Xorxe Luis BORXES
Marqaret Smit. «İran mistikləri: Əttar»
Almaniyada klassik İran ədəbiyyatı barədə, adətən onun Höteyə (başlıca keyfiyyəti hər hansı təsirə həssaslığıdır) təsirinə görə mülahizə yürüdürlər. İngiltərədə Fitsceraldın tərcümədən çox öz nəğməsi olan «Rübaiyyat» barədə fikir söyləyirlər; bununla belə, görünür, oxucu zövqünün bütövlüyünə xələl gətirməmək üçün, hər halda, heç olmasa, bir dəqiqəliyə tərcüməçini unutmaq, Xəyyamı xatırlamaq lazımdır. Hər hansı Qərb ölkəsində dərhal arxasınca bağları, dan yerlərini, bülbülləri, qızılgülləri, Ayı yada salan Hafiz adı – «İran poeziyası» sözünün ən dəqiq sinonimidir. Emerson 1876-cı ildə uzaqgörənliklə deyirdi ki, bir vaxt gələcək, Əttarın adı daha ucadan səslənəcək…
Fəridəddin Əttar eramızın on ikinci əsrində, «firuzələr və qılınclar» şəhəri Nişapurun yaxınlığında anadan olub. «İki ümmanın qovuşması» əsərinin müəllifi Qətibi (1434 və ya 1436, İran şairi, «Müqəddəslər bağı» və çoxsaylı qəzəllərin müəllifi) üç əsr sonra deyəcək: «Mən də Əttar kimi, Nişapur bağlarında böyümüşəm, amma mən Nişapurun tikanıyam, Əttarsa qızılgüldür». Əttar Məkkəyə yollandı, Misiri, Suriyanı, Türküstanı gəzdi, Hindistanın quzeyində oldu; qayıdıb özünü bütün ehtirasıyla Allahı dərk eləməyə, yaradıcılığa həsr elədi. Ondan yüz iyirmi min beyt qaldı; «Bülbüllər kitabı», «Məsləhətlər kitabı», «Sirlər kitabı», «Şah və qızılgül», «Möcüzələrin siyahısı», həm də, qeyri-adi «Quşların söhbəti» («Məntiq-ət-təyr») kitablarını yazdı. Onu Nişapuru talan eləyən Çingiz xanın oğlu Toluyun döyüşçüləri öldürdülər.
Tərcümə edilmiş parçalara görə, «Məntiq ət-təyr»dəki fikir mənə onun dolanbacsayağı, ləng yazılışından daha uğurlu görünür. Uzaqlardan uçub gələn quşlar şahı Simurq, Çin üzərindən keçəndə çox gözəl bir lələk salır; quşlar sonu görünməyən hakimiyyətsizlikdən bezib öz şahlarını axtarmağa gedirlər. Bilirlər ki, onun adı «otuz quş» mənasını verir; bilirlər ki, şahın sarayı Yer kürəsini üzük kimi qurşayan Qaf dağındadır. Onlar, demək olar, sonsuz bir yola çıxırlar; axırıncıdan əvvəlkinin adı Başfırlanması, axırıncının adı Ölüm olan yeddi dəlikdən, yaxud ümmandan keçirlər. Yolçulardan çoxu yola davam eləməkdən boyun qaçırır; başqaları yolda tələf olurlar. Səfərin ağırlığından arınıb-təmizlənmiş otuz quş Simurq dağına çatır. Nəhayət, görüb anlayrılar ki, Simurq elə onların özləridir, Simurq onlardan hər biri, həm də birlikdə hamısıdır. (Plotin – «Enneadalar», I, 8, 4 – qarşımızda eyniliyin elə bu cür cənnətsayaq sonsuz prinsipini açır: «Göylərdən hər şey, hər yer görünür. Bu, həminki və bütün qalanlardı. Günəş hər şeyin nurudu, onlardan hər biri və hamısı Günəşlə birlikdədirlər»). Poemanı fransız dilinə Qarsen de Tassi, ingiliscəyə Edvard Fitscerald çevririb, mən öz söyləməmdə Marqaret Smitin kitabından, bir də «Min bir gecə»nin onuncu cildindən istifadə elədim.
«Təzkirət ül-övliya» kitabını təşkil eləyən müqəddəslər barədə hekayətdən terapevtik xüsusiyyətli qısa bir hekayəni misal gətirim: «Bir dəfə Əbu Hüseyn Nuri naxoşladı; Yunayd ona meyvəylə, qızılgül gətirdi. Bir müddət sonra Yunayd naxoşladı; Əbu Hüseyn Nuri şagirdləriylə birgə ona baş çəkməyə gəldi: «Sizlərdən hər biriniz, – dedi, – Yunaydın xəstəliyinin bir hissəsini özünüzə götürün». «Qoy belə olsun», – şagirdlər dilləndilər, Yunayd da sağlam, gümrah halda ayağa durdu. Bu zaman Əbu Hüseyn Nuri dedi: «Bax, belə eləmək lazımıydı. Sənsə, mənə meyvəylə qızılgül gətirirdin».
Tarixçilər yazırlar ki, Fəridəddin Əbu Talib Mühəmməd bin İbrahim Əttar ömrünün son illərində (yüz on iləcən yaşayıb) bu dünyanın, şeir yazmaq da daxil olmaqla, bütün zövqlərindən imtina elədi.
«Kölgələrin tərifi» kitabina ön söz
Bunu prinsipə çevirmədən, mən öz həyatımı artıq çox uzun hərflərə, mətnlərə, işsizliyə, sakit söhbətə, filologiyaya, Buenos – Ayresin misteriyasına (şəbih – Bibliya mövzusunda orta çağ dramı), müəyyən istehzayla metafizika adlanan qəribəliklərə həsr eləmişəm. Hər şey mənim qəlbimdə bu cür məsləhətlərə qarşı üsyan eləyir. Mən estetika ixtiraçısı deyiləm. Zaman məni bəzi üsullara öyrədib: sinonimlərdən, ispanizmlərdən, argentinizmlərdən, arxaizmlərdən, neologizmlərdən qaçmaq; adi sözü sevmək; öz hekayəmə tanınan şeyləri daxil eləmək; özünü əmin kimi göstərmək, çünki ola bilsin, həyat yaddaşı qabaqlayır, nəsə artıq o cür deyil; əməllər barədə danışmaq (bunu Kiplinqi və İsland saqalarını oxuya-oxuya başa düşdüm); köhnə formaların heç də həmişə mütləq olmadığını yadda saxlamaq. Bundan başqa, mən, ümumiyyətlə, estetik prinsipiallığa inanmıram. O, mücərrəd mövcudluğa qadir deyil. Hər bir yazıçı tərəfindən (hər yeni əsərdə) dəyişdiriləndir, estetika stimuldan, yaxud, sadəcə, tapılmış üsuldan başqa, bir şey deyil.
Bu, necə deyərlər, mənim beşinci şeirlər kitabımdır, ədalət xatirinə deyim ki, başqalarından pis deyil, amma, deyəsən, yaxşı da deyil.
Oxucumun artıq çoxdan alışdığı güzgülər, dolanbaclar, qılınclardan başqa, burda iki yeni mövzu yaranıb: qocalıq və etika. İkincisi ədəbiyyatdakı dostum Robert Lyui Stivensonu həmişə maraqlandırıb. Ümumiyyətlə, protestant xalqlar etikayla əxlaqa katoliklərdən daha diqqətlidirlər.
Milton öz akademiyasında uşaqlara riyaziyyat, fizika, astronomiya öyrətmək istəyirdi. Doktor Conson XVII əsrdə yazırdı:
«Ağıl və ədalət – bütün dövrlərin dəyəridir. Hər vaxt, hər yerdə biz, hər şeydən əvvəl, moralistik (əxlaq tərəfdarı olan adam), yalnız bəzən geometrlərik (həndəsə alimləri)».
Bu səhifələrdə şeirlərlə hekayələr (ümidvaram ki, dava-dalaş eləmədən) yan-yanadırlar. Mən açıq-aşkar mənbələr göstərə bilərəm: «Min bir gecə» kitabı, yaxud Çoserin hekayələri. Mövcud ziddiyyətlər mənə təsadüfi görünmür, istəyirəm ki, kitabımı şeirlər kitabı kimi oxusunlar. Bu, öz-özlüyündə estetik akt deyil.
Əksər şeylərin arasındakı bu parlaq proses – estetik akt kitabı oxuyanda yaranır.
Çap olunmuş şeirlər artıq bizə çox şey deyir. Həm də, təkcə ritm haqqında yox; bizə xəbərdarlıq edilib ki, bizləri informasiya yox, düşüncə yox, poetik duyğular qatışığı gözləyir.
Mən Uitmenlə də, yazıların genişliyilə də nəfəs alırdım, amma ahıl çağımda əmin oldum ki, yalnız klassik ölçülərdən bəzilərinə əlim çatır. Milonqlardan birində (Сənubi Amerika rəqs növü və rəqs gecəsi) Akasubinin məşhur cəsarətini, şəhərətrafının motivlərini yamsılamışam.
Poeziya hər hansı başqa işdən daha qəribə şeydir. Uğurlu şeir sizə xoş gəlməyə bilər – bu, Təsadüfün və Ruhun işidir (yalnız səhvlər bütünlüklə bizimdir), amma gözləyirəm ki, oxucu burada nəsə tapar, axı bu dünyada gözəllik hamı üçün, demək olar, eynidir.
«Uydurulmuş varlıqlar kitabı”ndan
Cinlər
Müsəlman əfsanələrinə görə, Allah 3 cür ağıllı varlıq yaradıb: işıqdan mələkləri, oddan cinləri, torpaqdan insanları. Cinlər Adəmdən bir neçə min il qabaq tüstüsüz qara atəşdən yaradılıb, özləri də beş cürdür. Onların arasında xeyirxah və pis cinlər, kişi cinlər, bir də qadın cinlər var. Kosmoqraf əl-Qəzvini yazır ki, «Cinlər şəffaf bədənli səmavi varlıqlardı, onların çeşidli formaları ola bilər». Öncə cinlər buludlar, yaxud nəhəng, cizgiləri güclə seçilən dirəklər şəklində peyda olurlar; sonra cismani görkəm alır, insan, tülkü, canavar, əqrəb, yaxud ilan şəklində gözə görünürlər. Onlardan bəziləri mövhumatçı, bir parası dəlisov, digərləri ateistdirlər. İngilis orientalisti Edvard Uilyam Leyn yazır ki, cinlər insan cildinə girəndə çox zaman nəhəng ölçülü olurlar, «əgər xeyirxahdırlarsa, gözəllikləri göz qamaşdırır, yamandırlarsa, iyrənc dərəcədə eybəcər görünürlər». Danışırlar ki, onlar, lazım gələrsə, bədən üzvlərinin sürətlə genişlənməsi və əriməsi sayəsində gözdən itə, bu zaman havada, yaxud suda əriyə, ya da möhkəm divardan keçib yox ola bilirlər.
Cinlər tez-tez göyün birinci qatına qalxmağı, gələcəkdə baş verəsi hadisələr barədə mələklərin söhbətlərinə gizlicə qulaq asmağı bacarırlar. Bu səbəbdən də, onlar öncəgörənlərə, cadugərlərə yardım göstərmək iqtidarındadırlar. Bir sıra alimlər Misir ehramlarının, Solomonun göstərişilə böyük Yerusəlim məbədinin tikintisini bu varlıqların ayağına yazırlar.
Cinlərin sevimli sığınacaq yerləri xaraba evlər, su kənarları, çaylar, bulaqlar, yol ayrıcları və bazarlardır. Misirlilər danışırlar ki, səhrada qum sovuruğundan yaranan dirəkvari qasırğalar Pis cinin uçuşuyla meydana çıxır. Onu da danışırlar ki, düşən ulduzlar – Allahın pis cinlərə atdığı oxlardır. Bu yaramazların törətdikləri faciələr, adətən bunlardır: onlar damlardan və pəncərələrdən daşı-kərpici ötüb-keçənlərin başına tullayır, gözəl qadınları oğurlayırlar, yiyəsiz evlərdə qalan adamları izləyir, ərzağı çırpışdırırlar. Amma özünü bu cür xoşagəlməz əhvalatlardan qorumaq üçün Rəhmdil və Qadir Allahı çağırmaq kifayətdir.
Qəbiristanlıqlarda dolaşan və insan cismi ilə qidalanan qulyabanılar (goreşənlər, xortdanlar) Cinlərin ən aşağı dərəcəsi sayılırlar. Cinlərin atası və başçısı İblisdir.
1828-ci ildə gənc Viktor Hüqo bu varlıqların mərəkəsi haqqında «Cinlər» adlı 15 bəndlik qarmaqarışıq poema yazdı. Hər bənddə mərəkəyə yeni cin qoşulur, sətirlər get-gedə daha da uzanır və bu, artıq hamısının cəm olduğu səkkizinci bəndəcən davam edir. Həmin andan poemanın sonuna – cinlərin hamısı yoxa çıxanacan, sətirlər gödəlir.
Verton və Nov Uebster «cin» sözünü latıncadakı «qenius» (şər ruh), sözü ilə əlaqələndirir. Skit buna etiraz edir.
Tərcümə edən: NƏRİMAN Əbdülrəhmanlı
Yazıya 602 dəfə baxılıb