keçmişdi. Çünki anası küsəyən və məqsədinə çatmaq üçün mübarizə aparmağı deyil, yan yollardan keçməyi seçən bir qadın idi.
Gəncliyin verdiyi bitməz-tükənməz enerji tez bir zamanda karyera pillələrində dırmanmaq istəyi ilə birləşincə onun bugünkü statusu ilə barışmağına imkan vermir, dərgidə müəllif səhifəsi yaratmaq, ya da ən azından öz istədiyi materialları hazırlayaraq yayınlatmaq arzusu ilə alışıb yanırdı…
Bu gün də işə gəldyində hər şey adi günlərdəki kimi başladı. İş yoldaşları ilə salamlaşıb yazı masasının arxasına keçirdi ki, yarıaçıq qapıdan yazı işləri müdirinin səsi eşidildi:
– Vüsalə, bura gəl.
İcazə alıb otağa daxil oldu, iki addım atıb:
– Buyurun, Murad müəllim, – deyə astadan cavabladı.
– Sənə bir iş tapşıracağam, görək yarıda biləcəksənmi?
Neçə vaxtdır həsrətində olduğu fürsətin bir anda ayağına gəldiyini hiss edib sevincdən gözləri işıqlanan Vüsalə:
– Verəcəyiniz tapşırığın öhdəsindən gəlmək üçün bütün gücümlə çalışacağam.
– Oldu, onda diktofonu götür, get İlham müəllimgilə, biz onunla müsahibə haqqında danışıb razılığını almışıq, saat on birdə səni gözləyəcək, – deyib əlindəki kağızı ona uzatdı, – ünvan burada yazılıb. – Və əlavə etdi:
– Bilirsən. O, indiyədək heç bir mətbu orqanına müsahibə verməyib, ona görə də diqqətli ol.
– Baş üstə, Murad müəllim, – deyib kağız parçasını aldı, söhbətin mövzusu barədə təlimatı da dinlədikdən sonra yazı işləri müdirinin yanından çıxıb tualetə getdi, güzgünün önündə özünə əl gəzdirib iş otağına döndü, çəkməcədən götürdüyü diktofonu çantasına qoyub binadan çıxdı.
II
Tələsik addımlarla pillələri çıxıb sola döndü, qapının üzərində qabarıq hərflərlə yazılmış “İlham Səfərli” yazısını oxuyub saatına baxdı, astadan: “Şükür, gecikmədim”, – deyib tövşüyən nəfəsi sabitləşsin deyə dərindən nəfəs alıb işarət barmağını qapı zənginin düyməsinə doğru uzatdı, içəridən gələn bülbül cəh-cəhinə oxşar səsi eşidib tezcə də barmağını çəkdi, üst-başına son dəfə əl gəzdirib gözləməyə başladı.
İlk işi olduğundandı, ya nədəndisə, ürəyi yerindən çıxmaq istəyirmişcəsinə, qabırğalarını döyəcləyir, gah boğazında, gah da gicgahlarında döyünürdü.
Saatlar kimi keçən bir neçə saniyədən sonra qapının o tərəfindən yaxınlaşan addım səsləri bir anlıq kəsildi, açılan kilid səsi gəldi və ardına qədər aralanan qapının arxasında qırx yaşlarında, səliqə ilə geyinmiş bir xanım göründü.
Vüsalə gülümsünərək:
– Bağışlıyın, İlham müəllimlə görüşəcəkdim,- dedi.
– “Life stile” dərgisindənmi gəlirsiniz?
– Bəli.
Xanım yana çəkilərək:
– İçəri buyurun, İlham müəllim sizi gözləyir, – dedi.
III
Qapını açan xanımın ardınca dəhlizdən keçərək qonaq otağına daxil oldu. İrəlilədikcə maraqlı gözlərlə yaxşı təmir olunmuş, səliqə-sahmanlı mənzilə göz gəzdirir, bir tərəfdən də yanınca irəliləyən ağbəniz, uzun ipək saçları çiyninə tökülmüş, sadə, amma zövqlə geyinmiş xanımı gözucu incələyir, “Görəsən İlham müəllimin həyat yoldaşıdır, ya köməkçisi?” – deyə öz-özünə düşünürdü. İş otağına yaxınlaşdıqda müşayiətçisi önə keçib qapını döydü, “Gəl”, – cavabını alınca qapını açıb:
– İlham müəllim, “Life stile” dərgisindən bir xanım gəlib, sizi görmək istəyir,- deyə xəbər verdi.
– Gəlsin.
Xanım üsulca yana çəkilərək Vüsaləyə yol verib:
– Buyurun, müəllim sizi gözləyir, – dedi və dönüb getdi.
İçəri daxil olduğunda yazı masasının arxasında işi ilə məşğul olan İlham müəllim başını qaldırıb Vüsaləyə baxdı, ayağa qalxaraq salamlayıb, ona divanda yer göstərdı, özü də qarşıdakı kresloya keçib əyləşdi.
Altmış yaşlarında, lopa bığları da arxaya daranmış gur saçları kimi ağarmış, ağbəniz, hündürboy adam olan İlham müəllim Vüsaləni gözucu süzüb:
– Xoş gəlmisiniz.
– Çox sağ olun, İlham müəllim.
Vüsalənin həyacanını hiss edən İlham Səfərli:
– Adınız nədir, qızım?
– Vüsalə.
– Jurnalistikada yenimisiniz?
– Bəli, İlham müəllim.
– Sizə karyeranızda uğurlar diləyirəm, inanıram ki, gələcəkdə sayılıb-seçilən jurnalistlərimizdən olacaqsınız.
Vüsalə gülümsünərək:
– İnşallah, İlham müəllim.
– Murad müəllimlə daha öncədən müsahibə barədə razılaşmışdıq, amma səhhətim heç cür imkan vermirdi ki, görüşək…
– İndi yaxşısınızmı?
– Əlbəttə.
– Həmişə ayaq üstə olun, İlham müəllim.
– Təşəkkürlər.
İlham Səfərli bunu deyib əlini çənəsinə çəkdi, üzünə mətləbə keçmək istədiyini bildirən bir ifadə verib:
– Buyurun, Vüsalə xanım, sizi dinləyirəm, – dedi.
IV
Vüsalə çantasından çıxardığı səsyazma cihazını qurub İlham müəllimin önünə qoydu, yerini rahatlayıb, sol gözünün üstünə tökülən saçlarını qulağının arxasına keçirib, müsahibinin gözlərinin içinə baxdı, hazırlanmış sual şablonunu xatırlamağa çalışaraq həmsöhbətinə:
– İlham müəllim, oxucularımız üçün maraqlı olardı, sizin ilk gənclik dövrünüz və ədəbiyyata gəlişiniz… Siz özünüz necə hesab edirsiniz, özünüzmü ədəbiyyatı seçdiniz, yoxsa kəşf edilmiş istedadmısınız? – deyə soruşdu.
İlham müəllim gülümsünərək dərindən bir ah çəkdi və:
– Vüsalə xanım, mənim uşaqlıq və gənclik dönəmim rayonda yaşayan insanlarla eyni olub, yəni çoxuşaqlı ailənin bir fərdiydim və məktəbdən əlavə zamanlarımızda ya təsərrüfat işlərində ailəmizə yardımçı olar, ya da boş-bekar qalınca toplaşıb öz aramızda müxtəlif oyunlar: yeddi daş, qəcmədaş, çilingağac oynayardıq. Təbii ki, böyüdükcə oyunlarımız da böyüyər, artıq dala dəsmal salma, bənövşə, ya da təkqıçlı deyil, ortada qaldı, futbol, ya da voleybol oynayardıq…
– Məktəbdə isə həm oxuyan, həm də oxumayan uşaqlar vardı. Mən oxumağa çalışırdım. Atam kolxozda çoban, anam isə sağıcı olduğundan maddi dolanışığımız çətin idi, müəllimlərin və kəndin digər oxumuşlarının keçim şəraiti, övladlarının əyni-başı bizimkilərdən daha yaxşı idi, bu da öz növbəsində məni və başqalarını oxumağa stimullaşdırırdı. O ki qaldı kəşf edilməyə, qələmə meyilli olmağım ilk ədəbiyyat müəllimimizin diqqətini çəkmişdi. O məni şeir yazmağa təşviq edir, şeirlərimi məktəbin divar qəzetində yayınladır, həvəsləndirmək üçün yazdıqlarımı tərifləyir: “İlham, bala, sən böyük şair olacaqsan”,- deyirdi…
Məktəbi bitirdiyimdə sənədlərimi dövlət institutunun filologiya fakültəsinə verdim. Tələbəliklə bərabər həyatım da dəyişdi.
– İlham müəllim, bəs ilk kitabınız nə zaman işıq üzü gördü?
– Hələ birinci kursda oxuyurdum. Şeirlərim əvvəlcə fakültənin divar qəzetində yayınlanmağa başladı. Daha sonra fakültəmizin dekanının təşəbbüsü ilə filologiyada təhsil alan tələbələrin şeirlərindən ibarət bir kitab çap olunmuşdu. İlk şeirim orada çap olundu. Amma sırf öz şeirlər kitabım üçüncü kursda oxuyanda “Gənclik” nəşriyyatında dərc olunub.
– Sizin şeirləriniz oxucularımız tərəfindən hər zaman maraqla qarşılanıb, sevilib.
– Əlbəttə, qələm əhli üçün oxucu diqqəti olduqca önəmlidir, çünki bir şair, ya da yazıçı üçün ən böyük stimul, ən böyük mükafat məhz oxucusunun sevgisidir.
– Sizin kitablarınızın, demək olar ki, hamısını oxumuşam və onlarca şeirinizi əzbər bilirəm. Bir oxucu, şeir sevən biri olaraq bilirəm ki, sizin əsərlərinizdə davamlı bir nisgil, bir həsrət hiss olunur. Sizin şeirlərinizin xüsusən bu yönü ilə önə çıxmasının başlıca səbəb nədir?
– Bilirsinizmi, Vüsalə xanım, qələm əhlinin yaradıcılığına onların şəxsi həyatlarında daha dərin yaşantıları mütləq şəkildə təsir edir. Kimisinə az, kimisinə çox… Düşünürəm ki, bu təsir mənim yaradıcılığımda daha çox hiss olunur…
Qapı astadan döyüldü. İlham müəllim üzünü qapıya tərəf döndərib: “Gəl”, – deyə səsləndiyində əlində təpsi olan bayaqkı xanım onlara yaxınlaşdı. Təpsidəki çayı, mürəbbəni və şokolad dolu qəndqabını önlərindəki yazı masasının üzərinə qoydu, Vüsaləyə tərəf dönüb gülümsəyərək: “Nuş olsun, – dedi və çıxıb getdi…
İlham müəllim müsahibinə:
– Lütfən, çayınızı için, – deyib buğlanan fincanı sanki gizlətmək istəyirmişcəsinə ovuclarının arasına aldı.
Vüsalə təşəkkür edərək söhbətinə davam etdi:
– İlham müəllim, bir az da şəxsi həyatınıza keçək. Siz xanımınızla harada tanış olmuşdunuz? Və ona vurulmağınız necə oldu?
İlham müəllim ah çəkib başını aşağı əydi, sol əli ilə üz-gözünü ovxalayıb:
– Bilirsiniz, Vüsalə xanım, biz onunla Soçidə tanış olmuşduq,-deyə sözə başladı. Təsadüfən, ikimiz də eyni vaxtda istirahətə getmişdik… Bilirsiniz də, bizdə sanatoriyaya, adətən, müəyyən yaşdan sonra gedirlər. Ancaq həmən il mən özümdə bir az zehni yorğunluq hiss etdiyimdən göndəriş alıb dincəlməyə getmişdim. Tunay da Özbəkistandan gəlmişdi… O da həmən il Daşkənd Tibb İnstitutunu qırmızı diplomla bitirdiyi üçün atası tərəfindən Soçiyə biletlə mükafatlandırılmışdı. Biz bir diskotekada tanış olmuşduq….
İlham müəllim söhbətin burasında dayanıb yenidən ah çəkdi, nəmlənən gözlərini Vüsaləyə hiss etdirmədən silməyə çalışaraq: “Gözəl rəqs edirdi rəhmətlik”, – dedi.
Vüsalə müsahibinin sözünü kəsmir, söhbətin axarını dəyişmək istəmədiyindən ətli buxağına söykədiyi yumruğuna söykənərək dinləyirdi:
– Baxışlarımız onunla ilk qarşılaşdığında ürəyimdə bir istilik hiss etdim… Doğrusu, yaxınlaşıb rəqsə dəvət etdiyimdə çəkinirdim, amma qəbul edib mənimlə rəqsə qalxdığında sanki dünyalar mənim olmuşdu… Elə rəqsə yenicə başlamışdıq ki, bütün cəsarətimi toplayıb ona evlənmək təklif etdim. Özünü eşitməməzliyə vurmuşdu, amma sən demə, o da ilk andan razı imiş, amma bir az gözləyib nə qədər ciddi olduğumu yoxlamaq istəyirmiş… Sonralar evləndiyimiz zaman etiraf etmişdi rəhmətlik.
Soçidən döndükdən sonra anama dedim, o da atamla Özbəkistana gedib söz alıb nişan qoydular, sonra da evləndik…
Vüsalə:
– Bəs evliliyiniz necə keçirdi? Xoşbaxt idinizmi?- deyə növbəti, həm də özünü çox maraqlandıran sualını verdi.
– Əlbəttə, xoşbaxt idik… Amma biz nə yatdıq ki, nə də yuxu görək? Evliliyimizin ikinci ilində avtomobil qəzasında dünyasını dəyişdi, arxasında bir nişanəsi belə qalmadı rəhmətliyin…
İlham Səfərlinin hüznü Vüsaləyə də sirayət etmiş, ala gözləri kölgələnmişdi.
Qısa müddət sürən sükutdan sonra Vüsalə ona çətin olsa da:
– Müəllim, daha sonra həyatınıza bir xanım girdimi? Yoxsa hələ də Tunay xanım qəlbinizin yeganə sahibidir?- deyə soruşdu.
– Tunayı necə unuda bilərdim? Onun yerinə qoya biləcəyim biri ilə həyatım boyu rastlaşmadım… Bilirsinizmi, zahiri gözəllik-filan, bunlar gəldi-gedər şeylərdir. Bir kişi xanımında, ya da sevgilisində nə arayar? Sayğı, vəfa, dürüstlük və ən önəmlisi fədakarlıq… Vüsalə xanım, məsələn, sayğı zamanla yarana, ya da itə bilər, dürüstlük də, vəfa duyğuları da elədir, amma fədakarlıq əsla!.. Çünki fədakarlıq nə qarşılıqlı münasibətlər zəminində yaranır, nə də itir. Bu xüsusiyyət xarakterinin bir parçası olaraq insanla doğulur, insanla ölür… Və qəribədir ki, bu xüsusiyyətlərin hamısı mənim Tunayımda vardı… bir saf almaz kimi yəni… Mən o almazımı daha qoxusuna belə doymadan itirdim… Üzərindən qırx ildən artıq bir vaxt keçsə də, hələ də gözlərim onu axtarır, qulaqlarım səsini duya bilməkçün alışıb-yanır…
– Məhz qəlbinizdə Tunay xanımın yerinə layiq biri olmadığı üçün evlənmədiniz…
– Bəli, ondan sonra nəinki evlənmədim, nə sevgilim, nə də yaxın münasibətdə olduğum biri olmadı… Bilirsizmi, Vüsalə xanım, indi çox insanlar, xüsusən gənclərimiz sevgiyə inanmırlar. Amma mən bunu dərindən dərinə hiss etdim və yaşadım. Və heç vaxt Tunayın xatirəsini başqa bir xanımla dəyişə bilmərəm, onun gedişi mənim qəlbimdə, iç dünyamda elə böyük bir boşluq yaradıb ki, o boşluğu elə Tunayın özündən başqa kimsə doldura bilməz.
Söhbəti dəyişmə ehtiyacı hiss edən Vüsalə:
– İcazə verirsinizsə, bir az da elmi fəaliyyətinizə dönək,-deyə onu daha da üzməmək qərarına gəldi.
– Əlbəttə, buyurun.
– Siz, uzun illərdir ki, həm universitetdə, həm də Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda çalışırsınız. Bu illər ərzində onlarca istedadlı yazar və şairlər yetişdirdiniz.
– Mən “yetişdirdim”- deməzdim, bilirsinizmi niyə? Biz sadəcə olaraq gənc istedadlara yol göstərir, onların yaradıcılıqlarına yön verərək püxtələşmələrinə yardım edirik.
Söhbətləri uzandı, uzandı… Vüsalə artıq diktofonu söndürüb bir kənara qoymuş, indiyədək kimsəylə dərdləşmədiyindən iç dünyası hər kəsə sirli qalan böyük ustadla hər şeyi unudaraq söhbətləşir, onun dərdlərini bölüşürdü…
V
O, İlham müəllim yaşayan binanın alaqapısından çıxdığında müsahibənin təəssüratı və ilk işinin uğurlu alınmasından doğan sevinclə gözləri parlayırdı. Vüsalə artıq özünü qəzetin ara işlərinə buyurulan təcrübəsiz əməkdaşı deyil, peşəkar jurnalist hesab edir, qəlbi sevincindən yerindən çıxacaq kimi döyünürdü…
Qız karyera nərdivanında ilk pilləni çıxmağın verdiyi qürur və şövqlə avtobus dayanacağına doğru addınladı.
Yazıya 139 dəfə baxılıb