NARDARAN ŞƏHİDİ XALİQ HÜSEYNOVUN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ MƏZARI ZİYARƏT OLUNUB

19 sentyabr tarixində Ədalət Partiyasının üzvləri Vətən müharibəsi şəhidi, Nardaran qəsəbəsinin igid oğlu Xaliq Hüseynovun doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli çıxış edərək Xaliq Hüseynovun Vətən qarşısında borcunu şərəflə yerinə yetirən, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən qəhrəman oğullarımızdan biri olduğunu bildirib.

Partiya sədri qeyd edib ki, şəhidlərin həyat yolu və Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün örnəkdir. Xaliq Hüseynovun xatirəsinin doğma Nardaran sakinlərinin və bütün xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.

Daha sonra şəhidin ruhuna Fatihə oxunub və dualar edilib.

XALİQ HÜSEYNOV

Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində anadan olub. 295 nömrəli tam orta məktəbdə təhsil aldıqdan sonra çilingər ixtisasına yiyələnərək maşın ustası kimi çalışıb. İdmana böyük maraq göstərən Xaliq cüdo ilə məşğul olub.

2020-ci ilin yanvarında hərbi xidmətə yollanan Xaliq Hüseynov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Baş atıcı kimi Tərtər-Ağdərə istiqamətində, o cümlədən Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Xaliq Hüseynov 16 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin minaatan atəşi nəticəsində şəhid olub. Oktyabrın 17-də doğulduğu Nardaran qəsəbəsində dəfn edilib.

Şəhid Xaliq Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah bütün Şəhidlərimə rəhmət eləsin!

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.