Hər dövrün öz dövr xəstəlikləri olduğu kimi, hər dövrün ədəbiyatının da öz ədəbi xəstəlikləri olur.
Sosializm dövrünün ədəbi xəstəliyi sosializm realizmiydi, inqilabi romantika və başqa bunun kimi uydurma-qurama şeyləriydi. Demokratiya dövrünün ədəbi xəstəlikləri isə “modernizm”, “post-modernizm” və başqa, nə bilim, nələrdi…
Hər dövrdə bu xəstəliklərə yoluxmuş dəstə-dəstə, kollektiv-kollektiv şairlər-mairlər peyda olur ki, gecə-gündüz qələmlərindən söz virusları, yalan bəlğəmləri ifraz eləyirlər.
Ha yana gedirsən, ayaq basmağa bir addım sağlam yer yoxdu. Bir tərəfdən epiqonçular gəlir, bir tərəfdən modernistlər gəlir. Baxırsan, elə modernistlər də “modernist” epiqonçulardı.
Bir vaxt şairlər “inqilabi” yalanlar yazırdılar, indi “demokratik” yalanlar yazırlar. Çağdaş şairlərimizin gözüynən baxanda, o vaxtkı mədhiyyələr bir az köhnə, bir az epiqonçu görünür. Bugün şairlərimiz daha modern mədhiyyələrnən poeziyaya gəlirlər.
Beləcə, daha “modern” xəstəliklər yayılır. Şair şairi yoluxdurur, şeyir şeyri yoluxdurur. Bir də başını qaldırırsan ki, məmləkətdə az qala ucdantutma bütün şairlər ədəbi-bədii xəstədi.
Özümüzdəki xəstəliklər azmış kimi, Avropada-zadda nə xəstəliklər ortaya çıxsa, bizim bu yastığı yüngül olmuşlar elə bircə günün içində yoluxub gətirirlər ədəbiyatımızın canına.
Həm də, bu boyda şairlər kollektivi padşahın və padşahkimilərin arabir atdığı artıq-urtuğu yeyir və bunnan da doymayıb, hardan nə gəldi – hamısına ağızlarını uzadırlar. Bu qədər natəmizliyin, bu qədər murdarçılığın baş alıb getdiyi bir mühitdə xəstəliklər necə baş alıb getməsin?!
Amma bu boyda xəstəliklərin, bu boyda xəstələrin arasında axıracan sağlam qalmaq, doğrudan, hələm-hələm hər şairin işi deyil.
Yazıya 867 dəfə baxılıb