Torpaq keçər aramızdan (Salam Sarvan)
Baxırsan…
gülsən də, nisgilin dərin
Baxışın dünyadan üzün çevirib.
İsa nəfəsidi şəkildə sirrin—
Şəklin ölümünə dirilik verib.
Mən ağac yanına, adam yanına
indi Yoxluğunla birgə gedirəm.
Kim var ki, kimsəsiz küçədi dünya
Daha Yoxluğunla dostluq edirəm.
Yağış altında da, toyda, yasda da,
Sənin yoxluğuna yer tapıram mən.
Hələ çox körpədir Yoxluğun, onu
Ana tək yanımda aparıram mən…
Bura Ay yeridir, Günəş yeridir,
Kiməm ki? Qonağam, yoxam bir azdan.
Nə yağış, nə külək, nə bir hənirti…
Yoxluğundu keçən ta aramızdan…
…Başım əsim – əsim səslərlə dolu
Yoxsa damarımdan küləklər axır?!
Min ilin ən gözəl rəsmidir Şəklin—
Sirrindən Bu dunya, O dünya baxır!!!
ƏHMƏD OGUZA
Ah- ah səni səsləyirəm
Başıma küllər tökmüsən.
Tüstü- tüstü ahım yetməz,
Göyün qapısın tikmisən.
***
Yoxluğun varı yox edir,
Durub- durub nə ölmüsən.
Torpağı nə geyinmisən
Bəlkə bilməyib ölmüsən.
***
Gündüz- kəfən, gecə- tabut,
Ölüb mənə nə almısan…
Bu dünyanı ac it kimi,
Qurdtək arxamca salmısan…
Sonuncu Şeir
Ağaclar bayquş yarpaqladı
matəm küləyini oxuyur
yarpaq-yarpaq qarğalar…
Soyunsam, ah, soyunsam bədənimi
çəkilərmi ağrılar…
Bura ümidsiz limanmış, Əhməd
nahaqdan…nahaqdan bir yarı səs,
bir yarı pıçıltı gözləyirəm O dünyadan…
Kimsə od vurub Zamana—
qaçır Zaman — tövşüyə- tövşüyə.
təntiyə-təntiyə.
Zaman yorğun—
son mənzilə çatmış tabut kimi
az qala dayana…
Ayrılıq Allahsız dinmiş,Din…
dayanın,— kimsə bir şəkil çəksin,
mənımlə O dünyadan
çiyin-çiyinə,
kürək- kürəyə dayanmış Əhmədin !!!
Yazıya 131 dəfə baxılıb