Martın 15-də Yevlax rayon Salahlı kəndində yerləşən 97 saylı Kəlbəcər məktəbində “Novruz” ovqatı yaşandı. Pedoqoji kollektivin və məktəblilərin qatıldığı bayram tədbiri xalq folkloru üzərində qurulmasıyla yadda qaldı. Milli ornamentlərlə bəzədilmiş salon, milli geyimli şagirdlər, xalq musiqisinin sədaları və şagirdlərin hazırladığı bayram şirniyyatları qədim “Novruz” ənənəmizin zənginliyindən xəbər verirdi. Tədbir öncəsi şagirdləri təbrik edən müəllim və valideynlərin çıxışlarında da milli yaddaşa sadiqlik, Kəlbəcər ənənələrinin qorunmasına və təbliğinə çağırış sədaları yer alırdı. Məktəbin müəllimi Bəhruz Ələkbərovun və Uşaq Yaradıcılıq Birliyinin rəhbəri Zərqələm Kərimlinin təşkilatçılığıyla ərsəyə gələn bayram şənliyi istedadlı şagirdlərin maraqlı çıxışları- musiqi ifaları, bədii qiraət nümunələri, xalq teatrı əsasında qurulmuş səhnəcikləriylə yadda qaldı. Bütün çıxışların məzmununda növbəti bayramları işğal altında olan doğma yurd yerlərində qarşılamaq arzusu ifadə olundu.
Yazıya 794 dəfə baxılıb