(“Banu və babası” hekayələr silsiləsindən)
Babası Banu ilə oynayır, onu əyləndirir. Başlayırlar top-top oynamağa. Baba topu Banuya atır, o da tutub babasına sarı tullayır. Banu topu tutanda sevincindən qışqırır. Babası topu tuta bilməyəndə də fərəhindən atılıb düşür. Uşaq aləmidir. Nə deyəsən?
Banu axırda yorulub “Da oynamaq istəməm” deyir. Babası onu qucağına götürüb üzündən öpür, saçlarını sığallayaraq:
-Yoruldun, mənim balam? – deyə soruşur.
Banu dillənir:
-Yoruldum, babacan.
Baba onu əzizləyir:
-Banu balam, gül balam! Qəşəng balam, gül balam!
Banu üzünü babasına tutaraq:
-Mən Gülbala deyiləm, – deyir.
Baba nəvəsini bağrına basır:
-Yox, qızım, sən gül balasan, şirin balasan, bal balasan! Babanın ətirli balasısan.
Banu babasının üzünə baxaraq cəld:
-Onda sən də gül babasan! – deyir.
Babanı gülmək tutur:
-Onda mən də Gülbaba deyiləm.
Babasının cavabını eşidən Banunu da gülmək tutur:
-Yaxşı, baba, mən olum gül bala, sən də ol gül baba.
Yazıya 774 dəfə baxılıb