ELÇİN — BİR DAHA HOKKU HAQQINDA

elchin_5502d78e434a9

O uzaq 1978-ci ilin sonları, 79-un əvvəlləri – indi oxucunun qarşısındakı bu kitabı hazırladığım o günlər mənim yaxşı yadımdadır: üç-dörd ay şənbə və bazar günləri Axundov kitabxanasında cürbəcür ensiklopediyaları, lüğətləri, Yaponiya ilə bağlı etnoqrafik ədəbiyyatı, klassik yapon poeziyasına aid materialları qarşıma yığıb işləyirdim, hətta iş günləri də fasilədə, boş vaxtlarım olanda o kitabxanaya baş çəkirdim – o zaman mən Yazıçılar İttifaqının gənc bir katibiydim, kitabxananın binası da bizimlə yanaşı idi – axşamlar isə bu hoqquları minlərlə hoqqular arasından seçir və tərcümə edirdim, elə olurdu ki, bir hoqqunun beş-altı tərcümə variantı yaranırdı, ən başlıcası isə mən bütün bu işləri bir gənclik coşğunluğu, böyük həvəs və ləzzətlə görürdüm.

O vaxtlar mən qədim Çin və yapon ədəbiyyatı ilə çox maraqlanırdım, xüsusən hokkular mənim üçün əsil bədii kəşf olmuşdu və dediyim o həvəs və ləzzət də elə bu bədii kəşfin nəticəsi idi. Hokkunun o cür emosional-estetik təsirində, görünür, bir tərəfdən onun heç bir ideoloji çərçivə tanımaması, hər cürə doqmalardan azad olması, müdrikliyi və orijinallığı, sadəliyi və səmimiyyəti o biri tərəfdən də sosrealizmin tüğyan etdiyi bir dövrdə mənim bu «ədəbi metoda» qarşı bütün içimdən püskürən kin-küdurət az rol oynamamışdı.

Oxucu yəqin hiss edəcək ki, müasir – mən XX əsrin ikinci yarısını nəzərdə tuturam – yapon şairlərinin yazdıqları hokkular klassik hokkulara nisbətdə bədii-estetik baxımdan zəif və dayazdır, çünki onlarda artıq həyata ideoloji münasibət açıq-aşkar hiss olunur. Elə buna görə də, o vaxt mən həmin hokkulardan da bəzi nümunələri bu kitaba daxil etmişdim və indiki nəşrdə də onları çıxarmadım – qoy oxucu xronoloji mənzərə ilə bərabər, bədii mənzərəni də görsün və müqayisə etsin.

Bu gün o hokkuları yenidən gözdən keçirərkən bu janrın və ümumiyyətlə, klassik yapon poeziyasının son dərəcədə məxsusiliyini və bu məxsusiliyin dünya ədəbiyyatında unikal bir hadisə olduğunu bir daha özüm üçün təsdiq etdim. Mən onları rus dilindən tərcümə etmişəm və şübhəsiz ki, orijinal şeirin tərcüməsinin tərcüməsində itkiləri çox olur və bu mənada bu hokkular orijinalda, yəqin ki, daha çoxnüanslıdır, daha dərindir və daha zərifdir.

Yazıya 738 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.