HADİ GARİ FESTİVALI HAQQINDA DÜŞÜNCƏLƏRİM…

Sanat yalnız bir ifadə forması deyil, həm də bir çağırışdır – insanlığa, vicdana, birliyə, sülhə və ədalətə səslənişdir. İzmirin Tire bölgəsində yerləşən Kahrat kəndində keçirilən HADİ GARİ festivali də məhz belə bir çağırış kimi dəyərləndirilməlidir. Bu festival sadəcə bir sənət tədbiri deyildi – bu, bir düşüncə hərəkatının, bir bəşəri mövqenin, “artıq yetər!” deyən bir ruhun təcəssümü idi.

“Hadı gari!” — bu sadə, lakin güclü ifadə əslində bir çağırışdır:
Yetər artıq! Yetər bu laqeydliyə, yetər bu parçalanmaya, yetər bu savaşlara, torpaq və hakimiyyət hərisliyinə, intriqalara, acgözlüklərə… Sənətin dili ilə, fırçanın səsi ilə deyilən bu çağırış, insanlığın daha səmimi, daha ədalətli və daha birləşdirici bir yola yönəlməsinin arzusudur.

Festivalın təşkilatçılığına deyil, ruhuna fokuslanmaq gərəkdir. Çünki bu tədbirin arxasında duran əsas fikir – insanı insana yaxınlaşdırmaq, rəssamı ruhdaşı olmaq üçün bir araya gətirmək, kəndi şəhərə, sənəti isə xalqa çatdırmaq idi. Bu baxımdan, festivalın dəyəri və mahiyyəti yüksək ideallara söykənir və bu da onun müsbət dəyərləndirilməsini zəruri edir.

Tədbirə Uluslararası Sanatçılar Dərnəyinin başqanı Levent Tariyel və “Basma Fistan Giyerim” təşəbbüsünün rəhbəri Günay Aralın dəvəti ilə qatıldım. Onların səmimiyyəti, açıq ürəkləri və sənətə olan sevgisi tədbirə çox gözəl bir aura qatmışdı. Bu festival mənə yeni insanlarla tanışlıq imkanı yaratdı – yerli sakinlərdən tutmuş müxtəlif ölkələrdən olan rəssamlara qədər. O tanışlıqlar artıq dostluğa çevrilməkdədir və bu da mənim üçün festivalın ən dəyərli nəticələrindən biridir.

Qürurla qeyd etmək istərdim ki, bu tədbiri beynəlxalq arenaya daşıyan iki rəssamdan biri mən, digəri isə özbəkistanlı həmkarım Anvar Babakulov olduq. Bu birgə iştirakı, iki qardaş xalqın – Azərbaycan və Özbəkistanın sənət nümayəndələrinin bir araya gəlməsi kimi qiymətləndirirəm. İnanıram ki, bu təmas gələcəkdə daha sıx əməkdaşlıqlara, qarşılıqlı sərgilərə, ortaq layihələrə yol açacaq.

Mən bu festivalda “Uluslararası Aktivist Sanatçılar Birliyi”nin Azərbaycan təmsilçisi olaraq iştirak etdim. Bizim əsas missiyamız – millətindən, dinindən, dilindən asılı olmayaraq, bütün dünya rəssamlarını bir araya gətirmək, sənətin gücü ilə sülhü, humanizmi, birlik və dostluğu təşviq etməkdir. HADİ GARİ festivalı da bu missiyaya yeni bir töhfə verdi.

Sonda bir daha səslənirəm:
Dünya rəssamları, bir olun, birləşin!
Sənət hələ də insanlığı xilas edə bilər!
Hadı gari, sənətlə yola çıxaq!

— Nəvai Metin Məmmədoğlu
Uluslararası Aktivist Sanatçılar Birliyi – Azərbaycan təmsilçisi
Azərbaycan Rəssamlar İttifaqının üzvü

 

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.