Şəhid Ruslan Qəhrəmanovun övladı Yusifin ad günü məktəbdə qeyd olunub

Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbində Vətən müharibəsi şəhidi, kapitan Ruslan Qəhrəmanovun övladı Yusif Qəhrəmanovun ad günü böyük qürur və sevgi hissi ilə qeyd olunub.

Məktəb kollektivi şəhidimizin yadigarı olan Yusifi doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və parlaq gələcək arzulayıb. Tədbirdə şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib.

Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Ailəli olub, iki qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.

Ruslan Qəhrəmanov Vətən müharibəsində göstərdiyi şücaət və hərbi xidmətləri nəzərə alınaraq ölümündən sonra bir sıra dövlət təltiflərinə layiq görülüb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhid kapitan həmçinin ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ruslan Qəhrəmanovun döyüş yolu və Vətən qarşısındakı xidmətləri onun ailəsi, doğmaları, xidmət etdiyi hərbi kollektiv və onu tanıyanlar tərəfindən ehtiramla xatırlanır.

Şəhidimizin şəxsi əşyaları və ona məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Məktəbdə keçirilən tədbirdə vurğulanıb ki, şəhidlərimizin yadigarları olan övladlara göstərilən diqqət və qayğı onların qəhrəman atalarının xatirəsinə göstərilən ehtiramın ifadəsidir.

Yusifin ad günü münasibətilə məktəb kollektivi bir daha onu təbrik edib və şəhid atasının adına layiq övlad kimi sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb.

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.