(Şəhidlik zirvəsi uca zirvədir. Bu zirvənin yolçularını seçən tək Allahdır.)
Van şəhərində bələdiyyə başkanı ilə görüşəndən sonra Şəhid atası Yaşar qardaşımla görüşmək istədim. İstəyimi qəbul edən dövlət məmuru dərhal şəhidlər dərnəyi ilə əlaqə saxlayıb Yaşar atanın telefon nömrəsini araşdırdı. Sonra zəng edib ora gələcəyini və Azərbaycandan bir xanım yazıçı ilə gələcəyini bildirdi. Şəhid atası Azərbaycan adını eşidən kimi susdu… Dövlət məmuru səslənərək dedi: Məni eşidirsən?
Bəli, eşidirəm, mənim doğma elimdən bacım gəlir, çox sevindim. Qonağıma başım üstündə yer var.
Doğrusu bu söz mənim ürəyimə toxundu. Görəsən bu istiliyin, sevincin səbəbi nə idi?..
Bir neçə dəqiqədən sonra deyilən ünvana gəldik. Yaşar ata bizi küçədə qarşıladı. Elə bir mehribançılıq göstərdi ki gözlərim doldu. Sonra kədər dolu baxışlarla: Allah ermənilərin bəlasını versin. Dünən də 7 övladımız şəhid oldu. Ermənilər nə düşünürsə bəlli deyil. Ancaq özlərinə quyu qazırlar. lI Qarabağ Müharibəsində çox pərişan oldum. Gənclərin şəhid olmasına üzüldüm. Qələbəyə sevinsəm də bir gözüm güldü, bir gözüm ağladı. Yaşımın bu çağında döyüşə gəlmək istədim. Türkiyədə doğulsam da kökümüz Azərbaycan əsillidir. Azərbaycana atılan silah mənim ürəyimə ox kimi batır.
Bəli, bu sözləri deyən şəhid Fərdi Akmanın atası Yaşar ata idi.
Uzun sürən söhbətdən sonra məlum oldu ki, Yaşar ata Van şəhərində doğulsa da, əslən azərbaycanlı imiş. Bir zamanlar ailəsi İranda yaşamış, sonradan Türkiyənin Van şəhərinə köçmüşdülər. Amma kökdən gələn adət və ənənələri unutmamışdılar.
Yaşar atanın ailəsini ziyarət etmək mənə görə qürur idi. Çünki Vətən üçün oğul şəhid vermişdi. Onların dərdi bizim dərdimiz, bizim də dərdimiz onların dərdi sayılar. Qarabağın azad olmasında Rəcəb Tayyib Ərdoğanın rolu böyük idi. Çünki türkün türkdən başqa dostu yox.
Yaşar ata çox böyük sevinc içərisində bizi evə dəvət etdi. qapının girişində şəhidin anası Nejla xanım, gəlini Demet xanım və torunları Rabiya Seden, Qamze, Sabahettin çox səmimi məni qarşıladılar. Sanki illər idi bu ailəni tanıyırdım. Onlar öz şəhid oğunu unudaraq Azərbaycanın dərdinə qaldılar.
Demet hanım yemək hazırladı, birlikdə çörək kəsdik. Hiss edirdim ki, Yaşar ata hərdən baxışlarını gizlədir və gözlərindən yanaqlarına süzülən göz yaşlarını silirdi. 12 ildən sonra oğlu Ferdi Akmanın adını çəkib evinə müsafir gəlmişdi. Gözlərindən süzülən göz yaşı da sevinc göz yaşları idi. Ferdi Akman şəhid olandan sonra Yaşar ata ilə Nejla ana meylini nəvələrinə salmışdı. Akmanın şəhid olması böyük bir dərd olmuşdu. Ən böyük arzusu komutan olmaq olmuşdu. Arzusuna çatmışdı. Hətta arzusuna çatmaq üçün öz zəhməti ilə qazandığı puldan 4 qurban demişdi. Amma komutan olsa da 4 qurbanı kəsmək ona nəsib olmamışdı. O şəhid olarkən 20 yaşlı Demət xanım üçüncü uşağa hamilə idi. Allah nənə və babaya Akmandan sonra bir oğul nəvəsi bəxş etdi. Adını Sabahattin qoydular. Ürək edib Ferdi Akmanın adını qoymadılar. Artıq Sabahattin üçüncü sinifdə oxuyur.
Xeyli tanışlıqdan sonra Ferdi Akmanın həyatı ilə bağlı söhbətlərə başladıq. Ana kövrəldi, elə ata da göz yaşına sahib ola bilmədi. Yaşar ata axan göz yaşını silərək: kaş mən ölərdim, amma o yaşayıb övladlarına sahib çıxaydı. Onun dediklərini təsdiq edən ana dede, bilmirəm nə sirr idi, evimizə müxtəlif yerlərdən üzüm payı gətirirdilər. Biz də çox olduğunda ətrafdakı qobum-qonşulara pay edərdik. Ən dəhşətlisi də o idi ki, gəlin də, mən də eyni yuxuları görərdik. Yuxuda qara üzüm salxımı yeyərdik. Ancaq bunun anlamını bilməzdik. Sonradan anladıq ki, bu şəhidlikdən soraq imiş.
Ferdi Akman bir gün evə gəldi. Çox narahat idi. Rəngi də boğulmuşdu. Bizə heç nə demədi. Evdən çıxarkən ailəsini bizə əmanət etdi. Dedim ki, oğul, Ferdi Akman bu gəlinə biraz nəsihət et, söz dinləmir. Ağırayaqlıdı, bütün günü ağır işlər görür, paltar sərməyə çıxanda üstünə isti paltar almır. Qorxuram ki, xəstə düşər. Sən de, bəlkə səni eşidər. Ana-bala danışdıqları yerdə gəlin dedi, çox narahatam, qorxunc bir istilik, təlaş keçirirəm. Demə gəlin yuxuda dəfələrlə Ferdi Akmanın şəhid olduğunu görürmüş, amma kimsəyə deməmiş, ürəyində qorxu içində yaşamışdı.
Şəhid anası Nejla xanımı dinləmək istədim. Diqqətlə gözlərinə baxdım və qəlbindən keçənləri gözlərindən oxudum. Sanki ana o baxışlarla öz-özünə ürəyində danışır və oğlundan sorurdu; Oğul, sən nə qədər şərəfli yol keçdiyinin fərqindəmisən. Səsimi duyurmusan, qardaş Azərbaycandan sənin adını çəkib qapımıza ağ saçlı bir qadın gəlib. Sənin sorağın Azərbaycana yayılıb, anana, atana, ailəni qürurlu bir həyat yaşatdığına şahid oldum. 2009-cu ildən 12 il ötüb, amma adını çəkib səndən yazmağa gəliblər. Can bala, qurbanın olum, demək ki, sən yaşayırsan.
Nejla ananın dediklərindən: – Ferdi Akman mənim ilk övladım olub. Mən onu çox çətinliklə saxladım. Əyninə istədiyi vaxt təzə paltar almağa imkanımız yox idi. İstədiyi paltarı ona verə bilməsək də, vətən sevgisini verə bildik. Arzusu hərbçi olmaq və vətənə ömürlük xidmət etmək idi. Universtəni qazandığı gün sevincinin həddi yoxdu. Nəhayət təhsili başa vurub komutan oldu. Əsgərlərini sevərək qoruyardı. Evə gələndə şən olmağa çalışar, işindən bir kəlmə də olsun danışmazdı. Günlərin bir günü oğlum tamamilə dəyişdi, Heç üzü də gülmürdü. Bu davranış bir ay davam etdi. Bir gün evə gəldi, halımızı sordu, sonra hönkürtü vurub ağladı. Ağlamağının səbəbini soruşdum. Dedi, ana əsgərlərimdən şəhid olanlar var. Kaş mən də şəhid olardım. Şəhidlik ən böyük arzumdur. Balamın göz yaşı bağrımı parçaladı. Özünə şəhidlik istəyirdi. Ana üçün baladan əbədi ayrılmaq dəhşətdir. o gecə ağladım, özümü ələ almağa çalışdım. Yuxuda gördüm ki, Akman mənə öz əli ilə bir salxım qara üzüm verdi. Sonra isə onu tabutda üzərinə Türk bayrağı atılmış halda gördüm. Başının arxa tərəfindən yaralanmış halını yuxuda görüncə halım pisləşdi. Yuxudan oyandım, əlimi Allaha açıb yalvardım və Allahdan balama yardım istədim. Aradan bir neçə gün keçmişdi. Oğlum evə gəldi. Yenə də əvvəlki kimi fikirli olduğunu gördüm. Hamımızın tək-tək halını soruşdu. Sonra evə nə lazım olduğunu soruşub evdən çıxdı. Bir neçə saatdan sonra əli dolu qayıtdı. Evə bazarlıq etmişdi. Hətta uşaqlarına, xanımına, mənə və babasına hədiyyə almışdı. Amma üzündəki kədər yerində qalmışdı. Axşam hamama girdi çimdi, üzünü təraş etdi. Mənim diqqətim onda idi. O hiss edirmiş kimi dedi: Ana, mən zabitəm, hər gün ölüm-qalım savaşındayam. Allahdan özümə şəhid olmaq istədim. Əgər şəhid olaramsa, məni layiqli dəfn edin. Arxamca ağlamayın, deyib evdən çıxdı. Bu sözlər ürəyimə dağ çəkdi. Yatağa da ağlayaraq uzandım. Gecəni çox qəribə yuxu gördüm. Ferdi Akman yerin altından çıxıb mənə baxdı. Qorxunc yuxu məni pərişan etdi. Hiss etdim ki, balam şəhid olacaq.
Evdə elə bil hamının üzündə kədər vardı. Gəlin də kefsiz idi. Sanki evdə ölüm havası vardl. Əlimiz heç nəyə yatmırdı. Soyuq tər bədənimdən su kimi axırdı.
Allah dərdi çəkənə verir. Xəbər gəldi ki, oğlum yaralanıbdır. Ağladım, fəryad etdim. Dərhal xəstəxanaya getdik. Oğlumu çarpayıda görəndə ətraf başıma fırlandı. Nəfəs ala bilmirdi. Ağzına süni nəfəs taxmışdılar. Balam Allahla öz arasında ölüm-qalım savaşı aparırdı. Dözmədim, həkimlərə dedim ki, balama əzab verməyin süni nəfəsi ağzından çıxarın. Həkimlər də dediyimi etdi. Oğlum şəhidlik arzusuna qovuşdu. O arzusuna qovuşdu, amma ailəsi başsız qaldı. Aradan keçən bu illər mənim üçün çox ağır olub.
P.S.
20.11.2021-ci il
Fərdi Akmanın məzarını ziyarət etdim. Sonra da 6-cl Hudut Alayıda Şəhidlərin xatirəsini yad etdim
Yazıya 209 dəfə baxılıb