(Faiq Balabəylinin 60 illik yubileyi münasibətilə…)
Hamımız kimi o da otuz il idi ki, Qarabağ həsrətiylə ağrı-ağrı sızlayır, həsrət-həsrət göynəyirdi. İşğal altındakı torpaqları düşünəndə ayağı altından yer, narahat ruhlarıyla Azərbaycan səmasında dolaşan şəhidləri xatırlayanda, başı üstündən Göy çəkilirdi. Hamımız kimi otuz ildir onun da səbri tükənmişdi, azadlıq toxumunu səpənlərin – 20 Yanvar şəhidlərinin arzularını cücərtmək üçün canını fada edən oğulların əməyinin yerdə qalmağından qorxurdu:
Uğrunda öldükləri torpağı
Qanları ilə suvardılar ki,
Torpağımızda
ATƏŞKƏS bitsin!
Azadlıq toxumunu
səpənlərin arzuları
cücərib, bitsin.
Elindən, dilindən, dinindən uzaqda, gavur qandalları altında qanadları qırılan əsirləri düşünəndə doğma ocağında əsir olurdu:
İlim-ilim itirik, gəlmir sorağımız da,
Açılmamış saralır, solur yarpağımız da.
Şəhid qanı çilənən Şəhid torpağımızda
De, budurmu, azadlıq?!
Talanan ocaqların, alınan torpaqların geri qayıtmayacağından, qisasın yerdə qalacağından qorxurdu. Yeniyetmə çağlarından sirrinə sirdaş, dərdinə həmdəm, sevdasına atəş olan qələmdən sıyrılıb qılınc gəzirdi:
Qılınc verin siz mənə, atım qalıb mıxçada,
Tüfəng verin siz mənə atım, qalıb taxçada.
İstəmirəm yenə də yatım qalım bağçada,
Düşmən üstə getməyə yaraq verin siz mənə!
Zaman gəldi, vaxt yetişdi. Nəyi, necə nə vaxt edəcəyini çox gözəl bilən, 44 gün ərzində göstərdiyi siyasi və hərbi taktikasına bütün dünyanı heyran qoyan Ali Baş Komandanımız İlham Əliyev mərd, qorxmaz Azərbaycan oğullarına “İrəli!” əmrini verdi. Otuz ildir davam edən, səngiməyən Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə sona yetdi. Otuz ildir qolu qandallı, sinəsi tapdaqlı Faiq Balabəyli poeziyası da Zəfər sevinciylə süsləndi:
Şuşa!
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Axır ki, qayıtdıq, gözlərin aydın!..
Gözümüz aydın!!!
Bu il yubiley ili olan, ömrünün dəli-dolu çağlarını geridə qoyub, ahıllaşan, aqilləşən, ağırlaşan Faiq Balabəylinin poeziyasına yenidən nəzər saldım, düşündüm, qeydlər apardım. İlk olaraq diqqətimi çəkən o oldu ki, Faiq Balabəyli şeirlərini oxuyanda başqa-başqa şairlər yadıma düşmədi, kiminsə yaradıcılığını xatırlamadım. Sevindim ki, şair kimsəni təkrarlamır, kimsəyə bənzəməyə çalışmır, başdan-başa özüdür – özünün duyğuları, düşüncələri, arzuları və özünün yolu, izi var. Və bu çəhlimdə – yolda bir silsilə – “Məhbusun dəftərindən” olan şeirlər var ki, oxucunu dayanmağa, durmağa, dərindən düşünməyə vadar edir. Bu şeirlərdən ibarət dəftərin sahibi – məhbus elə şairin özüdür. Ən böyük əsərlər ən kiçik odalarda yazılır, ən işıqlı kəşflər ən qaranlıq guşələrdə həyata keçir. Faiq Balabəyli yaradıcılığında çox sevdiyim poetik nümunələr də cismin bağlı, ruhun azad olduğu bir yerdə yazılıb. Qollar bağlıykən ruhu qorumaq, onun azadlğını əlindən almamaq da hər kişiyə qismət deyil, buna görə də güclü iradəyə, mənliyə malik olasan gərək. Şair hər gün gözləriylə “dərdiyi” dustaq qızılgülləri görüşünə gələn qızına verir:
…anasının
əllərindən tutaraq
Oğlum və körpə qızım
görüşə gəlmişdilər.
Onda gözlərimlə yox,
Əllərimlə dərdiyim gülləri
Barmaqlığın o tayında olan
Qızıma verdim.
…Bunların heç ətri yoxdu ki,
Özləri də solublar, – dedi qızım.
və o balaca, məsum qızcığaz başını qaldırıb barmaqlıqlar arasında olan atasına və tottuş əllərində tutduğu, ölümü ilə azadlıq qazanan qızılgüllərə bir də boylanır. Bu dəfə onun gözlərindən məsum bir sevgi, həsrətlə yanaşı, qorxu da oxunurdu. O qızcığaz atasının da barmaqlılar arxasında bu güllər kimi solacağından qorxurdu, çox qorxurdu…
Məhbus şairin dəftərindən “Axşamkı yağışdan sonra” şeirini oxuyuruq:
Axşamkı yağışdan sonra
Doğan Günəşin istisinə
Boy verəcək yamyaşıl otlar
Torpağın bağrını dələcək,
Yaşaya biləcəklərinə inanacaqlar…
O göy otlar, göy ağaclar, göy insanlar bilməyəcəklər ki, Günəşin istisinə dev atlar, dev əjdahalar, dev insanlar da göyərəcək və o göy otları, göy ağacları, göy insanları tapdalayacaqlar, əzəcəklər, öldürəcəklər…
Axşamkı yağışdan sonra
Küçələrdəki gölməçələrdə
…Qarışqa kimi qaynayacaq çömçəquyruqlar.
Böyümək istəyəcəklər,
Böyüyüb,
Qurbağa olacaqlarının
Fərqinə varmayacaqlar…
Və o böyümək istəyən çömçəquyruqlar, çömçəquyruq adamlar da bilməyəcəklər ki, böyüyüb özündən kiçikləri yeyən qurbağa, özündən zəifləri tapdalayan zalım, qaniçən olacaqlar…
“Axşamkı yağışdan sonra”nın doğan Günəşi ana obrazıdır. Ümumiyyətlə, analar bütün yaradıcı adamların əsərlərindən Günəş kimi boylanır. Bu isə ən ülvi hisslərin – sevginin, qayğının umacaqsız, təmənnasız olaraq yalnız analara məxsus olmasından xəbər verir. Bu şeirdə də bala üçün ürəyinin təpərini, gözünün yağını əridən, balası üşüyəndə üşüyən, balası yananda yanan ana oxucunu yandırır:
Axşamkı yağışdan sonra
Anamın fikri iki,
Gözləri dörd olacaq:
Aranı dağa daşıyacaq, dağı arana…
…bayıra çıxacaq isti otaqdan,
İslanacaq.
Üşüyəcək…
Və elə zənn edəcək ki,
Dustaq oğlu kimi durub yağışın altında –
Canını belə qızdıracaq…
Bu yaxınlarda Faiq Balabəylinin anası dünyasını dəyişdi. Gah barmaqlıqlar, gah xəstəxana divarları arasındakı balasını arxasında dağ sanan, balası sinəsində dağ olan,
Məni dağ bilirdi, dağ çəkdim ona,
Sinəsi od tutar, ürəyi yanar.
Qorxuram nazilər, üzülər, sınar
Dilindən düşməyim, aman, anamın!
bir ana dünyasını dəyişdi. Mən bu xəbərə nə qədər üzülsəm də, içimdə bir təsəlli də boy verdi. Faiq Balabəylinin nadinc ürəyinin sözünə baxmayacağından, onu yarıyolda qoyacağından qorxurdum. Faiq Balabəylinin şeirindən, sözündən qorxurdum:
Mən də öləcəyəm, yaxşı bilirəm,
Oğlumun ürəyi bir körük kimi
Qərar tutmayacaq gen sinəsində.
Çömbəlib oturub bir küncdə sakit,
Əli qalacaqdır lal çənəsində.
Mən də öləcəyəm, yaxşı bilirəm,
Mələklər duracaq dörd bir yanımda.
Bir ananın bala qəbri üstündə əsim-əsim əsəcəyindən qorxurdum:
Göy də saxlaya bilmir gözlərinin əksini,
Göylərə baxıram ki, orda görüm tək səni,
Qız vaxtı toxuduğun “sarı bülbül” tikməni
Çəkib qəbrimin üstə, ağlarsan əsim-əsim.
Və bu qorxunun içərisində şairin oğul balasına yazdığı bir məktub qarşıma çıxdı:
Səni kəndimizə apardığım ilk gün yadıma düşür,
Payızın hələ də yadımdan çıxmayan ayazlı gecəsiydi.
Qarazəncirdən kəndimizə – evimizə qədər
Piyada getdiyimiz həmin gün –
– Sən bu kəndi, nənəmgilin kəndini çox istəyirsən?
– deyə soruşmuşdun
– Hə, çox istəyirəm,
O qədər çox ki, burda yaşaya bilmədim,
Köçüb getdim ki, bu sevgi azalmasın…
… O qədər çox ki,
Səni atıb gedə bilmirəm…
Şair, balanız sizə əziz olduğu qədər, axı, siz də ananıza əzizsiniz. Siz balanızı sevdiyiniz, qoruduğunuz qədər ananız da sizi sevir, qoruyurdu… Əgər siz ananıza bala dağı qıysaydınız, onda günaha batacaqdınız, onda ağlayacaqdı məsum ağaclar…
Kölgəsində oturduğum gün hanı?
Budağından qoxladığım gül hanı?
Xatırlayıb mən etdiyim günahı
Ağladı ağaclar…
Faiq Balabəylinin anası balasını ölümün yolundan əyləyərək bu dünyaya vida etdi… Və öz-özümə pıçıldadım, kaş, bütün analar bala çiynində getsin son mənzilə…
Yeri Cənnət, ruhu şad olsun analarımızın!
***
Şairlər qoşmaları kimi dəli-dolu, təcnisi kimi ərköyün, bayatısı kimi kövrək, sərbəst şeirləri kimi azad, dağınıq olurlar. Şairlər gözəlliyə biganə qalmırlar, şairlər gözəllərin yanından fağır keçmirlər. Faiq Balabəyli də ta məktəb vaxtlarından gözəl qızlara biganə qalmayıb. Hətta özü də etiraf edir ki:
Gülüşdülər, qış çəkildi yaz oldu,
Baxışları işvə oldu, naz oldu.
Sevmədiyim sevdiyimdən az oldu,
Kəndimizin qızları…
Faiq neçə-neçə qızın saçlarına gül düzüb, neçə-neçə qız oğrun-oğrun Faiqə baxıb, neçə-neçə qızın qəlbini oğurlayıb Faiq:
Çiçək dərib saçlarına
O qız taxdımı, taxdımı?
Oğrun-oğrun mənə sarı
O qız baxdımı, baxdımı?
Amma həyatında heç vaxt, heç yerdə unutmadığı, ürəyindən çıxarmadığı sevimli bir qadın olub:
Sən heç yaddan çıxmadın,
Sən heç unudulmadın.
Heca-heca dolandı
Dodaqda-dildə adın.
Ey sevimsiz odada
Xəyallardan çıxmayan
Sevimli qadın!
Bu qadın şairin anasının gəlini, ömrünün yarı, övladlarının anası, nəvələrinin nənəsidir. Gen günündə rahatlığı, huzuru, dar günündə – ürəyi cisminə, cismi barmaqlıqlar arasına sığmayanda doğmalarını, yaxınlarını axtaranda sevgisinə, qayğısına, xəyalına tapındığı qadın:
Sənin əlindən tutmaq,
hər şeyi unutmaq…
…yaralı quş kimi çırpınan
Sinənə sıxılmaq istəyirəm.
Məni heç kəs yıxa bilməz
Sənə yıxılmaq istəyirəm!
Mənim fikrimcə, əsil kişi gücünü qadın üzərində sınamayan, qadını güclü edən, qadına yıxılan kişilərdir. Kişi qadınına tərəf nə qədər əyilirsə, Tanrıya tərəf o qədər ucalır. Franzıslarda belə bir məsəl var; “Qadın istəyəni Tanrı da istəyir”. Hüqo deyir ki, “Qadına hərdən hökm etmək üçün gərək həmişə itaətində durasan”. Bəli, əsil kişilik qadının itaətində durmağı bacarmaqdır. B.Vervil deyir ki, “Tanrı qızı, kişi isə qadını yaratdı”. Bu lakonik fikirdəki hikmətin böyüklüyünə diqqət edin. Tanrının yaratdığı (Tanrı yaratdıqlarının hamısını saf, təmiz, günahsız, bakirə yaradır) qızı kişilər istədiyi formaya salar, istəsə mələk edər, istərsə də şeytan. Və deməli bütün mələk qadınlar və bütün pislik qadınlar hamısı kişilərin əsəridir.
Faiq Balabəyli isə yazır ki:
Hələ saçlarının sığalı üçün
Bənövşə dərməyə əlim gəlməyir.
Bir qadın əlinin tumarı üçün
Bir qız öldürməyə əlim gəlməyir!
Və yaxud:
Sən təzə, tər çiçəksən
Dərməyə gəlməz əlim.
Basım səni bağrıma,
Bircə hovur dincəlim.
Məcnun sevdana əhsən, şair!
***
Dədə-babalarımızdan bizə (qanı, soyu arılara, durulara) ədəb-ərkan, böyüyə hörmət, kiçiyə mərhəmət, ata-anaya səcdə… kimi müqəddəs bir miras qalıb. Bu miras Faiq Balabəylinin oturuşundan-duruşundan göründüyü kimi, şeirlərindən də boy verir. Şair illər əvvəl vəfat etmiş atasından yenə də çəkinir, yenə də ona hesabat verir. Dünyasını çox erkən dəyişmiş qardaşı oğlu Vüsalın xatirəsinə yazdığı elegiyada Vüsaldan atasını soruşur və:
Baban sənə nə dedi,
Doyunca oxşamadığı
saçına əl gəzdirib
boyunu oxşadımı?
Sənin çalınmamış
Toyunu oxşadımı?
Qınadımı baban bizi?
Biz səni qoruya bilmədik,
Bağışlasın baban bizi…
qardaşının balasını qoruya bilmədiyi üçün atasından əfv diləyir.
Onu da qeyd edim ki, Faiq Balabəyli özü ilə dərdləşəndə, şeirlə həmsöhbət olanda,
Bu dünyanın çox üzü var,
Mənə düşən bu dörd divar.
Üz tutsam, göylər od tutar,
Əyilsəm torpaq yanacaq.
– desə də, həyatda çox şən və nikbin birisidir. Şairin şeirlərini oxumasan, içini görməsən, onu dünyanın ən xoşbəxt, dərdsiz, ağrısız insanı sanarsan.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Faiq Balabəyli ilə yoldaş olduq, şüşə ürəyimizin Şuşa qalasına,
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq… yordum özümü…
Qaratikanların, böyürtkənlərin
əlimi daladı, ovcumu, dizimi –
amma incitmədi, beləcə açıldı günüm, səhərim.
Dağların qoynunda məğrur dayanan
ismətli, namuslu gəlin Şəhərim!..
misralarıyla vəsf etdiyi Şuşa şəhərinə səfər etdik. Faiq Balabəylinin sözünə baxmayan, hər kiçik eyhamdan sözalan, dolan ürəyi yenicə əməliyyatdan çıxmışdı. Buna baxmayaraq, şair çox nikbin, şən, hərəkətli, xoşbəxt görünürdü. Deyəcəksiniz ki, başımıza gələn bu qədər faciələrdən sonra Şuşada kim şən, xoşbəxt olmaz ki? Bəli, həmin gün onun nikbinliyinin əsas səbəbi Şuşa olsa da, şair ümumən də şən və nikbin – içindəki ağrı-acını başqalarına yükləməyən, başqalarının sevincinə kölgə salmayan, dərdini içində gizlədən adamdır…
***
… Faiq Balabəyli Cəlilabad rayonun Sabirabad kəndində doğulub. Şeirləri bizə Faiq Balabəyli ömründən gün-gün, il-il söz açır.
Ucqar kəndimizin torpaq yolları,
Böyürtkən kolları, moruq kolları,
…yadıma gör nələr düşdü bu axşam…
Orta məktəbi başa vurub və Bakı Dənizçilik Məktəbində oxuyub. Sonra hərbi xidmətini bitirərək Q.Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində təhsil alıb. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu, elektrik mexaniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyərək geridə qalan ehtiyac dolu günlərlə vidalaşıb:
Böyük qardaşımın kiçik köynəyin,
Bir daha əynimə geyməyəcəkdim.
Hazırda “Dənizçilərə Sosial Dəstək” Birliyinin darə heyətinin sədridir. Bütün bu illər ərzində bir gün də olsun, ədəbiyyatdan, jurnalistikadan kənar qalmayıb. İkiillik Jurnalist Sənətkarlığı kursunu, BSU-nun yaradıcılıq fakultəsini bitirib, uzun müddətdir ki, “Ədəbiyyat qəzeti”ndə də işləyir, publisistik yazıları, şeirləri ardıcıl olaraq mətbu orqanlarda dərc edilib. Amma heç vaxt şair günü-gündən dəyişən, uzaqlaşan, soyuqlaşan kəndlərini unutmayıb:
Hər şey dəyişib, əzizim, hər şey.
İndi kəndimizdə
Kəpənək qovduğumuz vaxtlarımız olmadığı kimi,
Çay kənarında,
Otlaqlarda uçuşan
Rəngbərəng kəpənəklər də qalmayıb…
əriyib insanların üzünün təbəssümü…
Hazırda “Müstəqil.AZ ” saytının yaradıcısı və baş redaktoru olmaqla yanaşı, ASCO-nun Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır. “Eh ayrılıq, nə yamansan”, “Kəsilməyən həyəcan fiti”, “Sənə yazılan şeirlər”, “Burda darıxmaq olmaz”, “Yaşıl yuxulu dəniz”, “Bayıldan bayıra”, “Yağışdan sonra” , “Bakı buxtası-20 Yanvar”, nəvəsi Dənizin adına bağladığı “Dəniz” və digər kitabların müəllifidir.
Əziz Faiq Balabəyli!
Bu il sizin ilinizdir. Bu il ömrün bir durağında dərindən nəfəs alıb, ahıllığa doğru yenidən yol almaq ilidir. Mən bu mübarək il, mübarək yubiley münasibətilə Sizi ürəkdən təbrik edirəm və sizin öz dilinizlə deyirəm:
Xoş günlər, arzular hələ qabaqda,
Qönçələr açacaq yaşıl budaqda.
Deyirəm nə ola, ömür də baxt da
Həmişə üzünə qımışa sənin!
Mənbə: “Ədəbiyyat qəzeti”
Yazıya 54 dəfə baxılıb