Klassik şairlərimiz ərəb ədəbiyyatşünaslığında

 

Filologiya elmləri namizədi, tanınmış tədqiqatçışərqşünas İmamverdi Həmidovun “Elm” nəşriyyatı tərəfindən buraxılmış “Azərbaycan ədəbiyyatıklassikləri ərəb ədəbiyyatşünaslığında” monoqrafiyası müasir ədəbiyyatşünaslığı elmi-informativ və analitik təhlil yükü ilə xeyli zənginləşdirmişdir.

Monoqrafiyada ərəb ədəbiyyatşünaslarının klassik Azərbaycan şairləri – Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzuli haqqında əsərləri tədqiqedilir.

Müəllif ərəb ədəbiyyatşünaslarının klassik Azərbaycan şairlərinin yaradıcılığına elmi marağının meydana gəldiyi və formalaşdığı ədəbi-tarixi şəraitigenişliyi ilə araşdırmışdır. Məlum olur ki, ərəb alimlərinin Azərbaycan ədəbiyyatına – Xaqani, Nizami, Füzuli və başqa korifeylərin yaradıcılığına müraciətetməsinin konkret mədəni-siyasi və tarixi səbəbləri var. İkinci dünya müharibəsindən sonra müstəmləkə asılılığından azad olub müstəqillik qazanmış ərəbölkələrinə, o cümlədən Misirin müxtəlif universitetlərində çalışan mütəxəssislər Türkiyə və İrana gedərək farsdilli və türkdilli klassikləri öyrənməyəbaşlamışlar. Bu marağın qüvvətlənməsinə Azərbaycan şairlərinin dünya ədəbiyyatinda rolu, xüsusilə Nizami Gəncəvinin anadan olmasının 800, vəfatının 750illik, M.Füzulinin 400 illik yubileylərinin keçmiş SSRİ məkanında, habelə Türkiyə və İranda geniş qeyd olunması da öz təsirini göstərmişdir.

Kitabın uğurlarını şərtləndirən bir cəhət də onun sadə dildə yazılması və mükəmməl elmi mənbələrə əsaslanmasıdır. Müəllif tədqiqat obyekti kimiseçdiyi şairlərin hər birinə xüsusi fəsil ayırıb. Bu onun təhlil və şərhlərini bir tərəfdən maarifçilik missiyası, digər tərəfdən tədqiqatçılıq pafosu ilə süsləyir.Ərəb ədəbiyyatşünaslarının tədqiqatlarına müəyyən təsnifatlar verilməsi monoqrafiyanın elmi məzmununu xeyli zənginləşdirib. Müəllif ərəbədəbiyyatşünaslığında Xaqani yaradıcılığının öyrənilməsinin iki istiqamətini müəyyənləşdirib. Bu istiqamətlərdən biri komparativist səciyyə daşıyır, yənimüsəlman xalqlarının ədəbiyyatlarını müqayisəli yolla öyrənən alimlər yeri gəldikcə Xaqani yaradıcılığına müraciət edir, onun bəzi əsərləri barədəmülahizələr söyləyirlər. Bu baxımdan İ.Həmidov Misir alimləri Ə.M.Həsəneynin “Fəzilət şairi Nizami Gəncəvi – dövrü, mühiti və poeziyası”, MəhəmmədQuneymi Hilalın “Müqayisəli ədəbiyyat”, Hüseyn Mucib Misrinin “Türk ədəbiyyatı tarixi”, “Farsların və türklərin ədəbiyyatından”, “Ərəb, fars və türkədəbiyyatları arasında əlaqə” əsərlərini səciyyəvi sayır. Bu kitablarda Xaqani yaradıcılığı barədə deyilən fikirləri tədqiqata cəlb edərək onların elmi qiymətiniverir. İkinci istiqamət isə Xaqaninin “Mədain xərabələri” ilə Buhturinin “Siniyyə” qəsidəsinin müqayisəli təhlilidir. Alim bu istiqamətdə aparılan tədqiqatınən yaxşı nümunəsi kimi Əbdusalam Əbdüləzizin “Eyvan Mədain beynəl-Buhturi val-Xaqani Şirvani” kitabını təqdim edir. İki bölmədən ibarət olan həminəsərdə həm “Siniyyə”, həm də “Mədain xərabələri” qəsidələrinin geniş təhlili verilmişdir. Bu əsərlərin ikisini də yaxşı bilən İ.Həmidov onlar haqqındaƏ.Əbdüləzizin fikirlərini təhlil edərək özü həmin qəsidələrin ciddi tədqiqatçısına çevrilir. Bu zaman Buhturinin “Siniyyə”si ilə Xaqaninin əsərinin kəsişən vəbirləşən cəhətləri ilə bərabər Azərbaycan şairinin orijinal sənətkarlıq keyfiyyətləri də aydın görünür.

Monoqrafiyada ərəb alimi Ə.M.Həsəneynin Nizami haqqında araşdırmalarının təhlilinə geniş yer verilmişdir. Bu bölmədə əsas tədqiqat obyektiƏ.M.Həsəneynin 1954-cü ildə Qahirədə nəşr edilmiş “Nizami Gəncəvi şairül-fəzilə” (“Fəzilət şairi Nizami Gəncəvi”) monoqrafiyasıdır. Tədqiqatçı kitabınyazılması tarixini, müəllifin bəhrələndiyi mənbələri, elmi məzmununu, Nizami Gəncəvi haqqında fikir və mülahizələri obyektivliyi ilə göz önündəcanlandırır. Belə məziyyətlər Nizami irsinin Qərbdə və Şərqdə öyrənilməsinə, şairin yetişdiyi ictimai-siyasi, ədəbi-tarixi, dini-qövmi və mənəvi-psixolojimühitə, habelə Xosrov, Bəhram, İskəndər surətlərinin səciyyələndirilməsinə dair ərəb aliminin mülahizələrinə münasibətdə daha görümlüdür.

Kitabda ərəb alimlərindən Məhəmməd Quneymi Hilal və Bədi Məhəmməd Cumənin də Nizami yaradıcılığına həsr olunmuş tədqiqatları geniş təhlilobyektinə çevrilib. Müəlliflər Nizami əsərlərindən müəyyən hissələri ərəb dilinə tərcümə etməklə tədqiq və təhlil edirlər. İ.Həmidov böyük şairi müsəlmanŞərqində tanıdan və sevdirən həmin alimlərin zəhmətini qədirşünaslıqla qiymətləndirir. Bu zaman müəllifin apardığı müqayisələr, ərəb dilinə tərcüməmətnlərinin orijinalla beyt-beyt, misra-misra, hətta söz-söz tutuşdurulması onların bədii semantikasını açmaq, yaxşı-yamanını ortaya qoymaq üçün səmərəlivasitəyə çevrilib. Tədqiqatçının Azərbaycan, ərəb, fars və rus dillərini yaxşı bilməsi ona Nizami əsərlərinin ərəb dilinə tərcümələri barədə obyektiv elmi fikirsöyləmək imkanı verib. Bu imkandan yüksək səriştə ilə bəhrələnən İ.Həmidov həmin tərcümələrin poetik məziyyətlərini göstərməklə bədii kəsirlərini də üzəçıxarıb.

Monoqrafiyada Məhəmməd Füzuli irsinin ərəb ədəbiyyatşünaslığında öyrənilməsi məsələsinə xüsusi fəsil ayrılmışdır. Bu fəsildə Misir alimi HüseynMucib Misrinin “Türk ədəbiyyatı tarixi”, “Qədim türk şeirinin əmiri Füzuli Bağdadi”, İraq ədəbiyyatşünaslarından Hüseyn Əli Məhfuzun “Füzuli Bağdadi”,Davud Səllumun “Ərəb ədəbiyyatı dünya ədəbiyyatı içində” tədqiqatlarından bəhs edilir. Müəllifin Hüseyn Mucibə və onun əsərlərinə daha böyük ehtiramlayanaşdığı duyulur. İ.Həmidov digər ərəb alimlərinə nisbətən bu tədqiqatçının tərcümeyi-halı, elmi fəaliyyəti haqqında daha əhatəli məlumat verməklə onuAzərbaycan ədəbi-elmi ictimaiyyətinə yaxından tanıdır. Müəllif Hüseyn Mucib Misrinin “Qədim türk şeirinin əmiri Füzuli Bağdadi” monoqrafiyasınıM.Füzulinin poetik irsinin “əhatəli öyrənilməsi baxımından ərəb ölkələrində hələlik əvəzsiz” olan bir tədqiqat əsəri hesab edir və bu əsəri böyük həssaslıqlatəhlildən keçirir. Müəllif yazır ki, Misrinin M.Füzulini “incə duyğuları və dərin mənaları ustalıqla tərənnüm edən lirik şair və qəzəl ustadı” kimi təqdimetməsi doğru olsa da, bəzən o, Azərbaycan şairinin poetik qüdrətini, onun qəzəllərindəki şeiriyyəti yüksək səviyyədə açmağa nail ola bilməmişdir.

Xaqani və Nizaminin ərəb ədəbiyyatşünaslığında öyrənilməsindən söz açarkən əsasən Misir alimlərinin əsərlərinə istinad edən İ.Həmidov Füzulihaqqında İraq və Livan alimlərinin də əsərlərini tədqiqat müstəvisinə gətirmiş, Abbas Əzzavinin ikicildlik “İraqda ərəb ədəbiyyatı tarixi” kitabında Füzuliyədair bölmənin, Hüseyn Əli Məhfuzun “Füzuli Bağdadi” kitabçasının, Viktor Kikin “Hədisül-ərbəin” məruzəsinin yığcam təhlilini vermişdir.

Kitabda ərəb ədəbiyyatşünaslarının Nizami və Füzulidən bəhs edən əsərlərində bu şairlərin “Leyli və Məcnun” poemalarının müqayisəli təhlilinə aidxeyli fikir və mülahizələr də yer alıb.

İ.Həmidov Azərbaycan klassik şairləri haqqında ərəb ədəbiyyatşünaslarının əsərlərini tədqiq və təhlil edərkən bir nəcib vəzifəni də yerinə yetirib.Xaqani və Nizami kimi dahi sənətkarların fars dilində, lakin Azərbaycan şeir üslubunda və türkanə yazdıqlarını ortaya qoyub. Müəllif bu həqiqətiəyaniləşdirmək üçün əsasən toponimlərə istinad edib. Xaqani və Nizaminin əsərlərində ürək dolusu mədh edilən Şirvan, Təbriz, Savalan, Şabran, Gəncə,Bərdə, Dərbənd, Araz və s. yer, dağ, qala, çay adlarının birbaşa kök, əcdad və türklüklə bağlı sözlər olduğunu vurğulayıb.

Ümumiyyətlə, İmamverdi Həmidovun “Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında” monoqrafiyası ərəb və türk xalqları arasındaqədim dövrlərdən bəri mövcud olan ictimai-ədəbi, elmi-mədəni və dini-mənəvi əlaqələrin tədqiqinə mühüm töhfədir.

 

 

Zaman ƏsgərliZaman_Esgerli_(Qudsi_(2007))

filologiya elmləri doktoru

Yazıya 931 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.