AKİF ABBASOV – ALLAHIN RUZUSU

AKİF 100(hekayə)

         Bəd Xərcov borcun içində boğulurdu. Zəng zəng dalınca gəlirdi. Bəzilərinə  cavabında yalan vəd verir, hikəliləri, özündən bədgümanları, aşıb-kəsənləri cavabsız qoyurdu. Amma özü də bilirdi işi fırıqdır, gec-tez sinəsinə çökəcək, məcburən pullarını ondan qoparacaqdılar. Necə? Bunu fikirləşəndə  dəhşətə gəlirdi. O qədər yol, irz var ki, qızını, oğlunu oğurlaya, arvadına təcavüz,  özünə qəsd edə bilərdilər.  Puldan ötrü hər cür alçaqlığa gedirdilər.

Kömək üçün açmadığı qapı qalmamışdı. Özü də ağız açdıqları uzaq adamlar deyildi. Dost-aşna idi, qayın-qardaş idi. Dünya yaman dünyadır! Yaman yox, zalım dünyadır!

Nə qədər adama yaxşılığı dəymişdi. Təkcə mənəvi yox, maddi də. İndi əli aşağı idi, borca düşmüşdü. Hamı yaxasını kənara çəkmişdi. Kömək etmək fikirləri yox idi.

Bəd Xərcov az qalmışdı özünə qəsd eləsin. Bunu sövq-təbii hiss edən arvadı Gülməşəkər xanım:

-Ay Bəd, birdən dəf xəyallara düşərsən, – dedi. -Eləmə. Nəbadə.

Bəd qaşqabağını tökdü:

-Necə eləməyim?! Sən mənim arvadımsan. Qardaşının üstünə gedirəm. Bilirəm varıdır. Yalandan daş atıb başını tutur ki,  imkansızdır, kömək əlini uzada bilməz.

Gülməşəkər xanım onu dilə tutmağa çalışdı:

-Hərə öz qabiliyyətinə, qanacağına görə hərəkət edir, ay Bəd. Gərək sən də əvvəldən bəd-xərc olmayaydın. Sabahını, dar gününü düşünəydin.  Özünə xətər yetirməyi ağlına gətirmə. Məni, uşaqlarını fikirləş. İntihar acizlik, zəiflikdir. Evin dirəyi, çörək gətirəni sənsən. Səndən sonra necə pis günə düşəcəyimizi yadına sal. İstərsənmi bunu?

Bəd Xərcov başa düşdü. Gülməşəkər xanım düz deyirdi. Özünü öldürməklə yalnız öz canını qurtaracaq, evdəkiləri cəhənnəmə, quyunun dibinə salacaqdı. Uşaqlarına kim baxacaqdı?

Bəd Xərcovun  atası neçə il əvvəl dünyasını dəyişmişdi. Kişi ailənin dirəyi idi. Bir problem olanda kişi gedib yoluna qoyardı, ailədə heç kimin ruhu da inciməzdi, nəyinsə sıxıntısını çəkməzdilər.

İndi Bəd Xərcovun pənahı yalnız anası idi.  Amma onun əlindən nə gəlirdi ki? İşləmirdi, təqaüddə idi. İşləsəydi belə, o qədər pulun qabağında nə edə bilərdi? Aldığı təqaüdlə də Fatıya tuman tikmək olmazdı.  Savadsız ana yalnız məsləhət verə bilərdi. İndi məsləhətə baxan kim idi?

Bu fikir-xəyalla özünü nə zaman atasının məzarına çatdırdığını bilmədi. Qəbir daşındakı şəkil gözünə sataşan kimi göz yaşları sinə aşağı axmağa başladı. Evdə ağsaqqala  böyük ehtiyac var. Lap quru nəfəsi gələn də olsa. Adam ürəkli, tədbirli olur. Axı yolgöstərəni, pis yoldan çəkimdirəni, qan bağlayanı var.

Bəd Xərcov başdaşını qucaqlayaraq hönkürdü:

-Can ata! Yerin hər an görünür. Sağlığında bizi korluq çəkməyə, köməksiz olmağa qoymadın. Kaş indi sağ olaydın, dadıma çataydın!

Bəd Xərcov atasının məzar daşına həkk olunmuş şəklini öpə-öpə:

-Borcun içində boğuluram, ay ata! Heç imkanım yoxdur.  İndi adamlar yaman insafsız, çox qəddar olublar! Heç nəyi, adamın durumunu nəzərə almırlar, gözləyə bilmirlər. Yaman səbirsiz olublar! Belə getsə,  vurub öldürəcəklər məni.  Bu dünyadan köçəndə böyük nüfuz, böyük hörmət qoyub getdin. Bir qədər var-dövlət, pul da qoysaydın, indi belə zavallı, aciz gündə qalmazdım.

Bəd Xərcov ağlayıb yüngülləşmədi, əksinə  özünü haldan saldı. Ürəyini boşaltsa da, heç nə dəyişmədi. Borc borcluğunda qalırdı.

O, gecədən xeyli keçmiş evə qayıtdı. Gülməşəkər xanım:

-Ay kişi,  nigaran qaldım. Bu vaxtadək harada idin? Telefonuna da zəng çatmırdı.

Bəd Xərcov mızıldandı:

-Telefonun səsini almışdım. Eşitməmişəm. Atamın qəbrini ziyarət etməyə getmişdim. Ağlayıb ürəyimi boşaltdım.

Gülməşəkər xanım onun halına acıdı:

-Özünü üzmə, kişi. Allah adildir. Bir qapı açar! Allah atana da rəhmət eləsin!

Bəd Xərcov də borclu qalmadı:

-Sənin də ölənlərinə rəhmət, Gülü!

O gecə Bəd Xərcov çox narahat yatdı. Atası yuxusuna girmiş,  onu sorğu-suala tutmuşdu:

-Son zamanlar sənə nə olub, ay oğul!

-Yaman fikirli gəzirsən.

-Niyə borca düşmüsən?

-İndi borcunu necə ödəyəcəksən?

-Borcunu ödəyə bilməsən necə olacaq?

Bəd Xərcov yerində qurcalanır, gah sağ, gah sol böyrü üstə çevrilir atasının suallarına cavab verməyə çalışırdı. Ata isə elə hey: “Səbir elə! Səbirin axırı xeyir olar. Səbir edən muradına yetişər” – deyirdi.

Bəd Xərcov ertəsi gün yuxudan gec oyandı. Nə billah elədisə nə atasının ona dediklərini, nə də özünün ona cavablarını yadına sala bildi.

Yuyunub səhər yeməyini yemək istəyirdi ki, mobil telefonu səsləndi. Bir istədi cavab verməsin. Fikirləşdi ki, yəqin borc aldıqlarından kimdirsə. Gülməşəkər xanım telefonu ona uzatdı:

-Bacındır, Güləndamdır.

Bəd Xərcov tez telefonu aldı. Güləndəm Danimarkada yaşayırdı.

-Salam, ay bacı necəsən?

Güləndam cavab verdi:

-Yaxşıyam, ay qardaş. Gec niyə cavab verdin? Narahat oldum.  Yatmışdın?

Bəd Xərcov dilxor halda:

-Yuxum var ki, yatıb qalım? – dedi. -Yox, oyaq idim. Həm də bu vaxt adam yatar?! Sizi bilmirəm, burada, bizdə saat 11-dir. Telefon o biri otaqda idi. Gülməşəkər gətirdi. Salamı var sənə.

Güləndam da dil-ağız elədi:

-Sağ olsun. Ay Bəd, işlərin necə gedir? Dolanışığınız necədir?  Eşitdim borcun-xərcin içindəsən. Lap boğulursan! Doğrudur?

Bəd Xərcov mat-məəttəl qaldı. Bu xəbəri  bacısına kim çatdırmışdı. Yəqin kimlərə ki, borcun var, onların işidir.

-Ay bacı, borcum olduğunu sənə kim deyib?

Cavadında Güləndəm dedi:

-Axşam atam yuxuma girmişdi. Məni az qala öldürəcəkdi. Yapışmışdı boğazımdan ki, sən necə bacısan ki, qardaşından xəbərin yoxdur. Borca düşüb, borcunu verə bilmir, az qalıb özünü öldürüb bu bəladan qurtarsın. Can qardaş, indiyəcən mənə niyə deməmisən?

Bəd Xərcov kövrəldi. Atası yenə dadına çatmış, qızına xəbər çatdırmışdı.

-Qəribədir, ata axşam mənim də yuxuma girmişdi… Lap möcüzədir… Bacı sən narahat olma.  İndi kimin kimə borcu yoxdur ki… Birtəhər dolanırıq. Borcumu da çalışıb ödəyərəm.

Güləndam qətiyyətli:

-Ata ilk dəfəydi  ki, yuxuma elə narahat girmişdi, – dedi. -Mənə tapşırdı ki, sənə əl tutum. Sən şəxsiyyət vəsiqənin, bir də pul kartının surətini mənə göndər. Nə qədər borcun var?

Bəd dedi:

-On iki min manat.

Güləndəm bildirdi:

-Sənə doqquz min dollar, yəni haradasa on beş min manat göndərəcəyəm. Borcunu ödəyərsən, qalanı da halal xoşun olsun, ailənə, özünə xərclərsən.

Bəd Xərcov  sevindiyindən az qalırdı qanad açıb uça. Axır ki, borcunu ödəyə biləcəkdi:

-Sağ ol, ay bacı.

Güləndam da qəhərləınmişdi:

-Qoy atamın ruhu şad olsun. İlk dəfə mənə ağız açıb.

Bacı qardaş söhbətlərini yekunlaşdıranda Gülməşəkər xanım yaxın gəlib baldızına dil ağıq elədi, təşəkkürünü bildirdi:

-Allah səni qorusun, Güləndam! Allah köməyində olsun, bacı! Sağ ol!!!

Güləndam sözünə əməl etdi. Bəd Xərcov borclarını bağladı…

…Bu hadisədən 5-6 il keçmişdi. Bəd Xərcovun anası rəhmətə getmişdi. Üçünü, yeddisini, qırxını vermişdilər.  Bədin işləri yenə yaxşı getmirdi.  Borcu olmasa da, əli aşağı idi. Bir gün o, evə gec gəlmişdi. Gülməşəkər xanım soruşdu:

-Bəd, yenə haralarda isə itib-batmısan. Ay kişi, narahat oluruq axı. Hara getdiyini bir  bizə də bildir.

Bəd əynini dəyişə-dəyişə dilləndi:

-Yaxşı, arvad, yaxşı.

Bəd dilxor görünürdü. Gülməşəkər xanım soruşdu:

-Yenə bir problemin var?

Yazıq xanım ərinə görə narahat idi. İstəyirdi ki, onun işləri yaxşı  getsin, qanı qaralmasın.

-Hə, Gülməşəkər, bu pul-para məndən qaçır elə bil…

-Sən də hər şeyi özünə dərd edirsən. Birtəhər dolanırıq. Buna da şükür.

-Gülməşəkər ürəyinə başqa şey gəlməsin. Anamın qəbri üstünə getmişdim. Neçə gündür gedib-gəlirəm. Bundan sonra  hər gün  onun məzarı başında olacağam. Bəlkə…

      Şirvan şəhəri, 30 iyul 2023-cü il

 

 

 

 

 

 

 

 

 

Yazıya 7 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.