Sara Şirinova –Gecikmiş etiraf (“Müəllim” Layihəsi)

11758840_1563440647245401_1099499763_n   kultur.az   Azərbaycan dili və ədəbiyyatdan repetitor müəllimlər qrupu“nun   hazırladığı  “MÜƏLLİM” Yazı müsabiqəsinin nəticələrini təqdim edir. Layihəni həyata keçirməkdə qrupun məqsədi  bu sənətə olan hörməti ifadə etmək,keçmiş müəllimlərə ehtiramı bildirmək,gələcəkdə müəllimliyi seçənlərə  mənəvi dəstək olmaq, bu peşəyə marağı artırmaqdır.

“Müəllim bir şama bənzər ,özünü əridərək başqalarına işıq verər .
                                                                                            M.K .Atatürk

Müəllimlik gözəl və şərəfli bir peşədir. Mənə bu peşənin gözəlliyini öz sevimli müəllimim öyrədib.Sadə geyimli ,ucaboy ,qarayanız bir qadın idi. Saçlarını dala darayar,əllərini hərdən saçlarına sığal çəkirmiş kimi arxaya aparardı. Tələbkar idi, üzünün güldüyünü görməzdik. Yalnız sinifdən razı qaldıqda, çöhrəsinə ona çox yaraşan xəfif bir təbəssüm qonardı. İşıqlı,amma kədərli gözləri var idi .Nümunəvi etik davranışı ilə hamıdan seçilirdi. Bizə acıqlanmazdı , qəribə baxışları ilə məzəmmət edərdi. O həm sinif rəhbərimiz, həm də riyaziyyat müəllimimiz idi .Onu çox sevirdik. Müəllimimizin oğlu da bizimlə oxuyurdu. Mənimlə bir partada otururdu.Müəllim ona qarşı daha amansız idi.Bəzən ona yazığımız gəlsə də, heç sevməzdik. Adını “xəbərçi” qoymuşduq. Sinifdə nə olsa, ondan görərdik.
Sinfimizdə 3 əlaçı var idi .O, mən, bir də sinif nümayəndəmiz Yusif .Amma mən riyaziyyatda onlardan zəif idim .Yoxlama yazanda Yusif köməyimə çatırdı. Sinifdə köcürmə olmasın deyə sinif nümayəndəsinə tapşırmışdı ki, hər şagirdə ayrıca sual hazırlasın və zərfə qoyub paylasın. Mən zərfimi açanda sualla bərabər, başqa bir kağızda cavabların da yazıldığını gördüm .Tez “həll edib”müəllimə verdim. Bu,bir neçə dəfə təkrar olundu . İllər keçdi ,orta məktəbi də,institutu da bitirdik.Bir gün təsadüfən müəllimimin oğlu ilə rastlaşdım .Hər ikimiz sevindik.Sinif yoldaşlarımızı ,müəllimlərimizi xatırladıq.Sözarası dedi ki, bir–iki günə əsgərliyə gedəcək.Mən də fürsət düşmüşkən, ondan üzr istədim :
–Bağışla ki,o vaxt mən də sənə “xəbərçi ” deyirdim .Müəllim işləyəndə başa düşdüm ki, əslində müəllim sinifdə hər şeyi görür.
Heç nə demədi .Əlini yelləyeb güldü :
–Mən Yusifin cavabları sənə necə məharətlə ötürdüyünü görürdüm .İndiyə qədər bu barədə heç kəsə deməmişəm. Anam da şübhələnmişdi. Məndən soruşanda dedim ki, Yusif ondan köçürürdü.
Çox pərt oldum:
–Nahaq yerə düzünü deməmisən.Nə vaxt rayona getsəm ,həqiqəti müəllimimə etiraf edəcəyəm.
Təəssüf ki,bu mənə qismət olmadı .Sevimli müəllimim ürək xəstəliyindən qəflətən vəfat etdi. Oğlu isə əsgərlikdən qayıtmadı.
Müəllimimin ruhu qarşısında baş əyərək bu kiçik yazımı  onun və oğlunun əziz xatirəsinə ithaf edirəm.

Yazıya 1262 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.