Hörmətli oxucular, məlumdur ki ,xalqımız bu günədək enişli-yoxuşlu ,ağrılı -acılı yollar keçib. O ağrı acıların ən dəhşətlisi zaman- zaman torpaqlarımızın ,dədə- baba yurdlarımızın mənfur düşmənlər tərəfindən işğal olunması, zor gücünə soydaşlarımızın həmin ərazilərdən köçürülməsidir. Lakin düşmənlər və onların himayadarları sayəsində tarixin müxtəlif dönəmində baş verən deportasiyalar xalqımızı sındırmadı, əqidəsından,inamından döndərə bilmədi. Əksinə nə vaxtsa həmin yerlərə qayıdacaqlarına onlarda dəli bir ümid yaratdı. O ümidin işığı bu gün daha gur yanır. Və dədə-baba yurduna şəfəq saçan günəşdən seçilmir. Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə ölkə başçısı mövzunun aktuallığnı siyasi,tarixi, mədəni əhəmiyyətini açıqlayıb maraqlı təkliflər verib və bu yolda icmanın fəaliyyətinə uğurlar arzulayıb:
-“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin…”
Göydə gedən beş durnalar durnalar
Bizim ellər yerindəmi
Bir-birindən xoş durnalar
Bizim ellər yerindəmi
Bəli şair demiş -ellərimiz ,obalarımız yerindədir və səbirsizliklə bizi gözləyir .Yolçu yolda gərək. Əlbəttə bu yol o qədər də qısa deyil. Məqamı gəldikcə bu yollar həqiqətin ,uğurlu siyasətin gücü ilə açılacaq.Yolu bağlayan “şlaqbaumu” tarix özü qaldıracaq. Amma mənəvi yol açıqdır və heç bir maneə yoxdur. İnsanlar o yurdu ,dağı, daşı bütovlükdə urəklərində gətiriblər. Əlləri boş, ürəkləri dolu gəliblər. İllərdi ki ,yurd ətrini dolu ürəklərindən alırlar. Gözləri hələ də yol çəkir, yoldan yığılmayıb. Vaxt gələcək o yolda növbəti böyük qayıdışın köç karvanı keçəcək və möhtəşəm qələbəliyi görüb torpaq da gülümsəyəcək…
Bu yazımızda qələmin yolunu Göyçədən salmişıq , az da olsa o yerlərə sözün işığından baxmağa çalışacağıq
1988 ci ildə baş verən növbəti deportasiya zamanı Hüseyn Arif şeirlə “Göyçəlilər dağılmayın göyçədən “-çağırışı eləsə də ,insan axınının qabağını almaq mümkün olmadı. Günki, o boyda el -obanı öz torpağından qoparıb aparan mənfur düşmənlərlə yanaşı həm də tarixin iri bədheybət təkəri idi . Bilənlər bilir ki ,həmin anda tarixin təkərini geri döndərmək o qədər də asan məsələ deyildi, hətta mümkünsüz bir işiydi. Amma fələk həmin təkərin üzünü nə vaxtsa sazlı-sözlü Göyçəyə döndərəcəyi günü göyçəlilər səbirsizliklə gözləyir. Tatix təkrar olunur deyirlər.Tarixin ağzını o yerlərə döndərmək üçün Göyçədə uyuyanların ruhuyla sağ qalanların harayı birləşməlidir. Belə haray çox dəhşətli olur. Bəndələrin nagüman səsindən savayı ruhların halal harayı haqqın dərgəhına daha tez çatır. Göyçəlilər dağıldılar göyçədən “-deyib xalq şairi Hüseyn Arifə cavab yazan gənc şair də tarixin o iri bədheybət təkərini görəndən sonra bismillah, -deyib susdu .Başa düşdü ki, tarixin təkərini fırladan elə fələyin özüdür. Fələklə haqq -hesab çəkməyin yeri deyil. O zaman yurdundan ayrı düşən haqq aşığının da ovqatı başqaydı. Dünya dəyişdiyi kimi sazın səsi də xeyli dəyişərək, zəmanəyə köklənmişdi . Sanki simlərlə tilsimləri qırmağa çalışırdı. Amma simlər qırılırdı tilsimlər yox…
Göyçə- bu qədim oğuz –türk torpağı həm də ozan-aşıq yaradıcılığının vətəni ,beşiyi, ana qucağıdır.Bu gün kifayət qədər öyündüyümüz azərbaycan aşıq sənətinin xeyli hissəsi Göyçənin payına düşür. Kürəyi Misgin Abdala söykənən ,onun xeyir-duasıyla pərvazlanan Göyçə aşıq şeiri Dədə Ələsgərlə əlçatmaz-ünyetməz zirvəyə ucaldı. Dədə Ələsgərdən əvvəl yaşayıb yaradan Ağ Aşığın, şair Məmmədhüseynin, Aşıq Musanın, Aşıq Alının şeirləri təkcə Göyçənin deyil ,bütün sazlı-sözlü türk dünyasının könlünü oxşadı. Və belə bir mühitdə Dədə Ələsgərin meydana çıxması üçün kifayət qədər mənəvi zəmin yarandı.Özündən sonra bu azman sənətkarın şeriyyətə təsiri daha da genişləndi,Vətəninin hüdudlarını aşdı. Adı ,sanı şeir qibləgahına çevrildi. Az-az şairlərə Tanrıdan buta verilir,və o haqq aşığı sayılır. Allahın nəzərində olan Dədə Ələsgərin sənətdə ümman ola biləcəyini də özü yaxşı bilirdi və yazırdı:
Ölməyincə bu sevdadan
Çətin dönəm ,usanam
Həqiqətdən dərs almışam
Təriqəmdi söz qanam
Şahu –mərdan sayəsində
Elm içində ümmanam
Dəryaların qaydasıdı
Ümmana baş endirir.
Beləcə, əziz yurd həsrətlilər ,vətənində qərib olanlar. Vaxt gələcək fələyin çarxı fırlanıb-fırlanıb yenidən Göyçədə dayanacaq. Bu gün hər kəsdə dədə- baba torpaqlarına qayıtmaq üçün dəli bir ümüd var.O ümidi sönməyə qoymayan hal-hazırda dövlətimizin bu sahəyə olan marağıdı ,insanların qan yaddaşıdı, soydaşlarımızın özləri ilə gətirdikləri söz xəzinəsidir. Göyçə folkloru Göyçənin özü deməkdir.Yalnız o folklorun daşıyıcıları həmin torpaqda yaşamağa layiqdilər. Maddi dəlillər, tarixi sənədlər öz yerində -Folklor Göyçənin kimə mənsub olduğunun sübutudu onu təsdiq edən başlıca mənəvi faktordur.O elin- obanın mülkiyyət şəhadətnaməsidir. Və bu folklor bir –iki ilə yaranmayıb,minilliklərin yadigarıdır.
Bu dünyada haqqın yerini tutması bir qədər müşgülə çevrilsə də həm də mümkün olan işdi. Nə vaxtsa zamanla birləşib tarix də ayağa qalxacaq.Göyçəlilər öz yurd –yuvalarına qayıdacaq. Nəinki Göyçədə bütövlükdə Qərbi Azərbaycanda bir qələbəlik başlayacaq. Qədim oğuz yurdlarımız düşmənlərdən azad olacaq. Hal-hazırda isə bizim borcumuz dövlətimizin bu humanist siyasətinə dəstək olaraq uşaqların, gənclərin yaddaşını o yerlərə yönəltməkdi. Elə danışmaq lazımdı ki ,yurd söhbəti onlara nağıl, gülməcə kimi gəlməsin. Həqiqəti aydınlığı ilə dərk eləsinlər. Sazı-sözü sevsinlər. Çünki o ümid sazın, sözün sehrində daha möhtəşəm görünür. Unutqanlıq çox təhlükəlidir. Hələ ki,dədə-baba ocağına coğrafi yönlənmək mümkün olmasa da mənəvi yönlənməni qaçırmamalıyıq, daha da gücləndirməliyik. Bütün bunların bünövrəsində isə yaddaşı özündə daşıyan saz-söz sənəti, folklor nümunələri dayanır. Ədəbiyyatşünas Yaşar Qarayev sözüdü:-“Göyçəyə qayıdan yol folklordan keçir”.
Zaman hələ ki, bizə -oxşar faciələrlə üzləşən Misgin Abdalın misralarını xatırlatmaqdan özgə heç nə demir:
Miskin Abdal hanı zərdən libasın
Nakəs olan unudarmı obasın
Yada salıb ulu-ulu babasın
Axır günü Göyçəsinə dönərmi
Elim qalıb neçə dağlar dalında
Qismətim var yazılıbsa adımda
Gedəcəyəm ayaq olsa yalın da
Pir igidin çırağı da sönərmi…
Yazıya 28 dəfə baxılıb