Üstümə yarpaq-yarpaq tökülür xatirələr…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Nidalar, suallar, nöqtələr, vergüllər, tirelər
sarmaşıq kimi sarılıb bəndlərə, misralara
bağrımı yara-yara
şeir-şeir tökülür varaqlara…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Çiçək kimi qoxladığım ulduz düşdü əlimdən,
daha bir ox sancıldı ürəyimə zülümdən,
ürəyimin ağrısı misralandı dilimdən.
Sözlərin arasından özüm özümə baxdım,
durdum bu kor güzgüdə iki gözümə baxdım.
Kölgələndi gözlərim, qürubdan qərib oldum,
qəmlərə qəlib oldum…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Səsim kimin dalınca getdi, əliboş gəldi,
hansı qapını döydüm, qıfıl çıxdı qarşıma,
pəncərədən başıma
yumru-yumru daş gəldi…
Əllərimin içinə götürmüşəm başımı,
ölçür mənim boyumu ağrıların arşini.
Varam, yoxam, — bilmirəm,
kölgə kimi gəzirəm.
Naməlum bir səbəbdən adamları qırılmış
ölkə kimi gəzirəm,
şübhələrin içində bəlkə kimi gəzirəm…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Dəniz dalğalarının ağzındakı köpükdü
bu dünyadan qazancım,
hər şeyə yavaş-yavaş ölmədədir inancım.
Canımdakı buzları əritməyə ocaq yox,
özümü tullamağa uçurum var, qucaq yox.
Yaşamaq bir tərəfə,
bu dünyada adamtək
ölməyə də bir sakit, qan-qadasız bucaq yox.
Fikirlərin çətrini başımdan yellər atır,
mənə elə gəlir ki, səbrim də sona çatır…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Üfüqlərdən üfüqlərə
uçan vaxtım var idi.
Canımda badam çiçəyi
açan vaxtım var idi.
Demirəm ki, zər sarayım,
qızıl taxtım var idi…
Küləklərin köhlənini çapırdım mən,
bir damlada bir dənizin sevincini tapırdım mən…
Zamanın daş saatıdı divarlardan baxan mənə,
ikiəlli yapışmışam, əsir qalıb yaxam mənə.
Əqrəblərdən həyatıma dəqiqələr, saniyələr, salisələr
boz tökülür.
İndi leysan yağışdan da üz-gözümə toz tökülür…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Sünbülünü çöl quşları kor eyləmiş zəmi kimi
sükutumda çırpınıram.
Yelkənini yellər qıran gəmi kimi
daşdan daşa çırpılıram.
Nə sahil var, nə liman var,
hər tərəfdə boz duman var…
Arzulardan, ümidlərdən uzaqdayam,
sazaqda od içindəyəm, od içində sazaqdayam.
Tüfəng olub ürəyimə tuşlanmışam,
tətik kimi ayaqdayam…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Görünmürəm görünəndə,
qəmlər yuva qurur məndə,
təkcə məndən danışmır ki, dil dinəndə…
Bircə Allah xəbərdardı mən bu məndə neçə cəməm,
bircə Allah bilir kiməm!..
Bu dünya bir quru səhra,
mən burda bir sərab adam.
Didərginəm mən hər eldən,
köçkünəm mən hər obadan.
İstəyirəm əllərim də ayaq olsun,
bayquşlara yurd olmamış
qaçım gedim canımdakı xarabadan…
Nəsə məni saxlayır,
kimsə məndə ağlayır…
Bir yandan da bu qar, — saçların kimi yumşaq,
əllərin kimi bəyaz.
Yazıya 684 dəfə baxılıb