Elvin Ramizoğlu – Qadınlar allahın şah əsəridi (şeirlər)

elvinBilirsən ki, sonu ölüm amma ki,
Elə yaşa, belə yaşa, nolacaq.
Arzuların, ümidlərin içində,
Bəlkələrin dönsə kaşa, nolacaq.

Bizi salan heç olmadı bir başa,
Dən görsətdik, un vermədik qardaşa.
Pulun oldu ver sementə, ver daşa,
Quru daşa et tamaşa, nolacaq.

Elə söz var deyilməsə yaxşıdı,
Söz də var ki, yeyilməsə yaxşıdı.
Kim deyir ki söyülməsə yaxşıdı,
Yüz dəfə söy danabaşa, nolacaq.

Sən ağ günü seçəmməzsən qaradan,
Bağışlamaz səni haqdan yaradan.
Ata ananın əlindən öp sonradan,
Qara bağla qara daşa, nolacaq.

Ehtiyacın məhəbbətdən çoxdusa,
Ayrılığa göz yaşların axdısa.
Sağlam canın, azca pulun yoxdusa
Arzuların aşa, daşa nolacaq.

***

Bu sevgidə sən xəmirdin, məndə su
Qarışmağı öyrətmisən, çox sağ ol.
Darıxanda dizlərimə gecələr
Sarışmağı öyrətmisən, çox sağ ol.

Utanc olduq doğmasına, yadına
Bircə kərə salmamısan yadına.
Qəfil çıxıb gedənlərin oduna
Alışmağı öyrətmisən, çox sağ ol.

Dərdi su tək içəndəndə soruşdum,
İntiharı seçəndəndə soruşdum.
Gələndən də, keçəndən də soruşdum
Soruşmağı öyrətmisən çox sağ ol.

Həyacandan əllərinin əsməyi,
Baxışınla yollarımı kəsməyin.
Səndə gördüm ölümünə küsməyi,
Barışmağı öyrətmisən, çox sağ ol.

Ayrılığı sən gedəndə bilmişəm,
Dəli kimi ağlamışam, gülmüşəm.
Mən ki səni susa-susa sevmişəm
Danışmağı öyrətmisən, çox sağ ol.

Bu ayrılıq bizi saldı qınağa,
Çox çəkildik imtahana, sınağa
Soyuq küçələrdən isti otağa
Yığışmağı öyrətmisən, çox sağ ol.

***

Qadın var həyası özü boydadı
Gözəldi, üzünün boyası yoxdu.
Qadın var daş qaşı özündən ağır.
Amma qadın kimi həyası yoxdu.

Qadın var yüzünün üzünə durur.
Əlli cür hoqqadan oyunnan çıxır.
Qadın var səhnədə göz yaşı tökür,
Çörəyi gözünün suyunnan çıxır.

Qadın var əlləri göydən asılı,
Ayağı dəyən yer cənnətə dönür.
Qadın var əllərin şeytan bağlıyır,
Ömrü hər nəfəsdə zillətə dönür.

Qadın var anadı nurdu işığıdı
Qadın olduğundan oyuna düşüb.
İstədiyi özgəsinə pay olub,
Özü isə özgənin payına düşüb.

Qadın var ləkədi qadın adına
Gündə övladına bir ata tapar,
Qadın var həm ata həmdə anadı
Bir əli incədi bir əli qabar.

Qadın var bəxtinin dilənçisidi
Əlləri açıqdı gözləri toxdu.
Qadın var üstündən yoxsulluq yağır,
Xoşbəxtdir,zəngindir nisgili yoxdur.

Qadın var ömürlük gözdən əlildir.
Allahın əlindən tutur yeriyir.
Qadın var gözləri şeytan gözüdü
Baxdığı hər yeri oda bürüyür.

Qadın var bir ömür övlad diliyir,
Bir gözü ağlıyır bir gözü gülür
Qadın var bir neçə övladı olur
Axırda onnarın əliylə ölür.

Qadınlar mələkdən üstün yaranıb
Laylası nəğmədi duası xeyir.
Qadınlar allahın şah əsəridi
Rəssama rəsmdi şairə şeir.

Yazıya 38 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.