Günay Səma Şirvan “ Körpələr evindən məktub “layihəsi haqqında
yazar, publisist
Müasir dövrdə intellektual insanın həyatında sosial şəbəkələri mütərəqqi rolu danılmazdır. Burada cəmiyyətin ön düşüncəli insanlarının yığışdığı, maraq və dünyagörüşünün daim inkişafda olduğu müxtəlif qrupların varlığı isə hörümçək misallı şəbəkələrdən vaxt itirmədən və dəyərli faydalanmaqda mayak rolu oynayır.
Belə qruplardan biri “Azərbaycan dili və ədəbiyyatı müəllimləri birliyi qrupu”dur. Sosial şəbəkədə artıq iki ildir ki,fəaliyyət göstərən qrupun ətrafında Azərbaycanın müxtəlif regionlarinda və xaricdə yaşayan savadlı müəllimlər birləşmişlər.Burada, müxtəlif zamanlarda qrupun yaradıcısı Günay Qənbərovanın “Ən yaxşı hekayə”, Əli Quliyevin “Mənim kitabxanam”, Ülviyyə Əvəz Əliyevanın “Mənim əl işim”, Aytən Qasımovanın təşkil etdiyi “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışmaları keçirilmışdir. “Mənim şəkillərim” və ” Körpələr evindən məktub” yarışlarının sonunda Lənkəran şəhərində yerləşən “Osman Mirzəyev adına qarışıq tipli uşaq evi”ndə sığınacaq tapmış 52 valideyn himayəsindən məhrum uşağa yardım toplanmış və bir qrup müəllim tərəfindən sovqat şəklində ünvanına çatdırılmışdır.
Kultur.az-ın media dəstəyi ilə sizə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Pərvanə ONURLU — ÜMİDİM VƏ ÜMİDSİZLİYİM…
Ana,hərarətin yoxdu canımda,
Yaman üşüyürəm donub qanım da,
Sənsiz yaşamaqdan cana doymuşam,
Görmək istəyirəm səni yanımda.
Anacan,bu məktubu sənə isti otaqlarında hərarət axtardığım, ANALAR olmayan, anasız uşaqlar evindən yazıram.
Sabaha ümid edərək yazıram, bir sabah oyandığımda analı dünyama qovuşacağım ümidiylə..Nə yaxşı ki,bu ümid var, çünki məni yaşadan bu ümidlərdir. Mən bu ümidlərlə analı günlərimə qovuşacağımı xəyal edirəm.
Məni sabahlara doğru aparan, yaşadan ümidlər, heç olmasa, sən məni tərk etmə…
Səni qınaya bilmirəm, ana, çünki həyatına mane olduğumu düşünürəm..Həyatına mane olduğumçün, sevimli olmadığımçün, yanında olmadığımçün,varlığım həyatını çətinləşdirdiyi üçün…, hətta sən mənim yanımda olmadığın üçün və doğulduğum üçün bağışla məni, ANA!..
Mən xoşbəxt deyiləm, sanki başqa dünyadayam, bu dünyada da,öz dünyamda da hər kəsə, hətta özümə də yadam, sənsiz özümü tapa bilmirəm…Bəlkə də sənin günahın yoxdu, ancaq bəs mənim günahım nəydi ki, mən bu anasızlığı yaşayıram?!Sən anasız qaldınmı heç? Anasızlığın nə demək olduğunu bilirsənmi ? Bunun cavabını kim verəcək, ana?..
Səni görməsəm də, xatırlamasam da , sənli dünyanın gözəl olduğuna və gözəl ola biləcəyinə inanıram. Xəstə olduğumda gözlərim səni axtarır, ürəyim səni istəyir, səni arzulayıram — təbib kimi, dərman kimi, şəfa kimi. Anacan, indi hərarətim var..
Kaş, bu ana hərarəti olaydı..Xəstəyəm,ana..Bilirsən nədi xəstəliyimin adı?—ANASIZLIQ ! Bu xəstəlik üzür məni, yorur, ümidsizləşdirir məni.
Ancaq mən hər gün ümidlə Allaha dua edirəm: Anasız dünyamı məndən alsın, mənə haqq etdiyim və hər gün xəyalını qurduğum ANALI DÜNYAMı bağışlasın…
Sən də dua et, ANA, dua et !!!
Yazıya 894 dəfə baxılıb