“Qonağa nazik bir sini verdilər. O, dərhal dikəlib bardaş qurdu. Qalan müridlər də arvadlı-kişili dizi üstə oturdular. Molla Sadıq da diz çökdü. Şahnigar xanım böyük təəccüblə qonağın asta-asta sini çalmasına baxdı. Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu. Oturanlar onun sözünü bir ağızdan təkrar edib, yerlərində yırğalandılar.
Ay baba, gödək baba,
Meyxanaya gedək baba.
Şahnigar xanım yanındakı arvadların da dingildədiyini gördü. Hamı titrəməli kimi silkələnir, asta-asta sağa-sola ləngər vururdu. O nə edəcəyini bilmədiyindən donub yerindəcə qalmışdı. Kimsə onun böyrünə toxundu. “Meyxana başlanıb, sən niyə oxumursan?” – deyə pıçıldadı.
Şahnigar xanım heç nə anlamırdı. Ona elə gəlirdi ki, sehrli bir aləmə düşmüşdür. Səslər getdikcə güclənir, otağa boğuq bir gumbultu düşüb, divarı cingildədirdi.
Hacı Əmrah əfəndi qızışıb sinini daha bərkdən danqıldadır, cuşa gəlib zil səslə oxuyurdu. Divar boyu çömbəltmə oturan müridlərin saqqalları tərpənirdi. Onlar gərili yay kimi titrəyir, sıçrayıb ortalığa atılmağa him axtarır kimi yerlərində güclə qərar tuturdular”.
Yəqin xatırladınız – İsmayıl Şıxlının “Dəli Kür”əsərindəndir. Rejissor Hüseyn Seyidzadənin böyük istedadı sayəsində bu səhnə eyniadlı filmdə ustalıqla canlandırılıb. Amma biz uzun illər filmdəki meyxana məclisinin hansı ənənədən doğduğunu bilməmişik. Romanda buna müəyyən qədər aydınlıq gətirilsə də, mahiyyət tam açılmır. Bugünkü baxış bucağından yanaşanda isə mövzu mübahisə doğurur. Tarixi araşdıranların da rəyləri birmənalı deyil.
İsmayıl Şıxlının oğlu Elçin Şıxlı deyir ki, atasından bu məclislər barədə bəzi şeylər eşidib: “Atam danışırdı ki, həmin dövrdə Qazaxın bəzi kəndlərində həqiqətən də belə məclislər qurulurmuş. Ora qadınlar da, kişilər də gedərmişlər. Amma məclislərdə nələr baş verdiyi barədə dəqiq məlumat olmayıb. Ona görə də romanda yazıçı təxəyyülünə yer verilməsi versiyası daha üstündür. Molla Sadıq Cahandar ağadan qisas almaq üçün kişiyə yaraşmayan üsula əl atmalıydı. Əsərdə də, filmdə də həmin məclis əxlaqsızlıq yuvası kimi təqdim olunmalıydı”.
Bəs yazıçı tarixi adlar çəkibsə?..
İsmayıl Şıxlı əsərdə Seyid Nigarinin adını çəkib və bu məclisi onun müridlərinin qurduğunu qeyd edib. Ona görə də, zənnimizcə, Azərbaycanda keçirilən sufi məclislərində nələr baş verdiyini araşdırmağa dəyər.
Əvvəlcə başlayaq Azərbaycanda daha çox məşhur olan, elə İsmayıl Şıxlının da əsərdə adını çəkdiyi Seyid Nigaridən və onun müridlərinin keçirdiyi məclislərdən.
Seyid Nigari Qarabağinin araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli: “Mövləvi təriqətində rəqs edən dərvişlərin musiqili mərasimlərini, yəni səma məclisləri qurmaq ənənəsi var. Dua edilir, zikr olunur və ilahi məzmunlu şeirlər, qəzəllər oxunur. Şərabdan danışılmasına gəlincə, adi şərab nəzərdə tutulmur, müridi vəhdəti-vücuda, Allaha qovuşduran ilahi meydən söz açılır. Həmin məclislərdə ilahi musiqi səslənir, ilahi məzmunlu qəzəllər oxunur. İnsanın mənəviyyatını zənginləşdirən, onu ali həqiqətlərdən xəbərdar edən şeirlər deyilir. Şeirlər xüsusi ritm və avazla ifa olunur. Axırda da peyğəmbərə, onun əshabələrinə dualar oxunur, məclis yekunlaşır. Səma məclislərinə hər adam buraxılmır. Gərək buna mürşid icazə verə”.
Məclislərdə əxlaqa zidd hərəkətlər olubmu?
Nəzakət Məmmədli deyir ki, olmayıb: “Orada Seyid Nigarinin, digər nəqşibəndi şairlərin qəzəllərini oxuya-oxuya ahənglə rəqs edirdilər. Dinə, əxlaqa zidd heç bir hərəkətə yol verilmirdi. Qadınlarla kişilər arasına pərdə çəkilirdi. Sözsüz, hər təriqətin batil tərəfi də olur. Yalançı mollalar, fırıldaqçı din xadimləri din adından sui-istifadə ediblər. Bəzi əxlaqsız adamlar öz hərəkətlərini pərdələmək üçün müxtəlif yollara əl atıblar. Ancaq bu, o demək deyil ki, nəqşibəndi və ya Seyid Nigari müridləri o sayaq davranıblar”.
Nigarini niyə “vurublar”?
Nəzakət Məmmədli deyir ki, nüfuzlu seyidləri, din xadimlərini xalq arasında gözdən salmaq sovet hökumətinin siyasəti olub: “Qəti şəkildə deyə bilərik ki, nəqşibəndi təriqətində əxlaqa zidd heç bir əmələ, hərəkətə yol verilməyib. Seyid Nigari böyük bir övliyadır, kəramət sahibidir, nəsil şəcərəsi İmam Hüseynə gedib çıxan bir şəxsiyyətdir. Nigarinin də tənqid hədəfi fırıldaqçı mollalar, dindən gəlir məqsədi ilə istifadə edən insanlar olub.
Məlumdur ki, sovet hakimiyyəti milli məsələlərdə çar dövrünün siyasətini davam etdirib. Seyid Nigari milli-azadlıq, cihad ideyasını irəli sürdüyünə görə çar hökuməti tərəfindən təqib olunub.
Şeyx Şamil hərəkatının ideoloji təməlində Seyid Nigarinin mürşidi, nəqşibəndi təriqətinin görkəmli nümayəndələrindən biri olan İsmayıl Şirvaninin təlimi dururdu. Şeyx Şamilin, Şeyx Məhəmməd Yaraqlının, müridizm hərəkatı başçılarının hamısının müəllimi və ustadı İsmayıl Şirvani idi. Onlar Kürdəmirdə İsmayıl əfəndidən təlim almış, sonra Dağıstana qayıdıb mübarizəyə qoşulmuşdular. Seyid Nigari şeirlərində Şeyx Şamilə işarəylə deyirdi:
Mərdi-mərdanə o qaplansifəti Moskof ilə
Eyləmək cəngü-cədəl şirü-Dağıstana düşər”.
Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov da sufi ayinlərində heç bir qeyri-əxlaqi məqam olmadığını deyir: “Bir sıra qədim mərasimlər sonralar dəyişikliyə uğrayır, müxtəlif ənənələrə transformasiya olunur və onların içində yaşayır. Sufi ayinlərinə də xalqın qədim mərasimləri ötürülüb, bölgələr üzrə ayrı-ayrı formaları gəlib çatıb.
Qeyri-əxlaqi hərəkətlərin yer aldığı məclislərə gəlincə, bu, lokal hadisədir və müəyyən ərazi ilə bağlı olub. Əxlaqa zidd başqa səbəbləri də ola bilər, amma bu səbəblər təsəvvüfdən qaynaqlanmır. Təsəvvüf praktikasının əsas yükü sosial yönümlüdür, cəmiyyətə əxlaqi dəyərləri təlqin edir və onları bir növ populyarlaşdırır”.
Bəs şərab?..
Ağaverdi Xəlilov deyir ki, əlbəttə, müsəlman cəmiyyəti üçün şərab haram sayılır: “Amma meyin təsəvvüfdəki mənası ilə adi içki arasında heç bir əlaqə yoxdur. Mey məclisləri, meyxanalar təsəvvüfdən öncə də olub”.
Fəlsəfə elmləri doktoru Könül Bünyadzadə isə təriqətlərin islama görə təhrif xarakteri daşıdığını vurğulayır: “Həmin təhrifin nəticəsi olaraq təriqət ayinlərində islamdan kənara çıxan məqamlar da yer alıb. Məsələn, Quran oxumaq əvəzinə, mahnı-şeir oxunub, eşqdən bəhs olunub. Düzdür, bunu ilahi eşq kimi izah ediblər… Azərbaycanda keçirilən oxşar məclislər haqqında da bunu demək olar. Həmin təriqətlər zaman ötdükcə islam prinsiplərindən kənara çıxıblar. Bəlkə də hansısa tədqiqatçı orada müsbət tərəflər tapa bilər. Amma kökündən araşdıranda məlum olur ki, əxlaqa zidd hərəkətlərlə müşayiət olunan mərasimlər güclü təhrifə məruz qalmış sufi-səma məclisləridir.
Əvvəllər həmin məclislərdə islami dəyərlər üzərində qurulmuş ümumi sufi prinsipləri aparıcı rol oynayırdısa, getdikcə təriqətlərin sayı artdı, hər təriqətin başında öz mürşidi durdu. Hər mürşid də öz prinsiplərini müəyyənləşdirib tətbiq etdi. Beləliklə, Qurani-Kərimdən qaynaqlanan dəyərlər ayrı-ayrı şəxslərin iradəsi ilə dəyişdirildi. İslam yeganə dindir ki, Allahla bəndə arasında peyğəmbərdən başqa vasitəçi tanımır. Mürşidlər isə Allahla bəndə arasında bir növ yeni vasitəçiyə çevrildilər. Təriqətə qoşulan mürid ilk növbədə mürşidinə bənzəməli, onun dediyi ilə oturub-durmalı, nəhayət, mürşidi icazə verərsə, Allaha üz tutmalıdır”.
Qocaman ağacın “bic” şitilləri
Könül Bünyadzadənin sözlərinə görə, sufizm adından istifadə edən fırıldaqçılar da olub: “Böyük sufi mütəfəkkiri Cüneyd Bağdadi yeni başlayan müridlərin səma məclislərinə daxil olmasını qəti qadağan eləmişdi. Hesab olunurdu ki, bu, çox ağır məclisdir, ilahi hikməti qəbul etməyə, onun təsiri altında tablamağa ciddi hazırlıq və iradə lazımdır”.
Bəs xalq arasında “Tumantökdü” adlandırılan məclislərin sufizmlə əlaqəsi varmı?
Könül Bünyadzadə deyir ki, belə məclisləri təsəvvüfə aid eləmək düz deyil: “Hərçənd həmin məclislərin də kökü hansısa sufi təriqətinə gedib çıxır. Ancaq nəzərə alsaq ki, sufi təriqətləri arasında bidət halları həddən artıq çox olub, onda həmin məclislərin adını elə öz şeyxləri ilə bağlamaq daha dəqiq olar. Yəni belə məclislər bəzən qocaman ağacların kökü üzərində bitən “bic” şitillərə bənzəyir”.
Yazıya 1236 dəfə baxılıb