Cənnəti görmək istəsən…
Bu tarix çox da uzaq deyil. Barmaq hesabı saysan, o günlə mənim aramda təqribən iki aya yaxın bir müddət boy göstərəcək və bu vaxtın boyu özü-özlüyündə kimlərdəsə təbəssüm yaradacaq. Çünki mən həmin o zaman kəsiyinə az qala uzaq bir tarix kimi baxıram və onu səhifələyirəm. Özü də günbəgün, anbaan bu da təsadüf deyil. Bunun da kökündə bir ürək çırpıntısı dayanır. Və mən…
Bəli, qarlı bir gün idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. İnanın ki, hər tərəfin ağappaq olduğu cənnət məkanda bir qapqara xətt uzanıb gedirdi. Həmin xətt isə magistral yol idi. İnana bilmirdim ki, dörd tərəfdən dizə çıxan qar bu yoldan necə təmizlənib… insanlar öz işini necə məsuliyyətlə görüblər… sürücülər də necə rahatlıqla bu yolda avtomobillərini idarə edirlər… yolun kənarları qarla yüklənib, yol özü isə rahat şütüyən avtomobillərlə. Həmin avtomobillərin birinin sərnişini də mənəm. Türkiyənin bir şəhərindən, daha dəqiq ifadə etsəm, Trabzondan üzü dağlara tərəf gedirik. Dostum məni arzuladığım ünvana, Yaşıl Vadiyə aparır. Və mən həm həyəcanla, həm də maraqla adının hər şeyi ifadə etdiyi bu yeri görməyə tələsirəm. Bir qəribə deyim var. Bəlkə də min il bundan öncə deyilib, amma indiki məqama uyğun gəlir. Atalar deyir ki, “xəstə nə qədər tələssə də, armud vaxtında yetişir”. Bax, bu mənada mən nə qədər tələssəm də, bu yerləri nə qədər tez görmək istəsəm də, amma yol öz işindədi, uzandıqca uzanır. Burda onu da etiraf edim ki, uzanan bu yol məni yormur, əksinə məni alıb özü ilə aparır. Özü də lap uzaqlara…
O uzaqlar mənə burda bir az da yaxın görünür. Ona görə ki, o uzaqların əkiz tayını mən burda görürəm, oxşarı ilə burda qarşılaşıram. Sadəcə, mən bir məqamı, bir xüsusi işarəni burda qabartmalıyam. O da yolun rahatlığı və genişliyidi. Yəni bu yol Kəlbəcərin, Şuşanın, Laçının yollarından rahatlığı ilə seçilir. Qalan hər şey olduğu kimidi – dərələr də, təpələr də, meşələr də, hətta az qala uçub üstümüzə töküləcək kimi görünən qayalar da. Mən inanın ki, havalanmış adam kimi baxıram bu mənzərəyə. Yol dolamaları Şuşanı xatırladır… Ağsudan Şamaxıya qalxan yolu xatırladır… təbiətin iki qardaşa eyni cür gözəllik bəxş etməsi, eyni havanı, suyu, otu, daşı, çiçəyi, ağacı, bir sözlə, bütün özəllikləri bəxş etməsi sözlə ifadə ediləcəkdən çətin bir əzəməti adamın bütün varlığına, qanına, ruhuna hopdurur. Burda çaşmamaq, burda susub lal olmamaq mümkün deyil. Özü də bu lallıq dilin, dodağın tərpənməsi yox, bütün varlığın heyrət lallığına əsir düşməsindən qidalanır. Ona görə də ən yaxşı halda yalnız dəlicəsinə “Nə gözəldi!!!” demək mümkündü. Bax, mən də həmin o dəliliyin, o vurğunluğun, o heyranlığın içərisində idim. Amma bir əlimdə gözlərimin içinə yüklədiyi ürəyin üstündə idi, ürək partalmaq halına gəlmişdi. Çünki Şuşanı görürdüm, Laçını görürdüm, Kəlbəcəri görürdüm. Ürək o gördüklərinin möcüzəsinə inanmaq zorunda qalmışdı. Amma…
Bəli, burda hər şey doğma idi. Amma bu, qardaşın eviydi, qardaşın dağıydı, qardaşın çayıydı, qardaşın çeşməsi, şəlaləsi, qardaşın Yaşıl Vadisiydi. Mən də qardaş adına sevinirdim və sevinə-sevinə də kipriklərimin ucunda düymələnən nəmi gizlətməyə çalışırdım. Amma bacarmırdım. Çünki misralar imkan vermirdi.
Baxdım, fikrim dolaşdı
Yoldan saxlatdı məni…
Gözümə şeh bulaşdı –
Dağlar ağlatdı məni!..
Qayalar göy üzündə
Şəlalələr dizində…
Dərəsində, düzündə –
Dağlar ağlatdı məni!..
Bulud ilmə, naxışlı
Günəşli, həm yağışlı…
Bir gözəl qız baxışlı –
Dağlar ağlatdı məni!..
Çeşmələr min biçimdə
Öpə-öpə içdim də!
Ürəyimin içində –
Dağlar ağlatdı məni!..
Ayayğına sərildim
Vallah, öldüm, dirildim…
Ümid verdi – kiridim –
Dağlar ağlatdı məni!..
***
Yol uzanır… Biz aradabir maşını yolun kənarına çəkib dayanırıq. Düşüb gözlərimizə çəkdiyimiz mənzərənin fotosunu da mobil telefonun yaddaşına köçürürük. Dostum fürsət tapdıqca mənə bilgilər verirdi. Əhməd bəy az qala burdakı hər daşın, hər ağacın tarixini bilir, yaşından xəbərdardı. Bu da məni bir az da həm onun özünə, həm də bu torpağa yaxınlaşdırır. Yəni doğluduğu yer haqqında hər şeyi bilən bir Allah bəndəsi bunu bilmək istəyənlərə təkcə bir məlumat kimi yox, həm də bir öyrədici kimi xırdalayır. Çalışır ki, heç nə gözdən yayınmasın, çalışır ki, hər şey onun müsafiri özününküləşdirə bilsin, özü ilə apara bilsin. Ən maraqlısı budur ki, o, söylədiyi hər bir bilgini mütəxəssis kimi yox, sadə bir insan, bir vətəndaş kimi çatdırır. Bunun özü də həmin təbii qaynaq təsiri bağışlayır adama. Elə bilirsən ki, sən artıq bu bilgilərin içərisindəsən. Necə deyərlər, Əhməd bəy bütün imkanlarını, bacarığını, müsafirini bu torpağa yad kimi yox, doğma adam kimi, buranın övladı kimi bağlamaq istəyi ilə söyləyir. Bu da şəxsən mənə daxili rahatlıq gətirir, özümü burda qərib hiss etmirəm. Elə bilirəm ki, Şuşadayam, Laçındayam, Kəlbəcərdəyəm. Sadəcə, yanımdakı şuşalı, laçınlı, kəlbəcərli dostum, qardaşım yox, Əhməd abidi. Sanki o da mənim ürəyimi oxuyur, düşündüklərmii, hansı hisslər keçirdiyimi anlayıb üzümə təsəlliverici bir təbbəssümlə baxıb deyir:
– Abi, narahat olma, səninlə birlikdə oralarda da gəzəcəyik. Orda da sən mənə söyləyəcəksən hər şeyi – bulaqları, meşələri, çayları tanıdacaqsan… Orda da mən şəkillər çəkəcəm…
Bəli, bu, onun ürəyinin böyüklüyünün göstəricisidi, bu onun ürək oxumaq, fikirləri duymaq istedadının təzahürüdü. Və mən də bütün bunları həm anlayıram, həm də bütün bunların mütləq gerçəkləşəcəyinə inanmağa çalışıram. Səmimi deyim ki, biz Yaşıl Vadidə bir çayın kənarında əyləşib mənzərəni seyr edənə qədər mən daxilimdə bir ikiləşmənin əsirinə çevrilmişdim. Ürəyimin yarı hissəsinin həsrətini çəkdiyim yerlər, yarı hissəsinin indi üzərində gəzdiyim bu torpaqların gözəlliyi zəbt etmişdi. O gözəlliklə o həsrət üz-üzə dayanmışdı. Ona görə də inanmağa çalışırdım. Nəhayət, digər abim İbrahim hoca çox təmkinli bir şəkildə dedi ki:
– Abi, sən ikinci vətənindəsən. Çox da üzülmə. Bizim bütün dualarımız mütləq öz yerini alacaq. Allahın köməyi ilə biz də sənin müsafirin olacağıq.
Bəli, həm Allahın köməkliyi ilə, həm də bizim iradəmizlə o həsrətə son qoyulacaq. Buna mən seyr etdiyim, havasını, suyunu daddığım Yaşıl Vadidə əmin oldum və elə ordaca onu da anladım ki, bu gözəlliyi onun sakinləri təkcə sevmirlər, həm də onu qoruyurlar, onu daha da gözəlləşdirməyə, daha da cilalamağa çalışırlar. Ona görə də onların sevgisi tükənmir, onların bu gözəlliyə bağlılığı, vurğunluğu şaxələnir. Yaxşı ki, onlar elə bu yolu seçdilər. Yəni təkcə sevmək yox, həm də o sevgini qoruyub artırmaq…
Görünür, bizim ən böyük günahlarımızdan biri də o oldu ki, biz Şuşanı sevdik…Laçını sevdik… Kəlbəcəri sevdik… Ağdamı sevdik… Füzulini sevdik… Xocavəndi sevdik… Bir sözlə, itirdiyimiz hər yeri sevdik. Amma o sevdiyimizi, o sevgimizi qorumadıq, cilalamadıq, şaxələndirmədik. Ona görə də uğrunda şəhid olmağı bütünlüklə bacarmadıq… Nə isə….
Mən həmin o Yaşıl Vadini seyr edə-edə özümdən asılı olmadan pıçıldadığım misraları Əhməd bəy elə bil yaddaşına yazırdı. Çünki o, maşında yolumuzu davam etdirəndə həmin misraların bir-ikisini mənim özümə söylədi.
Baxdım,
baxdım
gözlərim
axıb getdi –
Uzungöldə…
Axan gözlərimə,
durulan hislərimə
ləpələr pıçıldadı:
– seyr etdiyin
bu gözəlliyin
içində
hər gün
doğul da, öl də!
Bil ki,
Cənnətdə olacaqsan!
***
İnsan yaddaşına nəyisə köçürəndə yəqin ki, ilk anda onun fərqinə varmır. Çünki yaddaşa köçən özü də ilk anda nə üçün, hansı məqsəd, yaddaşa yazıldığını pıçıldamır, büruzə vermir. Bu, az qala mexaniki bir proses olur. Müəyyən zaman keçəndən sonra, necə deyərlər, söz-sözü çəkəndə, hansısa oxşar hadisə baş verəndə… Bax, onda yaddaşa yazılan səsini çıxarır, özünü göstərir. Onda başlayırsan yaddaşındakını gözünün önünə gətirməyə, vərəqləməyə… Onda başlayırsan həmin o yaddaşın kitabındakının mahiyyətinə varmağa. Məhz bundan sonra sənin üçün həm xoş, həm də nostlaji bir hissin heç kəsin eşidə bilməyəcəyi musiqisi səslənir. Sən o musqini ürəyinlə dinləyirsən, ürəyinlə eşidirsən. Təbii ki, ürəyin o qabiliyyətdədirsə. Təbii ki, mən böyük hərflərlə yazılan insanı düşünüb gözümün önünə gətirib bu incə mətləbi vurğulayıram, o həssas nöqtəyə toxunuram. Əks halda, top səsiylə tar səsini fərqləndirməyən üçün bunun heç bir önəmi yoxdu…
Bəli, indi üstündən iki aya yaxın bir vaxt keçən həmin tarixi mən təsadüfdən xatırlamadım. Arxada qalan çərşənbə axşamı tələbə dostlarımla yığışmışdıq. Oturub ötən günlərdən, illərdən danışırdıq. Söz sözü çəkdi və dostlarımdan biri olan Mehmanın söylədiyi bir xatirə məni məhz bu mövzuya köklədi. Əslində Mehmanın söylədiyi xatirənin içərisində mən də var idim, mən də məhz onun diqqəti və qayğısıyla həmin o yerdə, həmin o məclisdə, həmin o gəzintidə iştirak etmişdim. Ona görə də Mehmanın söylədikləri məni təzədən Yaşıl Vadiyə, Uzungölə, Məryəm ana monastrına, Ziğana dağına və bütövlükdə Trabzona aparıb çıxardı. Mən də həmin məclisdən sonra bütün gecəni həmin o təəssüratın, xatirənin içərisində ilişib qaldım. Tam səmimiyətlə etiraf edim ki, həm Mehmana minnətdar oldum, həm də o yerləri gedib görməyimə təşəbbüsçü, səbəbkar olan Əhməd bəyə! Axı mən həmin səfərimdə həm də Şuşanı, Laçını, Kəlbəcəri “gəzib” gəlmişdim. Deməli, mənim həsrətini çəkdiyim yerlərlə bağlı xatirələrim də təzələnmişdi. Ona görə də məhz Trabzonda yazdığım bir şeiri yadıma saldım.
Asta-asta
tələsmədən
gəzib dolaşıram
heç nə
və heç kimi
axtarmıram –
tanımadığım küçələri…
Sadəcə
maraqla baxıram
hər şeyə
və hər kəsə –
yaddaşıma
köçürə-köçürə
gördüklərimi
həm də yanımdan
ötüb keçənləri…
Bütün bunlar
həyatımın
bəlli
bir Trabzon xatirələri…
Hə, bilmirəm, bu xatirələrim sizlər üçün nə qədər maraqlı oldu. Amma tam səmimiyyətlə etiraf edirəm ki, bu dünyada Allah hər şey cüt yaradıb, hər şeyin əkiz tayı, hər şeyin tam yarı hissəsi var. Ona görə də məni düzgün anlayın. Mən gördüklərimi indinin özündə də düşünürəm ki, o məmləkətə getməmişdən öncə də görmüşdüm. Sadəcə, orda gördüklərim burda gördüklərimin əkiz tayı olmaqla yanaşı daha böyük, daha əzəmətli və daha coşqulu parçası idi. Tanrı o yerlərə qıymasın! Tanrı o yerlərin əkiz tayını, oxşarını qaytarmaqda bizə yardımçı olsun! Mənim istəyim, mənim diləyim ancaq budur.
“Adalet.az”
Yazıya 609 dəfə baxılıb