Oskar Uayld — Etiraf məktubları

oskaruayld9c3e304    … Əzab bir uzun andır. Biz onu dövrlərə bölə bilmərik. Biz yalnız onun vəziyyətini və təkrarlanmasının ardıcıllığını qeyd edə bilərik. Zaman bizimlə irəliləmir. O, dövr edir. O, bir ağrının ətrafında fırlanır. 

Hər vəziyyətdə dəyişməyən şablondan sonra həyatın iflicedici sükutu tənzimlənir, belə ki, biz dəmir formulun dəyişməz qanunlarına uyğun yeyirik, içirik, uzanırıq, ibadət edirik, dua etmək üçün dizlərmizi yerə qoyuruq: bu  sabit  özəllik, hansı ki, hər darıxdırcı günün hər bir anındakı  xırdalığını eyniləşdirir, özünü mövcudluğunun mahiyyəti fasiləsiz dəyişkənlik olan xarici təsirlərlə əlaqələndirir. Toxum səpmə və ya məhsul yığımı vaxtı, biçinçilərin taxıla əyilməkləri, meynələr arasında sanki sapa düzülmüş üzüm yığanlar, yerə tökülmüş meyvələrlə bərabər  qırılmış güllərdən yaranmış meyvə bağlarının otları: bizim bunlardan xəbərimiz yoxdur və heç nə bilmirik.
Bizim üçün yalnız bir mövsüm var, kədər mövsümü. Günəşimiz və ayımız əlimizdən alınıb. Çöldə gün mavi və qızılı ola bilər, lakin dəmir-barmaqlıqlı kiçik pəncərənin sıx örtülü şüşəsindən içəri sivişib girən işıq, altında oturan  hər kəs  üçün boz və xəsisdir. Onun hücrəsində həmişə alaqaranlıq, ürəyində isə həmişə toranlıqdır. Və düşüncələrdə, eləcə də zaman çevrəsində tərpəniş yoxdur. Sənin şəxsən çoxdan unutduğun bir şeylər və yaxud asanlıqla unuda biləcəklərin indi mənim başıma gəlir və sabah da təkrarən eyni şeyi yaşayacam.  Unutma, bəlkə nə vaxtsa bunları yazdığım səbəbləri və üslubu az da olsa anlamaq iqtidarında olacaqsan…
Bir həftə sonra məni buraya köçürdülər. Üç ay keçdi və anam vəfat etdi. Heç kim bilmir ki, onu necə dərindən sevirdim və onunla necə qürur duyurdum. Onun vəfatı mənim üçün dəhşət idi; lakin bir zamanların dilin lordu ( və ya ağası )  – mən iztirabımı və xəcalətimi ifadə etməyə söz tapmıram. O və atam yalnız ədəbiyyatda, incəsənətdə, arxeologiyada, elmdə deyil, həmçinin ölkəmin ictimai tarixində,onun bir millət kimi inkişafında qazandıqları  alicənab və şərəfli adı mənə vəsiyyət etmişdilər. Mən  o adı ömürlük  rəzil etdim. Mən onu aşağı səviyyəli insanların arasında alçaltdım. Mən onu bataqlıqlara sürüklədim. Mən onu vəhşilərə verdim ki, onlar onu daha da qabalaşdırsınlar, axmaqların əlinə verdim ki, onlar o adı sarsaq sözünə sinonim etsinlər.
O zamanlar və ya hələ də, əzab çəkdiyim şey  yazmaq üçün qələm- kağız deyil. (O. Uaylda  həbsxanada olarkən, istəsə də  qeydlərini aparmaq üçün uzun müddət qələm, kağız verilməyib- tərc). Həyat yoldaşım həmişə mənə qarşı xeyirxah və nəcib olub, Genuyadan İngiltərəyə bütün yolu xəstə olduğu halda səfər  etdiyi, islaholunmaz, çar-naçar itkisi haqda şayələri biganə kəslərin dilindən eşitdiyimdən daha çox xeyirxa və nəcib. Məni hələ də sevənlərin rəğbət dolu ismarıclarını alıram. Hətta məni şəxsən tanımayan insanlar, həyatımda baş verən yeni kədərimi eşitcək öz başsağlığı məktublarını mənə çatdırdılar.
Üç ay keçdi. Gündəlik qeyd etdiyim təqvim və hücrəmin qapısının çöl tərəfindən asılan, üstündə adım və hökmüm yazılan əmək tapşırığım deyir ki, indi Maydır. …
Firavanlıq, məmnuniyyət və uğur yaxşı cilalanmamış hisslərdir, xüsusiyyətcə hamısı eynidir, lakin kədər, bütün yaradılmış şeylərdən ən həssasıdır. Bütün  düşüncələr aləmində elə bir şey yoxdur ki, onu kədər qədər dəhşətli titrədib, nəbzi onun qədər incəltsin. İncə döyülmüş, titrək qızıl toxumalar sərt şəraitdə, müqayisə üçün desək,  gözün görə bilmədiyi codluqdur.  Bu,  hər sevən əl toxunduqca qanayan yaradır, hətta ondan sonra da, ağrılar içində olmasa belə, qanamalıdır.
Kədər olan yer müqəddəsdir.  Nə vaxtsa insanlar bunun mənasını anlayacaqlar. Onlar bunu dərk edənə qədər həyat haqda heç nə bilməyəcəklər- və yalnız təbiətcə özləri kimi insanlar bunu anlaya biləcəklər. Məni iki polis nəfərinin arası ilə Məhkəmədən həbsxanaya gətirərkən-  o, uzun, darıxdırıcı dəhlizdə gözlədi, bütün izdihamın qarşısında hərəkətləri mehriban və sadə tərzdə sakitləşdi və şlyapasını mənə tərəf açıq şəkildə qaldırdı, mənsə əllərim qandallı, başım aşağı onun yanından ötüb keçdim. İnsanlar cənnətə bundan da kiçik şeylərlə gedirlər.
Bu, müqəddəslərin ruhuna aid sevgi göstərişi idi, yoxsulların ayağını yumaq üçün onların qarşısında diz çökmək və ya cüzamlı xəstələrin yanaqlarından öpmək üçün onlara doğru əyilmək. Mən heç vaxt ona bu haqda bir kəlmə də olsun demədim. İndiyədək heç bilmirəm ki, mənim onun etdiklərini şüurlu şəkildə dərk etməyimdən xəbəri var yoxsa yoxdur. Bu elə bir şey deyil ki, quru sözlərlə rəsmi təşəkkürünü çatdırasan. Mən onu içimdə gizli borc kimi saxlayıram və düşünürəm ki, heç vaxt bu borcu qaytara bilməyəcəyəm. 

Onun rəftarı  qətran və səna göz yaşlarımı şirin qoxulu və mum kimi yumşaq saxladı. Müdriklik  faydasız, fəlsəfə bəhrəsiz gəldiyində, təsəlli üçün deyilən atalar sözləri, ifadələr üzümə söylənən  məzlum kəlam kimi göründüyündə həmin kiçik, sevimli, sakit rəftar qarşımda mərhəmət bulaqlarını ifşa edir: sanki səhrada güllər açır, dünyanın yaralı, sınmış və böyük qəlbilə harmoniya təşkil edən tənha sürgünlüyümün acısından uzaqlaşdırır. İnsanlar “ —“ ın rəftarının sadəcə gözəl hərəkət kimi yox, mənim üçün niyə bu qədər çox  dəyərli olduğunu başa düşə biləndə, ola bilsin ki, mənə qarşı necə və hansı ruhda yanaşmağı anlayacaqlar. …
Yoxsullar bizdən daha müdrik, daha səxavətli, daha xeyirxah və həssasdırlar. Onların gözlərində türmə insan həyatında baş vermiş faciədir, talehsizlikdir, bədbəxt hadisədir, elə bir şeydir ki, bu hal başqalarına qarşı şəfqət doğurur. Onlar həbsdə olan bir kəs haqda elə danışırlar ki, bu sadəcə “ çətinlikdə olmaq” mənasını verir. Bu, həmişə onların işlətdikləri ifadədir, və bu ifadədə sevginin kamil hikməti var. Bizim təbəqənin insanlarında isə bu, tam fərqlidir. Bizə görə, türmə insanı parya edir ( hər kəs tərəfindən kənarlaşdırılan, təklənən  kimsə – tərc). Mən və mənim kimisinin  havaya və günəşə haqqı  yoxdur. Bizim mövcud qüsurumuz başqaları üçün nəşədir. Bizim  təkrar bir yerlərdə görünməyimiz xoş qarşılanmır. Ay işığının sayrışmasını izləmək bizim üçün deyil. Uşaqlarımız hər şeydən məhrum olur. İnsanlıqla əlaqəli xoş bağlantılarmız qırılır. Uşaqlarımız hələ yaşarkən, biz tənhalığa məhkum oluruq. Ağrılar içində qıvrılan ruhumuzu sakitləşdirəcək, əzilmiş ürəyimizə məlhəm ola biləcək, bizi sağalda və ayaqda saxlaya biləcək hər şeyi bizdən əsirgəyirlər.
  Şəxsən etiraf edirəm ki, özüm özümü məhv etmişəm, heç kim kiçik və ya böyük həcmdə belə məhv ola bilməzdi, öz əllərilə özünü məhv edənlərdən savayı. Belə söyləmək üçün tam hazıram. Onlar çox güman bu ana qədər belə düşünmürlər, ancaq  mən etiraf edirəm. Bu amansız ittihamı mən özüm özümə qarşı qaldırmışam. Dünyanın mənə etdikləri dəhşətli idi, ancaq özümün özümə etdiklərimin daha da dəhşətlidir. Mən öz əsrimin mədəniyyət və incəsənət rəmzi idim. Bunu ilkin yetkinlik dövrümdə artıq anlamışdım və daha sonralar da tam mənasılə fərqində idim. Çox az adam həyatları boyunca bu mövqeyə sahiblənə bilir. İnsan öldükdən və ya yaşadığı əsr bitdikdən çox sonra, yalnız tarixçilər və  tənqidçilər onun mövqeyini qeyd edə bilərlər, əlbəttə əgər ümumiyyətlə ayrıd etmək mümkündürsə. Mənim durum fərqli idi. Mən onu özüm hiss edirdim və digərlərinə də hiss etdirirdim. Bayron simvolik fiqur idi, onun ehtiraslı münasibətləri və yorğunluğu öz əsrinin ehtiraslarına uyğun idi. Mənimki isə daha geniş vüsətdə daha nəcib, daha daimi və həyati idi.

Allahlar demək olar ki, mənə hər şey vermişdilər. Ancaq mən özümü mənasız və şəhvətli rahatlığın uzunsürən tilsimlərinə şirniklənməyə imkan verdim. Mən özümü flaner (dəbli geyinən şəhərli və ya dəbli geyinib boşuna ortalıqda gəzən – tərc), dendi ( modabaz- tərc), dəb eksperti olmaqla əyləndirirdim. Ətrafımı kiçik insanlar və alçaq beyinlərlə doldurmuşdum. Öz zəkamın israfçısına çevrilmişdim və əbədi gəncliyin verdiyi qəribə sevinci boşuna sərf edirdim. Zirvələrdən yorularaq, yeni hisslərin axtarışında özümü bilərəkdən uçuruma sürükləyirdim. Mənə görə düşüncə aləmində paradoksal olan bir şey, ehtiras aləmində azğınlığa çevrildi. İstək, sonda xəstəliyə və ya dəliliyə keçid aldı və ya hər ikisinə. 

Başqalarının həyatlarına qarşı etinasız olmağa başlamışdım. Məni məmnun edən hər yerdən ləzzət alırdım və beləcə də davam edirdim. Unutmuşdum ki, adi gündə edilən hər kiçik əməl insan xarakterini formalaşdırır və ya dəyişdirir və buna görədir ki, otağında gizlində etdiyin bir şey üçün nə vaxtsa bir gün evinin damında aşkarcasına ağlayırsan. Özümə hakim kəsilməkdən vaz keçmişdim və bundan xəbərsiz idim. Həzzin mənə ağalıq etməsinə izn vermişdim. Sonum biabırçılıqla nəticələndi. İndi mənim üçün yalnız bir şey var, mütləq məzlumluq.
Təxminən iki ilə yaxındır ki, həbsdə yatıram. İçimdə vəhşi çarəsizlik oyanıb; hətta baxdıqca zavallı görünən kədərimi tərk etmək; dəhşətli və aciz qəzəbim; acı və nifrətim; hönkürərək ağladığım əzabım; səsi-ünü yetməyən səfalətim; lal olan kədərim. Mən əzabın hər mümkün halından keçdim. Vördzvorsun nə demək istədiyini özündən daha yaxşı anlayıram: “Əzab müddətsiz, anlaşılmaz  və qaranlıqdır. O, sonsuzluq kimi xüsusiyyətə malikdir.”
Lakin əzablarımın sonsuz olacağı fikrinə sevindiyim dönəmlərdə, onların mənasız olmalarına dözə bilmirdim. İndisə haradasa içimdə gizlənən bir şey tapmışam, o mənə deyir ki, dünyada elə bir şey yoxdur ki, mənasız olsun, özü də əzab kimi bir hiss. İçimdə çox dərinlərdə, sanki xəzinə kimi gizlənən o hiss Təvazökarlıqdır.
O, məndə qalan ən son və ən yaxşı şeydir: gəlib çatdığım ən son kəşf, yeni inkişaf üçün başlanğıc nöqtəsidir. O, düz mənim içimdən baş qaldırıb və bilirəm ki, tam vaxtında gəlib. O, nə əvvəllər gələ bilərdi, nə də sonralar. Kimsə onun haqda mənə söyləsəydi, rədd edərdim. Onu mənə gətirsəydilər, imtina edərdim. Onu özüm tapdığım üçün saxlamaq istəyirəm. Və belə də etməliyəm. Onda həyat eleməntləri olan bir şey var, yeni həyat elementləri, o mənim üçün “VİTA NUOVA” dır (Dante Aligyeri, “Yeni Həyat” əsəri- tərc). Bütün hər şeydən ən qəribəsi odur. Malik olduğun hər şeyi təslim etmədən, onu əldə edə bilməzsən. Bu o vaxt baş verir ki, hər şeyini itirirsən və bilirsən ki, başqası ona sahiblənir.
İndi anladım ki, o mənim içimdədir, nə etməli olduğumu tam aydın görə bilirəm. Və mən belə ifadə işlətdiyim zaman, heç bir kənar dəstəyə və ya göstərişə eyham vurmadığımı deməyə ehtiyac yoxdur. Mən bunların heç birini qəbul etmirəm. Mən indiyədək olduğumdan daha çox fərdiyyətçi olmuşam. İnsanın öz daxilindən  bir şeylər əldə etməsindən savayı, hər şey gözümdə ən kiçik dəyərə malikdir. Mənim təbiətim özünü-dərketmənin yeni üsulunu axtarır. Məni maraqlandıran şey yalnız budur. Və ilk etməli olduğum şey, özümü bütün dünyaya qarşı hiss etdiyim istənilən mümkün mərhəmətsiz hisslərdən azad etməkdir.

Tərcümə: Aygün Qurbanlı

Yazıya 771 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.