QORXAQLIQ DA XƏYANƏTDİR

10897821_865375623502315_1143862109812804887_nQORXAQLIQ DA XƏYANƏTDİR VƏ YAXUD
BİR GÜN UNUDULMAQ QORXUSU VAR O TÖKÜLƏN QANLARIN

Şairə Afaq Şıxlının “Qorxaqlıq xəyanətdir”
şeiri haqqında poetik düşüncələr

Əlinə qələm götürüb ədəbi yaradıcılıqla məşğul olmağa başlayan hər bir istedadlı yazıçının, şairin ən ümdə vəzifəsi yaşadığı Vətəni, övladı olduğu xalqı tərənnüm etməkdir. Bu baxımdan istedadlı şairə Afaq Şıxlının poetik yaradıcılığı Vətənin və Xalqın tərənnümü nöqteyi-nəzərindən olduqca inandırıcı və yaddaqalandır. Vətənin ağrı-acısını, xalqın qaçqın və didərgin həyat sürməsini qəlbində bir ağrı kimi yaşadan kövrək və bəzən də üsyankar misralara çevirən şairənin şeirlərini həyəcansız oxumaq olmur.
Qoynunda dünyaya göz açdığımız, istisinə-soyuğuna dözdüyümüz, dadlı nemətlərindən yeyib boya-başa çatdığımız, suyunu içdiyimiz, havasını udduğumuz bir məkan Vətəndir. Ana Vətən! Vətəni canımızla, qanımızla qoruduqda Vətəndir. Vətənə xor baxmaq xəyanətdir. Vətən naminə ölümün gözünün içinə düz baxanlar qəhrəman olurlar.
“Bənizimdəki solğunluq mənim qürbətdə yaşadığımı göstərir. Vətən qədrini bilməyib, ona kəm baxanlar mənim solğun üzümə, gözümün içinə baxa bilmirlər”.
Çox təsirli misralardır.
Oğullar var ki, ölümün gözünə düz baxarlar.
Vətəni düşmənə təslim edən oğullar satqındır, Vətən xainidir. Şuşanı, Kəlbəcəri, Laşını — Qarabağı düşmənlərə təslim edənlər kimi.
“Mən Vətəndən gen düşmüşəm, sənsə torpağını satmısan. Mən Vətəndən uzaqlarda qəribəm, sən isə Vətəndə qəribsən!”
“Susursan… susmaq xəyanətdir, qardaşım!”
Şairənin ürəkdən gələn bıçaq kimi kəsərli misralarını həyəcansız oxumaq qeyri mümkündür. Vətəni üçün dara çəkilən, əqidə üstündə dərisi dabanından soyulan Nəsimiləri yada salan şairə öz doğma torpaqlarının işğalına laqeyd baxan dırnaqarası oğulları fərasətsizlikdə, xainlikdə günahlandırır, ittiham edir.
Afaq Şıxlı şeirin əvvəlində belə bir fikir yazıb; “Vətənin qara bayramları anıldıqca… ümidimizdə, gümanımızda yanılırıq.”
Babəkin belə bir fikri var: “Qırx il boyunduruqda yaşamaqdansa, bir gün azad yaşayıb ölmək daha yaxşıdır”.
Azərbaycan oğulları nə tez unutdular ki, onlar Cavanşirin, Babəkin övladlarıdır. Babək şaqqalandı, lakin əqidəsindən dönmədi. Cavanşir 23 ildən artıq yadellilərlə döyüşdü, Vətənin bir qarışını belə yağılara vermədi, sonda da Vətən uğrunda xəyanətlə öldürüldü.
Azərbaycan oğulları öz şanlı keçmişini unutmamalıdır. Rahat və isti kabinetlər üçün, havayı pullar üçün Vətənin istilasına necə göz yummaq olar? Bəs milli qeyrət, əsrlikdə qalan qızlarımızın namusu? Cənnət Qarabağımızın daşnak taptağında qalmasını nə ilə izah etmək olar? çingiz ildırımların, soltan bəylərin canları ilə qoruduqları Laçın, Qaçaq Nəbinin yurdu Qubadlı, musiqi beşiyi olan Şuşa, Ağdam, Füzuli indi əsrlikdə qan ağlamırmı? “Ya azadlıq, ya ölüm” deyən igidlərin ruhundan utanmadınmı, ey Vətən oğlu!?.
“İllər ötüb gedir, artıq yoxdur zaman!” Şairə bu şeiri ilə “sos” siqnalı-həyəcan siqnalı qaldırır.
“Bir gün unudulmaq qorxusu var o tökülən qanların…”
“20 yanvar” faciəsi hər il təntənə ilə anıldıqca, elə bil sinəsinə dağlar çəkilir, Vətən deyhilən Ananın…”
Bütün bunları ürək yanqısı ilə xatırladan və daxilən bu faciəni yaşayan şairənin özünün bağrına dağlar çəkilmirmi?
Şəhid olan qardaşların dərdini çəkmək bacıları da şəhid eləyir.
Ey Vətənin qeyrətli oğulları, bu gün sizə Koroğlu nərəsi, Cavanşir qeyrəti, Babək igidliyi, Nəsimi dözümü gərəkdir. Artıq vaxtdır, silkinin, ayağa durun!! Azadlıq yanqısı ilə düşmən qanını içmək zamanıdır. İnləyən torpaqların həsrət gözlərindən öpmək üçün “Son döyüş” adlı müqəddəs yolu seçməlisən! Babalarımızın ruhuna edilən xəyanəti Vətən oğullarına bağışlamaq olmaz!
Vaxt gedir, “Ayağa qalx, Azərbaycan!”
Şairə Afaq Şıxlının yazdığı bu şeir odlu-alovlu misralarla, yüksək vətənpərvərlik hisslərindən, milli qeyrətdən, millətin susqunluğundan, unutqanlığundan bəhs edir. İlbəil qara bayramları yad edib göz yaşları tökməkdənsə, silaha sarılıb Qarabağımızı yağı düşmənlərdən təmizləmək üçün ayağa qalxmaq zamanı gəlmişdir — deyən şairə üzdə soyuqqanlı görünsə də, onun göz yaşları qəlbinə axır, qələmindən süzülüb misralarına hopur. Həyəcan siqnalı verən bu misraların hər biri sanki mərmiyə çevrilir.
Şairənin “Qorxaqlıq da xəyanətdir” şeiri sanki bir nərədir, hayqırtıdır, düşmən üstünə hücum təbilinin çalınmasıdır.
Hər şeydən əvvəl burada biz şairənin nə qədər Vətənpərvər olduğunu, milli qeyrətini, cəsarətini, sözübütövlüyünü, coşmasını və ağıllı ittihamlarını, poetik salğarını, güclü və çılğın emosiyasını görürük, duyuruq Və Allah Vətən oğullarının qoluna güc, dizlərinə taqət, əzim, qeyrət versin ki, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Qarabağımızın azadlığı uğrunda ayağa qalxsınlar! Amin.

Heybət Hörmət

Bakı-2015

Yazıya 898 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.