Səbinə Paşayeva- İtirməkdən qorxduğum uşaqlığım

(esse)

12106805_10207822680195119_2757752283456032071_nMəktəbə getdiyim zamanlarda səkidə yaşlı bir nənə görürdüm. Gözlərində yorğunluq, bezginlik olan… Gözlərinin altı torbalanmışdı. Keçib-gedən insanlara baxırdı.  Bəzən, balaca uşaq görəndə azca gülümsəyir, tez də qəmgin bir görüntü alırdı. Hər gün nənəni görədə, özümə sual verirdim: “Görəsən, nələr yaşayıb, nələr keçib ömrünün, əngəlli, dağlı-dərəli yollarından?!” Simasında bir nur vardı. Görmədiyim günlər narahat olurdum: – “Görəsən, başına nə gəldi, niyə yoxdur?!”- deyə. Birmənalı olaraq öyrəşmişdim nənəyə. Saçları ağ, azca dolu, üz- gözü qırış, bununla yanaşı, gözləri nurlu…əlləri qırış…duyqusal, gözləri yorğun  nənə… O nənəni gördükdən sonra, böyümək istəmirdim. Zaman keçecək, böyüyəcəkdim, o nənə isə olmayacaqdı- görə bilməyəcəkdim onu, aparacaqdı qara torpaq… Ayıracaqdı məndən… Sevdiklərimi ayırdığı kimi… Ağlayacaqdım… Bilməyəcəkdi, anam nə üçün ağladığımı… Susacaqdım… Bir yerə baxaraq, minlərcə yeri gəzəcəkdi xəyalım… “Görəsən, o nənə kimdir, niyə bağlandım ona, niyə onu görməyəndə narahat oluram? Niyə qəmgindi, üzü solqundu?…” Təsəllim olacaqdı hər dəfə görüşlərim: – ” Bu gün də gördüm, sağdır!”- deyə. Heç bilmirdim niyə qorxurdum onu itirməkdən. Zaman keçdi, anladım ki, əslində itirməkdən qorxduğum, uşaqlığım imiş…

Yazıya 639 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.